Beynəlxalq Azərbaycan Muğamı və
Musiqisi Günü
AzərTAc xəbər verir ki, bu gün Azərbaycan muğamı bütün dünyanı dolaşmaqdadır. Ünlü sənətçilərimizin ifasında bu ecazkar sənət Şərq-Qərb anlaşmasını, yaxınlaşmasını və vəhdətini təmin etmək baxımından əvəzsiz mənbədir. Sənətkarlarımızın Avropada, Amerikada ifa elədiyi muğam, sadəcə istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı ekzotika kimi yox, bəşəri musiqi – dünya musiqisi kimi dəyərləndirilir.
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilmişdir. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” qrammofon valını da daxil etmişdir. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılmışdır. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində, hətta kosmosda səslənmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərmişdir.
Muğam qoca Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.
Bütün bunların nəticəsidir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunmaqdadır. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunmuşdur.
Azərbaycan muğamına, eləcə də musiqisinə bu dərəcədə doğmalığın, yaxınlığın sirri nədədir görəsən? Sərhəd tanımayan, bir-birindən fərqli musiqilərin geniş yayıldığı çağdaş dünyamızda musiqimizin bu qədər populyarlıq qazanması heç də təəccüblü deyildir. Ən azı ona görə ki, biz musiqini, sadəcə olaraq, təkcə səsin içində dinləyiciyə təqdim etmirik, həm də onu “danışdırırıq”. Bəlkə də bu, çoxlarında təəccüb doğuracaqdır. Amma inanın ki, bizim musiqimiz dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər bir dinləyici ilə onun öz dilində danışmağı bacarır…
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti ilə zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Əgər bu gün YUNESKO muğam ustası Alim Qasımovu dünyanın yüzlərlə, minlərlə ifaçısı arasından seçib ən yüksək mükafatına layiq görürsə, bu, muğamın, Şərqin, Azərbaycanın uğurudur.
Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini verməkdədirlər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır.
Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Bizim sərhəd tanımayan milli musiqimiz həm də dünyanı özünə cəlb edə bilir. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə son illər ənənəvi olaraq Azərbaycanda “Muğam aləmi” Beynəlxalq muğam festivalları keçirilməkdədir. Novruz bayramı ərəfəsində təşkil edilən bu möhtəşəm musiqi bayramı dünyanın ən tanınmış sənət adamlarını bir araya gətirir. Festival zamanı keçirilən simpoziumlar, muğam müsabiqələri və bir-birindən rəngarəng konsert proqramları bir daha muğamlarımızın tədqiqinə, onun daha geniş coğrafiyada təbliğinə yeni töhfələr verir.
Eyni zamanda, artıq dördüncü dəfədir ki, ənənəvi olaraq hər ilin avqustunda Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalı keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı statusunu almış bu incəsənət bayramına dünyanın ən tanınmış musiqiçiləri gəlirlər. Bu möhtəşəm tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir.
Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq musiqi festivalları təşkil edilir. Bu siyahıya Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviçin adını daşıyan musiqi festivallarını daxil etmək olar. Hər belə hadisə, hər belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünya musiqiçilərinin diqqətini cəlb edən ən maraqlı məqamlardan biri də Azərbaycanda keçirilən müxtəlif təyinatlı bütün beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə, bizim muğamımız bu gün bütün dünyanı fəth etmək, dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtidarındadır.
İnanırıq ki, bu gün dünyanı dolaşan, çoxsaylı dinləyici sevgisi qazanan, hamını öz dilində danışdırmağı bacaran muğamımızın zənguləsi tezliklə dədə-baba torpaqlarımız olan doğma Qarabağda səslənəcəkdir. O gün uzaqda deyildir.
Zümrüd
Səs.- 2014.- 26 avqust.- S.12.