Bilik Fondu
müasir informasiya cəmiyyətinin
və biliklərə əsaslanan iqtisadiyyatın tələblərindən
yaranan bir qurumdur
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident
İlham Əliyevin 2014-cü il 7 may tarixli fərmanı ilə
təsis edilib. Yarandığı vaxtdan keçən qısa
müddətdə fond öz fəaliyyət istiqamətlərini
müəyyənləşdirib, bir sıra layihələrin
icrasına başlayıb. Bilik Fondunun icraçı direktoru
Oqtay Səmədovun AzərTAc-a müsahibəsində bu
qurumun fəaliyyətindən, görəcəyi işlərdən geniş söhbət
açılır.
- Oqtay müəllim,
Azərbaycan Prezidenti İlham
Əliyevin fərmanı ilə Bilik Fondu təsis olundu.
Oxucularımıza Bilik Fondunun yaranma zərurəti barədə
məlumat verə bilərsinizmi?
- Prezident İlham Əliyevin qeyd edilən
bu fərmanının əsas qayəsi insanları maarifləndirməkdən
ibarətdir. Cəmiyyətin inkişaf meyarlarından birinin
bilik olması danılmazdır. Məhz bu həqiqətdən
çıxış edərək deyə bilərik ki, Bilik
Fondunun yaranması ölkəmiz üçün çox əhəmiyyətli
hadisədir.
Bu gün Azərbaycanın
hərtərəfli inkişafı göz
qabağındadır. Əhalinin həyat səviyyəsinin
gündən-günə daha da yaxşılaşması,
insanların sosial problemlərinin həlli məqsədilə
həyata keçirilən işlər hər birimizi sevindirir.
Ölkəmizin
iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə
inkişafını dünyanın bir çox ölkələri,
beynəlxalq təşkilatları dilə gətirir, bu
inkişafı yüksək dəyərləndirirlər.
Tarixə nəzər
salsaq, ötən əsrin 90-cı illərinin əvvəllərindən
bugünədək həyata keçirilən islahatların
insanların həyatındakı rolunu açıq-aydın
görərik. Son 10 ildə isə iqtisadi inkişafdan əldə
olunan kapital birbaşa insan kapitalının inkişafına
yönəldilib. Prezident
İlham Əliyev dəfələrlə vurğulayıb ki,
bizim ən böyük qazancımız
insanlarımızın təfəkkürünü,
düşüncəsini ölkəmizin potensialının
yüksəldilməsinə istiqamətləndirməkdir. Azərbaycan
vətəndaşlarının ölkənin daxili və
xarici siyasətini, aparılan islahatları, görülən
işlərin nəticələrini bilib dəyərləndirməsi,
aydın dərk etməsi çox vacibdir. İnsan
özünü, yaşadığı ölkəni daha
yaxşı tanımalıdır. Bununla bərabər, insan dünyanı
daha yaxşı tanımalıdır.
Bilik Fondunun
Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti
göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və
dərindən maarifləndirilməsi, ölkənin daxili və
xarici siyasətinin mahiyyətinin insanlara
çatdırılmasından, xaricdə əldə edilən
elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən
ibarətdir.
Bu mənada Bilik
Fondu ümummilli lider Heydər
Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq
məfkurəsinin geniş təbliğinə, dövlət
siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş
verən hadisələrin mahiyyətinin açıqlanması
və əhalinin bütün təbəqələrinə
çatdırılmasına xüsusi önəm verəcək.
Biz ölkə əhalisinin bütün təbəqələrinin
nümayəndələrini nur yayan bilik
çırağı ətrafında toplamağı
düşünürük. Bu istiqamətdə ən önəmli
vəzifəmiz yerli ziyalı potensialından, yerli yeniyetmə
və gənclərin gücündən məqsədəuyğun
istifadə etməkdir.
- Bilik Fondu bu
missiyasını hansı yollarla həyata keçirməyi
planlaşdırır?
