Azərbaycan-Hindistan mədəni əlaqələri
Azərbaycanla qədim mədəni və mənəvi yaxınlığa malik olan ölkələrdən biri də Hindistan olmuşdur. Əhalisinə görə, dünyanın ikinci böyük dövləti olan Hindistan, həm də qədim və zəngin sivilizasiyalardandır. Çox zəngin və mədəni rəngarəngliyə malik bu ölkə ilə Azərbaycan arasında mədəni yaxınlaşma və əlaqələrin tarixinin qədim kökləri tunc dövründən başlayır. Bu iki ölkə arasındakı mədəni əlaqələrin tarixi təşəkkülü və inkişafı problemlərini öyrənərək tədqiq edən tanınmış alimlər S.Aşurbəyli "Azərbaycanın Hindistanla orta əsrlərdə iqtisadi və mədəni əlaqələri" monoqrafiyasında və A.Seyidzadə bu əlaqələrin qədim və orta əsrlər dövründə mövcudluğunu tarixi faktlar əsasında sübuta yetirmişdir.
Hazırkı məqalənin yazılması prosesində biz bu tədqiqatçıların məqalə və monoqrafiyalarına istinad etmişik. Azərbaycan rayonlarının bir çoxundan Hindistana xas olan balıqqulaqlarının aşkar edilməsi bu ölkə ilə Azərbaycan arasında əlaqələrin lap qədimdən tunc dövründən mövcudluğuna ehtimal yaradır. Azərbaycan-Hindistan arasında mədəni əlaqələrin tarixi qədimliyini sübut edən dəlillər X əsrə aid edilir. Xüsusilə, məsafəcə bir-birindən çox uzaqda yerləşən bu iki ölkə arasında mədəni əlaqələrin təşəkkülündə filosof, ilahiyyatçı, şair və səyahətçilərin çox böyük xidmətləri olmuşdur. Bu sırada görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adı xüsusi qeyd olunmalıdır. N.Gəncəvi Azərbaycan - hind xalqı arasında mənəvi yaxınlığın formalaşmasına güclü təsir göstərmiş simalardandır. Belə ki, zəngin fəlsəfi məktəbi olan Hindistanın fəlsəfi təlimlərinə yiyələnən, onları dərindən və diqqətlə öyrənən görkəmli mütəfəkkir özünün "İsgəndərnamə", "Xosrov və Şirin", "Yeddi gözəl" adlı məşhur poemalarında Hindistana xüsusi yer vermişdir. Şairin "İsgəndərnamə" əsərinin birinci hissəsi "Şərəfnamə" Hindistanın mədəniyyəti, fəlsəfəsi və əhəmiyyətinə həsr edilmişdir. "Şərəfnamə"də İsgəndərin Hindistana səfəri, olan Keyduya məktubu, İsgəndərin Hindistandan Çinə gedişi əks etdirmişdi. Poemanın ikinci-"İqbalnamə" hissəsində İsgəndərin hind müdriki ilə söhbət səhnəsində hind fəlsəfəsinin mahiyyətini Nizami Gəncəvi bədii dil ilə ifadə edir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında yazır ki, XII əsrdə hind fəlsəfəsinin Azərbaycanda tanınması və yayılmasında Nizami Gəncəvidən sonra xidməti olmuş görkəmli şairlərdən biri də Xaqani Şirvani olmuşdur. Yunan fəlsəfəsindən imtina edərək hind fəlsəfəsinə, fəlsəfi məntiqinə yüksək qiymət verən Xaqani özünün "Mirətüs-Səfa" əsərində bunu bədii-obrazlı tərzdə əks etdirmişdir. Bu əsəri şair özü Xorasandan Hindistana göndərmişdir. Bununla yanaşı o, özünün digər əsərlərində "Pan-çatantra", hind rəqs, melodiyaları və d. mədəni nailiyyətlər barədə xüsusi hörmətlə bəhs edir.
