Güclü, qüdrətli Azərbaycan
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının
qürur mənbəyidir
Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov
Azərbaycanın son on ildə qazandığı uğurlar möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini təsdiqləməklə yanaşı, Azərbaycanın gələcək inkişafının da aydın mənzərəsini yaradır
- Ayaz müəllim, zaman keçilən yolu düzgün dəyərləndirmək baxımından ən böyük yaddaşdır. Bugünkü Azərbaycanı on il bundan öncəki Azərbaycanla müqayisə etdikdə hansı ümumiləşdirməni aparırsınız?
- Bir faktı xüsusi qeyd etmək lazımdır ki, möhkəm təmələ əsaslanan siyasət nəticəsində ölkə inkişaf, tərəqqi edir. Məhz müstəqil Azərbaycan dövlətinin qurucusu, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırır. Son on ilin uğurları ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkiləri öncəsi xalqa müraciətində böyük inam və qətiyyətlə söylədiyi bu fikirləri bir daha təsdiqləyir: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.» Prezident İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilməsi, andiçmə mərasimində bəyan etdiyi «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm» fikirləri dahi şəxsiyyət Heydər Əliyevin inamının, qətiyyətinin əsaslığını nümayiş etdirməklə yanaşı Azərbaycanın gələcəyi ilə bağlı inkişaf konsepsiyasının hədəflərini açıqladı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.
Cənab İlham Əliyevin son 10 ildə atdığı biri-birindən əhəmiyyətli addımlar nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olmasına əsas yaradan uğurları xalq-iqdidar birilyini daha da möhkəmləndirdi, sarsılmaz etdi. Məhz bu dəstək, inam cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Hər bir vədinin konkret əməli işdə öz təsdiqini tapması yeni-yeni hədəflərin gündəmə gətirilməsi üçün möhkəm bazanı formalaşdırmaqla Azərbaycanın hərtərəfli inkişafını sürətləndirdi. Azərbaycanın elmi əsaslara söykənən inkişaf modelinin mövcudluğu beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz reallıqlardan biri məhz Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsidir. Ölkəmizə gələn qonaqlar Azərbaycanın iqtisadi inkişafının möcüzə olduğunu bildirir, belə bir ölkənin vətəndaşı olmaqdan yalınz və yalnız qürur hissi keçirməyin mümkünlüyünü vurğulayırlar. Təbii ki, bu dəyərləndirmə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz nümunəsidir.
Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın inkişafına xüsusi diqqət yönəldən cənab İlham Əliyev «Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında»” fərman imzaladı. Bunun ardınca regionların malik olduğu potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarını təsdiqlədi. «Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin» söyləyən cənab İlham Əliyevin proqram xarakterli bu tezisi bugünün reallıqlarında öz əksini tapıb. Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirilməsi yüksək səviyyədə təmin olunub. Bu gün tam əminliklə qeyd edilir ki, Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir. Azərbaycanın hazırda istənilən böyük maliyyə resursları tələb edən layihələri öz gücü hesabına icra etmək imkanının olması da bugünkü uğurlara, inkişafa əsaslanır.
- Uğurlara yol açan əsas amillərdən biri də neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunmasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər bir çıxışında bu məsələyə diqqət yönəldərək, bir vacib məqamı da diqqətə çatdırır ki, büdcənin artması eyni zamanda məsuliyyəti artırır...
- Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bu fikir hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma o ehtiyatlar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyənləşdirərkən, digər ölkələrin təcrübəsinə istinad etməsi bu problemi yaşamamasına yol açdı. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasına zəmin yaratdı. 2004-cü ildən bu günə qədər bir milyon 300 min yeni iş yeri açılıb ki, bunun 900 mindən çoxu daimidir. İşsizlik 5 faiz, yoxsulluğun səviyyəsi 5,3 faizdir. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması Azərbaycanın 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında özünü qabarıq şəkildə büruzə verdi. Hətta həmin illərdə Azərbaycan iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvələri olan sahibkarlığın inkişafına dövlət dəstəyi davamlı xarakter alaraq, bu istiqamətdə mühüm uğurların əldə olunmasını şərtləndirdi. Ölkəmiz qısa müddətdə keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Son illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə, həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə yüksək səviyyədə uyğunlaşdırıldığının şahidi olarıq. Məhz bu uğurların fonunda Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 38-ci yerdədir. Həyata keçirilən iqtisadi islahatların əsasında Azərbaycan vətəndaşının dayandığını nəzərə alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən işlərin davamlılığı da diqqətçəkəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır.» İqtisadiyyatın inkişafının əsas göstəricilərindən olan ümumi daxili məhsulun 3,4 dəfə artması mühüm uğurdur. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdursa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcək. Regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurlu icrası üçüncü Dövlət Proqramının qəbulunu şərtləndirdi. Dövlət başçısı İlham Əliyev bildirir: « Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq, Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da möhkəmləndirəcək, neft amilindən asılılığını daha da azaldacaq və iş yerlərinin açılmasına daha da yaxış imkanlar yaradılacaqdır.» Son 10 ildə uğurlu islahatların nəticəsində Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Regionda inkişaf parametlərinə görə liderliyi ələ alan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən çoxuna sahibdir. Dövlət büdcəmiz son on ildə 20 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə bu rəqəm 1,2 milyard dollar idi. Dövlət başçısı İlham Əliyev maliyyə intizamının hər sahədə qorunmasını bildirir. Təbii ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, büdcənin artması məsuliyyəti də artırır. İqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsindən bu və ya digər sahələrə ayrılan vəsaitlərdə də artım hər il müşahidə olunmaqdadır. Bütün bu addımlar ölkənin hərtərəfli inkişafına xidmət edir. Valyuta ehtiyatımızı 53 milyard dollar səviyyəsindədir. İqtisadiyyata qoyulan investisiyalar 160 milyard dollara çatıb. Təkcə cari ilin ötən dövründə iqtisadiyyata qoyulan investisiyaların həcmi 19 milyard dollardır. Bunun 11 milyard dolları daxili sərmayədir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu uğurları şərtləndirən əsas amil sabitlik və çox müsbət sərmayə iqliminin mövcudluğudur. Sabitlik və iqtisadi tərəqqi uğurlara yol açan əsas amillərdən biri kimi önə çəkilir ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar göz qabağındadır.
- İqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar eyni zamanda Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Təbii ki, Azərbaycanın biri-birindən əhəmiyyətli uğurları dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını təmin edir. Əbəs yerə iqtisadi müstəqillik siyasi müstəqilliyinin əsas kimi dəyərləndirilmir. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu geniş şərh etməyə ehtiyac yoxdur. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun beynəlxalq aləmdə nüfuzuna, ədalətli mövqeyinə işıq saldı. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də bunun təsdiqidir. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanmaqla öz iqtisadi imkanlarını dünyaya təqdim edir.
Dövlət müsqətilyimizin möhkmləndirilməsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu hər zaman önə çəkən dövlət başçısı İlham Əliyevin Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə 29 may 2006-cı ildə xalqa müraciətində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Gəlin fərz edək ki, əgər 1994-cü ildə «Əsrin müqaviləsi» bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.» Cənab İlham Əliyev eyni zamanda bildirmişdir: «Çox əlamətdar hadisədir ki, Azərbaycan neftinin Ceyhan terminalına daxil olması Respublika Gününə təsadüf etdi. Bu hadisə də böyük rəmzi xarakter daşıyır. Çünki Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır və çox əhəmiyyətlidir. Azərbaycan 15 ildir ki, müstəqil ölkə kimi yaşayır. Bu 15 il ərzində biz bütün dünyaya sübut etdik ki, müstəqil ölkə kimi yaşaya bilərik, biz öz siyasətimizi Azərbaycan xalqının milli maraqları üzərində qururuq, biz Azərbaycanı dünya birliyinə sürətlə inteqrasiya edirik. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, ölkə daxilində olan sabitlik və vətəndaş həmrəyliyi möhkəmlənir və müstəqil ölkə kimi Azərbaycan bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır.»
