Vətəndaş cəmiyyəti və ənənəvi
müasir tərbiyə
Vətəndaş cəmiyyəti quruculuğunda təkcə ənənəvi milli tərbiyə deyil, müasir tərbiyə qarşılıqlı vəhdətdə əsas rol oynayır. Bu gün vətəndaş cəmiyyəti ilə yanaşı, S.Xəlilovun təbirincə desək, Qərb bizə azadlıq, insan hüquqları və demokratik dəyərlər transfer etmək istəyir. Biz bunu prinsipcə qəbul etsək də, rəsmən buna razılıq versək də, bu ideyaların reallaşması bir çox çətinliklərlə qarşılanır. Ən əsas maneə ictimai şüurdur. Tərbiyə sisteminin özünün fərqli istiqamətdə olmasıdır. Buna görə yeni təhsil sisteminə keçidin əsasında yeni tərbiyə sisteminə keçid dayanmalıdır. Lakin əvvəlcə bunun mahiyyətini dərk etmək lazımdır.
Bir var, kənardan verilən tövsiyələr, bir də var, özünüdərk və daxildən gələn istəklərin səviyyəsi, daxili nəzarətin olub-olmaması. İnsan o zaman həqiqətən xoşbəxt olar ki, o, məhz özünü realizasiya edir. Hər bir varlıq kimi insanın da təbiəti vardır. Bu, obyektiv bir mahiyyətdir. Dünyada təbiət qanunları olduğu kimi, fəzilət qanunları da vardır. "Təbii hüquqlar" da əslində bu qanunların tərkib hissəsidir.
S.Xəlilovun fikrincə, nə qədər paradoksal görünsə də, Qərb fəlsəfəsində "təbii qanunlar" konsepsiyasının müəlliflərindən biri Con Lokkdur. Həmin Con Lokk ki, sovet pedaqogikası ondan yalnız "ağ lövhə" təlimini götürə bilmişdir. Guya insanın öz təbii başlanğıcı, təbii meyilləri nəzərə alınmaya da bilər. Hər şey tərbiyədən, tərbiyə verənlərdən asılı imiş. Lakin bu, Con Lokk təliminin bayağılaşdırılmış, vulqar formasıdır. "Ağ lövhə" təlimi ancaq biliklərə aiddir. Yəni insan anadangəlmə biliklərə malik deyil. Lakin bu, bilikləri mənimsəmək potensialı, duymaq-qavramaq qabiliyyəti, instinktlər, heyvani nəfs, hətta əqli potensial belə əvvəlcədən verilmişdir. Hər bir fərdi "tərbiyə etməzdən" əvvəl, onun təbii keyfiyyətlərini, özünəməxsus cəhətlərini öyrənmək lazımdır. Yəni tərbiyə öyrətməkdən yox, öyrənməkdən başlanır. Özü də təkcə insanın yox, bütövlükdə təbiətin, kainatın öyrənilməsindən. Belə ki, mənəvi qanunlar həm insan, həm də dünya miqyasında bərqərardır.
Con Lokk "insan təbiəti"ni də "təbiətin təbiəti"nə aid edir. Təbii qanunları insana, onun mənəvi dünyasına şamil etməklə "tale" anlayışını da qəbul edir. Con Lokk Hippokrata istinadla yazır ki, hər bir şey öz taleyini yaşayır və ən kiçik və ən böyük varlıq da onun üçün müəyyənləşmiş qanundan kənara çıxmır. İnsan da istisna deyil. O öz təbiətinə uyğun davranış üsullarına malikdir.
S.Xəlilov yazır: "Tale qabaqcadan müəyyənləşibsə, insanı necə istəsən, elə də tərbiyə etmək mümkündürmü? "Tərbiyəçinin" əsas funksiyası məhz bu taleyi oxumaqdan ibarət olmamalıdırmı? Onun funksiyası insanın təbii-potensial imkanlarını aşkara çıxarmaq və ancaq onların realizasiyasına yardımçı olmaq deyilmi? Yoxsa bəlkə kimdən nə istəsən düzəltmək mümkündür? Fərdi-təbii imkanları nəzərə almağın vacibliyini anlasaydılar, bəzi naşı pedaqoqlar və təhsil qurucuları qəhrəman olmaq üçün yaranandan "buyruq qulu", alim olmaq üçün yarananlardan şair, şair olmaq üçün yarananlardan isə mühəndis hazırlamaq məsuliyyətini üzərlərinə götürməzdilər (İndi bizdə ixtisas seçilməsi ancaq "istək" əsasındadır. Bu istəyin yönəldilməsi, təbii istedad yönümünün müəyyənləşdirilməsi və ona bu istiqamətdə peşəkar tövsiyələr verilməsi işi isə təşkil olunmamışdır. Halbuki millətin ən böyük potensialı fərdlərin təbii-intellektual və mənəvi potensialının düzgün yönəldilməsindən asılıdır)".
