Azərbaycan-Hindistan mədəni-mənəvi inteqrasiyası (XX əsrin 30-50-ci illərində)

 

 

 

Tarixi faktlardan göründüyü kimi, Azərbaycan-Hindistan mədəni əlaqələrinin təşəkkülü, inkişafının kökləri qədim çağlara, orta əsrlərə gedib çıxır. Dünyanın ilk sivilizasiyalarından biri kimi tanınan hind mədəniyyətinə yaxınlaşmaq, bu mədəniyyətlə ünsiyyətdə olmaq Azərbaycan üçün də həmişə maraqlı və aktual olmuşdur. Mədəniyyət incəsənətində zəngin dəyərlərə malik olan Hindistanla mədəni yaxınlıq, əməkdaşlıq ən yeni tarixdə daha geniş və hərtərəfli səciyyə kəsb etdi. Hələ 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayında Hindistandan da nümayəndənin Azərbaycana səfəri iki ölkə arasında yeni prinsiplər əsasında mədəni əlaqələrin başlanğıcında tarixi hadisə oldu.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XX əsrin ortalarından başlayaraq Azərbaycan-Hindistan mədəni əlaqələr tarixində yeni bir dinamik inkişaf dövrü başlayır. Bu, ilk növbədə, Hindistanın müstəmləkəçilik zülmündən qurtularaq müstəqillik qazanması və bu yolda SSRİ-nin həmin ölkəyə himayədarlıq siyasətinin prinsipləri ilə bağlı idi. Azərbaycan SSRİ-nin tərkib hissəsi kimi bu siyasətin prinsip və istiqamətləri üzrə Hindistan dövləti ilə dostluq münasibətlərini daha da gücləndirdi ki, bu da mədəni əlaqələrin məqsədyönlü əməkdaşlıq səviyyəsində davamına təkan verdi. Yenicə müstəqillik əldə edən Hindistana elmi-tədris, mədəni, mənəvi dəstək məqsədilə hər iki ölkə, dövlət qarşılıqlı əməkdaşlıq siyasətinə üstünlük verdi.

Yeni tarixi dövrdə yazıb-yaradan Azərbaycan sənətkarları üçün hind tematikası doğmaaktual idi. Azərbaycan şair və yazıçıları, musiqi xadimləri, rəssamları müstəqillik uğrunda mübarizə aparan hind xalqı ilə mənəvi həmrəy olduqlarını yaratdıqları sənət əsərlərində bariz şəkildə tərənnüm edirdilər. Səməd Vurğunun 1948-ci ildə yazdığı məşhur "Zəncinin arzuları" poemasında Hindistanın vəziyyəti zəncinin dili ilə təsvir olunmuşdu. Qeyd etmək vacibdir ki, hələ ötən əsrin 30-cu illərində iki ölkə arasında mədəni yaxınlığın qabarıq nümunəsi tarixin mövcud olmuş ədəbi əlaqələrin yeni məzmunda təkanında müşahidə olunurdu. Belə ki, 1930-cu illərdə görkəmli hind yazıçısı və mütəfəkkiri Rabindranat Taqorun "Fəlakət" romanı artıq Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim olunmuşdu.

Bunun ardınca Azərnəşr tərəfindən nəşr olunan "HindistanPakistan hekayələri" məcmuəsinə Hindistanın görkəmli yazıçılarından Prem Çand, Mülk Rac Anand, Notac Sinqxin, Xacə Əhməd Abbas və digərlərinin maraqlı hekayələri azərbaycanlı oxucuların diqqətinə çatdırılmışdı. Hindistan yazarlarının bu və digər silsilə əsərlərinin Azərbaycan dilinə tərcüməsində Məmməd Rahim, İ.Soltan, M.Seyidzadə, Əhməd Cəmil, Böyükağa Qasımov, eyni zamanda, Azərbaycan əsərlərinin hind dilinə tərcüməsində isə hind şairlərindən M.İqbal, Mankulal Şarma Şil, Rameşvar Şukla Ançal, İsrar Ulxan Macaz, Şankar Şaylandra və digərlərinin adlarını çəkmək lazımdır. Beləliklə, Azərbaycan-Hindistan mədəni əlaqələri tarixində orta əsrlərdən sonra hökm sürmüş müəyyən durğunluq XX əsrin 20-30-cu illərində sona yetdi.

