Hüquqi dövlət və vətəndaş
cəmiyyətində vətəndaşlıq ruhunda
tərbiyə məsələsi
Vətəndaşlıq ruhunda tərbiyə cəmiyyətinin əsas məqsədlərindən biridir. Ulu Öndər Heydər Əliyev dönə-dönə bildirdi: "Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır."
Vətəndaş cəmiyyətində vətəndaşlıq tərbiyəsi məsələsinə toxunan Ulu Öndər Heydər Əliyev nəzəri və ideya və ideya-tərbiyə fəaliyyətinin müasir mərhələdə ictimai inkişafın aktuallaşdırdığı bir sıra istiqamətlərini müəyyənləşdirmişdir. Ə.İsmayılov və Q.Əliyev göstərirlər ki, bununla əlaqədar, cəmiyyətin və milli həyatın mənəvi-əxlaqi sahəsini, milli şüur və mənlik şüuru, milli ruh və etnik identifikasiya, tarixi yaddaş və tarixi şüur məsələlərini, milli qürur və milli ləyaqət hissinin ən incə təzahürlərini bu və ya digər dərəcədə tədqiq edən, yaxud tədqiq etməli olan ictimai və humanitar elmlərin bugünkü və perspektiv vəzifələrini Heydər Əliyevin əsərlərində müəyyənləşdirilərkən irəli sürülən yanaşmalara ümumiləşdirici baxış bizcə, faydalı olardı.
Heydər Əliyevin Azərbaycan cəmiyyətinin sosial-siyasi, mənəvi-əxlaqi, ideya-mədəni inkişafı, xalqın intellektual iarixi, həmçinin, tarixin, müasirliyin və gələcəyin nisbəti problemlərinin təhlili məntiqi, elmin prioritet vəzifələrinin müəyyənləşdirilməsində, bu gün və perspektivdə aktuallıq kəsb edən bir sıra məsələlərin formulə olunmasında özünəməxsus metodoloji prinsip kimi çıxış edir. Heydər Əliyevin nəzərdən keçirdiyi hadisələrin, proseslərin və fenomenlərin xarici xarakteristikalarından onun təhlilinin daxili məntiqinə doğru hərəkət edərək, oradan da sosial-iqtisadi, siyasi, mədəni və mənəvi-əxlaqi həyatın müxtəlif sahələrində obyektiv cərəyan edən proseslərin məntiqinə doğru hərəkət edərək, biz ümumi ilə xüsusinin, tarixlə müasirliyin nisbətinə diqqəti vurğulamaq imkanı əldə edərik ki, bu da milli ləyaqət fəlsəfəsinin məhsuldar öyrənilməsi üçün son dərəcə zəruridir.
Əslində, biz burada milli ləyaqətin məcmu halında və özünün real qarşılıqlı əlaqələrində Azərbaycan xalqının milli ləyaqətinin təsdiqi və qorunması üçün lazım olan mənəvi-əxlaqi, sosial-psixoloji, etno-mədəni və intellektual sahəni yaradan digər fenomenlər və dəyərlər sistemi ilə dialektik qarşılıqlı əlaqə və qarşılıqlı şərtlənməsi problemlərinə çıxırıq. Bununla yanaşı, həmin fenomenlərin və dəyərlərin real funksiyalarını aşkarlamaq məqsədilə onları həm milli ləyaqət fəlsəfəsi kontekstində, həm də cəmiyyətin və milli həyatın mənəvi saflaşdırılması aspektində nəzərdən keçirmək məsələsi meydana çıxır.
S.Xəlilov doğru olaraq yazır ki, əsl böyük fəlsəfə fərdi Mənlə dünya arasındakı münasibəti əks etdirir. Belə ki, fərdi Mən ümumbəşəri və milli Mənləri ehtiva etmək imkanına malik olduğundan, daha zəngindir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. Ayrı- ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq müəyyən elementlərini ehtiva edir. Daha doğrusu, fərdi özünüdərkdə duyğu komponenti, intiutiv komponent, irrasional komponent daha böyük sahəni əhatə edir. Rasionallaşmış məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasionallaşmış hissənin faizinə görə geri qalır. Ümumbəşəri şüur, ümumbəşəri özünüdərk əsrlər boyu insanların dünyaya münasibətinin rasionallaşmış ifadəsidir. Burada duyğudan, emosiyadan (xatirədən, nisgildən və s.) daha çox koqnitiv biliklər əhatə olunur. Lakin insanın dünya haqqındakı bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz ən ümumi biliklər əsasında, ən ümumi qanunların dərki sayəsində dünyanın ümumiləşmiş mənzərəsini yaratmağa çalışır. Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq filosoflar dünyanın bir insan meyarı ilə, insan prizmasından, ümumbəşəri dəyərlər mövqeyindən dərk etməyə çalışır və dünyanın, insan-dünya münasibətlərinin müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar.
Lakin insan öz milli və fərdi prizmalarından dünyaya münasibətini bildirirsə, burada da ümumiləşdirmək üçün yararlı olan rasional biliklər toplanır. Hər bir fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini yığıb, vahid ortaq məxrəcə gətirmək mümkün deyil. Daha doğrusu, fəlsəfənin özünəməxsus toplanma qaydaları vardır. Bu qaydalar elmi biliklərin toplanması və sənət əsərlərinin, bədii təəssüratların toplanmasından fərqlidir.
Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək şəxsiyyətlərin - filosofların fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların şəbəkəsindən ibarət olur.
Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional məqamlarından azad olmuş rasional biliklər toplusu fəlsəfi duyumun, insanın dünyaya münasibət mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssürat rasionallaşdıqca kasadlaşır, solğunlaşır və informasiyanın çox cüzi hissəsi saxlanılmış olur. Lakin idrak prosesi də elmi səviyyədə bununla səciyyələnir ki, burada birinci fokus məsafəsindəki rasional biliklər ayrı, ikinci fokus məsafəsindəki rasional biliklər ayrı və sair və s. yığılaraq sonradan toplana bilirlər və toplanmadan alınan mənzərə hər biri ayrılıqda solğun olan informasiyaları gücləndirir, yenidən mürəkkəb iyerarxik bir strukturun rasional obrazı yaranır. Burada bir növ interferensiyaya uyğun tamamlama gedir.
Milli-fəlsəfi fikir milli ruhun nəzəri-konseptual şərhidir. Ən əsas məsələ milli ruhun özünün mövcudluğudur. Elə xalqlar vardır ki, onların nümayəndələri fəlsəfi traktatlar yazır, lakin onları səciyyələndirən, özəlləşdirən, fərqləndirən ruh yoxdur. Onlar çoxdan başqa ruhlara qatışıb, onların içində itib-batıblar. Başqasına qatılmaq, başqasında itmək heç də ilk baxışdan göründüyü kimi pis şey deyil. S.Xəlilov yazır ki, milli mentalitet də, milli şüur da, hətta milli-fəlsəfi fikir də bütün bu göstəricilərdən asılı olaraq formalaşır. Hər şey fərdi və sosial idealın yönümü ilə müəyyənləşir. Başqa cür ola da bilməz. Çünki həyatın mənasını arayan fəlsəfə bu mənanı milli idealın fövqündə tapa bilməz.
Digər tərəfdən, hər hansı bir xalqın keçmişini əks etdirən fəlsəfi fikir tarixi ilə həmin xalqın müasir düşüncə tərzi və milli idealı arasında, tam bir uyğunsuzluq da ola bilər; müasir millətin öz tarixi sələflərinə nisbətən irəli getməsi, tənəzzülə uğraması, ya da başqa təsirlərə məruz qalması nəticəsində. Antik fəlsəfi fikri orta əsrlərdə yunanlar deyil, ərəblər, yeni dövrdə isə almanlar yaşatdılar. Deməli, fəlsəfi fikir nisbi müstəqilliyə malikdir və hər hansı bir xalqdan, millətdən ayrılaraq, başqaları tərəfindən əxz olunmaq və davam etdirilmək və hətta, sosial ideala, həyat normasına çevrilmək imkanına malikdir.
Müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları sərvət deyil. Bütün millətlərin həm elmi-fəlsəfi yaradıcılığı, həm də sivilizasiyanın inkişafına olan digər töhfələri ümumiyyətlə bəşəriyyətin istifadəsinə verilmişdir. Tarix boyu ümumbəşəri fikir və mədəniyyət xəzinəsinə çox şey verib, indi ondan az faydalananlar olduğu kimi, tarixi keçmişdə xidmətləri az olmasına baxmayaraq, indi bu ümumi xəzinədən hamıdan çox faydalananlar da vardır.
Burada çox maraqlı bir məqamla rastlaşırıq. Milli mentalitetdə nəyə isə yiyələnməyə, mənimsəməyəmi, yoxsa verməyə, xidmət göstərməyəmi meyilin daha çox olması bu məsələdə də özünü ümumxalq, ümummillət səviyyəsində göstərir. Əl tutmaq, kömək etmək, xidmət göstərmək istəyənlər özlərinin indi nə qədər geridə qaldıqlarını unudaraq, yenə də başqalarına qarşı səxavət və qonaqpərvərlik nümayiş etdirməyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan bu keyfiyyət ümummilli miqyasda, xüsusi dövlətçilik mövqeyindən yanaşdıqda çox mənfı nəticələrə gətirir.
Ulu Öndər Heydər Əliyev dönə-dönə israrla deyirdi: "Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir." Ə.İsmayılov və Q.Əliyev yazırlar: "Ulu Öndər Heydər Əliyevin bütün əsərlərində qırmızı xətt kimi keçən ideya milli və ümumibəşəri dəyərləri mənimsəmək, nəzəriyyədə və ideya-tərbiyə işində onları düzgün və ağılla əlaqələndirməkdədir. Əsasən Azərbaycan xalqının tarixi milli dəyərlərinə üstünlük verməklə yanaşı Prezident Heydər Əliyev müasirlərini, xüsusilə gəncləri ümumbəşri dəyərləri, dünya sivilzasiyasının nailiyyətlərinin ciddi mənimsənilməsinə yönəldilir. Onun gənclərin toplantılarında, Azərbaycanın universitetlərində və başqa tədris müəssisələrindəki çıxışları və nəhayət, yaradıcı gənclərin nümayəndələri ilə görüşləri bu mənada, həqiqətən proqram xarakteri daşıyır.
Cəmiyyətin ideologiyasızlaşdırılması, ideoloji və siyasi plüralizm şəraitində ictimai və milli həyatın humanisitləşməsi şəraitində milli və ümumbəşri dəyərlərin düzgün əlaqələndirilməsi son dərəcə tərbiyəvi, ideya və intellektual yönümləşdirici əhəmiyyət kəsb edir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 13 dekabr.- S.23.