Azərbaycan-Pakistan mədəni-mənəvi
inteqrasiyası (XX əsrin 60-90-cı illəri)
Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Konfransı Təşkilatının ən fəal, nüfuzlu dövlətlər sırasındadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ayrıca olaraq müdafiə etməkdədir. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərildiyi kimi, Pakistanın Azərbaycanla dost və yaxın münasibətlərinin tarixi ötən əsrlərdə öz təzahürünü tapmışdır. Xüsusilə, bu münasibətlər mədəni əlaqələr səviyyəsində daha geniş şəkildə vüsət tapmışdır. Bu, Azərbaycanın SSRİ-nin tərkibində olarkən SSRİ-Pakistan diplomatik münasibətlərinin yaranması tarixi faktı ilə daha çox bağlıdır. Belə ki, 1947-ci ilin avqustunda Müstəqil Pakistan Dominion dövlətinin yaranması ilə SSRİ ilə diplomatik münasibətləri (1948-ci il mayın 1-də) yaranır. Beləliklə, öz xarici siyasətində SSRİ - bu ölkə ilə bütün, eləcə də mədəniyyət sahəsində əməkdaşlığa mühüm yer ayırdı. Şübhəsiz ki, SSRİ müsəlman respublikası kimi Pakistanın Azərbaycanla mədəni əməkdaşlığını ön plana çəkdi. Bu məqsədlə, hər iki xalqın mədəniyyətlərinin tanınması üçün bir çox mədəni formatlardan istifadəyə yer verildi. Yaradıcılıq ezamiyyətləri, elmi-mədəni toplantılarda birgə iştirak, qastrol səfərləri mədəni əlaqələrin aparıcı formaları kimi çıxış etdi. Lakin bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti haqqında Pakistanda hələ lap əvvəlki dövrlərdən başlayaraq təsəvvürlər var idi. Azərbaycanın klassik ədəbiyyatının simaları Nizamidən başlamış M.F.Axundova qədər demək olar ki, Azərbaycan ədibləri bu ölkədə tanınırdı. 1962-ci ilin oktyabrında M.F.Axundovun anadan olmasının 150 illiyi münasibəti ilə keçirilən təntənələrdə iştirak edən görkəmli Pakistan yazıçısı, Beynəlxalq Lenin mükafatı laureatı Əhməd Fəna bu barədə demişdir ki, coğrafi cəhətdən Axundov Azərbaycana və onun xalqına məxsus olsa da, özünün ideyaları ilə, həm də digər Şərq ölkələri kimi, mənim vətənimin - Pakistanın da yazıçısıdır.
Elə həmin il 1962-ci ildə SSRİ-yə səfər çərçivəsində Pakistanın Milli Məclisinin sədri Fəzlulla Kadar Çoudrinin rəhbərliyi ilə bir qrup pakistanlı Azərbaycana gəlmiş, buranın həyatı, təsərrüfatı, eləcə də mədəniyyəti ilə yaxından tanış olmuşdur. Bu səfərdən çox məmnun qalan nümayəndə heyətinin başçısı Azərbaycan xalqı ilə tanış olduqlarına görə özlərini xoşbəxt saydıqlarını söyləmişdir.
Artıq XX əsrin 60-cı illərində Azərbaycan-Pakistan mədəni əlaqələrində bir canlanma müşahidə olunurdu. Mədəniyyət xadimlərinin bir-birilə yaradıcılıq mübadilələrinin yaradılması məqsədilə ezamiyyət, səfər və görüşlərin təşkilinə xüsusi diqqət yetirilirdi. 1965-ci ilin aprelində görkəmli Pakistan dramaturqu, rejissor və kinooperatoru Henri Çayasenin Bakıya gəlişi Azərbaycanın kino ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanmışdır. Azərbaycan mədəniyyətinin inkişafından məmnun qalan pakistanlı dramaturq-rejissor bu inkişafın Pakistan-Azərbaycan mədəni əlaqələrinin inkişafı üçün stimul olacağını əminliklə bildirmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan mədəniyyətinin nailiyyətlərindən məmnun qalan və bunların Pakistan mədəniyyətində də əxzini görmək istəyən digər pakistanlı nümayəndələrdən biri də görkəmli ictimai xadim Mirzə Abel Həsən İspahan idi. SSRİ-yə səfər çərçivəsində Azərbaycana gəlmiş bu görkəmli Pakistan nümayəndəsi vətənə döndükdən sonra təəssüratlarını bildirdi. "Leninqraddan Səmərqəndədək" adlı kitabında Azərbaycan haqqında çox böyük ehtiramla, məhəbbətlə bəhs edir. Bu kitabda Azərbaycan mədəniyyəti inkişaf etmiş bir ölkə kimi pakistanlılara təbliğ olunur.