- Ölkə rəhbərliyinin
bizə həvalə etdiyi bu şərəfli missiyanı layiqincə
yerinə yetirmək üçün bütün mütərəqqi
yollardan istifadə olunacaq. Bilik Fondu məhz elmi-texniki,
sosial-iqtisadi, hüquqi, humanitar biliklərin davamlı şəkildə
artırılması, azərbaycançılıq məfkurəsi
zəminində milli-mənəvi, dini dəyərlərin əhali
arasında geniş təbliği, gənclərin ekoloji təfəkkürünün
formalaşdırılması məqsədi ilə fəaliyyətə
başlayıb.
Məqsədimiz
insanlara bilik çatdırmaqdırsa, bu prosesdə təkcə
fondun əməkdaşları deyil, bütün ölkə vətəndaşları
iştirak etməlidir. Biz Bilik Fondu olaraq bu amal ətrafında
insanları birləşdirməyə, yerlərdə müxtəlif
layihələrə cəlb etməyə
çalışacağıq. Niyyətimiz həm də həyata
keçirəcəyimiz layihələrdə ən ucqar kənd
və qəsəbələrin əhalisinin də fəal
iştirakını təmin etməkdir.
Bilik Fondunun məqsədi
və vəzifələrindən irəli gələn məsələlərin
həlli üçün artıq bir sıra layihələrə
başlamışıq. "Docendo discimus" layihəsi,
adından da göründüyü kimi, öyrədərək
öyrənməyə xidmət edir. Bu sırada "Ustad və
şəyird", "Azərbaycan elmi xaricdə",
"Dünya elmi Azərbaycanda", "Epizod",
"Auditoriya+", "Qardaşlaşmış məktəblər",
"Dini abidələrdə tarixin izləri" kimi layihələri
də göstərmək olar.
Qeyd edə bilərəm
ki, mətbuatda haqqında geniş məlumat verilmiş
"Dini abidələrdə tarixin izləri" və
"Qardaşlaşmış məktəblər" layihələri
cəmiyyət tərəfindən çox böyük maraqla
qarşılanıb. Birinci layihə çərçivəsində
Bərdə İmamzadəsində olan fondun əməkdaşları
yerli ziyalıların və Bərdə camaatının layihəyə
böyük marağını
vurğulayırlar. Məlumdur ki, Bərdə İmamzadəsi
beşinci imam Məhəmməd Bağırın qız nəvəsi
Şahzadə İsmayıl dəfn olunub. İmamzadənin ətrafında
xeyli sayda tarixi şəxsiyyətlərin məzarları var.
Əməkdaşlarımız ilkin mərhələdə qəbirüstü
yazıların və daş kitabələrin fotoşəkillərini
çəkib, kompleksi lentə alıblar. Sonrakı mərhələdə
bu yazılar oxunub təhlil ediləcək, tariximizin müvafiq
dövrünə əlavə qeydlərin
mümkünlüyü müəyyənləşdiriləcəkdir.
- Bildiyimizə
görə, bərdəlilər İmamzadənin vaxtilə
ermənilərin müdaxiləsinə
məruz qaldığını, daşlar üzərindəki
yazıların, əsasən də, tarixlərin silindiyini
deyirlər. Abidənin indiki vəziyyəti də ürəkaçan
deyil. Layihə çərçivəsində bərpa
işlərinin həyata keçirilməsi
planlaşdırılırmı?
