Vətəndaş cəmiyyəti və milli iftixar hissi

 

 

     Vətəndaş cəmiyyətində sosiumu birləşdirən milli-mənəvi dəyərlərdən biri milli iftixar hissidir. Tədqiqatçı Q.Hüseynov yazır ki, vətən hissi, torpaq hissi... Uşaqlıqdan, bəlkə də körpəlikdən canımıza, qanımıza, lap iliyimizə hopan, ruhumuzu yerindən oynadıb pərvazlandıran, bizi ən müqəddəs duyğulara qovuşduran və beləliklə də mənəvi dünyamızı ən uca dəyərlərlə zənginləşdirən bir hiss. Onun sehirkar təsiri adamı ovsunlayır, cəhdlərimizi adilikdən, bəsitlikdən uzaqlaşdırır, uca-uca mətləblərə, misilsiz fəaliyyətə səsləyir. Bu ecazkar duyğu eli-obanı, xalqı, milləti mənəvi tellərlə bağlayır, bu canlı orqanizmi monolit birliyə çevirir... Milli iftixar adlandırdığımız bu hiss mənəviyyatımızın ayrılmaz hissəsi olur.

     Vətəndaş cəmiyyətində milli iftixar hissi milli varlığın əsas cəhətlərindən biri kimi ictimai-iqtisadimilli inkişafın çoxcəhətli və ziddiyyətli meyilini özündə əks etdirir. O, millətin mənəvi simasının mühüm tərəfi olmaqla vətənpərvərliyin məzmununa daxil olurorada əsas yer tutur. Bu isə o deməkdir ki, milli iftixar hissi vətənpərvərliyin yaranıb formalaşmasında aparıcı rol oynayır. Bunun nə demək olduğunu başa düşmək üçün göstərmək lazımdır ki, milli həyatın ayrı-ayrı cəhətlərini özündə əks etdirən milli mənlik şüuru, milli adət və ənənələr və s. Vətənpərvərliyin məzmununa bütövlükdə deyil, qismən daxil olur və həm də milli iftixar hissi kimi geniş mövqeyə malik olmurlar. Çünki vətənpərvərlik inkişafın mütərəqqi meyillərini əks etdirdiyindən, təbii ki, məhdud meyilli, arxaik cəhətlər onun məzmununa daxil ola bilməz. Milli iftixar və eləcə də milli həyatın digər cəhətləri ictimai münasibətlərin milli münasibətlər sahəsindəki mühüm tərəfini təşkil edir. Bu mənada milli iftixar hissini ictimai münasibətlərin ümumi məzmunundan ayırmaq olmaz. Çünki milli iftixar hissi milli gerçəkliklə yanaşı, mövcud ictimai-siyasi münasibətlərlə sıx şərtlənir.

     Vətəndaş cəmiyyətində milli iftixar hissi doğma diyara, xalq həyatının bütün səhifələrinə, onun mütərəqqi ruhlu adət və ənələrinə hörmət və ehtiramın təcəssümü kimi vətənpərvərlik hissinin müəyyənləşməsində, onun formalaşıb inkişaf etməsində çox böyük rol oynayır.

     Q.Hüseynov yazır: "Tarixən yaranıb formalaşmış və xalq həyatı ilə bağlı mənəvi sərvətlərə münasibətin psixi tərzdə ifadəsi kimi milli iftixar hissi milli birliyin, milli həyatın digər tərəflərinin yaranıb inkişaf etməsinin mühüm amilidir. Bu hiss milli birliyin sabit və ardıcıl istiqamətdə inkişaf etməsini təmin edir. Odur ki, mühüm tarixi məsələlərin həllində, milli dövlət birliyinin, milli suverenliyin qorunub saxlanılmasında milli iftixar hissi tarixi rol oynayır. Çünki millətin bütün dəstələrini vahid məqsəd ətrafında cəmləməkdə, milli ayrılığın, mərkəzdən qaçma, əyalətçilik və yerliçilik kimi zərərli təsirlərin aradan qaldırılmasında bu hissin səfərbəredici rolu inkaredilməzdir. Milli iftixar hissinin bu cəhəti tarixi keçmişin ayrı-ayrı səhifələri qiymətləndirilərkən, habelə millətin adı, onun ləyaqət və heysiyyəti ilə bağlı olan məsələlərdə daha qabarıq və emosional tərəfdə özünü büruzə verir".

