Sovet dövründə Azərbaycan-Gürcüstan mədəni-mənəvi inteqrasiyasının inkişafında Süleyman Rüstəmin rolu

 

 

Azərbaycan sovet ədəbiyyatında xalqlar dostluğunun tərənnümü baxımından xalq şairi Süleyman Rüstəmin yaradıcılığı çox səciyyəvidir. O, sənət aləminə qədəm qoyduğu ilk illərdən böyük beynəlmiləlçi, xalqlar dostluğu ideyasının yorulmaz təbliğatçısı kimi çıxış etmişdir. Onun şeirlərində ölkəmizin bir çox xalqlarına, sosialist ölkələri xalqlarına böyük ehtiram və rəğbət hissi məharətlə ifadə edilmişdir. Bu baxımdan şairin "Dostluq" şeiri daha səciyyəvidir. Həmin şeirdə şair vahid qardaşlıq bayrağı altında böyük quruculuq işləri ilə gələcəyə yol açdıqlarını tərənnüm edir.

Qardaş xalqlar arasında Azərbaycan-gürcü xalqlarının tarixi dostluğu, mənəvi yaxınlığı, mədəni və ədəbi əlaqələri xalqlar dostluğunun parlaq nümunəsidir. Hələ uzaq keçmişlərdə "ağsaçlı qoca Qafqazın" səfalı qoynunda mehriban bir ailə kimi yaşayan, min illərlə çiyin-çiyinə mübarizə edib öz istiqlaliyyət və azadlığı qoruyub saxlayan, bu gün birlikdə bəşəriyyətin xoşbəxt gələcəyi olan kommunizm cəmiyyətinin quruculuğu yolların mətin addımlarla irəliləyən Zaqafqaziya xalqlarının dostluğu və qardaşlığı mövzusu Süleyman Rüstəm yaradıcılığında xüsusi yer tutur. Bu mövzuya həsr etdiyi şeirlərində o, Azərbaycan və gürcü xalqlarının qəhraman keçmişdən, qədim dostluğundan, böyük səmimiyyətlə söhbət açır.

Filologiya elmlər doktoru Dilarə Əliyeva göstərir ki, S.Rüstəm yaradıcılığında Zaqafqaziya xalqlarının dostluğu mövzusunda nəşət edən Gürcüstan mövzusu xüsusi yer tutur. Şair hələ gənc yaşlarında dəfələrlə Gürcüstanda olmuş, zəhmətkeş gürcülərlə duz-çörək kəsmiş, ünsiyyət bağlamışdır. O, tez-tez Tbilisidəki qələm dostları ilə görüşmüş, qardaş xalqın adət və ənənələrini yaxından müşahidə etmişdir. Bütün bunların nəticəsidir ki, S.Rüstəm Gürcüstanagürcü xalqına səmimi hisslərlə aşılanmış hərarətli şeirlər həsr etmişdir. Həmin şeirlərin Azərbaycan-gürcü ədəbi əlaqələri tarixində öz xüsusi yeri vardır. Gürcü xalqının həyatına və mədəniyyətinə yaxından bələd olan şair öz şeirlərində gürcü xalqı haqqında həmişə hörmətlə danışır. Azərbaycan xalqının qardaş qonşu xalqa dərin rəğbətini böyük ilhamla tərənnüm edir.

1929-cu ilin may ayında Gürcüstanın Pavlo İaşvili, Titsiyan Tabidze, Qalaktion Tabidze, İosif Qrişaşvili kimi görkəmli yazıçılarından ibarət olan ilk elçiləri Bakıya gələrkən S.Rüstəm də onları qarşılayan Azərbaycan şairləri sırasında olmuşdur. Gürcü sənətkarları səfər haqqında təəssüratlarını "Kommunist" (gürcü dilində, 1929, N 128) qəzetində dərc etdirərkən digər yazıçılarımızla yanaşı, o zaman gənc olan Süleyman Rüstəmin yaradıcılığına da yüksək qiymət vermişlər. "Qonaqları" dramaturq Haqverdiyev, istedadlı, ədəbi dairələrdə böyük nüfuza malik son dərəcə mədəni şəxsiyyət olan Hüseyn Cavid hərarətlə qarşıladılar. Gənc proletar şairi Süleyman Rüstəm daim yanımızda idi. Onun proletar yazıçıları arasında birincilik qazanması bizi təəccübləndirmədi."

