Vətəndaş cəmiyyətində müəllimlərin etik davranış qaydaları

 

 

       

Vətəndaş cəmiyyəti quruculuğu prosesində yeni nəslin tərbiyəsində əsas rol oynayan müəllimlərin etik davranış qaydaları mühüm amildir. Professor R.H.Məmmədzadə bu qaydalardan bəhs edərkən aşağıdakıları göstərir:

1. Uşaqları sevmək, onlara kömək etmək lazımdır.

Bugünkü şagirdlər sabahkı gələcəyimizdir. Onlara münasibət, onların həyata hazırlanması cəmiyyətin, xalqın, dövlətin sivil gələcəyini təmin etmək deməkdir. Bu zaman unutmaq olmaz ki, uşaqlar öz əhatə dairələrinə nəzarət edə bilmirlər, sadəcə olaraq, onlar buna hazır deyillər. Buna görə də onlara kömək etmək, nümunə olmaq, onları sevmək lazımdır. Bu, çox mürəkkəb bir problemdir. Pedaqoji-psixoloji elmlərdə bu sahədə müxtəlif elmi nəzəriyyələr mövcuddur. Çox zaman təcrübəli insanlar deyirlər ki, uşaq təmiz kağızdır. Orada sənin yazdıqlarından, onların məzmunundan asılı olaraq şagirdlər həyata hazırlanır. Buradan belə bir nəticə çıxarmaq olar: "Uşaqlara nəyi necə öyrədərsən, elə də olar". Ona görə də istər valideyn, istərsə də müəllim uşağı hansı həyata hazırlamalı olduğunu əvvəlcədən qərarlaşdırmalıdır. Buna da aşağıdakı cəhətlər təsir göstərir:

1. Uşağın təbii imkanlarına nəslən hansı bacarıqlar öz təsirini göstərir;

2. Uşaq özü kim olmaq istəyir;

3. Valideynlər uşaqları necə, nə səviyyədə və hansı peşədə görmək istəyir;

4. Bunun üçün hansı imkanlar mövcuddur.

Ancaq unutmaq olmaz ki, bizim istək və arzularımızdan asılı olmayaraq, yaşlılar uşaqları yüksək mənəviyyatlı insan olmağa istiqamətləndirməli, tərbiyə bu məqsədə yönəlməlidir. Bu isə onun şəxsi qüvvələrindən, hansı sahələrə istiqamətlənməsindən asılıdır. Onu da unutmaq olmaz ki, bizim arzu və imkanlarımızdan, uşaqların əxlaqı, dünyagörüşü, sənətlərə yiyələnmə səviyyəsindən asılı olmayaraq cəmiyyət, cəmiyyətin həyatında baş verən hadisələr, mühit də uşaqların şəxsiyyətinin formalaşmasına, insanlara, hadisələrə münasibətinə təsir edir. Onu da qeyd etmək yerinə düşər ki, bizdən asılı olmayaraq müasir cəmiyyət xüsusi olaraq elə qurulub ki, bizim (yəni müəllim, valideyn) arzularımızdan, istəklərimizdən asılı olmayaraq uşaq çox zaman istədiyimiz kimi formalaşmır.

Ona görə uşağa doğma, dost gözü ilə yanaşıb, ona anlatmağa çalışmalıyıq ki, biz onun gələcəyi haqqında nə düşünürük. Bizim həyat təcrübəmiz, həyatda rastlaşdığımız problemlər bizə imkan yaradır ki, ona məsləhətçi olaq. Aydın məsələdir ki, uşaqlara həyatda dostlarının olması onlara rastlaşdıqları problemləri başa düşməyə imkan yaradar. Ancaq bu zaman çalışmaq lazımdır ki, uşağın problemiona münasibətini, qəbul edəcəyi qərarı araşdırmaq (onu qəbul etməmək yox), başa düşmək və düzgün qərar qəbul etməyə kömək etmək lazımdır. Bu məqsədlə uşaqları müşahidə etmək, onların danışıqlarına maraq göstərmək lazımdır. Çünki uşaqları yaşlılarla ünsiyyətdə olmaq, cəmiyyətdə baş verən hadisələrə yaşlıların münasibəti maraqlandırır, hətta çox vaxt bu hadisələr ətrafında fikir mübadiləsi aparmaq, öz münasibətlərini bölüşmək də istəyirlər. Buna şərait yaradılmadıqda, onların arzu və istəkləri cavabsız qaldığından onlarda məyusluq hissi özünü göstərir.

