Məktəbəqədər təhsil Azərbaycan
dövlətinin təhsil siyasətində prioritet
sahədir
Dünyanın inkişaf etmiş ölkələri sırasında yeri olan Azərbaycanın sürətli inkişafı bütün sahələrdə özünü büruzə verməkdədir. Təhsil, səhiyyə, turizm və s. sahələrdəki nailiyyətlər uğurlu inkişafımızın göstəriciləridir. Qeyd edək ki, həm regional, həm də Bakı qəsəbələrinin inkişafı ilə bağlı mövcud olan dövlət proqramları çərçivəsində həyata keçirilən sosialyönümlü tədbirlər öz həllini tapmaqdadır.
Təhsilin ilk pilləsi hesab olunan məktəbəqədər təhsil sahəsində də baş verən dəyişikliklər məhz, dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, layihələr, xüsusi dövlət proqramları çərçivəsində reallaşıb. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Vurğulayaq ki, ölkəmizdə məktəbəqədər müəssisələrin inkişafı Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Hazırda Azərbaycanda 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində 37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilmiş, 52 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılmışdır. Azərbaycan Prezidentinin təsdiq etdiyi Bakı şəhərinin və onun qəsəbələrinin, habelə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən isə, paytaxtda və onun qəsəbələrində məktəbəqədər müəssisələr əsaslı təmir olunmuş və bu proses davam etməkdədir.
Yaxın gələcəkdə
azyaşlıların məktəbəqədər təhsilə
cəlb olunması Avropa göstəricisi
səviyyəsinə çatdırılacaq
Məktəbəqədər təhsil sahəsində mövcud problemlərin artıq yüksək səviyyədə həllini tapmasının nəticəsidir ki, bu təhsil növü Azərbaycan dövlətinin təhsil siyasətində prioritet sahə hesab edilib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması əsas məqsəd kimi təqdim edilir. Buna nail olmaq üçün isə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların şərait və təchizatının yaxşılaşdırılması, habelə bu sahədə müxtəlif tipli, məsələn, icma və ailə tipli müəssisələrin yaradılmasına xüsusi önəm verilir.
Konsepsiyada göstərilən bu məqsədlərdən çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində də məktəbəqədər təhsilin inkişafına yönəlmiş bir sıra hədəflər öz əksini tapıb.
Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə öz töhfələrini verir. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 50 uşaq bağçası tikilib. Eyni zamanda, Bakı şəhərində 11 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunmuş, 7 yeni uşaq bağçası inşa edilərək istifadəyə verilib. 2014-cü il fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun yeni layihəsinin - məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatı ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidən qurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək, cəmiyyətin bütün təbəqələrini əhatə edəcək və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük töhfələr verəcəkdir.
Məktəbəqədər təhsil
müəssisələrində tərbiyə alanlar
idraki baxımdan təhsilə daha hazırlıqlı olurlar
Cəmiyyətdə uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məhz məktəbəqədər təhsil sistemindən başladığından bu sahəyə xüsusi diqqət ayrılır. Odur ki, məktəbəqədər təhsil müəssisələrinə bütün uşaqların cəlb edilməsi zəruri haldır. Bu sahənin mütəxəssislərinin qənaətinə görə, insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir. Həmin yaş dövründə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təhsilə daha hazırlıqlı olurlar. Burada uşaqlara kiçik problemlərin həllinə nail olmaq üçün müstəqil şəkildə çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə olmaq öyrədilir. Bu təhsil dövründə uşaqların fiziki, sosial və idraki inkişafının düşünülmüş şəkildə təşkili onun bütün gələcək taleyinə öz təsirini göstərir.
Dünyaya inteqrasiya olunduğumuz və rəqabətli bir zamanda unutmamalıyıq ki, inkişaf etmiş dünya ölkələrində yetişən gənclərlə müasir Azərbaycan gənci bərəbər addımlamalıdır. Bu baxımdan məktəbəqədər təhsilin keyfiyyəti yüksək olarsa, ölkənin inkişafına töhfələrini verə biləcək nəslin yetişməsinə şübhə qalmır.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2014.- 1 avqust.- S. 4.