Həmin ilin iyun ayında Azərbaycan yazıçılarının nümayəndə heyəti Tbilisiyə cavab görüşünə getmişdi. Nümayəndə heyəti Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Seyid Hüseyn, Süleyman Sani Axundov, Abdulla Şaiq, Əhməd Cavad, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Məmməd Rahim, Cəfər Cabbarlı və digərlərindən ibarət idi.

S.Rüstəm öz xatirələrində Tbilisi görüşlərindən ehtirasla danışır. Gürcü ziyalıları ilə görüşlər şairin qəlbini riqqətə gətirir. O zamanlar yazdığı "Kür sahilində" şeirində də S.Rüstəm Gürcüstan və gürcülərdən bəhs edir. Yeni həyata qədəm qoymuş gürcü qardaşlarının büsatı şairi heyran edir. Gürcü və Azərbaycan şairləri üçün ilham mənbəyi olmuş Kür çayı həm Azərbaycan  torpaqlarından, həm də Gürcüstandan keçir, iki torpağı bir-birinə bağlayır. Kürün sahilində göylərə ucalan mahnı səsləri şairin könlünü həyacanlandırır.

D.Əliyevanın fikrincə,  Süleyman Rüstəmin Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərdə xalqlar dostluğu ideyası yeni bir pafosla səslənmişdir. Sovet vətənpərvərliyinin özülünü təşkil edən SSRİ xalqlarının dostluq və həmrəyliyi düşmən üzərində çaldığımız tarixi qələbənin əsas amillərindən biridir. Şairin "Azərbaycanlı döyüşçülərə", "Qafqaz ordusu", "Döyüşçüyə məktub", "Qafqaz qışı" və s. şeirlərində SSRİ xalqlarının, o cümlədən, Zaqafqaziya xalqlarının dinc və xoşbəxt həyatını pozmağa cəhd edən faşistlərə qarşı amansız mübarizə motivi əsas yer tutur. Zaqafqaziya xalqları öz istiqlaliyyətini qorumaq yolunda SSRİ-nin başqa xalqlarının döyüşçüləri ilə birlikdə fədakarcasına çarpışır. Şair əmindir ki, əsrlərlə çiyin-çiyinə doğma Qafqaz xarici işğalçılardan qoruyan qardaş xalqların qüvvəsi yenə də onların sarsılmaz birliyindədir. Bu birlik sınaqdan çıxmış, Zaqafqaziya xalqlarını bir çox ağır döyüşlərdən qalib çıxarmışdır. "Azərbaycanlı döyüşçülərə", "Qafqaz Ordusu" şeirləri bu birliyin qüdərtini, sarsılmazlığını çox gözəl ifadə edir. Qoca Qafqazın xalqları yad tapdağı altına düşməmək üçün düşmənlə amansız mübarizəyə çıxmış və yer üzünə əsarət gətirmək istəyənlərə divan tutmuşdur.

Xalqlar dostluğu və qardaşlığının carçısı olan Süleyman Rüstəmin müharibədən sonrakı dövr yaradıcılığında da bu mövzu həmişə ön plana çəkilmiş və qabarıq verilmişdir. Bu mövzu şairi daim düşündürmüş, mətləbin ifadəsi üçün o yeni forma, yeni məzmun axtarmış və getdikcə daim kamil əsərlər yaratmışdır. Şair əsil sovet vətəndaşı kimi xalqlarımızın məişətində və mənəviyyatımızdakı yeni keyfiyyətləri ilhamla tərənnüm edir. Bu baxımdan, şairin gürcü qızına həsr etdiyi şeir maraqlıdır.  Burada şair keçmişlə tamamilə əlaqəsini kəsmiş və sosializm quruculuğunun ön sıralarında gedən müasir gürcü qızının surətini yaratmışdır.