- Ölkəmizdə
dini və tarixi abidələrin
qorunması, bərpası, məsçidlərin, o cümlədən
sinaqoq və kilsələrin təmir olunması dövlətin
diqqət mərkəzindədir. Ölkə
başçısının bu istiqamətdəki sərəncamları,
gerçəkləşdirilən layihələr əsaslı
addımların atılmasına, dini abidələrdə
tarixin izlərinin aşkara çıxarılmasına zəmin
yaradır. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyası
alimlərinin və digər qurumlardakı peşəkar bərpaçıların
iştirakı ilə Bərdə İmamzadə kompleksinin
müəyyən təmiri və bərpasını nəzərdə
tutur. Məqsədimiz ilin sonuna qədər bu məkanı insanların mənəvi
rahatlıq tapa biləcəyi, məktəblilərin Azərbaycanın
tarixi və mədəniyyəti ilə bağlı kifayət
qədər əlavə bilik ala biləcəyi yerə çevirməkdir. Layihəyə
cəlb edilmiş Bərdə gəncləri məzarlıqda
görülən təmizlik və bərpa işlərində
böyük həvəslə çalışırlar. Layihənin
növbəti mərhələlərində ölkəmizin
müxtəlif bölgələrində yerləşən digər
dini abidələrimizin də gizlində yaşayan tarixin izləri
üzə çıxarılacaqdır.
- Mətbuatda
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi
ilə bağlı məlumatlar
yayılıb. Bu layihə ilə bağlı fikir bildirməyinizi
xahiş edirik.
-
"Qardaşlaşmış məktəblər" layihəsinin koordinatoru Bilik Fondu aparatının
rəhbəri, professor Rəfail Həsənovdur. Layihə
çərçivəsində sentyabrın 5-dən
başlayaraq 15-dək silsilə
tədbirlərimiz nəzərdə tutulur. Müxtəlif bölgələrdən
seçilmiş 10 məktəbin hər birindən, təxminən
12-14 nəfər şagird, digər bölgələrdən
10 məktəbin şagirdlərinin qonağı olacaq. Məktəblər
arasında qardaşlıq müqaviləsi imzalanacaq. Birlikdə
tarixi-mədəni yerlərə gəzintilər təşkil
olunacaq, bilik yarışmaları, "dəyirmi masa"lar
keçiriləcək. Onu da qeyd edim ki, bu layihənin işinə
digər məktəblərin müəllim və şagirdləri,
yerli əhali və ziyalılar da cəlb olunacaq.
Sentyabrın 15-i
- "Bilik günü"ndə isə Azərbaycanın
bütün rayonlarında məktəblərdə
tanınmış şəxslər - elm və mədəniyyət
adamları mühazirələr oxuyacaqlar. Təsəvvür
edirsinizmi, ölkənin tanınmış bir alimi rayonda bir kənd
məktəbində mühazirə oxuyacaq. Şübhəsiz,
həmin gün hər bir şagirdin yaddaşına əbədi
həkk olunacaq. Əlamətdar olan budur ki, məktəblərlə
bu yöndə əlaqələrimiz təkcə "Bilik
günü"ndə deyil, ilboyu
davam edəcək.
Bu layihə
"İlboyu bilik" proqramının tərkibinə daxil
olan layihələrdən yalnız biridir.
Bilik Fondu hər
işdə yaradıcılığa üstünlük verir.
Yaradıcılıq canlılıq gətirir. Bildiyiniz kimi,
Bakı Slavyan Universitetində xeyli müddətdir
yaradıcılıq fakültəsi fəaliyyət göstərir.
Təcrübə göstərdi ki,
istedadlı gənclərin üzə
çıxarılmasında və onların peşəkar vərdişlərə
yiyələnməsində bu fakültənin rolu
böyükdür. Ona görə də regionlarda
yaradıcılıq fakültəsinin filiallarını
yaratmağı planlaşdırmışıq. Gənclər
vaxtlarını boş keçirməkdənsə, onlara təklif olunan maraqlı layihələrdə
iştirak etməyə üstünlük verirlər. Təki
bu gənclərlə ünsiyyətimiz baş tutsun.
Onu da xüsusi
qeyd edim ki, bizim layihələrimizin hər biri davamlı
olması ilə fərqlənəcəkdir.
- Oqtay müəllim,
Bilik Fondunun fəaliyyəti necə tənzimlənəcək?
- Bilik Fondunun fəaliyyəti
fondun Himayəçilik Şurası tərəfindən tənzimlənəcək.