Əlbəttə, Con Lokk Hippokratın tale haqqında fikirlərini mütləqləşdirmir. O, ictimai mühit və tərbiyəçilər üçün də yer qoyur: "Biz demirik ki, bu təbiət qanunu bizim ürəyimizdə cədvəl şəklində yazılmışdır və onu oxumaq olar". Daha sonra Con Lokk insana təbiətən verilmiş qabiliyyətlərin düzgün istifadə olunmasından, insanın ictimai həyatda təbii potensialının çox olduğu istiqamətə yönəldilməsindən danışır.
Əlbəttə, hər bir
xalqın adət-ənənəsi, əsrlər boyu formalaşmış əxlaqi-mənəvi
dəyərlər sistemi vardır. Xalq pedaqogikasına üstünlük
verənlər gənc nəslə ilk
növbədə məhz milli dəyərlər
sistemini mənimsəməyi tövsiyə
edirlər; bu halda milli zövq, milli əxlaq, adət- ənənə ön plana
çıxır. Lakin sənaye
inqilabı və elmi-texiniki tərəqqi
şəraitində xalq pedaqogikası nə
dərəcədə yetərlidir? İnsanlararası
münasibətlər, davranış formaları ictimai-iqtisadi həyatın fövqündə,
"dibçəkdə" qorunub saxlana bilməz. Yeni texnoloji sistemlər iş
şəraitini dəyişməklə yanaşı məişətə,
təhsilə və istənilən birgəyaşayış
sahələrinə müdaxilə edir və
canlı insani münasibətlərin texnika ilə vasitələnməsinə səbəb
olur. Belə bir şəraitdə
yeni mühitə daha çox adekvat olan müasirlik amillərini
ənənəvi əxlaqi dəyərlərlə
uyğunlaşdırmağa imkan verən yeni tərbiyə sisteminə keçid
zərurəti yaranır. Qərbdə rasionalizm və ona alternativ olan modernist və
postmodernist cərəyanlar yeni insan tərbiyəsinin
əsasında dayanır. Rasioanlizmə alternativ axtarmaq cəhdləri də məhz Qərb cəmiyyəti üçün
səciyyəvidir. Postmodernist
təmayüllər üçün
isə Şərqdə
obyektiv zəmin yoxdur. Lakin bununla belə, müasir görünmək
istəyən bir sıra insanlar Qərb incəsənətini,
Qərb düşüncə
tərzini mənimsəməyə
çalışarkən klassik
Qərbdən daha çox, əslində ona reaksiya, alternativ
kimi yaranmış istehlakçı "kütləvi
mədəniyyət"ə meyil saldıqlarının
fərqində olmurlar.
Televiziya
və internet də bu sahədə mühüm rol oynayır. Nəticədə rasionalizmin yüksək
dərəcədə inkişaf
etdiyi Qərb ölkələrində yaranmış
alternativ düşüncə
tərzi axtarışları,
böhrandan xilas cəhdləri zəminində
yaranmış yeni
"kütləvi mədəniyyət"
bizə transfer olunur.
Gənclik bu "müasirliyi"
qəbul etməyə
çalışır. Halbuki əsl müasirlik inkişafın zəruri mərhələsi kimi obyektiv surətdə, təbii yolla yaranmalıdır.
S.Xəlilov göstərir ki,
indi Azərbaycanda mədəni-mənəvi mühit
yekcins deyil, o, bir tərəfdən, milli-əxlaqi dəyərlərə,
digər tərəfdən,
Qərbdən transfer olunmuş
"kütləvi mədəniyyət"dən,
habelə müasir texniki inkişafın həyat tərzindəki obyektiv izlərindən təşkil olunmuşdur.
Həm də burada sintezdən daha çox, qarışıq,
eklektik bir cəm vardır. Tərbiyə sisteminin strukturu
da buna bənzərdir.
Daha doğrusu, burada sistemdən daha çox, qarşıdurmadan,
gizli mübarizədən
söhbət gedə bilər. Gənclərimiz,
bir tərəfdən
gerçəkliklə uzlaşmayan
konservativ təlimlər
vasitəsilə sovet stilində, "milli ruhda", digər tərəfdən, Qərbdən
transfer olunan "modern mühitin",
"kütləvi mədəniyyətin"
təsiri altında başqa istiqamətdə,
başqa ruhda tərbiyə olunurlar. Hansı təsir daha güclüdür? Daha doğrusu,
məktəblərimiz, məqsədli
tərbiyə prosesi mühitin qeyri-aşkar tərbiyəsini kompensasiya
edə bilirmi? Bu kənar təsiri
neytrallaşdırmaq üçün
tərbiyənin məzmununda
nə kimi yeniliklər edilir?