Onu da unutmaq olmaz ki, yaşlılar uşaqları dinləyib başa düşdükdə, onları mehribanlıqla qarşıladıqda onlar bu məsləhətləri qəbul edir, böyüklərə məhəbbətli münasibətləri formalaşır.

Ona görə xalq arasında düzgün demişlər ki, xoşbəxtliyə yol uşaqlara olan məhəbbəti və köməyi özündə cəmləşdirir. Bu da uşağın müstəqil həyata qədəm qoyacağı dövrə qədər davam etməlidir.

2. Müəllimlər valideynlərə hörmət etməli və uşaqlara bunu aşılamalıdırlar.

Unutmaq olmaz ki, çox vaxt uşaqlar öz valideynlərini çətin başa düşür. Bu, təsadüfi deyildir. Tarixən nəsillər arasında fikir ayrılığı, hadisələrə müxtəlif münasibətlər özünü göstərir. Ancaq qeyd etmək lazımdır ki, onların həll edilməsi mümkündür. Buna çalışmaq, hazır olmaq lazımdır. İnsan bu hallara hazır olmadıqda və ya suallara cavab tapmaqda çətinlik çəkdikdə bəzən yalan danışır, müxtəlif hiylələrə əl atırlar. Belə hallar nəsillər arasında münasibətlərin pozulması və inamsızlığın yaranması ilə nəticələnir.

Ancaq unutmaq olmaz ki, uşaqlar valideynləri ilə ümumi razılığa gəlməyi, dil tapmağı bacarırlar. Ona görə də uşağın üstünə acıqlanmaqdansa, onunla dil tapmağa çalışmalısan. Problemi sakitcə müzakirə etmək, çıxış yolları axtarmaq lazımdır. Bu zaman uşaq açıq danışıqlara gedirsə, müəyyən arqumentlər tapıb, nəticə çıxarmaq, problemi həll etmək olar. Adətən uşaqlar buna hazır olurlar. Beləliklə, hər iki tərəf bir-birini başa düşürsə, razılığa gəlmək istəyirsə, demək, kompromis mümkündür. Düzdür, qeyd etmək lazımdır ki, bu heç də həmişə mümkün olmur, ancaq buna çalışmaq lazımdır.

Ona da diqqət yetirmək lazımdır ki, valideynlər özlərinin adətən həmişə haqlı olduqlarını düşünürlər. Çalışırlar ki, onlar deyən kimi olsunguya bu uşaq xeyrini-şərini bilmir. Ancaq bu, belədirmi? Bu haqda düşünüb, düz yol tapmaq lazımdır. Aydındır, uşaqlar valideynlərinə borcludurlar, çünki valideyn onu boya-başa çatdırmış, yuxusuz gecələr keçirmiş, əzab-əziyyətə qatlaşmış, maddi-mənəvi çətinliklərlə üz-üzə gəlmiş, ancaq onlar heçbunun əvəzini almaq arzusunda olmamışlar və uşaqlarından kömək gözləməmişlər. Ancaq elə bir zaman gəlir ki, gənc nəsil də öz valideynləri haqqında düşünməli, onlara diqqətli köməkçi olmalı olurlar. Hətta onlara lazım gəldikdə kömək etmək də vacibdir. Xoşbəxtliyə gedən yolda valideynlərlə və ya onları əvəz edənlərlə həmişə xoş münasibətlərdə olmaq lazımdır.

3. Müəllim və valideynlər uşaqlara nümunə olmalıdır.

Sirr deyildir ki, hər bir insan, yaşlılar buya digər şəkildə başqalarına təsir edir, hətta nümunə olurlar. Bu təsir yaxşı da ola bilər, pis də. Kimlərsə yaxşı nümunə olursa və onların xoş təsirləri bəyənilirsə, onlara bənzəməyi məsləhət bilmək lazımdır. Ancaq bəziləri buna mane olmağa çalışırlar. Aydındır ki, belələri yəqin hansısa məqsədləri güdür. Ancaq onlar müəyyən vaxt keçdikdən sonra haqlı olmadıqlarını başa düşür, daxilən səhv etdiklərini anlayırlar.