Azərbaycan-Hindistan mədəni əlaqələrinin yaranma tarixi təkcə elmi-falsəfi görüşlərin qarşılıqlı təsiri ilə deyil, eləcə də, ədəbi, poeziya əlaqələrinin inkişafı ilə bağlıdır. Bu sahədə Nizami Gəncəvinin yaradıcılıq yolu xüsusilə seçilir. XI əsrdən XIII əsrin birinci rübünədək Azərbaycanda poeziyanın çiçəklənmə dövrü dünyanın bir çox ölkələrinin ədəbi mühitinə əhəmiyyətli şəkildə təsir etdiyi kimi, bu təsir hind ədəbiyyatından da yan keçməmişdi. Şirvanşah Axsitanın sifarişilə Nizami Gəncəvinin ərəb mövzusunda yazdığı dünyaşöhrətli "Leyli və Məcnun" poeması, eləcə də, fars dilində yazıb-yaradan görkəmli hind şairi Əmir Xosrov Dəhləvinin (1253-1325) böyük marağına səbəb olmuş va eyni mövzuda bu şair də poema yazmışdı. Ümumiyyətlə, təkcə "Leylii və Məcnun" əsəri deyil, N.Dəhləvi Gəncəvini özünün müəllimi hesab edərək, "Xəmsə"ni iqtibas edərək "Pənc hənc" ("Beş xəzinə") adlı əsərini yazır.
Dəhləvinin "Pənc hənc" əsərlər toplusuna "Mətlə əl-ənvar", "Xosrov və Şirin", "Məcnun Leylinin yanında", "Həşt-behişt"i və "İsgəndərnamə" poemnaları daxildir ki, bunların hər biri Nizami Gəncəvinin adı ilə başlayır və beləcə də tamamlanır. Dəhləvinin beşliyinə daxil olan "Mətlə əl-ənvar" ("Nurun doğuluşu") poeması N. Gəncəvinin "Sirlər xəzinəsi"nə həsr edilən ən qədim nəzirlərdəndir. Onun həcmi üç min altı yüz on beytdən ibarətdir. Əvvəldə qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qədim hind ədəbi abidələrinə yaxından bələd idi. O özünün ikinci əsəri olan "Xosrov və Şirin" poeması üzərində çalışarkən qədim hind ədəbi abidəsi olan "Pançatantra"nın ("Beş kitab") motivlərindən əxz edərək istifada etmişdir.
Hind mədəniyyətinə olan dərin ehtiram hissi Nizami Gəncəvinin "Yeddi gözəl" adlı poemasının zərif novellalarında da öz bədii ifadəsini tapmışdı. Bu məşhur poemada şair Hindistan şahzadəsi Furakin gözəlliyini vəsf edərək ay işığının hind qızının gözəlliyi qarşısında qaranlığa büründüyünü göstərmişdi.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-Hindistan ədəbi əlaqələrinin inkişafı prosesində məşhur hind yazılı abidəsi olan "Kəlilə və Dimnə" dastanının da özünəməxsus rolu olmuşdu. Bu dastan Azərbaycan dilinə (türk) 1809-cu ildə Əvəz-Əli Səfiqulu oğlu tərəfindən çevrilmiş, tərcüməçi tərəfindən hətta çoxlu sayda miniatürlərlə illüstrasiyalaşdırılmışdı. Tərcüməçi dastan haqqında əlavə etdiyi müqəddimədə kitabın yaradılması tarixi, digər dillərə tərcümələrin icmalı və hind ədəbiyyatının bu görkəmli abidəsinin dəyəri haqqında bəhs edir.
