Hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunda KİV tərbiyə
vasitəsi kimi
Məlum olduğu kimi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti quruculuğunda azad və demokratik KİV əsas rol oynayır. Ulu Öndər Heydər Əliyev demişdir: "Radio və televiziya insanları təsirləndirir, onların təkmilləşdirilməsinə, mənəviyyatca inkişafına kömək edir".
S.Xəlilov "Mənəviyyat fəlsəfəsi" əsərinin "KİV-in mənəvi funksiyaları" bölümündə yazır ki, dövlət senzurası ləğv olunduqdan və nəzarət funksiyası mətbuatın öz daxili əqidə və mənəviyyat senzoruna həvalə edildikdən sonra mətbuat haqqında diskussiyalar, fikir mübadiləsi səngimək bilmir. Azad fikir və azad söz şəraitində mətbuatın qarşısında özünü dərk etmək vəzifəsi qoyulmuşdur. Lakin bu, heç də təkcə mətbuatın öz vəzifəsi olmayıb, bütün cəmiyyəti düşündürən aktual problemlərdən biridir. Mətbuat bazar iqtisadiyyatı şəraitində də öz başlıca missiyasını unutmamalıdır. Peşəkar jurnalist mətbuata reketçiliklə, yaxud kimə isə yarınmaqla qazanc götürmək üçün yox, cəmiyyət, xalq, millət qarşısında öz peşə borcunu yerinə yetirmək, ictimai rəyin reallığa adekvat surətdə formalaşmasına nail olmaqdır. İctimai şüurun düzgün yönəldilməsi, hadisələrə ədalətli qiymət verilməsi üçün əvvəlcə jurnalistin özündən obyektiv məntiqi təhlil qabiliyyəti və ədalət hissi tələb olunur.
Lakin bəzən "söz azadlığı" şüarının parıltısı fonunda meyarlar itir. Sözün daşıdığı həqiqət yükü, məsuliyyət arxa plana keçir və söz özü gerçəklikdən ayrılmış dəyərə çevrilir. Məsuliyyət itdikdə, meyar unudulduqda söz meydanına girmək asan olur. Sözün istifadəsində haqlı da, haqsız da eyni imkanla malik olur. Haqq sözlə nahaq sözün ictimai rəyi formalaşdırmaq sahəsində bərabər imkanları yaranır. Düzgün seçim etmək məsuliyyəti yenə də oxucunun üzərinə düşür. Burada ənənəvi paradoksallıq yenə də özünü göstərir. Bir tərəfdən, ictimai şüurun real səviyyəsi və cəmiyyətin mövcud mənəvi durumu mətbuat üçün meyar olur. Digər tərəfdən, bu mətbuatın üzərinə ictimai şüuru inkişaf etdirmək vəzifəsi düşür. Bunun üçün isə, ya jurnalistin mənəvi səviyyəsi cəmiyyətin orta mənəviyyat göstəricisindən heç olmazsa bir az yüksək olmalıdır, ya da o, bu yüksəlişə cəmiyyətin elitasının mövqeyini kütlələrə çatdırmaqla nail olmalıdır.
Demokratiya da çoxluğun mövqeyinə əsaslanır. Ona görə də, demokratik cəmiyyət quruculuğunda söz azadlığı, kütləvi informasiya vasitələri, mətbuat öncül rol oynayır. Sosial təkamül tələb edən demokratik cəmiyyətdə çoxluğun mövqeyinə, kütləviliyə, azad fikrə və söz azadlığına istinad edir. Lakin bu çoxluq o çoxluqdan deyil. Bu söz o sözdən, bu azadlıq da o azadlıqdan deyil!
Birinci azadlıq - kütlə psixologiyasına arxalanan, kütlənin səviyyəsinə enən, fikirdən deyil, istəkdən, nəfsdən, emosiyadan, ehtirasdan çıxış edən söz azadlığıdır. Burada hikmətlə cilovlanmamış hiss hələ çox güclüdür. Qırmaq, dağıtmaq ehtirası hələ çox qəlbidir. Burada söz fikirdən əsasdır; hələ gözlər açılmamış sözlər öz işini görür.
