Hüquqi dövlət, vətəndaş cəmiyyəti və xalqın milli ləyaqəti problemi

 

 

        

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti xalqın milli ləyaqətlə sıx bağlı olan problemdir. Yüksək milli ləyaqətlə olan, onu qoruyan güclü, qüdrətli lideri olan xalqımız milli-hüquqi dövlət və vətəndaş cəmiyyətini daha uğurla reallaşdırmaq və inkişaf etdirməkdədir. Azərbaycan tədqiqatçıları Əmrəli İsmayılov və Qoşqar Əliyev "Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi" əsərində yazırlar: "Heydər Əliyev Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmasında həyata keçirdiyi metodoloji prinsiplər orijinallığı, siyasi mövqeyi elmi həqiqətlərlə qeyri-adi, qeyri-standart birləşdirməsi ilə rəğbət doğurur".

Onlar həmin metodoloji prinsiplərin bəzi məqamlarını da göstərmişlər: Birincisi, Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmalarında Ulu Öndər Heydər Əliyev konkretreal cəmiyyətin, iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə birlikdə real həyatından çıxış edir. Bu metodoloji prinsipdə də, digər prinsiplərdə olduğu kimi, Heydər Əliyev fenomeni, Onun şəxsiyyəti və intellekti duyulur. Hegel yazırdı: "Fərd öz xalqının, öz aləminin övladıdır və o, yalnız sonuncunun substansionallığını öz formasında təzahür etdirir". Ona görə də, Heydər Əliyevi dərk etmək, Onun həyata keçirdiyi metodolojidünyagörüşü prinsiplərini başa düşmək - hər şeydən əvvəl Onun dövrünün və xalqının "substansional" (yəni başlıca, qlobal, həlledici) mənafelərinin ən yaxşı ifadəçisi olduğunu başa düşmək deməkdir.

Heydər Əliyev üçün xalqın milli ləyaqəti ideyası harasa uzaqlara səsləyən mücərrəd şüar deyildir. O, bu nəcib ideyanı xalqın real həyatda, cəmiyyət və şəxsiyyətin fəaliyyətinin konkret durumu məcrasında nəzərdən keçirir. Millət addımbaaddım özünün dünyəvi, gündəlik problemlərini həll etməklə, mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə, özünürealizə və özünütəsdiq üçün şərait təmin etməklə digər ölkə və xalqlardan asılılığını azaldır, özünün ləyaqətini təsdiq etdirir. Xalqın milli ləyaqətini təsdiq xətti "Mən bunu edərəm", "Mən bunu bacararam", "Bunu mən yaratmışam!" parametrlərindən keçir.

Həyatın bütün sahələrində xalqın tarixi nailiyyətlərinin vəhdəti, hissi - predmetli fəaliyyətin (bu gün millət nəyi bacarır, o, nəyi bacarmır, amma mənimsəməlidir!), tarixi məqsədin və perspektivin durumu - bu üç istiqamət Azərbaycan xalqının milli ləyaqəti problemini necə öyrənmək və başa düşmək məsələsinin təhlilində Heydər Əliyev tərəfindən məharətlə birləşdirilmişdir.

