Azərbaycan-Dağıstan mədəni-mənəvi
inteqrasiyası (XIX əsr və XX əsrin birinci
yarısı)
Şimali Qafqazın şərqində yerləşən Dağıstanla Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimdir. Bu sahədə zəngin qarşılıqlı mədəni münasibətlərə malik olan hər iki xalq həmişə dostluq və mehriban ünsiyyət şəraitində yaşamışlar. Tarix boyu azərbaycanlılardan qardaşlıq münasibətlərini hiss edən dağıstanlı sənətkarlar, yaxud adi vətəndaşlar öz vətənlərindən Azərbaycana pənah gətirmiş, bu ölkənin əhalisi ilə dinc və əmin-amanlıq mühitində yaşayıb-yaratmışlar. Ona görə də bu gün Azərbaycanın bəzi rayon və kəndlərində dağıstanlı ailələrinə rast gəlmək olur. Onlar haqlı olaraq Azərbaycanı özləri üçün əsil vətən hesab edirlər. Hələ qədimlərdən Azərbaycana gəlmiş dağıstanlılar Azərbaycan dilini öyrənir, onun mədəniyyəti, adət və ənənələri ilə yaxından tanış olurdular. Azərbaycan və Dağıstanın qabaqcıl ziyalıları, ailələri, şair və yazıçıları bir-biri ilə sıx əlaqələr saxlamış, öz yaradıcılıq fəaliyyətlərində bir-birlərinə kömək etmişlər.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan xalqının görkəmli ziyalısı, filosof və tarixçisi Abbasqulu ağa Bakıxanov Dağıstan xalqlarının tarixi ilə yaxından məşğul olmuş sənətkarlardandır. Müəllifin "Gülüstani-İrəm" adlı məşhur əsərində öz doğma xalqının tarixi ilə yanaşı, Dağıstan xalqının da tarixi geniş şəkildə işıqlandırılmış, yadelli işğalçılara qarşı hər iki xalqın mübarizəsi diqqətə çatdırılmışdır.
Dağıstan xalqının tərəqqipərvər alimi Həsən Əlqədari Azərbaycan dilini, tarixini və ədəbiyyatını yaxşı öyrənmiş, Azərbaycan dilində əsərlər yazıb-yaratmışdı. Müəllif Azərbaycan dilində yazdığı, eyni zamanda, Bakıda çap etdirdiyi "Asari-Dağıstan" adlı kitabında iki xalqın dostluğuna yüksək qiymət vermişdi. Həsən Əlqədari Azərbaycanın məşhur alimi Həsən bəy Zərdabi, Firudin bəy Köçərli və digər alim və yazıçılarla şəxsən əlaqə saxlamış, hətta dost olmuşdur. Həsən bəy Əlqədari Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin abunəçisi və müxbiri olmuş, QƏZETİN Dağıstanda yayılmasına ciddi kömək göstərmişdi. Bu fakt iki xalq arasında dostluğun bariz nümunəsi idi.
Ədəbi əlaqələr sırasında Dağıstanın xalq şairi Süleyman Stalski, şair və yazıçı Xürüklü Tahir, aşıq Seyid, aşıq Abdullah, xalq artisti Səfərbək Ağabalıyev, yazıçı-alim Paşa Salavatov və bir çox başqaları Azərbaycanda olmuş, azərbaycanlı şair, yazıçı, aşıq və digər tərəqqipərvər insanlarla mədəni əlaqə saxlayaraq öz yaradıcılıqlarında onların əlaqələrindən geniş şəkildə bəhrələnmişdilər. Azərbaycanın klassik sənətkarları Dağıstanda həmişə tanınmaqdadır. Xüsusilə, Füzulinin "Divanı", "Leyli və Məcnun"u, Vaqifin şeirləri, Sabirin "Hophopnamə"si, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi və digərləri bu ölkədə həmişə çox maraqla oxunur.
Hələ XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıda və Tiflisdə nəşr olunan bir sıra qəzet və jurnallar, həmçinin, Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı Dağıstanda geniş yayılan mətbuat nümunələrindən idi. Bu mətbuat nümunələrini dağıstanlılar böyük maraqla oxuyurdular. Vurğulamaq lazımdır ki, bunlar dağıstanlıların məktəbə, maarifə maraqlarının oyanmasında güclü təsir qüvvəsinə malik idi.