İkinci azadlıq - sosial gerçəkliyin elmi təhlilindən doğan yeni, azad, həqiqi fikrin, fikir azadlığının ifadəsi olan söz azadlığıdır. Burada söz fikirdən sonra gəlir, ona görə də, bu azadlıq düşünmədən danışan çoxluğun yox, düşünən azlığın payına düşməlidir. Lakin belə söz çoxluğa çətin yiyələnə bilər. Buna nail olmaq üçün əvvəlcə çoxluğun düşüncə səviyyəsi yüksəldilməli, siyasi şüur mədəniyyəti formalaşmalıdır.
S.Xəlilov daha sonra yazır: "Son illərdə Azərbaycanın efir məkanında baş verən ən mühüm dəyişiklik fərqli sosial stasusa malik olan yeni bir kanalın - İctimai Televiziya və radionun işə düşməsidir. Bu kanal bir sıra pessimist proqnozlara baxmayaraq məhz öz missiyasına uyğun şəkildə fəaliyyətə başlamaqla televiziyanın mənəvi və intellektual həyatda nə kimi bir müsbət rol oynaya biləcəyini əyani şəkildə sübut etdi və digər kanallar üçün də bir növ nümunə oldu. İctimai Televiziya məhz maarifçilik funksiyasını, yüksək mənəvi-estetik meyarları önə çəkməklə Azərbaycan efir məkanında olan boşluğun doldurulmasına və ölkəmizdə gedən yeniləşmə proseslərində tarazlığın əldə olunmasına rəvac verdi.
Aşkarlıq və demokratikləşdirmə şəraitində diqqət mərkəzində olan məsələlərdən biri də subyektiv səbəblər üzündən tarixin saxtalaşdırılması meyillərini aradan qaldırmaq, tarixə həqiqi elmi münasibəti bərpa etməkdən ibarətdir. Tarixlə tərbiyə işinə geniş meydan açıldığı bir şəraitdə televiziya da bu istiqamətdə öz işini yenidən qurmağa çalışır. Milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş, lakin proletkultçuluğun təsiri ilə, habelə sinfiliyin mütləqləşdirilməsi və ümumbəşəriliyin heçə endirilməsini normaya çevirən düşüncə tərzinin hökmü ilə yaddaşımızdan "silinmiş" şəxsiyyətlərin və hadisələrin yaddaşınızda bərpa olunması işində televiziya böyük xidmət göstərə bilər."
Tədqiqatçılar KİV bir çox funksiyalarını göstərirlər. Onlardan ən önəmlisi maarifləndirmə, maarifçilik, təbliğatçılıq funksiyasıdır. S.Xəlilov bu barədə yazır: "Televizivanın əsas funksiyasının biri də maarifçilikdir. Tamaşaçıları elmi nailiyyələr haqqında məlumat yox, bu nailiyyətlərin koqnitiv məzmunu yox, onların insan mənəviyyatı ilə, ictimai həyatla, qlobal problemlər və gündəlik qayğılarla əlaqəsi maraqlandırır. Belə problemlər respublikamızda çoxdur. Onların üzə çıxarılmasında və cəmiyyətin mühakiməsinə veriməsində mətbuatın, radio və televiziyanın üzərinə böyük məsuliyyət düşür.
Müasir həyatda elmlə bağlılıq getdikcə artdığı halda, respublikamızın mətbuatında və televiziyada (biz radionun bir sıra müsbət ənənələrini nəzərə alaraq onu bu sırada saymırıq) elmi-fəlsəfi səpkili söhbətlərə getdikcə daha az yer verilir. Televiziya şeirlə, ədəbiyyatla, sənət adamları ilə hərtərəfli əməkdaşlıq etdiyi halda, elmlə, ciddi sosial tədqiqatla, alimlərlə, filosoflarla əlaqə getdikcə zəifləyir. Halbuki gənclərimizin məhz intellektual inkişaf səviyyəsi narahatlıq doğurur və ölkəmizdə elmi-kütləvi proqramların yayımlanmasına daha böyük ehtiyac vardır. Nəşriyyatların özəlləşdiyi bir şəraitdə az tirajlı ədəbiyyat sayılan elmi və elmi-kütləvi kitabların, ümumiyyətlə çap olunmaması təhlükəsi yaranır. Bizcə, belə məsul bir vaxtda bütün kütləvi informasiya vasitələri, o cümlədən də televiziya, mədəniyyətimizin aqibətini düşünərək uzaqgörənlik göstərməli, elmi-fəlsəfi fikrin və bu sahədə yazılan uğurlu kitabların təbliği mövqeyindən çıxış etməlidir".