İkincisi, milli ləyaqət, bir tərəfdən, millətin ləyaqətli həyatı, digər tərəfdən isə, onun hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bu günü və gələcəyi barədə hərtərəfli və dərindən mənimsədiyi, dərk etdiyi, duyub yaşadığı, həmçinin öz xalqının tarixi və mədəniyyətinin, keçmiş nəsillərin və müasirlərin siyasisosial təcrübəsinin şəxsiyyətin mənəvi və əxlaqi dayağı olması haqqında təsəvvürlərin mövcudluğudur. Ulu Öndər Heydər Əliyev gerçəkliyi idealizə etmir, keçid mərhələsində cəmiyyətin üzləşdiyi real problemlərdən və çətinliklərdən qaçmır. Lakin milli ləyaqət hissi fədi və milli şüura nə dərəcədə möhkəm daxil olmasına və onun insanın real vəziyyəti, həyat səviyyəsi və keyfiyyəti ilə necə stimullaşdırılmasına diqqət yetirir. Heydər Əliyevin milli ləyaqət hissinin maddi və mənəvi əsasları barədə ideya və fikirlərini ümumiləşdirib sintez edərək aşağıdakı nəticəyə gəlmək olar: bir tərəfdən, maddi vəziyyət, həyatın real səviyyəsi və keyfiyyəti, digər tərəfdən isə, formalaşmış və inkişaf etmiş milli şüur və mənlik şüuru xalqın milli ləyaqətinin tərkibini müəyyən edən amillərdir. İnsan psixologiyasının, şüurun məqamlarının və mənəviyyatın əhəmiyyətinin mahir bilicisi olan Heydər Əliyev maddi və mənəvini "paralellərə" bölən, bilik və idrakı fərqləndirə bilməyən səthi sosiologizmdən daşındırır. O, ləyaqətli həyatla maddi firavanlıq arasında bərabərlik işarəsi qoymur. Onun üçün daha vacibi budur ki, özünə hörmət edən millət, ləyaqətli həyat, yəni hər bir şəxsiyyətin özünü təkmilləşdirə və özünü tam realizasiya edə biləcək həyat qursun. Buna görə də, O, diqqəti insanın, onun şüurunundünyagörüşünün kamilləşməsinin əxlaqi tərəfi üzərində cəmləşdirir. Şəxsiyyət öz, xalqının tarixini və mədəniyyətini yalnız hansısa informasiyanı əvəz etmək öz biliyinə yeni bilik əlavə etmək üçün mənimsəmir. Əlbəttə, bu da vacibdir, öz xalqının tarixini və mədəniyyətini ona görə mənimsəyir ki, özünün tarixi və mədəniyyəti ilə vəhdətini möhkəmlətsin, onun köklərini təşkil edən bu sistemə daha qüvvətlə arxalansın və onu daha dərindən hiss etsin, duysun. Mövcud dəyərlərin başqaları tərəfindən bizim üçün və bizə xidmət etməkdən ötrü yaratdıqları ilə fəxr etmək, tarixin faktına çevrilmiş dəyərlərlə genetiksosial əlaqəni duymaqla insan özündə milli ləyaqət hissini tərbiyə edir və formalaşdırır. Bu dəyərlərin onun xalqına məxsusluğu hissi, həm də həmin dəyərlərin ona da məxsusluğu hissidir. Bu prinsip ardıcıl olaraq Heydər Əliyevin bütün əsərlərində reallaşır. Bu, başlıca prinisp olsa da, yeganə prinisp deyil, çünki o, aşağıda göstərəcəyimiz kimi, ictimai inkişafın özü barəsində aktuallaşdırılmış digər prinsiplərdən də məhsuldar istifadə edir.

Üçüncü. Heydər Əliyev heç bir nitqində "milli ləyaqət" anlayışının məna yükünü nəzərdən keçirməklə kifayətlənmir. Onun nitqlərində və çıxışlarında milli ləyaqət mənəvi-əxlaqi hadisə kimi başqa hadisələr və dəyərlərlə tamamlanır və gücləndirilir. Özünün 1997-ci il 25 dekabr tarixli "Bütün dünya azərbaycanlılarına" müraciətində Prezident Heydər Əliyev vətənpərvərlik və milli ləyaqət probleminə yeni bir vüsətlə toxunur, O, bir daha bu dəyərlərin cahanşümül məna kəsb edən və əbədi əhəmiyyətini qeyd edərək, Vətən, Dövlətçilik, Suverenlik, Müstəqillik, Ləyaqət, Vətənpərvərlik anlayışlarını bir sırada göstərir. Müraciətdə deyilir: "Müstəqil Azərbaycanın dövlət rəmzləri - bayrağı, gerbi, himni ilə bütün dünya azərbaycanlıları fərx edə bilər. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, təhlükəsizliyi, bugünü və gələcəyi hər bir soydaşımızı, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər bir həmvətənimizi düşündürməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının müstəqillik əzmi və iradəsi qarşılaşdığımız hər bir çətinliyə qalib gələcəkdir. Xalqımızın müdrikliyi, yenilməzliyi və qəhrəmanlığı müstəqil dövlətimizin yaşamasının və inkişafının əsasını təşkil edir.

Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur". Heydər Əliyev Azərbaycan xalqının milli ləyaqəti problemini dərk edərək, onu suverenlik və dövlətçilik anlayışlarının əsas məzmununa daxil edir.

Dördüncü. Heydər Əliyevə görə, Vətən hissimilli ləyaqət hissi bir-birlərini şərtləndirir və bir-birinə nüfuz edir. İnsanlarda yüksək milli ləyaqət hissini tərbiyə etmək, həm də yüksək vətənpərvərlik hissi tərbiyə etmək, formalaşdırmaq deməkdir. Vətənin müdafiəsini, Azərbaycanın müqəddəs torpağının hər qarışının müdafiəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının bütün vətəndaşlarının şərəf və ləyaqətinin müdafiəsinin yüksək nümunəsi kimi nəzərdən keçirmək lazımdır. Buna görə də Azərbaycan xalqının milli ləyaqətinin müdafiə olunmasında ön cəbhə erməni faşizminin işğal etdiyi torpaqlar, düşmənin zəbt etdiyi ərazidə qalan ulu babalarımızın qəbirləridir. Prezident Heydər Əliyev işğal olunmuş torpaqların sülh yolu ilə qaytarılması yolunda azman səylər göstərir, həqiqətən dövlət müdrikliyi nümayiş etdirir. Əgər işğalçılar yenidən özlərinin təcavüzünü genişləndirmək  cəhdləri göstərsələr, onda hər birimiz və hamımız birlikdə torpaqlarımızı birdəfəlik azad etmək üçün öz şərəf və ləyaqətimizi müdafiə etməyə hazır olmalıyıq.

Prezident Heydər Əliyev  milli ləyaqət probleminə bir-birini məntiqi tamamlayan iki baxımdan yanaşır. Bir tərəfdən O, milli ləyaqətin müdafiəsi və təsdiqinin magistral istiqaməti və yollarını müəyyənləşdirir. Digər tərəfdən isə, xalqın intellektual potensialı, mədəniyyəti, mənəvi və əxlaqi həyatı haqqında məhsuldar ideyalar irəli sürür və əsaslandırır, çünki bunsuz müasir şəraitdə millətin ləyaqəti problemi mənasını itirmiş olardı. Söhbət ondan gedir ki, millət özünün hansı intellektual və mədəni resursları ilə sivilizasiyalı xalqlar səviyyəsinə çıxır, nə ilə özünü tanıtmaq istəyir. Buna görə də Heydər Əliyevin milli ləyaqət fəlsəfəsində millətin mədəniyyəti, elmi, incəsənəti və bütövlükdə intellektual potensialı haqqında qayğısı, Azərbaycan xalqının milli ləyaqətinin təsdiqinin real praktik və nəzəri tərəfi kimi çıxış edir. Yalnız dərin təfəkkürlü alimləri, yüksək peşəkarlığa malik rəssamları, bəstəkarları yazıçıları və müəllimləri, kitabxanaları və muzeyləri, məzmunlu kitabları və kinofilmləri olan xalqın daha qətiyyətlə başqalarından onun ləyaqətinə hörmət etməyi tələb etmək haqqı var. Bu, Prezident Heydər Əliyevin milli ləyaqət fəlsəfəsində daim diqqət verdiyi mühüm aspektlərdən biridir.

    

 Vahid ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 16 dekabr.- S.23.