Azərbaycan-Dağıstan xalqları arasında dostluğun möhkəmlənməsində rus çarizminə, mütləqiyyətə qarşı mübarizədə birgə əməkdaşlıq prinsipləri də mühüm rol oynamışdı. 1905-ci ildə Bakı bolşevik təşkilatı nəzdində yaradılan "Faruq" sosial-demokrat qurumu, "Hümmət" təşkilatının Dağıstanda şöbələri fəaliyyət göstərirdi. Mütləqiyyətə qarşı birgə mübarizə prosesində, həm də Azərbaycan və Dağıstan xalqları arasında qarşılıqlı münasibətlər fəal əməkdaşlıq səviyyəsində inkişaf edirdi. Bu cür əməkdaşlıq, eyni zamanda, mədəni əlaqələrin mütərəqqi səciyyə kəsb etməsinə də kömək edirdi. Regionda inkişaf etməkdə olan respublika kimi Azərbaycan hələ sovet hakimiyyətinin ilk çağlarında Dağıstan xalqına mədəni yardımlar göstərmiş, bunun da rəsmən həyata keçirilməsi mümkün olmuşdur. 1921-ci il iyulun 25-də Dağıstan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinə və Xalq Maarif Komissarlarına məktub göndərərək, Azərbaycan Dövlət Universitetində 10 nəfərin təhsil alması üçün yer verilməsini xahiş etmişdi. Dağıstan İnqilab Komitəsinin bu xahişi Azərbaycan sovet hökuməti tərəfindən böyük razılıqla qarşılanmışdı, Azərbaycan Xalq Maarif Komissarlığı Bakıda təhsil alan dağıstanlıların böyük xərclərini öz üzərinə götürdü.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan SSR Dağıstan Muxtar Respublikası üçün müxtəlif ixtisaslı kadrlar hazırlamaqda da xüsusilə böyük rol oynamışdı. Sovet hakimiyyətinin ilk illərində Dağıstanda mədəni quruculuq işlərinin həyata keçirməyin bir sıra ciddilikləri və spesifik xüsusiyyətləri var idi. Müxtəlif dillərdə və ləhcələrdə danışan Dağıstan xalqlarının əlifbaları, məktəbləri və ixtisaslı kadrları yox dərəcəsində idi. Əhali arasında dini mövhumatın dərin kök salması bir çox mədəni-quruculuq tədbirlərinin reallaşmasına imkan vermirdi. Belə bir tarixi şəraitdə bir çox vəzifələrin həyata keçirilməsinin öhdəsindən gələ bilməyən Dağıstan İnqilab Komitəsi, Dağıstan Xalq Maarif Komissarlarının 1920-ci illərdə (1921-ci il iyul, avqust, oktyabr, 1922-ci il iyul, 1923-cü il mart) Azərbaycan SSR Xalq Komissarları Şurasına, XMK-yə müraciət edərək kadr hazırlığı, mədəni-maarif işlərinin təşkilində onlara yardım etməyi xahiş etmişdir. Bu müraciətlərə cavab olaraq Azərbaycan SSR XKŞ və XMK bir sıra tədbirlərə başladı. Azərbaycan Dövlət Universitetində, Politexnik və Pedaqoji institutlarında, texniki peşə məktəb və kurslarında Dağıstan tələbə və şagirdləri üçün xüsusi yerlər ayrıldı. Statistikaya görə, 1923-cü ildə Azərbaycanın ali və texniki-peşə məktəblərində 218 nəfər dağıstanlı tələbə təhsil alırdı. Həmin tələbələrin təhsil xərclərini də Azərbaycan sovet hökuməti öz üzərinə götürmüşdü. Dağıstan MSSR Xalq Komissarları Şurasının sədri Q.Musabəyova göndərdiyi məktubda müxtəlif kadr hazırlığında Dağıstana göstərilən qardaşlıq köməyinə görə Azərbaycan hökumətinə böyük minnətdarlığını bildirmişdi.