Bu gün isə artıq Azərbaycan dövlət müstəqilliyinin 23 ilini arxada qoyub. 23 ildə ölkəmiz 100 ildə keçilən yola bərabər uğurlar qazanıb və dünyanın xoşbəxt ölkələri sırasında qərarlaşıb. İqtisadi uğurları, demokratiya təcrübəsi ilə digər ölkələrə nümunə olan Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi dünyada cərəyan edən proseslərə təsir imkanlarını günbəgün artırır. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda hərbi qüdrətini artıran, diplomatik mübarizədə səylərinin davamlılığını təmin edən Azərbaycan dövlətinin uğurlu siyasəti bu problemimizin də öz ədalətli həllinə böyük inam və əminlik yaradır. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər təşkilatların qərar və qətnamələrində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bəyan edilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bəyan edir: «Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son on il ərzində böyük templə aparılmışdır.»
Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz olacağını bildirən möhtərəm Prezidentimiz İlham Əliyev bəyan edir: «Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər.»
- Ayaz müəllim, son on ilin reallıqları gələcək barədə hansı təsəvvürləri yaradır?
- Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası uğurların davamlılığının təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. Sözsüz ki, qarşıdakı illlərin prioritetləri müəyyənləşdirilərkən ötən illərdə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Bu ilin setyabarın 20-də «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyində «Cənub» qaz dəzlizinin təməlinin qoyulması mərasimində möhtərəm Prezidentmiz İlham Əliyev enerji sektorunda qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq bildirdi ki, bugünkü tədbir görülən işlərin zirvəsidir. Təbii ki, BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar olmasaydı isə «Cənub» qaz dəhlizindən danışmaq qeyri-mümkün idi. Çoxtərəfli əməkdaşlığın davamlığının təmin edilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyi bildirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan mərasimdə bu inamı ifadə etmişdir: « Mən hesab edirəm ki, bu gün bu sahədə-neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır.»
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bütün prioritetləri özündə ehtiva edir. Ən başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bunun üçün bütün imkanlar mövcuddur.
Qeyd olunanların fonunda bu ümumiləşdirməni apara bilərik. Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək dinamikaya malik iqtisadiyyat olduğunun sübut olunması, iqtisadi göstəricilərin beynəlxalq aləmin diqqətində olması, iqtisadi artımın sürətinə görə ölkəmizin dünyada birinciliyi ələ alması, büdcəmizin 20 dəfədən artıq yüksəlməsi və digər iqtisadi yüksəliş möcüzələrinin nümayiş etdirilməsi məhz yaşadımız son 10 ilin reallıqlarıdır. Ötən bu dövr Azərbaycanın dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində çox önəmli addımların atılması ilə yadda qalıb. Bunun da ən ümumiləşdirilmiş nəticələri onda özünü göstərir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş konsepsiyanın istinad etdiyi üç əsas amil formalaşıb. Bunlar güclü dövlət, müasir iqtisadiyyat və azad cəmiyyət. Ötən 10 il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və mənəvi inkişafının əlamətdar bir məhələsi olaraq tariximizə daxil olub. Tam əminliklə deyə bilərik ki, ötən bu dövrdə yaradılan etibarlı baza növbəti illərdə Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş konsepsiyanın cənab İlham Əliyevin uğurla həyata keçirilməsi üçün çox etibarlı əsas rolunu oynayacaq. Azərbaycan dövlətinin qüdrəti bundan sonra daha da artacaq, iqtisadi imkanları yüksələcək, ölkə vətəndaşları özünü daha rahat hiss edəcək. Yeni-yeni hədəflər gələcəyə böyük inamdan irəli gəlir. İnkişafın Azərbaycan modeli mövcuddur və bu konsepsiya ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq.
yap.org.az
Səs.- 2014.- 25
dekabr.- S.10-11.