     Deməli vətəndaş cəmiyyətində milli iftixar hissi cəmiyyətdə qərarlaşmış mənəvi norma və idealların konkret-tarixi formaları ilə sıx əlaqədar olduğundan onun səciyyəsinə ictimai şüurun bütün formaları ilə, şəxsiyyətin inkişafının konkret səviyyəsi ilə sıx əlaqədə yanaşmaq lazımdır.

     Müəllif düzgün olaraq qeyd edir ki, hər cür milli zehniyyətdən, milli müstəsnalıq və əsasız iddialardan uzaq olan milli iftixar hissi milli birliyin, milli tərəqqinin qüdrətli amili, hər bir şəxsin mənəvi dünyasının yol göstəricisidir. Bizi mənən qüvvətli edən, nikbin duyğular oyadan təkcə öz şəxsi  həyatımızın uğurları və qayğıları deyildir. Hər birimizi doğma diyarla minlərlə, bəlkə də on minlərlə gözəgörünməz tellər bağlayır. Xalqın keçmişi, onun tarixinin ləyaqətli və qəhrəmanlıq səhifələri, dünənin və bu günün uğurlu nailiyyətləri qəlbimizə, mənəvi dünyamıza daxil olur, varlığımızı dərin iftixar hissi ilə doldurur. Ana südü ilə, yediyimiz çörəklə, udduğumuz hava ilə canımıza, qanımıza hopan, bizi sözün əsl mənasında yerdən göyə qaldıran bu hiss nəsildən-nəslə, eldən-elə ötürülür, dərin ideya birliyi, möhkəm mənəvi varislik ənənələri yaradır. Bu hissin qadir qüdrəti yaradıcı əməyə, misilsiz xarüqələrə səsləyir. Axı ləyaqətli zəhmətkeş olmadan əsl vətənpərvər olmaq mümkün deyildir...

     Vətəndaş cəmiyyətində milli iftixar hissi milli xüsusiyyətlərin bütün toplusunu özündə cəmləşdirir, millətə aid cəhətləri bütün aydınlığı ilə əks etdirir. Milli əlamətlərlə bağlı sabit meyillər milli iftixarın məzmununa daxil olmaqla onun formalaşıb daha da inkişaf etməsində böyük rol oynayır. Həm də yadda saxlamaq lazımdır ki, bu zaman ictimai-sinfi mahiyyətli motivlər, habelə konkret-tarixi şəraitdən doğan əlamətlər xüsusi rol oynayır. Bu mənada ictimai-sinfikonkret-tarixi səciyyəli cəhətləri ön plana çəkməklə bu hissin mahiyyətini düzgün anlamaq olar. Çünki ictimai-siyasi, sosial cəhətlərinin timsalında milli iftixarın ümumbəşəri və mütərəqqi xüsusiyyətləri qabarıq surətdə özünü büruzə verir. Yalnız bu səpkidə onun xalqla, xalq həyatı ilə bağlılığı, bütün təfərrüatı ilə üzə çıxır.

     Qərbdə vətəndaş cəmiyyətində milli iftixar hissinin məzmununda millietnik cəhətlərin ön plana çəkilməsi mühüm əhəmiyyətə malikdir. Bununla Qərb milli iftixarın inkişafını bir çox vətəndaş cəmiyyətində milli xarakteronun konkret təzahür forması olan milli iftixar hissi Hegelin təbirincə desək, "tarixi inkişaf etdirən amilləri özündə cəmləşdirir".

     Buradan belə bir nəticə çıxır ki, xalqların taleyində, onların təbiətində lap əvvəldən mövcud olan səciyyəvi mənəvi keyfiyyətlər aparıcı rol oynayır, milli inkişafın əsas cəhətlərini şərtləndirir. Hegel milli iftixarı iqlim və digər təbii amillərlə sıx bağlayır və belə hesab edirdi ki, vətənpərvərlik hisslərinin əsasını mövcud dövlət quruluşunun mütləqliyinin dərk edilməsi təşkil edir. Yəni o, heç bir ictimai-siyasi əlamətlərə fərq qoymadan mütləq hakimiyyətə tabe olunmasını iftixar hissi üçün ən məqbul bir hal hesab edirdi. Hadisələrə dar sinfi mənafelər nöqteyi-nəzərindən yanaşmaq bu cərəyan üçün səciyyəvidir.

     Böyük fransız filosofu Mönteskye qeyd edirdi ki, millətin ümumi ruhu təbii yolla əmələ gəlmiş, heç bir qanunla məhdudlaşdırılmamış əxlaqi keyfiyyət və əlamətlərdən ibarətdir. Əxlaq və adətlər bir-birindən onunla fərqlənir ki, bunlardan birisi millətin psixikasını, digəri isə onun xarici hərəkətlərini tənzim edir. Mönteskyenin fikrincə, millətin ümumi ruhunda müxtəlif cəhətlərin əlaqəsi və qarşılıqlı təsiri kortəbii surətdə baş vermir, bunlar dəqiq qanunauyğunluğa tabedirlər.

