Azərbaycan-Səudiyyə Ərəbistanının
mədəni-mənəvi inteqrasiyası (VII və XXI əsrin
əvvəllərində)
VII -VIII əsrlərdə yaşayıb-yaratmış və məvali şairlər adı altında ədəbiyyat tarixinə daxil olmuş hər üç şair - Musa Şəhəvat, İsmayıl ibn Yəsar və Əbu-1-Abbas əl-Əma kimi azərbaycanlı ədiblər Səudiyyə Ərəbistanı ədəbiyyatının, poeziyasının inkişafına xidmət etsələr də, mənsub olduqları öz doğma xalqının bədii və fəlsəfi təfəkkürü ilə sıx bağlı olmuşlar. Onlar Azərbaycan və islam dünyasının bu mərkəzi ilə mədəni əlaqələrin təşəkkülü tarixində körpü rolunu oynamışlar. "Azərbaycan tarixi"ində göstərilir: "Onların poeziyasından dövrümüzə çatan nümunələr sübut edir ki, iki mədəniyyətin sintezindən qidalanmış, ümummüsəlman mədəniyyətinin ilk poetik səhifələrini yaradan bu şairlər doğma heca vəzninin təsirilə ərəb ədəbiyyatında özlərinə məxsus yeni cığır açmışlar. Bu, həmçinin sübut edir ki, Azərbaycanın da bir vilayət kimi daxil olduğu böyük imperiyanın - xilafətin söz ustaları sırasında görkəmli yer tuta bilmiş azərbaycanlı şairlər vətəndən uzaqda yaşasalar da, ərəb dilində yazsalar da, doğma diyara, doğma elə, doğma mədəniyyətə bağlı olmuş, bunlardan bəhrələnmişdi.
X əsrdə Səudiyyə Ərəbistanından olan coğrafiyaşünas səyyah Əbu Duləf Azərbaycana gəlib çıxmış, buranın coğrafiyası, təbiəti, şəhərləri haqqında məlumat toplayan ilk mədinəlilərdəndir. Onun Azərbaycan, İran və Ermənistana həsr etdiyi risaləsində (məktub, qeyd) Azərbaycana etdiyi səfərin marşrutunu, Azərbaycanın bəzi yerləri haqqında, ənənələri haqqında maraqlı məlumatlar verilir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan mədəni əlaqələrinin tarixinə nəzər saldıqda, bu prosesin digər ərəb ölkələrindən fərqli olaraq nisbətən zəif olduğu nəzərə çarpır. Düzdür, orta əsrlərdən başlayaraq müqəddəs şəhərlər sayılan Məkkə, Mədinə şəhərlərinə digər müsəlmanlar kimi, azərbaycanlıların da bu ölkəyə Həcc ziyarətlərinə getməsi və bunun bu gün də davam etdirilməsi müəyyən mənada bu ölkə ilə mədəni əlaqələrin mövcudluğu üçün bir töhfə idi. Ona görə də Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mədəni əlaqələrin keyfiyyət və kəmiyyət baxımından dinamik inkişafı sovet hakimiyyəti dövrlərindən formalaşmağa başlayır. Buna qədər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında davamlı, ardıcıl mədəni əlaqələrin zəif olması, həm də bu ölkənin siyasi cəhətdən qeyri-stabil olması ilə də izah edilə bilər. Belə ki, tarixdən məlum olduğu kimi, Səudiyyə Ərəbistanı orta əsr və yeni dövrün ayrı-ayrı mərhələlərində gah Osmanlı İmperiyası altında, gah da Qərb ölkələrinin təsiri altında inləyən bir ölkə olmuşdu. Ötən əsrin əvvəllərindən başlayaraq Səudiyyə Ərəbistanında milli-azadlıq hərəkatı müstəqil krallığın yaranması ilə nəticələndi. Keçmiş SSRİ ərəb dövlətləri içərisində ilk olaraq məhz bu ölkə ilə diplomatik əlaqələr yaratdı.