Son nəticədə sizin şansınız artır və siz cəmiyyətdə özünüzə hörmət görürsünüz. Ona görə də çalışın, öz düzgün nümunənizlə başqalarına xoş təsir bağışlayasınız. Xoşbəxtliyə aparan yollarda çalışın, başqalarına nümunə olasınız.

4. Çalışıb düzgün yaşamaq lazımdır.

İnsan yalan, obyektiv olmayan məlumatlardan istifadə edirsə, o, həyatda ciddi səhvlərə yol verir. Bu məlumatlar hətta düzgün faktlardan istifadənin də qarşısında maneələrə çevrilir. Aydın məsələdir ki, insan həyati problemləri o zaman düzgün həll edir ki, onun əldə etdiyi faktlar düzgün olsun.

Bu zaman əgər ətrafdakılar valan deyirlərsə, bu, həyatda səhvlərə gətirib çıxarır. Bu da normal yaşamaq imkanlarını azaldır, maneələr yaradır. Yalan məlumatlar bir çox mənbələrdən alına bilər. Məsələn, peşəkar dairələrdən, təhsil müəssisəsi kollektivlərindən, cəmiyyət üzvlərindən və s. Bu zaman çoxları çalışırlar, öz məqsədlərinə çatmaq üçün sizi inandırsınlar ki, bu məlumatlar düzdür. Ancaq siz bilməlisiniz ki, həqiqət hansıdır və o, sizin nəyinizə lazımdır. Onu da nəzərə almaq lazımdır ki, heç kimin başqalarına müəyyən məlumatları vermək, xüsusən qeyri-obyektiv məlumatları vermək, sizi inandırmağa hüquqi haqqı yoxdur. Bunu nəzərə alıb, hadisələrə öz münasibətinizi formalaşdırmağı bacarmalı, yalan məlumatlardan uzaq olmalısınız.

İnsan yalan danışmamalıdır, yalan danışıqları yaymaqdan qaçmaq lazımdır. Başqalarına zərər verən yalandan uzaq olmağa çalışın. Unutmayın ki, yalan insanı lazımsız tədbirlərə əl atmağa məcbur edir. O, ailələrin dağılmasına səbəb olur. Yalanın yaratdığı atmosfer insanların, ailələrin kollektivlərin xoş mühitini pozur, insanların normal münasibətlərinə mane olur. Ona görə yalanı başa düşüb, ondan və yalançı insanlardan uzaq olmaq lazımdır.

Xoşbəxtliyə yol ancaqancaq düzlükdən keçir. Ona görə çalışıb düz yaşamaq lazımdır. Qanunlara riayət etmək, dövlətin qəbul etdiyi rəsmi qanunların həyata keçirilməsində fəal olmaq lazımdır. Yaxşı formalaşmış mədəni ölkələrdə qanunlar dərc edilir, xalqa vaxtında çatdırılır. Dövlət bu qanunların həyata keçirilməsinə nəzarət edir. Bu qanunlara əməl etmək üçün onları öyrənmək, hüquqi biliklərə yiyələnmək lazımdır. Məktəb, müəllim gələcək nəslə - şagirdlərə bu həqiqətləri vaxtında aşılamalıdırlar. Onlar bilməlidirlər ki, qanunları bilməmək insanı məsuliyyətdən azad etmir. Ona görə də, yaşından asılı olmayaraq cəmiyyətin hər bir üzvü qanunsuz hərəkətlərinə görə məsuliyyət daşıyacağını bilməli və ona ömrü boyu sadiq olmalıdır.

Xalqın seçdiyi, inandığı və xalqının qayğısına qalan hakimiyyəti müdafiə etməyi bacarmalı və özünə bunu borc bilməlisən. Unutmaq olmaz ki, tarixin bütün mərhələlərində, bütün dövlətlərdə hakimiyyəti devirmək, hakimiyyət əleyhinə işləyən insanlar az olmamışdır. Onlar çalışmışlar ki, hakimiyyət onların arzu və istəklərinə xidmət etsin, belə insanlardan uzaq olmağı bacarmalı və gəncləri belə yollardan, təsirlərdən uzaqlaşdırmağı bacarmalısan. Xoşməramlı, yüksək mədəniyyətli, tərbiyəli insanlara zərər gətirməmək, onlarla ünsiyyətdə olmaq, onların məsləhətlərinə diqqətli olmaq lazımdır. Unutmaq olmaz ki, cəmiyyət xoş məramlı insanların hesabına yaşayır, inkişaf edir. İnsanlar arasında əmin-amanlıq yaranır. Dövlət müəssisələrində, xüsusi sektorda çalışan insanlar, öz vəzifələrini vicdanla yerinə yetirənlər faktiki olaraq xoşməramlı insanlardır. Məhz onlar cəmiyyətin və dövlətin inkişafına çalışanlardır. Digər tərəfdən belə insanlara əzab vermək, incitmək asan olduğuna görə, adətən onlar nadan, mədəniyyətsiz insanlar tərəfindən incidilir, əzablara dözürlər. Onlar isə özləri mədəni olduqlarına görə çalışırlar ki, belə insanlardan uzaq olsunlar, onlar hətta özlərini sərt şəkildə müdafiə etməyə də çox səy göstərmirlər. Bütün bunlara baxmayaraq, cəmiyyət belə insanların üstündə inkişaf edir, irəliyə addımlayır.