Bu dövrdə Dağıstanın məktəblərində, xüsusən, Cənubi Dağıstan PK(b)P Dağıstan Vilayəti Komitəsinin 1923-cü ilin noyabrındakı plenumu respublikada dil məsələsini müzakirə edərək qət etdi ki, Dağıstanda vahid dövlət dili türk (Azərbaycan) dili qəbul edilsin. Plenum Dağıstan MSSR Maarif Komissarlığına təklif etdi ki, öz işində vahid dövlət dili kimi türk dilini götürsün, iki dərəcəli məktəblər bu dildə aparılsın, dərslər öz ana dillərində aparılan (avarlar, darkilər, qumıkqar, ləklər) ibtidai məktəblərində bu dil predmet olaraq keçirilsin. Belə bir şəraitdə dərsliklər, metodik vəsaitlər də Azərbaycandan təmin olunurdu.
Təkcə təhsil - maarif sahəsində deyil, incəsənət sahəsində də birgə əməkdaşlıq sovet hakimiyyəti illərindən daha əvvəllərə təsadüf edir ki, ədəbi əlaqələrdə biz bunun şahidi olduq. Dağıstanı da ilk həvəskar teatrların yaradılmasında burada qastrolda olan Azərbaycanın teatr xadimləri H.Ərəblinski, C.Zeynalov, M.Əliyev, S.Ruhulla, M.Muxtarov, R.Darablı, H.Hacıbabayevin çox fəal iştirakı olmuşdur. Azərbaycan aktyorlarının sənətinin sonrakı inkişafına da mühüm təsir göstərmişdir. Hələ sovet hakimiyyətinəqədərki dövrdə Dağıstan teatr dərnəklərinin repertuarlarında Ə.Haqverdiyev, N.Nərimanov, N.Vəzirovun pyesləri, Ü.Hacıbəylinin opera və musiqili komediyalarından parçalar daxil idi.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Dağıstandakı bəzi teatrların yaradılması, hətta azərbaycanlı sənətkarların adı ilə bağlıdır. Qumıq teatrı Azərbaycanın görkəmli aktyoru Möhsün Sənaninin, H.Əliyev, Ş.Şeyxov və d. Dərbənd Azərbaycan Teatrı (1937-1945-ci illərdə fəaliyyət göstərib), SSRİ xalq artisti İsmayıl Dağıstanlının iştirakı və rəhbərliyi ilə yaradılmışdır. A.P.Salavatov adına Qumıq Teatrının ilk tamaşalarında Ü.Hacıbəyovun "Arşın mal alan", "Məşədi İbad" operettaları, N.Nərimanovun "Nadanlıq", "Nadir şah", C.Cabbarlının "Yaşar", "Sevil" əsərləri və d. yazıçıların səhnə əsərləri də göstərilmişdir.
Azərbaycanla Dağıstan arasında dostluğun, mədəni mübadiləsinin inkişafına güclü təsir edən amillərdən biri də ötən əsrin 40-cı illərində respublikanın idarə edilməsinə azərbaycanlı ziyalı və siyasi xadimlərinin cəlb edilməsi faktı idi. Azərbaycanın siyasi xadimləri Əziz Əzizov, Əli Əliyev, Ə.Aydınbəyov, H.Qorxmazov və başqaları tarixin ən çətin çağlarında (Böyük Vətən müharibəsi illərində) Dağıstan Respublikasında dövlət və hökumətin tapşırıqlarını böyük məsuliyyət hissi ilə yerinə yetirmişlər. Dağıstanlılar Azərbaycanın bu şanlı oğullarını hər zaman böyük hörmətlə və məhəbbətlə yad edirlər. Xüsusilə, UİR(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışmış Əziz Əliyev Dağıstan xalqları arasında böyük hörmət və etimad qazanmışdır. 1945-ci il noyabrın 13-də Dağıstan MSSR-in 25-ci ildönümünün bayram edilməsində azərbaycanlılar da yaxından iştirak etdilər. UİK(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində nəşr olunan məqaləsində deyilirdi: "Dağıstanlılarla qardaş Azərbaycan xalqı arasında möhkəm dostluq əlaqəsi vardır... Hitlerin quldur dəstələrinə qarşı ağır mübarizə günlərində dağıstanlılar Bakı və Azərbaycan bolşevik təşkilatlarının köməyilə Dağıstanı - Sovet İttifaqının neft mənbəyi olan şanlı Bakıya gedən yolda yerləşən bu dağlar ölkəsini sarsılmaz müdafiə qalasına çevirdilər və Hitlerin qaniçən dəstələri buradan keçib gedə bilməsinlər".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 7 fevral.- S.15.