Ə.İsmayılov və Q.Əliyev yazırlar ki, Ulu Öndər Heydər Əliyev geniş diapazonda düşünən mütəfəkkir
kimi problemin bu aspektini də
nəzərdən qaçırmamışdır. Bununla yanaşı,
onun nəşrlərinin
təhlili, ümumiyyətlə
tərbiyə sisteminə
və xüsusilə də milli ləyaqət
hissinə spesifik təsir göstərən
amillər sisteminin qurulmasına müxtəlif
tərəflərdən olduqca
orijinal yanaşmanı
üzə çıxarır.
Birincisi, Azərbaycan millətinin, mədəniyyətinin,
siyasi tarixinin qüruru olan görkəmli şəxsiyyətlərdən,
həmçinin Azərbaycan
tarixinin şərəfli
səhifələrindən ibarət milli qürurumuzun ruhunu, özəyini təşkil
edən bir-birini ardıcıl davam etdirən müsbət yönümlü nümunələrdən
ibarət məntiqli sistem qurur. Dahi
şəxsiyyətlərin elm və mədəniyyətin,
görkəmli nümayəndələrinin
adlarını və qəhrəmanların cəsarətlərini
birləşdirən bu
sistemdə hər şey bütövlükdə
və yarıca götürülən tarixi
fakt bir məqsədə, bir ideyaya-insanların tərbiyəsi,
fərdi, etnik və ictimai şüurun humanistləşdirilməsi,
sabit milli ləyaqət və milli qürur hissinin formalaşdırılması
ideyasına tabe etdirilmişdir. Teatrlarda, konsertlərdə olduğu zaman, yubiley təntənələrində
çıxış edərkən,
o, ziyalılara, ədəbiyyat
və incəsənət
xadimlərinə onların
başlıca missiyasını
- insanları tərbiyə
etmək, onların mədəni və təhsil səviyyəsini
qaldırmaq borcunu dönmədən xatırladır.
Çünki təhsilsiz və
mədəniyyətsiz, müvafiq
intellektual potensial olmadan müasir dövrdə, yəni ikinci minilliyin sonunda milli ləyaqət
məsələsinin özünün
qoyuluşu predmetsiz məsələyə çevrilmək
riski ilə üzləşə bilər,
açığı desək,
karikatura görkəmi
ala bilər və diqqətsizlik obyektinə çevrilər. Axı
məsələ heç
də bununla bitmir ki, meydana
çıxıb döşümüzə
döyək: "Baxın,
görün, mən millətəm! Məni tanıyın və
hörmət edin!"
Xeyr, Heydər Əliyev heç zaman problemi bəsitləşdirmir.
Burada da o, belə bir məqamı
vurğulayır ki, qədim tarixə və özünəməxsus
mədəniyyətə, güclü
intellektual potensiala, yaxşı inkişaf etmiş fəaliyyət sahələrinə və
iqtisadiyyata, demokratik institutlara və sivilizasiyalı formada təşəkkül tapmış
ictimai, ailəvi və fərdi həyat qurumlarına malik olan Azərbaycan
xalqı bununla belə, tədricən müasir beynəlxalq iqtisadi, mədəni, informasiya və digər strukturlara inteqrasiya edə bilər və etməlidir, beynəlxalq əmək bölgüsündə
hamı ilə bərabər və ləyaqətlə iştirak
etməli, özünü
müasir, yüksək
mədəniyyətli, yüksək
intellektual, sivilizasiyalı
millət kimi təsdiq etdirməlidir.
Professor Z.Qaralov tərbiyə
sistemindən danışarkən
göstərir ki, Ulu Öndər Heydər Əliyevin tərbiyə sisteminin üstünlüyü də
ondadır ki, insanı düz yoldan azdıra bilən təsir vasitələrini zəiflədir,
insanları düzgün
yola yönəldir. Tərbiyə sistemi o zaman qiymətli olur ki, onu idarə
etmək mümkündür.
İdarəolunmaz sistemlər həyati
deyil, mifdir. İdarə olunan düzgün ideologiya və tərbiyə sisteminin məhsulu sayılan əxlaq, nümunəvi əxlaqlı davranış
cəmiyyət tərəfindən
həmişə qəbulolunandır.
