Dünya şöhrətli alim...

 

Akif Əlizadə - 80

 

 

Mən bu gün xalqımızın çox sevdiyi  məşhur  seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadənin, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadənin, nəslindən olan məşhur alim, təvazökar insan, akademik Akif Əlizadə haqqında ürək sözlərimi demək istəyirəm. Bu məşhur alim öz genetik kökləri ilə yurdumuzun  bir çox tanınmış  şəxsləri ilə bağlıdır. Hələ gənclik yaşlarından taleyini Sənaye İnstitutunun geologiya ixtisası ilə bağladı, tələbəlik illərindən tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə fərqləndi. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. Bu müəssisə onun  həmişəlik fəaliyyət məkanına çevrildi. Akif Əlizadə və onun kimi alimlərin səyi nəticəsində Azərbaycanda geologiya elmi sahəsində yüksək nailiyyətlər əldə edilmişdir. Respublika  iqtisadiyyatının  inkişafını təmin edə biləcək neftqaz, polimetalfiliz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdir. O, 70-ci illərin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda təbaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir.Akif Əlizadənin rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş səkkiz cildlik unikal fundamental əsərlər - "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini on illərlə qoruyub saxlayacaqdır.Akif Əlizadənin adı dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. O, 1960-cı ildən Ümumittifaq Paleontoloji Cəmiyyətin üzvü, Qafqaz Regional Stratiqrafik Komissiyanın sədri, SSRİ EA Biosfera Problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılmışdır. Bu, paleontoloq üçün böyük şərəfdir. Hərtərəfli erudisiya sahibi kimi o, regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də eyni dərəcədə səlahiyyətlə həll edir. Son illər alimin fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir.Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə) akademik A.Əlizadə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. "Fədakar əməyə görə" medalı, "Şərəf nışanı" ordeni,  Azərbaycan Respublikasının əməkdar elm xadimi, "Şöhrət" ordeni, "Şərəf" ordeni ilə təltif edilmişdir.Akif Əlizadə gənc nəslə, gənc alimlərə hər zaman öz dəstəyini göstərmişdir.  Mənim də "Azərbaycan neft sənayesini yaradanlar" silsiləsindən Şərəf Cəlilli ilə birlikdə həmmüəllif olaraq yazdığımız "Akademik Şəfaət Mehdiyev" kitabına redaktorluq etmişdir. Bu layihə çərçivəsində Şəfaət Mehdiyev haqqında hazırladığım filmin də əsas məsləhətçisi olmuşdur. Sözügedən kitabdisk İstanbulda nəşr edilmişdir.Alim öz xeyirxah əməlləri ilə gənclərə həmişə nümunə olub. Eləcə də mənə göstərdiyi qayğı və diqqət üçün  ona sonsuz təşəkkürlər edirəm. Akademik Akif Əlizadə öz elmi ilə yanaşı şəxsiyyəti ilə də nümunədir. Öz sadəliyi və kübarlığı ilə hamının dərin məhəbbətini qazanıb. Onun  fəaliyyəti hələ uzun illər Azərbaycan və dünya elminə öz layiqli töhfələrini verəcək. Mən Ulu Tanrıdan ona can sağlığı, uzun ömür və ardıcıl yaradıcılıq uğurları arzulayıram.

 

İlham Mirzəyev,

AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitunun

"Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent

Səs.- 2014.- 21 fevral.- S.4.