S.Xəlilov qeyd edir ki, televiziyanın mühüm vəzifələrindən biri, bir tərəfdən, ictimai həyatın mənəvi və nəzəri əsaslarını təbliğ etmək, digər tərəfdən də, konkret problemləri məhz həmin nəzəri əsaslar mövqeyindən izah etməkdir. Bir sözlə, televiziyanın gənc nəslin tərbiyəsində rolu və deməli, həm də məsuliyyəti müqayisəolunmaz dərəcədə böyükdür. Televiziya uşaqların nitqinə, hərəkət və davranışlarına, düşüncəsinə elə "gizli" təsir edir ki, valideynlə övlad arasında fərqli dünyagörüşünün, zövq fərqlərinin nə vaxt və necə yarandığını heç hiss də etmirik. Valideynlərin və məktəbin televiziya və internetin simasında necə güclü rəqiblərinin olduğunu da, bəzən nəzərə almırıq. Lakin bu dövr, daha əvvəlki dövr deyil. Ona görə də, indiki uşaqların və gənclərin tərbiyəsi haqqında düşünərkən mühiti dəyişən və formalaşdıran yeni texniki vasitələr unudulmamalıdır.
Peyk antenaları və internet texniki baxımdan bütün planeti ehtiva etmək imkanına malik olduğundan və bu imkanlar əsasən Qərbin əlində toplandığından qloballaşmaya xidmət edir. Biz texniki tərəqqiyə qarşı çıxa bilmərik və yeni texniki vasitələrdən istifadəni gənclərə qadağan edə bilmərik. Çıxış yolu ancaq Qərbin təsirlərini heç olmazsa qismən kompensasiya etmək üçün milli-mənəvi məzmuna malik olan verilişlərin də bu yeni vasitələrlə ötürülməsinə nail olmaqdır. Yəni ən müasir texnika təkcə Qərbin kütləvi mədəniyyətinin yox, həm də milli-mənəvi dəyərlərin yayılmasına xidmət edə bilər. Həm də rəqabətin uğurlu olması üçün milli proqramların təkcə mənəvi məzmunu deyil, həm də texniki səviyyəsi Qərb standartlarından geri qalmamalıdır.
L.Turou yazır: "Televiziya və kino dəyərlərin formalaşmasında ailəni bir növ əvəz etmişdir. Amerikalı yeniyetmə atası ilə təklikdə həftədə beş dəqiqə, anası ilə - iyirmi dəqiqə, televizor qarşısında isə iyirmi bir saat keçirir". S.Xəlilovun fikrincə, televiziya malik olduğu ən böyük auditoriyada tərbiyəçi qismində də çıxış edə bilər, tərbiyəni pozan amil kimi də. Bu, olduqca böyük bir fürsətdir. Ona görə də, telekanallar daha düzgün yol seçmək üçün müvafiq axtarışlar aparır. Lakin bu axtarışları, yenilikləri qeyd-şərtsiz uğur hesab etmək doğru olmaz. Elmi təhlilə etinasızlıq göstərib sınaq-səhv metodunun rəhbər tutulması dövrün tələbi ilə, milli-mənəvi özünüdərk cəhdləri ilə bir araya sığmır.
Çox vaxt məhdud əhatəli, konkret bir məsələ ətrafında mahiyyətə varmadan, təsvirçilik mövqeyindən o qədər uzun-uzadı söhbət gedir ki, tamaşaçı yorulur və musiqi nömrəsinə, əyləncəyə ehtiyac yaranır. Sosial, iqtisadi, mənəvi problemlər o qədər çoxcəhətli və rəngarəngdir ki, xüsusən indiki dövrdə bu problemlər hamını o dərəcədə narahat edir və maraqlandırır ki, zövq və idrakla hazırlanmış verilişdə musiqi fasilələrinə ehtiyac olmaya da bilər. Bizcə, əyləndirmək vərdişindən düşündürmək vərdişinə, fəal həyata sövq etmək vərdişinə keçilməsi vaxtı artıq çoxdan çatmışdır.
Ulu Öndər Heydər Əliyev KİV-in, xüsusən televiziyanın mənəvi tərbiyədə oynadığı rola xüsusi əhəmiyyət verərək deyirdi: "Televiziya insanların dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir".
Vahid
ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2014.- 9 dekabr.- S.15.