Heydər Əliyev hesab edirdi ki, Azərbaycan
xalqının ən böyük kapitalı onun əxlaq keyfiyyətidir. Cəmiyyətdə tarixən formalaşmış
sağlam əxlaqa əsaslanmadan sağlam siyasət yeritmək qeyri-mümkündür. Sağlam siyasətdən
isə saf əxlaq yaranır. Əgər hər bir fərd
saf əxlaqın mənasını dərk
edərsə və öz davranışını
milli mənəviyyat normalarına uyğunlaşdırarsa,
ölkədə həmişə
əmin-amanlıq, din-bərəkət
olar. İnsanların elmə, mədəniyyətə
marağı yüksələr.
Bütün problemləri yalnız
ağılın gücü
ilə həll etmək mümkün olar. Cəmiyyət bütünlükdə ağıllılar, kamallılar,
tədbirlilər, təmiz
qəlbli insanların
nümunəvi insanlıq
məskənidir.
S.Xəlilov daha sonra göstərir
ki, ənənəvi tərbiyə formalarının
səmərəsini azaldan,
onu sıxışdıran
hadisələrdən biri
də qloballaşmadır. İndi daha
heç bir xalq öz milli-mənəvi
mühiti ilə məhdudlaşa bilmir; istəsə də, istəməsə də kənardan mədəni-mənəvi
müdaxilələrə məruz
qalır. Nəzərə
alınmalıdır ki, qloballaşmanın əsas silahı
texnikadır. Əsasən Qərbdə
icad edilən və bütün dünyaya ixrac olunan yeni texnika
və texnologiyalar özü ilə bərabər fərqli
ideologiya, fərqli mədəniyyət və fərqli mənəviyyat
da gətirir. Bu prosesləri dərindən
araşdırmadan, gənc nəslin formalaşmasında məqsədyönlü
milli tərbiyədən heç də az
rol oynamayan bu yeni amilləri nəzərə almadan prosesi nəzarətdə
saxlamaq mümkün deyildir. Ona görə də,
tədqiqat zamanı diqqət ən çox mədəni-mənəvi
mühitin elmi-texniki və intellektual inkişaf kontekstində
hansı istiqamətdə dəyişildiyini müəyyənləşdirməyə
və tərbiyə prosesində bu yeni ictimai şəraitin təsirlərini
nəzərə almağa yönəldilməlidir.
Nəsihətlər
və tövsiyələr üzərində qurulmuş tərbiyə
sistemi ancaq ənənəvi mühit üçün
faydalı ola bilər; o da əgər vərdişə
çevrilərsə. Standartdan kənar,
ekstremal vəziyyətlərdə məhz həmin vəziyyətə
uyğun optimal qərar çıxarmaq üçün mənəvi
prinsipləri dövlətçilik təfəkkürü və
ixtisas maraqları ilə eyni müstəviyə gətirmək,
çıxarılacaq qərarın strukturana daxil etmək
üçün ən əsas amil sərbəst
düşüncə, yaradıcı təfəkkürdür.
Ayrı-ayrılıqda mənəvi prinsipləri bilmək,
müəyyən bir ixtisasa yiyələnmək, siyasi və
hüquqi bilikləri mənimsəmək olar: lakin ən
başlıcası, hər bir şəraitdə onları əlaqələndirmək
optimal sintezini yaratmaqdır.
Müəllif yazır ki, ənənəvi cəmiyyətdə,
orta əsrlərdə formalaşmış dəyərlər
sistemi sənaye inqilabından sonra daha yüksək dərəcədə
təşkilatlanmış və yeni məzmun kəsb
etmiş cəmiyyətlərdə özünü
doğrultmur, daha doğrusu, yetərli deyil. Bəs yeni
texnogen mühitdə, informasiya cəmiyyətində, ixtisas
biliklərinin maksimum diferensiallaşdığı bir şəraitdə
əməli fəaliyyətin mənəvi prinsiplərlə
uzlaşdırılmasına dair nə kimi normativlər,
pedaqoji prinsiplər vardır?
Bizcə, müasir şəraitdə tərbiyə məsələlərinə
mədəniyyət kontekstində baxılmasına
böyük ehtiyac vardır və hər şey təkcə
davranış mədəniyyəti ilə bitmir. Biz tərbiyə
problemini həm də siyasi mədəniyyət, hüquqi mədəniyyət,
idarəetmə mədəniyyəti və ən
başlıcası, təfəkkür mədəniyyəti
kontekstində araşdırmalıyıq. Digər
tərəfdən, mühit, ictimailəşmiş nümunə
sözdən daha təsirlidir. Müəyyən
bir ideyanın əməli daşıyıcısı olan
mühit və insanın bu mühitlə əks əlaqəsi
isə elə mədəniyyətdir. Başqa
sözlə, mədəniyyətin fərdi proyeksiyası da
var. Amma onun mahiyyəti yalnız ictimai prizmadan keçdikdə,
insan-mühit münasibətləri şəklində təcəssüm
olunduqda üzə çıxır.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 2 dekabr.- S.15.