Şuraya Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, hörmətli alimimiz akademik Akif Əlizadə rəhbərlik edir.
Ölkə Prezidentinin sərəncamı ilə
tanınmış ictimai xadimlər və alimlər - Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan
Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik
Əhliman Əmiraslanov, Qafqaz Müsəlmanları İdarəsi
sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir
Həsənli, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə
heyətinin sədri, professor Azərpaşa Nemətov, Bakı
Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru, Milli Məclisin deputatı, professor Sahibə Qafarova,
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı
Mübariz Qurbanlı Bilik Fondunun Himayəçilik
Şurasının üzvləri təyin ediliblər. Belə
dəyərli alimlərin himayəçilik etdiyi Bilik Fondu, əlbəttə,
öz missiyasını layiqincə yerinə yetirmək gücündədir. Bilik Fondu Himayəçilik
Şurasının hər bir üzvünün
imkanlarından, təcrübəsindən və məsləhətlərindən
yararlanmağı düşünür. Bu məqsədlə
fondun Himayəçilik Şurasının üzvü akademik
Kamal Abdullayev yeni formalaşan kollektivimizlə davamlı
treninqlər keçirir. Çox böyük əhəmiyyəti
olan bu treninqlərin gələcəkdə Himayəçilik
Şurasının digər üzvləri ilə də
keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə,
Bilik Fondunun ölkəmizdə
müxtəlif elm, mədəniyyət, ictimai, sosial sahələrdə
fəaliyyət göstərən, cəmiyyət tərəfindən
çox yaxşı tanınan ziyalılarımızdan
ibarət Ekspert Şurası da formalaşmaqdadır. Təbii ki, fəaliyyətimizin istiqamətləndirilməsində
bu ekspertlər bizə yaxından kömək
edəcəklər.
-
Bilik Fondunun Nizamnaməsində
xarici ölkələrdə nümayəndəliklərin
və ölkə daxilində filialların, "Bilik evləri"nin yaradılması nəzərdə
tutulub. Bu istiqamətdə
hansı işlər görülməkdədir?
-
Bilik Fondunun bölgələrdə
filiallarının, "Bilik evləri"nin
və xaricdə nümayəndəliklərinin
yaradılması sahəsində
hazırda işlər gedir. Artıq
rayonlarda Bilik Fondunun rayon
ziyalılarından ibarət nümayəndələri müəyyənləşib,
bizim onlarla sıx əlaqələrimiz
var. Fond rayonlarda keçirəcəyi
layihələrə yerli ziyalıların
və ictimaiyyət nümayəndələrinin cəlb
olunmasını rayon nümayəndələrinin
vasitəsilə həyata keçirəcək. Maarifləndirici
layihələrin gerçəkləşməsində fondun dayaq nöqtəsinə
çevriləcək filialların üzvləri öz bölgələrində nüfuz sahibi olan tanınmış ziyalılar, elm və təhsil işçiləridir.
Yaxın gələcəkdə Bilik Fondunun xarici ölkələrdə
də filiallarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə
Azərbaycanın dostları ilə birgə fəaliyyət
göstərəcəyik.
-
Oqtay müəllim, Bilik
Fondunun fəaliyyəti ilə
bağlı daha nələri söyləmək
istərdiniz?
-
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun
fəaliyyəti artıq müəyyən məsuliyyətdən
xəbər verir. Biz əminik
ki, Bilik Fondunun layihələri ən qısa zamanda öz bəhrəsini verəcək. İndi ictimaiyyətin bizdən gözləntiləri
çoxdur. Demək istəyirəm ki, Bilik Fondu
hər kəsin üzünə açıqdır. Biz hər bir səmərəli
ideyanı, yeni fikri
dinləməyə hazırıq. Hər kəsi Bilik Fondu ətrafında gücünü səfərbər etməyə
və Azərbaycanımızın inkişafına öz töhfəsini verməyə dəvət
edirəm.
Oktay
Səmədov.
Səs.
- 2014. - 28 avqust. S. 6.