     Etnopsixoloji nəzəriyyənin baniləri, keçən əsrin alman idealist filosofları DatserusXteynal göstərirdilər ki, buya digər şəxsin hər hansı bir millətə mənsubluğunu şərtləndirən cəhətlər, obyektiv münasibətlərlə deyil, yalnız və yalnız fərdlərin özləri haqqında, özlərinin milli mənsubiyyəti və oxşarlığı haqqında subyektiv fikirləri ilə müəyyən olunur.

     K.MarksF.Engels vətənpərvərlik hissinin, o cümlədən də milli iftixar hissinin məzmununun aydınlaşdırılmasında buya digər ölkənin sosial, iqtisadisiyasi şəraitinin ön plana çəkilməsini tələb etmişlər.  Marksistlər vətənpərvərlik hissini, onun ayrılmaz cəhəti olan milli iftixar hissini konkret-tarixi xarakterli bir hadisə kimi səciyyələndirmiş, onu zəhmətkeş siniflərin önkə daxilindəki sosial-sinfi vəzifələri ilə sıx əlaqələndirmişlər.  V.İ.Lenin yeni tarixi mərhələdə-imperializm mərhələsində vətənpərvərlik və onun bütün təzahür ünsürləri haqqındakı müddəalardan danışarkən imperializm mərhələsinin xüsusiyyətlərini nəzərdə tutaraq qeyd edirdi ki, vətənvərpərlik və milli iftixar hissinin mahiyyətini düzgünelmi şərhindən milyonlarla adamların azadlıq mübarizəsi xeyli dərəcədə asılıdır.

     Q.Hüseynovun fikrincə, milli iftixar hissi millət və xalqın mənəvi simasının ayrılmaz ünsürü kimi o zaman bütün dolğunluğu ilə təzahür edə bilər ki, onun geniş və əhatəli inkişafına mane olan xudbin milli niyyətlərə, primitiv ovqatlara son qoyulsun, bu hiss ümumbəşəri ideal və mənəvi sərvətlərin hərtərəfli təsiri altında inkişafın yeni axınına qoşula bilsin.

     Müstəqillik dövründə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edən müasir Azərbaycanda Q.Hüseynovun təbirincə desək: "Milli həyatın bütün sahələri dil, mədəniyyət, milli şüur, o cümlədən də milli iftixar hissi özünün yeni dövrünü yaşayır. Mənəvi həyatda baş verən dirçəliş, milli-tarixi keçmişi, mənəvi sərvətlərin bütöv sistemini yenidən qiymətləndirməyə, tarixin " ləkələrini" aradan qaldırmağa və özünüdərketmə proseslərini sürətləndirməyə imkan vermişdir. Belə bir sosial şərait milli hisslərin coşqun inkişafına təkan vermiş, hər bir adamın milli iftixarla bağlı fəaliyyət sahələrini canlındırmışdır". Ümumi siyasi mədəniyətin daha da artması fonunda indi vətəndaş cəmiyyətində milli problemlərin daha geniş auditoriyalarda, daha çox adamlar tərəfindən müzakirə edilməsinin şahidi oluruq.

     Vətəndaş cəmiyyətində milli iftixar hissinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq ideologiyası da əsas rol oynamışdır. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, o cümlədən, milli iftixarımızın öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Milli müəyyənliyi olmayanözünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.

     Milli dövlət ideologiyası olan azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni kimliyini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir... Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır.      Azərbaycançılıq ideyasının dərk olunması əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur.

     Azərbaycançılıq milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq qalacaqdır. Müasir qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz, o cümlədən milli iftixar hissini gözləyən təhlükədən ancaq milli ideologiyanın köməyilə xilas olmaq mümkündür. Çünki milli ideologiyanın formalaşdırdığı milli özünüqoruma şüuru milli dəyərlərimizi hər cür təhlükədən qoruya bilər. Bir sözlə, ictimai həyatımızın bütün sahələrində - milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya - azərbaycançılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır.

     Ulu Öndər Heydər Əliyevin milli iftixarımızın ən bariz nümunəsi olan "Mən fərx edirəm ki, azərbaycanlıyam!" sözləri bütün əsrlər boyu millətimizin şüurunda əbədi yaşayacaqdır!

    

 Vahid ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 11 dekabr.- S.15.