Azərbaycanla bu cür müstəqil diplomatik əlaqələr 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin həmin ölkəyə rəsmi səfəri ilə başlamışdı. Bu ölkəyə səfər edərkən jurnalistlərə verdiyi müsahibəsində Heydər Əliyev demişdi: "Indiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar ki, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdi". Səudiyyə Ərəbistanında olarkən Heydər Əliyev iki müqəddəs ocağın xadimi, kral Fəhd ibn Əbdüləziz əl-Səudla, İKT, İslam İnkişaf Bankı rəhbərləri ilə Məkkə, Mədinə, müqəddəs Kəbəni ziyarət də eləmişdi. Səfər zamanı bu ölkə ilə bir çox sahələr üzrə, eyni zamanda nıədəniyyət, gənclər sahələri üzrə əməkdaşlıq üçün sazişlər imzalanmışdı.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı krallığı hökuməti arasında digər sahələrlə yanaşı, mədəniyyət sahəsində əməkdaşlıq üzrə müştərək komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edildi. Bu komissiya mütəmadi iclaslarında digər sahələrlə yanaşı, elm, mədəniyyət, gənclər sahələri üzrə əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi apararaq, işin konkret vəzifələrini müəyyən etmişlər. Elə həmin ildə Ər-Riyadda Azərbaycan səfirliyinin, həmçinin, Bakıda krallığın səfirliyinin açılması bu əlaqələrin fəallığına geniş imkanlar açdı. Həmin ildən başlayaraq Səudiyyə Ərəbistanı krallığının rəsmiləri ilə keçirilən görüşlərdə, səfərlərdə ölkələrimiz arasında əlaqələrin dini, dostluq, qarşılıqlı anlaşma prinsiplərinə əsaslanması xüsusi qeyd olunur.
1995-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanının nümayəndə heyətini qəbul etmiş və müxtəlif sahələrlə yanaşı, mədəniyyətin turizm istiqaməti üzrə əməkdaşlığa hazır olduğu fikrini vurğulamış və bu sahə üzrə müştərək layihələrin hazırlanmasının vaxtı çatdığını da söyləmişdir. Edilən rəsmi səfərlər, aparılan danışıqlar artıq öz bəhrələrini verməyə başlayırdı. Səudiyyə Ərəbislanı krallığı tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə beynəlxalq "Nicat" təşkilatının göstərdiyi qayğı bu istiqamətdə görülən tədbirlərdəndir. Təkcə 2000-cı ilin fevralında respublikamızın məcburi köçkünlərinə 105 ton xurma və digər müxtəlif ərzaq məhsullarından ibarət humanitar yük gətirilmişdir. Həmin yük Mingəçevir, Tərtər, Goranboy və Yevlaxda məskunlaşmış qaçqınlara paylanmışdır.
Səudiyyə Ərəbistanı krallığı və Azərbaycan hökuməti arasında 1994-cü ildə bir çox sahələrlə yanaşı mədəni əməkdaşlıq sahəsi üzrə bağlanan müqaviləyə əsasən 1998-ci ildən etibarən azərbaycanlı səhiyyə işçiləri Səudiyyə Ərəbistanına çalışmağa göndərildilər. Bu sahə üzrə iş yenə də davam etməkdədir. Səudiyyə Ərəbistanı krallığının İnformasiya Nazirliyinin dəvəti, ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə respublikanın kütləvi İnformasiya vasitələrinin 7 nəfərdən ibarət nümayəndə heyətinin krallığa iki həftəlik səfəri mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdəndir. Həmin nümayəndə heyətinin tərkibində bu ölkəyə səfər edən "Respublika" qəzetinin baş redaktorunun müavini Nərgiz Rüstəmli (Qurbanova) Öz təəssüratını "Səudiyyə Ərəbistanı Azərbaycan jurnalistinin gözü ilə" adlı kitabında ifadə etmişdi. Qeyd etmək lazımdır ki, bu kitabın özü də Səudiyyə Ərəbistanı krallığının Mədəniyyət və İnformasiya Nazirliyinin vəsaiti hesabına nəşr olunmuşdu. Bu faktın özü də iki müsəlman ölkəsi arasında mədəni əlaqələrin inkişaf etdirilməsi prosesinə bir töhfədir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 2003-cü ilin iyununda Səudiyyə Ərəbistanı krallığının rəsmiləri ilə Bakıdakı görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti yenicə təkan götürülmüş bütün sahələr kimi, mədəni əlaqələrin də daha da genişlənməsinin prioritet olduğu haqqında belə söyləmişdi: "Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik. Çünki bütün sahələrdə əməkdaşlıq var. Amma onların böyük nəticələri yoxdur. Lazımdır ki, bizim əməkdaşlığımız daha sıx olsun və konkret nəticələr versin".