1946-cı il yanvarın 25-də Moskvada sovet-hind mədəni əlaqələri cəmiyyətinin təşkili bu sahə üzrə işin planlı şəkildə həyata keçirilməsini təmin etdi. Müstəqillik quruculuğunda digər Şərq ölkələri kimi, Hindistana da mənəvi yardım məqsədilə sovet hökuməti Azərbaycan elmi və mədəniyyətinin bu missiyaya cəlb edilməsinə diqqət yetirdi. Elmi-mədəni, incəsənət sahələri üzrə mübadilələrin aparılması məqsədilə, yaradıcılıq ezamiyyətləri, görüşləri, dekada və həftələrin təşkilindən bu missiyanın reallaşmasında bir vasitə kimi istifadə olundu. Azərbaycan alimlərindən məşhur cərrah M.A.Topçubaşov, görkəmli filosof A.O.Makovelski həmin ölkəyə elmi mübadiləyə ezam olunmuş ilk alimlərdəndirlər. Onlar Hindistanın bəzi təşkilat və ilk növbədə, universitetlərin fəxri üzvü seçilmişlər.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1955-ci ildə texnika elmləri doktoru, professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-texniki mütəxəssislər qrupu KambeyAnkleşvarenin zəngin neft yataqlarının tapılmasında hindlilərə kömək etmişlər. Azərbaycan neftçiləri Hindistanın neftçi kadrlarneft avadanlıqları ilə təmin olunmasında da müstəsna rol oynamışlar. 50-ci illərdə bir çox hind alimləri də mübadilə məqsədilə Azərbaycanda ezamiyyətdə olmuşlar. Hind elminin tanınmış nümayəndələri-fiziklər M.Q.Saxa, Ç.V.Raman, X.Baxvha, D.Kothari, geoloq S.P.Çatterci, tarixçi D.R.Kosambi, riyaziyyatçı və statistik P.Ç.Maxolonovis, politoloq M.Sahni və başqalarının elmi fəaliyyəti, Azərbaycan səfərləri haqqında respublika qəzetləri - "Kommunist", "Bakinski raboçi", "Vışka", "Bakı"da onlarla məqalələr dərc olunmuşdur.

Elmi əlaqələr getdikcə daha geniş məzmun kəsb etməyə başlayırdı. Artıq 1960-cı illərdə Azərbaycan-Hindistan alimləri arasında elmi əməkdaşlığın yeni formaları-birgə elmi ekspedisiyaların təşkili ənənəvi xarakter almağa, ayrı-ayrı elmi sahələrdə əməkdaşlıq müqavilələri əsasında həyata keçirilməyə başladı. Eyni nailiyyətlər mədəniyyətin digər sahələrində də - ədəbiyyat, musiqi, təsviri incəsənət və s. təzahür olunmağa başladı. 1947-ci ildə yaradılmış Azərbaycanın Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Hindistanla yuxarıda adları sadalanan mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsini planlı və ardıcıl şəkildə həyata keçirməyə başladı. Xüsusilə, Hindistan, onun mədəniyyəti ilə tanış olunması məqsədilə bu qızmar günəş ölkəsinə ezam olunmuş Azərbaycan mədəniyyət xadimləri, sənətkarlar təəssüratlarını yaratdıqları əsərlərdə tərənnüm edirdilər. Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov Hindistanın müstəmləkə zülmündən azad olmamışdan (1947-ci il), həm də Hindistan respublika elan edildikdən sonra (1954-cü ildə) bu ölkəyə gedərək əldə etdiyi təəssüratlarını "Çandranın üsyanı" kimi bədii cəhətdən dolğun povestində, digər məqalə və məruzələrində bildirmişdir. 1955-ci ilin yanvarında bir qrup sovet yazıçıları ilə Hindistana gələn sovet nümayəndə heyətinin rəhbəri Əli Vəliyev "Hindistan tayms" qəzetinin müxbirinə verdiyi müsahibədə Heydərabad şəhərində Azərbaycan Teleqraf Agentliyinin açılmasını "iki ölkə arasında mədəni əlaqələrin yeni mübadiləsi" adlandırmışdı. Burada Azərbaycan zəhmətkeşləri, o cümlədən, elm, mədəniyyət və incəsənət ustalarının əsərləri tərənnüm edilirdi.

Azərbaycan-Hindistan mədəni əlaqələrinin canlanması prosesində 1950-ci illərin xüsusi tarixi yeri olmuşdu. İki ölkənin sənətkarları arasında dostluq əlaqələri güclənmişdi. Artıq dörd dəfə Hindistana səfər etmiş yazıçı Mirzə İbrahimovu hindlilər yaxından tanıyırdı. Bu illərdə Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Hindistana etdiyi yaradıcılıq səfəri və bir müddət bu ölkədə yaşayıb-fəaliyyət göstərməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərmişdi. Mikayıl Abdullayevin Hindistan mövzusunda yaratdığı silsilə əsərlərinlə, demək olar ki, dünya sənətsevərləri də bələddir.

1956-cı ildə Bakıda olmuş Hindistan vitse-prezidenti cənab S.Radhakrişnan və Hindistanın SSRİ də fövqəladə və səlahiyyətli səfiri cənab K.P.Ş.Menon respublika gənclər festivalında çıxış etmiş gənc müğənni Elmira Rəhimovanın ifasında hind filmlərinin mahnılarını diqqətlə dinlədikdən sonra onu Hindistanda təhsilini davam etdirməyə dəvət etdi. Təklifi məmnuniyyətlə qəbul edən gənc azərbaycanlı qızın sonrakı fəaliyyəti iki dost xalq arasında mədəni əməkdaşlığın inkişafına bir töhfə oldu. Hindistanın musiqi institutunda təhsil alan Elmira Rəhimovanın ifasını dinləmiş Hindistan Respublikasının baş naziri Cəvahirləl Nehru gənc müğənni ilə söhbətində belə söyləmişdi: "Vətəninizə - SSRİ-yə gedərkən özünüzlə bərabər Hindistanın qəlbini də aparın. Siz elə indinin özündə də o qəlbə sahib ola bilmisiniz. Siz Hindistanın qəlbi olan onun mahnılarını olduğu kimi ifa edirsiniz".

