Mədəniyyətlərarası dialoq və islam dininin vətəndaş cəmiyyəti və
hüquqi dövlətdə rolu
Ulu Öndər Heydər Əliyev islam dininin əsrlər boyu azərbaycanlıların mənəviyyatının əsasını təşkil etdiyini və müsəlmanların dünyada layiqli yer tutduğunu təmin etdiyini göstərərək deyirdi: "Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıca bilmərik və imtina da edə bilmərik".
Müstəqil Azərbaycan Respublikasını islama etiqad edən azərbaycanlıları müsəlman aləminin və ümmətinin tərkib hissəsi hesab edən, milli, dini, mənəvi ənənələrimizin möhkəmlənməsinin zəruriliyini göstərən Ulu Öndər vətəndaş cəmiyyəti quruculuğu gedişində gənc nəslin milli kökə sadiqliyini xüsusi qeyd edir: "Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim o kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir... Eyni zamanda, ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək bizim əsas vəzifələrimizdən biridir. Bunların hamısını bilmək, bu vəzifələri ağılla, zəka ilə həyata keçirmək lazımdır. Bax, buna görə də bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir. Bu, gələcək üçün bizim strateji yolumuzdur".
Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev bu strateji yolu uğurla davam etdirir, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu sürətlə irəlilədir, ölkədə və xaricdə mədəniyyətlərin və dinlərin dialoqu və islamın dini və dünyəvi dəyərlərini yüksək səviyyədə inkişaf etdirir.
Rasim Quliyev göstərir ki, vətəndaş cəmiyyəti müxtəlif sivilizasiyaların, dinlərin, mülki kulturalizmin, konsepsiya, əməkdaşlığın hökm sürdüyü bir cəmiyyətdir. Məlumdur ki, vətəndaş cəmiyyətinin liberal, radikal, demokratik, marksist və sosial-demokratik modelləri mövcuddur. Müasir Azərbaycan Respublikası bu modellərdən bəzilərindən imtina etmiş (marksist model) digər modellər, xüsusən, liberal-demokratik vətəndaş cəmiyyətinin quruculuğu yolundadır. Müsəlman dünyasında öz yeri və rolu olan Azərbaycan müxtəlif dinlərin, regionların, hətta islamın müxtəlif cərəyanlarının və xüsusiyyətlərinin kəsişməsində və əhatəsində yerləşməsidir. Azərbaycan əsasən şiəliyin hökm sürdüyü İraqın, sünni cərəyanının hakim olduğu Türkiyənin, müxtəlif dinlərin - islam, xristian və s. dinlərin qovuşduğu Rusiyanın və müsəlman ərəb dünyasının əhatəsində yerləşir. Azərbaycanda həm də müxtəlif etnik və dini mədəniyyətlər mövcuddur.
Tədqiqatçılar müstəqilliyin ilk dövrlərində Azərbaycana müxtəlif radikal islam cərəyanlarının nüfuz etdiyini göstərirlər. ATƏT-in Bakı ofisinin nümayəndəsi Hema Koteça Azərbaycanı islamın Türkiyə (islamın dünyəvi modeli), Səudiyyə Ərəbistanı cərəyanı ("vahabizm") və İran təsirini (şiəlik) qeyd edir. Təəssüf ki, onun hazırladığı "İslam və etnik mənsubiyyətlər: Azərbaycanda təşəkkül tapan tendensiya və təzadlar" adlı hesabatı ziddiyyətli və birtərəfli fikirlərlə doludur.
Azərbaycan dünyəvi, hüquqi dövlətdir, din dövlətdən ayrıdır, ölkədə etiqad azadlığı hökm sürür. İslam Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətində mühüm rol oynayır. Vətəndaş cəmiyyətində islamın rolunu tədqiq edən R.Həsənov yazır: "İslam Azərbaycanın ictimai-siyasi həyatında bir sıra müsbət rola malikdir. Birincisi, islam cəmiyyətinin birləşməsini təmin edir. Bunu onunla izah etmək olar ki, respublikada siyasi islam yoxdur, digər tərəfdən ölkəmizdə bütün dinlər dinc-yanaşı yaşayaraq, cəmiyyətin birliyinə təminat verirlər. Bu, dünya ictimaiyyətində Azərbaycana müsbət imic qazandırır. İkincisi, islam həm də siyasi sabitlik amili kimi çıxış edir. İnstitusional islamın dövlətə loyallığı, dövlətin dini radikalizmə qarşı ciddi tədbirlərin ölkədə vətəndaş cəmiyyətinin əsaslarının möhkəmlənməsinə səbəb olur. İslam sekulyar dövlətdə dini-mədəni və məişət sahələrilə məhdudlaşır".
Professor İ.Məmmədzadə islamın modernləşməsindən bəhs edərkən modernləşmənin də vaxtilə dünyəvi millətçiliyə, islamın mədəniyyət və mənəviyyat sahəsinə çevrilməsinə səbəb olduğunu göstərir. O, ölkə üçün modernləşdirici imkanlara və Azərbaycan islamına vətəndaş cəmiyyətində təhlükənin gizləndiyini də qeyd edir və bu təhlükənin güclü dövlət sayəsində aradan qaldırıldığını diqqətə çatdırır: "Vətəndaş şüuru isə bu aspektdə dövlət hakimiyyətinin güclü mərkəzləşdirilməsini zəruriləşdirir".