Mədəni əməkdaşlığın möhkəmləndirilməsi və bunun sıx əməkdaşlıq formasında inkişafı üçün digər əlverişli imkan "Əsrin müqaviləsi", Bakı-Ceyhan layihəsində bu ölkənin də fəal iştirakı faktıdır. Mədəni əlaqələr sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün çox böyük əhəmiyyət kəsb edən bu hadisənin uğurlu nəticələri özünü tezliklə göstərdi. Belə ki, mədəni əməkdaşlığın hər iki ölkənin mədəniyyət və turizm nazirlikləri çərçivəsində davamı xüsusi yer tutmağa başladı. Xüsusilə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərindən sonra ikitərəfli mədəni əməkdaşlıq sistemində bir canlanma oldu.
2006-cı ilin sentyabrında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Turizm Nazirlərinin V konfransının Bakıda keçirilməsi bu cəhətdən çox böyük əhəmiyyət kəsb etdi. Həmin konfransda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Ali Turizm Təşkilatının baş katibi Sultan bin Salman bin Əbdüləziz Al Səudu qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkə ilə İKT çərçivəsində mədəni əməkdaşlığın çoxtərəfli əlaqələr istiqamətində aparılmasına da çox böyük dəyər verərək bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Xüsusilə, görüşdə Azərbaycanda turizm infrastrukturunun sürətlə inkişaf etdiyini bildirən krallığın nümayəndəsi ölkəsinin həmin sahədə çoxəsrlik təcrübəyə malik bir ölkə kimi mübadiləni təklif etdi.
Səudiyyə Ərəbistanı krallığının Ali Turizm Təşkilatının baş katibi ilə xüsusi görüş keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu ərəb ölkəsi üzrə istər turizm, istərsə də mədəniyyətin digər sahələri üzrə fəal əməkdaşlığa hazır olduğunu bildirdi. Mədəniyyət nazirlikləri səviyyəsində digər görüş elə həmin ilin (2006, 12 dekabr) Bakıda keçirildi. Səudiyyə Ərəbistanı krallığı Mədəniyyət və İnformasiya naziri İyad ibn Əmin əl-Mədəni və onu müşayiət edən rəsmi qonaqlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Ə.Qarayev qonaqpərvərliklə qarşılanmış və mədəni əlaqələrin perspektivləri ətrafında fikir mübadilələri aparmışlar.
İşgüzar səfərdə olan krallığın rəsmiləri Bakı şəhərinin görməli, gəzməli yerləri, abidələri ilə də yaxından tanış olmuşlar ki, bu da mədəni əməkdaşlığın gələcək perspektiləri üçün çox böyük əhəmiyyət kəsb etdi. İçərişəhər, Şirvanşahlar, Qız Qalası abidələri ilə tanışlıq səudiyyəli qonaqlara böyük zövq vermişdi. Şirvanşahlar sarayında Key-Qubad məscidi, Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi ilə tanışlıqdan sonra İyad ibn Əmin əl-Mədəni xatirə kitabına ürək sözlərini yazmışdı.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 25 fevral.-
S.15.