Tarixi faktlardan göründüyü kimi birbaşa ünsiyyət üçün nəqliyyat, texniki imkanların olmadığı istər qədim, istərsə də tarixin orta çağlarında Azərbaycan-Hindistan mədəni əlaqələrinin təməli, daha çox ədəbi münasibətlər, əlaqələr müstəvisində qoyulmuş və bu proses inkişafa doğru istiqamət götürmüşdü. Məsafə baxımından bir-birindən uzaq olan bu xalqların bir-birinə mədəni təsirinin başlıca səbəbi mənəvi yaxınlıq idi. Şərq dünyasının üzvləri olan hər iki xalqın düşünmə tərzi, yaradıcılıq meyarları oxşar olduğuna görə, mədəniyyətlərin bir-birinə inteqrasiyası üçün əlverişli mühit mövcud olmuşdu. Faktlar söyləməyə imkan verir ki, bu mədəni inteqrasiya öz-özünə, yəni yalnız mədəniyyət nümayəndələrinin təşəbbüsü, maraq və istəyi sayəsində həyata keçirilirdi. Ədəbiyyat, poeziya sahəsində şairlərin bir-birilərinin gözəl, dahiyanə əsərlərinə nəzirələr yazması mədəni əxz, iqtibasın bir forması kimi təzahür tapırdı. Ədəbi əlaqələrdə bu proses hələ bir çox əsrlər davam edir. Mədəni əxz, iqtibasın çıxış nöqtəsi ədəbiyyatların bir-birini tanıması və maraqlanması prosesindən ibarətdir,
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Azərbaycanın görkəmli lirik şairi Məhəmməd Füzuli (XVI əsr) özünün Nizami Gəncəvinin şagirdi adlandıran Əmir Xosrov Dəhləvini dünyanın ən gözəl şairlərindən bir sayırdı. Füzuli özü də, hind mədəniyyəti-fəlsəfəsi, ədəbiyyatı ilə dərindən maraqlanan bir ədib idi. Onun "Ənisül-qəlb" adlı poemasında şairin hind fəlsəfəsinə yaxından bələd olduğunu hiss etmək olur. Məhəmməd Füzuli hind fəlsəfəsini yunan fəlsəfəsinə qədər dəyərləndirirdi. Füzuli yaradıcılığı hind-müsəlman ziyalılarına çox yaxşı tanış idi və onlar Azərbaycanın bu görkəmli şairini yüksək qiymətləndirirdilər.
XVI əsrdə Hindistanda Böyük Moğol imperiyasının yaranması Hindistanda yeni mədəniyyətin çiçəklənməsində bir təkan oldu. Xüsusilə, Baburlar nəslinin nümayəndəsi Əkbər şah və onun varisləri dövründə (XVI əsrin axırı-XVII əsrin əvvəlləri) Azərbaycan-Hindistan mədəni əlaqələrində də canlanma hiss olunur. Bu, xüsusilə, XVI əsrin sonuncu rübündə Azərbaycanda baş vermiş Səfəvi-türk müharibəsi zamanı bir çox azərbaycanlı ziyalılarının-alimlərin, şairlərin məhz Hindislana mühacirət etməsi faktı ilə bağlı idi. Bu hadisə həmin ölkə ilə mədəni əlaqələrin inkişaf dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Hələ qədim dövrlərdən digər dinlərə və müxtəlif əqidələrə ehtiramla yanaşan hindlilər azərbaycanlı alim, şair, rəssam və ədəbiyyatçılarla hörmətlə davranır, mehriban ünsiyyət şəraitində mədəni təmas qururdular. Hindistanın dövlət hakimləri uzaq ölkədən pənah gətirmiş bu elm və mədəniyyət adamlarının öz yaradıcılıqlarını davam etdirmək üçün lütfkarlıq göstərir, hər cür şərait yaradırdılar. Yazıb-yaratmaq üçün, məhz elə Hindistana üz tutmuş azərbaycanlı ziyalıların mühacirətinin başlıca səbəbi bu idi. Qəzəli bunu öz şeirində daha aydın və qabarıq şəkildə tərənnüm etmişdi: "Mən Hindistana tərəf gedirəm, çünki orada istedadlı adamlara yaxşı qiymət verirlər".
Uzun müddət Hindistanda yaşamış Azərbaycanın məşhur şairlərindən Məsihi, Saib Təbrizi, İbrahim Ordubadi, Məhəmməd Sadıx Təbrizi və başqalarının adlarını çəkmək olar. Hindistana pənah gətirmiş və bu ölkədə yazıb-yaratmış Azərbaycan şairləri bu qədim və gözəl ölkə, onun insanlarını ürək dolusu və böyük məhəbbət, ehtiramla tərənnüm edirdilər. XVII əsrdə Hindistanda yazılmış təzkirələrdə Azərbaycan şairləri, yazarları haqqında əsaslı rəylər, fikirlər də mövcuddur. Məsələn, "Şəmi-əncumən", "Nigaristani-suxən", "Miratül-xiyal", "Heza-ne-amirə"də Nizami, Xaqani, Nəsimi, Füzuli, Saib Təbrizinin yaradıcılıqlarına yüksək qiymət verilir, onlardan bəzilərinin Hindistandakı fəəaliyyətləri təhlil olunur.
Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişaf tarixinin öyrənilməsi baxımından hazırkı qədim mənbələr çox böyük mədəni-tarixi əhəmiyyət kəsb edir. Çünki bu mənbələrdə, həmçinin, XVII əsrdə Hindistanın müxtəlif şəhərlərindən mədrəsə, elm ocaqlarında çalışan Aznrbaycan alim və müəllimlərinin fəaliyyəti haqqında da kifayət qədər tarixi fakt və fikirlər mövcuddur. Butun bunlaria yanaşı, Hindistanı azərbaycanlılara, eləcə də, bütün dunyaya tanıtmaq məqsədilə Azərbaycanın məşhur coğrafiyaşünas-səyyahlarından Əbdürrəşid Əl-Bakuvi (XV əsr), Hacı Zeynalabdın Şirvaninin (1780-1838) adları xüsusi olaraq çəkilməlidir. Ayrı-ayrı əsrlərdə Hindistana səfər etmiş bu səyyahlar bu ölkənin tarixi, əhalisi, şəhərləri, abidələri, həyat-tərzi, mədəniyyəti haqqında zəngin biliklər təqdim etmişlər.
Böyük Moğol dövləti dövründə Azərbaycan-Hindistan mədəni əlaqələrinin səmərəli səciyyə kəsb etdiyini sübut edən tarixi faktlardan biri də, xüsusilə, memarlıq, şəhərsalma sənətində bir-birindən bəhrlənmə, iqtibas və əxzetmə yolu ilə mədəni sintezin qurulması idi. Tanınmış alim Cəfər Qiyasi bu haqda yazır: "Bu iki qədim ölkə arasında ən sıx memarlıq əlaqələri Böyük Moğol dövlətinin qüdrətli çağlarına təsadüf edir". Memarlıq əlaqələrinin mövcudluğunu, inkişaf etdirildiyini təsdiq edən müəllif bu əlaqələrin azərbaycanlı sənətkarların həmin ölkəyə gedərək birgə əməkdaşlıq etdiklərini bildirərək yazır: "Siyasi və ictimai amillərlə bağlı olaraq XVI-XVII yüzillərdə bir çox azarbaycanlı usta Hindistana getmiş və müxtəlif sənət sahələrində "Moğol üslubunun" formalaşmasında iştirak etmişlər".
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, memarlıq sahəsində Azərbaycan-Hindistan ustaları arasında mədəni əməkdaşlıq Baburun oğlu Nasirəddin Humayunun hakimliyi dövrünə təsadüf edir. Belə ki, Təbriz, Ərdəbil və Azərbaycanın digər yerlərini görmüş Humayun azərbaycanlı sənətkar və ustaların yaratdıqlarından böyük zövq alır, Hindistana qayıdarkən özü ilə onlardan bəzilərini aparır. Bu tarixi hadisədən sonra nəinki memarlıq, eləcə də, digər mədəniyyət sahələrində azərbaycanlı sənətkarların hörmət və nüfuzu daha da artdı.
Humayunun özünün "Dövlətin nadiri" adlandırdığı məşhur Azərbaycan rəssamı Mir Seyid Əli Təbrizi uzun müddət baş saray rəssamı kimi çalışıb. Bu rəssam Moğol miniatür məktəbinin formalaşmasında aparıcı rol oynamışdı. Cəfər Qiyasinin adı çəkilən kitabda azərbaycanlı memar Ağa Mirək Mirzə Qiyasın Moğol memarlığının formalaşmasında roluna diqqət yetirilir. Xüsusilə, memarın Yeni Dehli şəhərində tikdiyi Humayun türbəsi memarlıq əlaqələrinin timsalı kimi çıxış edir.
Moğol sülaləsinin gənc varisi olan Humayunun adı ilə bağlı Azərbaycan muğamı, eləcə də, "Mahur-hindi" muğamı iki ölkə arasında, həmçinin musiqi sahəsində əlaqələrin də mövcudluğunu sübut edir. Hind musiqi motivləri əsasında mövcud olan "Humayun" muğamının Humayun şahin Təbrizdə Şah Təhmasibin sarayında olarkən bəstələdiyi söylənilir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 21 fevral.- S.15.