Artıq Azərbaycan-Pakistan mədəni əlaqələrində gedən intensivləşmə prosesi bu əlaqələrin səmərəli və fəal əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsi məqsədi ilə bunu tənzimləyən bir qrupun yaradılmasını obyektiv zərurətə çevirdi. Bundan irəli gələrək, 1966-cı il aprelin 1-də Bakıda Pakistan-Sovet Mədəni Əlaqə Cəmiyyətinin şöbəsi təsis edildi. Şöbəyə Azərbaycan SSR səhiyyə nazirinin müavini R.Cavadov sədr seçildi. Şöbənin təsis yığıncağında iştirak edən Pakistan-Sovet Mədəni Əlaqə Cəmiyyəti mərkəzi idarənin üzvü, Ləlpur ştatında həmin cəmiyyətin prezidenti Mirabdul Qəyyumun çıxışı Azərbaycan-Pakistan mədəni yaxınlığının qədimliyini sübut edən fakt kimi diqqəti cəlb edir. O öz çıxışında demişdir: "40 il bundan əvvəl mən kollecdə böyük Nizaminin əsərlərini öyrənmişəm. O vaxtdan bəri daim Azərbaycana gəlmək arzusunda olmuşam. İndi mən xoşbəxtəm ki, əzəli arzum həyata keçmişdir".
Yeni təşkil olunmuş bu şöbə Azərbaycan-Pakistan mədəni əlaqələrinin sistem və ardıcıl dinamikasına əhəmiyyətli şəkildə təsir göstərdi. Şöbənin məqsədyönlü iş prinsipi əsasında mədəniyyətin bütün sahələri, xüsusilə, incəsənət, elmi mübadilələrin inkişaf dinamikası sürətləndirildi. Pakistandan Azərbaycana səfər edən müxtəlif səviyyələrdə qonaqlar Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olurdular. 1967-ci ilin avqustunda Camiruddin Prodxan başda olmaqla Şərqi Pakistan Qanunvericilik Məclisinin bir qrup nümayəndəsi Bakı və Sumqayıtın mədəni müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olmuşlar.
Pakistanla mədəni əlaqələrin inkişaf eldirilməsində Azərbaycandan elm, təhsil və sənət adamlarının bu ölkəyə turist səfərlərinin təşkili həyata keçirilirdi. Aşıq Pənah Pənahovun dost ölkəyə 1968-ci ilin yayında etdiyi turist səfərinin təəssüratları el sənətkarlarında məmnunluq doğurmuşdu. Turistlərin Karaçı, Lahor şəhərində pakistanlılarla, şəhərin ziyalıları və tələbələri ilə görüşləri onların yoldaşlarında unudulmaz iz buraxmışdır. Mərhum aşıq P.Pənahovun xatirələrində həmin görüşlər zamanı pakistanlıların Azərbaycan mədəniyyət və incəsənətilə yaxından tanış olmaları və buna böyük maraq, həvəs göstərmələri faktı xüsusi yer tuturdu. Həmin səfərdə olmuş digər Azərbaycan ziyalılarının da təəssüratları zəngin idi. Filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun Karaçı Universitetində türk dilini tədris edən gənc professor Məhəmməd Samirlə yaradıcılıq mübadiləsini Azərbaycan-Pakistan mədəni əməkdaşlığının töhfəsi kimi də dəyərləndirmək olar.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Azərbaycan-Pakıstan mədəni əlaqələrinin inkişaf dinamikasının xüsusi bir mərhələsini 1991-ci ilin Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövr təşkil edir. Məhz bu tarixi hadisədən sonra Azərbaycan-Pakistan mədəni əməkdaşlığının hüquqi təminatı yaradıldı. İkitərəfli və çoxtərətli münasibətlər əsasında Azərbaycan-Pakistan mədəni əlaqələri tarixi şəraitə münasib şəkildə yenidən quruldu. Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı baş naziri mərhum Bənəzir Bhutto ilə görüşlərindən sonra ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf etməyə başladı ki, bu da mədəni əməkdaşlığın inkişaf tempinə əhəmiyyətli şəkildə təsir göstərdi. Bundan sonra Azərbaycan və Pakistan dövlət və hökumət başçılarının ardıcıl görüş və bir-birlərinin ölkələrinə rəsmi səfərləri çərçivəsində mədəni əlaqələrin inkişafını tənzimləyən sənədlər imzalandı. Belə ki, 1996-cı ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistana səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Həmin müqavilənin müddəalarında iki ölkə arasında dostluq əlaqələrinin inkişafında mədəni əməkdaşlığın gücləndirilməsi prioritet kimi göstərilmişdir. 1995-ci ilin oktyabrında Pakistan prezidenti Faruq Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri çərçivəsində "Elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq haqqında razılaşma" imzalanmışdır. Bir il sonra 1996-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfəri zamanı "Turizmin inkişafı üzrə Anlaşma-Memorandum"u imzalandı. Bu sənədlərdən irəli gələn müddəalar təcrübədə reallığa çevrilir. Pakistan humanitar yardım siyasəti üzrə Qarabağ qaçqınlarına humanitar və mənəvi dəstək göstərmişdir. Çünki Azərbaycan və Pakıstanda turizmin inkişafı üçünq geniş potensial vardır və bundan istifadə zamanı tərəflərin bir-birinə mübadiləsinə, təcrübəsindən istifadəsinə geniş imkanlar açılır.
Müəllif A.İsabəyli "Pakistan müasir beynəlxalq münasibətlər sistemində" adlı monoqrafiyasında yazır: "...1990 və 2000-ci illərdə Pakistana gələn xarici turistlərin sayı müvafiq olaraq 424 min və 432 min, Azərbaycanda isə buna uyğun olaraq 77 min və 602 min təşkil etmişdir. Bu rəqəmlərdən görünür ki, istər turistlərin ümumi sayı, istərsə də 10 il ərzində turistlərinin sayının artımına görə Azərbaycan öndədir. İki ölkə arasında turist və bu sahədə mövcud təcrübə mübadiləsi bir tərəfdən hər iki ölkənin müvafiq sahələrinin daha yaxşı inkişaf etməsinə, digər tərəfdən xalqlarımız arasında əlaqələrin güclənməsinə, hər iki ölkə ictimaiyyətinin bir-birini daha yaxından tanınmasına şərait yaradar".
Elm və təhsil sahəsində əməkdaşlıqda yeni nailiyyətlər əldə olunmuşdur. Belə ki, Pakistan tərəfi hərbi təhsil, informasiya texnologiyaları və telekommunikasiya sahəsindəki zəngin təcrübəsindən bəhrələnməyi Azərbaycan dövlətinə bəyan etmiş və bu sahədə əməli tədbirlər həyata keçirmişdir. Azərbaycan-Pakistan mədəni əlaqələri ənənəvi formalarından əlavə çoxtərəfli münasibətlər sistemində bəzi mədəni problemlərin həllinə də istiqamət götürmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Pərviz Müşərrəfin dəvəti ilə 2004-cü ilin aprel ayının 12-də bu ölkədə rəsmi səfərdə olmuşdur. Səfər hər iki dost ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı üçün təkan vermişdir. Səfər zamanı hər iki ölkə prezidentlərinin görüşündə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verildiyi Pakistanda bu sahənin sürətlə inkişaf etdiyi vurğulanmışdır. Bundan başqa, mədəniyyət, maliyyə sektoru, təhsil, nəqliyyat, aviasiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olması vurğulanmışdır.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 19 fevral.- S.15.