Şairin bütünlüklə, yaradıcılığında olduğu kimi, həmin qəbildən olan əsərlərində də aparıcı pafos, qüvvətli tərənnüm ruhu dərin lirizmlə, zəruri ideyalar incə, səmimi duyğularla vəhdət təşkil edir və şeirlərin bədii təsir qüvvəsini artırır. S.Rüstəm yaradıcılığında Gürcüstana, Tbilisiyə həsr edilmiş şeirlər çoxdur. Adama elə gəlir ki, eyni mövzuya həsr edilmiş bu şeirlərdə nə isə bir yeknəsəqlik, oxşarlıq olmalıdır. Lakin bu şeirlərlə tanışlıq göstərir ki, şair hər dəfə yeni fikir irəli sürmüş, konkret bədii lövhələr, geniş ümumiləşdirmələr yaratmışdır. Odur ki, həmin şeirlərin hər birini öz təravəti, öz yeri vardır.

Yaxud S.Rüstəmin görkəmli gürcü şairi T.Tabidzeyə həsr etdiyi şeiri götürək. "Köksü qərənfilli şairə" adlanan bu lirik şeirdə T.Tabidzenin  surəti elə səciyyəvi, elə canlı yaradılmışdır ki, Q.Abaşidzenin sözləri ilə desək, şeirdə Tabidzenin adı belə çəkilməsə idi, onun kimin ünvanına yazıldığını gürcü oxucusu dərhal başa düşərdi.

D.Əliyeva göstərir ki, Tbilisi şəhəri Azərbaycan xalqı üçün həmişə doğma və əzizdir.  Vaxtı ilə bu şəhər xalqımızın görkəmli sənətkarları A.A.Bakıxanov, M.Ş.VazehM.F.Axundovu öz ağuşuna almış, ana kimi əzizləyib böyütmüşdür. Onlar rusgürcü xalqının qabaqcıl şəxsiyyətləri ilə məhz bu şəhərdə görüşüb dostlaşmışlar. Bütün Şərqdə  səs salmış məşhur satirik jurnalımız "Molla Nəsrəddin" uzun müddət burada çap edilmişdir. "Kəşkül", "Şərqi-rus" kimi qəzetlərimizin də ünvanı qədim Tbilisi olmuşdur. Xalqımızın fəxri M.F.Axundovun qəbri Tbilisinin qucağındadır. Ona görə də S.Rüstəm bu torpağı xalqımız üçün müqəddəs hesab edir, onu göylərə qaldırır. Şairin "Öpürəm torpağını" şeiri Azərbaycan xalqının məhz bu duyğularını ifadə edir.

Xalqlarımızın bugünkü dostluğunu ilhamla tərənnüm edən şair, bu dostluğun tarixi köklərini unutmur. Hələ XVIII əsrdə  Qarabağ xanlığı ilə Gürcüstan arasında ümumi düşmənə qarşı siyasi ittifaq bağlamaq üçün Tiflisə gəlmiş Vaqif ömrünün çox hisəsini orada yaşamış böyük mütəfəkkir M.F.Axundov Mirzə Şəfini yad edir. Qafqaz xalqlarının bir çox mütərəqqi sənətkarlarının məskəni olmuş bu gözəl torpaq şair üçün əzizdir, müqəddəsdir.

Hələ gənc yaşlarından gürcü qonaqpərvərliyinə, alicənablığına, ürəyiaçıqlığına bələd olan şair öz şeirlərində bu gözəllik yurdunu, onun döyünən ürəyi olan Tbilisini, gürcü qəhrəmanlığını böyük ilhamla tərənnüm etmişdir. Şair bu torpağın xoşbəxt günlərini qələmə alarkən, onun mübarizələrlə dolu qəhrəmanlıq keçmişini xatırlayır və "Öpürəm torpağını" şeirində gürcü xalqına, Gürcüstana olan sonsuz məhəbbətini ifadə edir. Azərbaycan şairləri və aşıqları ölməz sənət əsəri olan "Pələng dərisi geymiş pəhləvan"  poemasının müəllifi Şota Rustaveliyə səmimi şeirlər həsr etmişlər. Poemanın azərbaycancaya tərcüməçilərindən biri olan Süleyman Rüstəmin 1966-cı ildə şairin 800 illik yubileyi münasibətilə Şota Rustaveliyə şeir həsr etmişdir. Humanizm, vətənpərvərlik, beynəlmiləlçilik və xalqlar dostluğu Süleyman Rüstəm poeziyasının əsas motivləridir. Bu motivlər şairin insanlara, həyata, ictimai varlığa münasibətini təyin edən əsas amillərdəndir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru 

Səs.- 2014.- 13 fevral.- S.15.