Hər zaman-istər hal-hazırkı günlərdə, istərsə də haqqında söhbət gedən tarixin hazırkı çağında hind musiqisinə, mədəniyyətinə məhəbbət və maraq bu ölkənin istehsal etdiyi rəngarəng kinofilmlər vasitəsilə əldə olunur. Azərbaycan xalqı hind filmlərinə həmişə maraq göstərmiş, bunları sevmiş, ayrı-ayrı film qəhrəmanlarını yaradan aktyorlar populyarlıq qazanmışdı. Hələ 50-60-cı illərin məşhur hind rejissor və aktyorlarından Rac Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə Kauşal, Abxi Bhataçariya 1956-cı ilin noyabrında Bakı şəhərinə səfər etmişlər. Həmin səfər Azərbaycanın mədəni həyatında tarixi bir hadisə kimi əhəmiyyətli yer tutmuşdur. Sonralar Rac Kapur və Nərgizlə Azərbaycanın görkəmli sənətkarları Rəşid Behbudov və Şövkət Ələkbərova arasında dostluq, sənət əlaqələri davam etdirilmişdir.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişaf dinamikasında xüsusi çəkisi olan 1950-ci illər digər tarixi hadisə ilə də yadda qaldı. Bu 1959-cu il iyunun 16-da Azərbaycan-Hindistan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin təsisi ilə bağlıdır. Cəmiyyətin sədri seçilən akademik Mirəli Qaşqay, üzvləri bəstəkar Tofiq Quliyev, Rəşid Behbudov, müğənni Elmira Rəhimova, şairlər Hüseyn Hüseynzadə, Məmməd Rahim və başqaları Azərbaycan-Hindistan mədəni əməkdaşlığının qarşıdan gələn illərdə daha səmərəli şəkildə davam etdirilməsı işinə şərəflə xidmət etmişlər.

Digər tərəfdən 1960-cı ildə Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin Azərbaycan-Hindistan şöbəsinin yaradılması da iki ölkə arasında mədəni əməkdaşlığın vüsətinə yeni təkan verdi. Azərbaycan-Hindistan mədəni əməkdaşlığı sahəsində xüsusi təşkilat və qurumların yaradılması bu istiqamət üzrə fəaliyyətin planlı, ardıcıl və sistemli şəkildə qurulmasına əlverişli şərait yaratdı. Mədəniyyət, elm-təhsilin bütün istiqamətləri üzrə əlaqələr əməkdaşlıq səviyyəsində davam etdirildi. Bu sahələr üzrə intensiv fəaliyyətə üstünlük verildi. Əməkdaşlığın bu cür davam etdirilməsinə maraqlı olan sovet dövləti rəngarəng tədbirlərin həyata keçirllməsinə diqqət yetirirdi. Xüsusilə, sənətkarların yaradıcılıqlarının təbliği məqsədilə, konsert, festival, sərgilərin təşkili aparıcı yer tutmağa başladı. Xüsusilə, hind ədəbiyyatının klassik nümunələri Azərbaycan dilinə tərcümə edilərək nəşr olundu. Bu dövrdə "Riqvyad himnləri", hind folklorunun epik sənət əsərləri: "Mahabharata", "Ramayana", orta əsrlər poeziyasının lirikepik fəlsəfi əsərləri, klassik dramaturgiya ilə bərabər qədim və orta əsr fəlsəfi ədəbiyyatı, estetikası, etikası, tarixi və mədəniyyətinə dair toplular, hind ədəbiyyatşünasları S.E.Hüseyn və Ş.Çauxanın tədqiqat əsərləri nəşr olundu.

Bundan əlavə, Azərbaycan sənətkarları üçün hind tematikası həmişəki kimi yenə də aktuallıq kəsb etməkdə idi. Hindistanda olmuş, bu ölkənin mədəniyyətindən, insanlarından zövq almış azərbaycanlı sənətkarlar sələfləri kimi bu tematikasının inkişaf etdirilməsinə bir çox töhfələr bəxş etmişlər. Bəstəkar Sultan Hacıbəyovun "Hind mövzusunda suita" yazıçı-dramaturq Qeybulla Rəsulovun "Əlvida, Hindistan" pyesi, maestro Niyazinin "Çitra" baleti və başqalarının əsərlərində hind xalqının mədəniyyətinə, tarixinə ehtiram və məhəbbət bədii obrazlarla öz ifadəsini tapmışdı. "Çitra" baletihind mövzusunda silsilə əsərlərə görə maestro Niyazi də Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdü.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 14 fevral.- S.15.