Vətəndaş cəmiyyətində dinlərarası, mədəniyyətlərarası dialoqun zəruriliyindən bəhs edən professor R.Aslanova bu barədə geniş tədqiqatlar aparmışdır. "İslamın dialoji potensialı" haqqında müəllif aşağıdakı ümumiləşdirmələri diqqətə çatdırır. Müasir dövrdə bəşəriyyətin qlobal vəhdəti formalaşmaqda, prinsipial baxımdan yeni dünya nizamı təşəkkül tapmaqdadır. Vahid bəşəri tale, bəşəri məsuliyyət və bəşəri mədəniyyət problemi bir tərəfdən müxtəlif xalqların özünütəsdiqi və mədəni müxtəlifliyinə hörmətlə yanaşmağı, digər tərəfdən onların dialoquna kəskin zərurəti şərtləndirmişdir.
Hər bir xalqın mədəniyyətinin spesifik xüsusiyyətləri olduğundan bütün zamanlar və bütün xalqlar üçün eyni, yekcins olan mədəniyyətin olması qeyri-realdır. Mədəniyyətdə özəl spesifikliyi təmin edən başlıca faktlardan biri də dindir. İslam mədəniyyəti VII əsrdən başlayaraq təşəkkül tapmış, islam dininə dayaqlanan mənəvi-mədəni, sosial-siyasi, hüquqi və s. dəyərlər sistemidir. İslam mədəniyyəti ailəsinə mənsub olan xalqlar həm bu sistem çərçivəsində öz milli mədəniyyətlərini inkişaf etdirmiş, həm də milli-dini-dünyəvi müstəvidə onu zənginləşdirmişlər. İslam mədəniyyətinin dünya və Avropa mədəniyyətinə təsiri bütün istiqamət və səviyyələri (siyasət, iqtisadiyyat, ticarət, elm, fəlsəfə, ədəbiyyat, incəsənət, arixtektura və s.) əhatə etmişdir. R.Quliyevin fikrincə, Azərbaycanın mədəniyyət tarixinin dindən ayrı təsəvvür edilməsi qeyri-real və qeyri-elmi fikir kimi qəbul edilə bilər. İslamaqədərki qədim Azərbaycan mədəniyyətindən tutmuş müasir müstəqil reallığımıza qədər islamın mədəni mentalitetimizi formalaşdıran əsas amil olması göz qabağındadır.
Qloballaşma, dünya mədəniyyətinə inteqrasiya, dinlər və mədəniyyətlərarası dialoq prosesinə cəmiyyətimizin sosial-mədəni reaksiyası, mənəvi-əxlaqi dəyərlərimizin dirçəldilməsi kimi qanunauyğun bir meyili doğurmuşdur. İslamın yalnız zahiri görünən və qəbul edilən atributları ilə paralel olaraq, onun həqiqi mədəni-mənəvi normalar sistemi kimi mahiyyətinin dərk edilməsi, dinimizin əsrlərin və ölkələrin sərhədlərini hansı dəyərlərin əzəməti ilə aşa bilməyə qadir olması haqda aydın təsəvvürlər yaradılmasını aktual məsələyə çevirir. Ümumbəşəri, qlobal dəyərlərin və prinsiplərin reallaşdırılmasında "islam faktoru"nun Qərbdə formalaşmış yanlış stereotip kimi deyil, dialoq, tolerantlıq, əməkdaşlıq, kompromis kimi təməl müddəaları mənasında başa düşülməsi qlobal ünsiyyətin potensial mexanizmi kimi qiymətləndirilməsinin vaxtı çatmışdır.
İran İslam Respublikasının eks-prezidenti M.Hatəmi islam, dialoq, vətəndaş cəmiyyəti kitabında göstərir ki, sivilizasiyaların dialoqu mədəni qarşılıqlı təsir "mədəniyyətlərin qarşılıqlı zənginləşməsi", "mədəni hökmranlıq" anlayışlarından fərqlidir. Dialoq tərəflərin özünəməxsusluğuna, mədəniyyət və ideologiyaların bütövlüyünə və toxunulmazlığına hörmətdir: "Yalnız bu halda dialoq sülhə, təhlükəsizliyə və ədalətə doğru ilk addım ola bilər".
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu yoluna qədəm qoydu, ölkədə milli kökə, milli-mənəvi dəyərlərin islama qayıdışı baş verdi. Bu sahədə Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti oldu. O, çıxışlarının birində demişdir: "İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bizim nəsil, hamımız birlikdə - indi yaşayan insanlar xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli adət-ənənələrinmizi bərpa etmişik və daha da geniş təbliğ edirik".
Sivilizasiyalı inkişaf yolu, dünyəvi dövlət quruculuğu yolunu Ulu Öndər belə səciyyələndirirdi: "Ümumiyyətlə, bilin, - biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir, indiki ifadə ilə desək, strateji yolumuzdur. Çünki bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı səadətə aparan ən ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik".
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 1 avqust.- S. 15.