R.Məmmədzadə göstərir ki, bunu nəzərə alaraq, hər bir insan çalışıb öz ətrafını yaxşılaşdırmağı bacarmalı, cəmiyyət üzvlərinin yaxşılığa, mədəniyyətə doğru irəliləməsinə kömək etməlidir. Onu da qeyd etmək lazımdır ki, cəmiyyətə, ətrafdakılara xoş münasibətlə yanaşan insanlar çalışıb, geyimlərinə də fikir verməlidir, çünki insan öz xarici görünüşü, danışığı ilə başqalarının əhval-ruhiyyəsinə təsir bağışlayır. Bu xoş mühitdə yaşamaq məktəbdən başlayır. Ona görə də, məktəbdə istər müəllim, istərsə də şagird və tələbələr bu geyim qaydalarına, gigiyena qaydalarına əməl etməlidirlər. Qeyd etmək lazımdır ki, bu qaydalara əməl edilməyən kollektivdə olanda insanlar özlərini yaxşı hiss etmirlər. Sinif otaqlarının, yerlərinin təmiz saxlanmasına çalışmaq, əmlakı qorumaq da özündən sonra başqalarının həmin əmlakdan istifadə edəcəklərini də unutmaq olmaz.

Qaydalara əməl edən, başqaları haqqında düşünən insanlar adətən təbiəti də qorumağa çalışırlar. Unutmaq olmaz ki, dövlət səviyyəsində hətta qərarlar da qəbul edilir (məsələn, ağacları qıranlara qarşı). Çünki ağacların, meşələrin məhv edilməsi, atmosferə zəhərli qazların buraxılması və s. faktiki olaraq canlıların məhvinə, sonda isə sadəcə olaraq planetin dağılmasına aparıb çıxaran hallardır. Ona görə də Yerkainat haqqında düşünmək öz həyətinizdən, küçənizdən, yaşadığınız kənd və şəhərdən başlamalıdır. Təsadüfi deyildir ki, Ulu Öndərimiz unudulmaz Heydər Əliyev Bakıda keçirilən iməciliklərdə iştirak edərdi və onun əkdiyi ağaclar altında daldalanan insanlara kölgə salır, təbiəti saflaşdırır. Bu, əlbəttə ki, bir tərəfdən təbiəti qorumaq, digər tərətdən insanlar üçün yaxşı nümunədir.

Bütün bunlar əməksevərlik tələb edir. Təsadüfi deyildir ki, deyirlər "işləməyən adamın ömrü qısa olur". Ona görə insanlar dərd-səri əmək prosesində unudurlar. Tənbəlləri cəmiyyət sevmir. Təsadüfi deyildir ki, xalq arasında deyirlər "xoşbəxtliyə aparan geniş, enişli-yoxuşlu bir yol var, onu əməksevərliklə başa vurmaq olar". Əməksevərliyin nəticələri insanlığa real xoşbəxtlik gətirir.

Nəhayət, bütün bu dediklərimiz, açıqladığımız həqiqətlər insanın öz ixtisasını bilməsindən, əməksevərliyindən, mədəniyyətindən, kompetensiyasından, bir sözlə, səriştəliliyindən asılıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında (24 oktyabr 2013-cü il) səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması başlıca məqsəd kimi irəli sürülmüş və təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektiv va səmərəli tətbiq etmək qabiliyyətli mütəxəssisin, hər bir insanın, xüsusən müəllimin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 5 dekabr.- S.15.