Azərbaycan-İraq mədəni-mənəvi inteqrasiyası (qədim dövrlərdən - XX əsrin birinci yarısınadək)

 

 

Ərəbdilli müsəlman ölkələrindən biri olan İraq Qərbi Asiyada güclü dövlətlərdən biri hesab olunur. Azərbaycan-İraq mədəni əlaqələrinin tarixinə gəldikdə isə, təkcə onu söyləmək kifayətdir ki, ərəb ölkələri içərisində Azərbaycanla kökü çox-çox qədimlərə gedib çıxan və tarix boyu davamlı mədəni ünsiyyət saxlayan yeganə ölkə, məhz İraq olmuşdu. Bu, hər şeydən əvvəl, İraqla Azərbaycan arasında məsafə yaxınlığı amili ilə izah edilir. Tarixdən məlum olduğu kimi, İraq ərəbdilli ölkə olmazdan əvvəl onun ərazisi bir neçə qədim sivilizasiyaların məskəni olmuşdu. Çünki müasir İraqın ərazisi (Mesopotamiya) dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. İraq ərazisində qədim ŞumerAkkad dövlətləri, BabilistanAssuriya şahlıqları mövcud olmuşdur ki, Azərbaycanda yaşayan qəbilələr bu dövlətlərlə təmasda olmuş, mədəni cəhətdən irəliləyişləri onlardan bəhrələnmişlər. Bu irəliləyişlər yaşayışın bütün istiqamətlərində özünü təzahür etdirirdi. "Azərbaycan tarixi" yeddi cildlik kitabın birinci cildində qeyd olunur: "Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün eneolit dövrü ərzində olmuşdu. Belə ki, Naxçıvanın I Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmışdır.

Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir".

Bu cür mübadilələr, əlaqələr nəticəsində müasir İraq ərazisində tarixən mövcud olmuş digər mədəniyyətlərin də Azərbaycanın qədim mədəniyyətinə təsiri olmuşdur. "Azərbaycan tarixi" kitabının I cildində Manna dövləti dövründə sənətkarlığın xüsusiyyətləri haqqında aparılan təhlildə də bu cür mədəni təsirin mümkünlüyü haqqında deyilir: "Buradan tapılan əşyaların bəzisində Aşşur sənətlərinin təsiri nəzərə çarpır... Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb süjetləri var idi".

Tarixin bu qədim çağlarında Azərbaycan üçün qonşu olan İraq ərazisindəki tayfa, qəbilə, dövlətlərlə qarşılıqlı mədəni əlaqə prosesi gedirdi. Lakin müasir İraq ərazisinin VII əsrin 30-cu illərdə ərəblər tərəfindən işğalı, bir qədər sonralar isə İraqın xilafətin mərkəzi, Bağdadın isə, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzi olması faktı bu mədəni əlaqələrin tarixində çiçəklənmə dövrünün formalaşmasına güclü təkan oldu. Haqqında söhbət gedən bu tarixi dövrlərdə Azərbaycan - İraq mədəni əlaqələrinin inkişafında ərəb dili faktoru müstəsna rol oynadı. İslam dünyasının mərkəzlərindən biri kimi tanınan Bağdada oxumaq, ərəb dilini mükəmməl mənimsəmək, ədəbiyyatdan, elmdən daha yaxından xəbərdar olmaq üçün azərbaycanlı alim və şairləri axışıb gəlirdi. Bu dövrdə, xüsusilə, ədəbiyyat və elmin bir çox sahələri, eləcə də dini (islam) təlim yolu ilə mənimsəmək mədəniyyətin başlıca istiqamətini təşkil edirdi. Bu isə o demək idi ki, İraq-Azərbaycan sənətkarları arasında güclü mədəni mübadilə gedirdi. Mədəni mübadilə haqqında zəngin materiallara malik olan Əbu Bəkr Əhməd ibn Əli əl-Xətib əl-Bağdadinin (1002-1071) on dörd cildlik məşhur "Tarix Bağdad av mədinət əs-səlam" ("Bağdadın, yaxud sülh şəhərinin tarixi") əsərində müxtəlif illərdə Bağdadda yaşayan, yaxud müvəqqəti olaraq buraya gələn görkəmli azərbaycanlı şəxsiyyətlər haqqında bəhs edilmişdir. Bu xüsusiyyətinə görə həmin əsər XI əsrin I yarısına qədər yetişmiş Azərbaycan sənətkar-alimlərdən məlumat verən çox qiymətli məxəz hesab olunmalıdır.

İlahiyyat elminə olan maraq bir çox azərbaycanlı ilahiyyatçısının, məhz Bağdadda təhsil almasına səbəb olmuşdur. Əbu-l-Qənaim Qanim ibn Hüseyn əl-Muşili əl-Urməvi əl-Azərbaycani gözəl fəqih olmuşdur. Urmiyada anadan olan Əbu-l-Qənaim Bağdadda məşhur ilahiyyat alimi Əbu İshaq Şirazidən (1002-1083) dini elmlərə dair dərs almışdır. Digər görkəmli fəqih, məzhəblərə yaxından bələd olan Əbu Bəkr Məhəmməd ibn əl-Hüseyn ibn Ömər əl-Urməvi əl-Azərbaycanı də Əbu İshaq Şirazidən ilahiyyata dair dərs almış, sonra elə buradakı məşhur "Nizamiyyə" mədrəsində fəqhdən dərs demişdir.

Tarixi mənbələrə görə, 1067-ci il sentyabrın 22-də səlcuqların məşhur vəziri olan Nizamülmülkün bilavasitə təşəbbüsü ilə Bağdadda açılmış "Nizamiyyə" mədrəsəsi dövrünün ən başlıca elm ocağı - "universiteti"nə çevrildi. Mütəxəssislərin "Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi" hesab etdikləri "Nizamiyyə" mədrəsəsində bir çox azərbaycanlı alimlər də yaxından fəaliyyət göstərir, iraqlı mütəxəssislərlə çiyin-çiyinə çalışırdılar. Bunlardan Xətib Təbrizi, bəlkə də ilk "Azərbaycan tarixi"nin müəllifi İsmayıl ibn əl-Musanna ət-Təbrizi, alim-ədib gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Sueyb əl-Cənzinin, məşhur alim, bir çox kitabların müəllifi Tacəddin Əbu-l-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdallah əl-Urməvi, Bağdadda "Əl-Kəmaliyyə" mədrəsəsində də dərs deyən Əbül-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbilini, monqollar Bağdadı işğal edərkən həlak olmuş məşhur alim Kəvaməddin Əbu Nəsr Yunis ibn Mənsur ibn İbrahim əş-Şirvanini və digərlərini göstərmək olar.

Azərbaycanlı alimelm adamlarının, məhz "Nizamiyyə" mədrəsəsində fəaliyyət göstərməyə gəlməsinin başlıca səbəbi həmin təhsil ocağının mütərəqqi səciyyə kəsb etməsi ilə bağlı idi. Bu mədrəsənin bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Səlcuq hökmdarları orta hesabla ildə həmin məqsəd üçün altı yüz min dinar xərcləyirdi. Tələbələrin yemək, geyimyataq xərcləri, müəllimlərə məvacib xərcləri də xəzinədən verilirdi. Tələbə və müəllimlər müəyyən forma geyməli idilər. "Nizamiyyə" mədrəsəsində bir çox elmlər tədris olunurdu: tarix, məntiq, ədəbiyyat tarixidilçilik, ritorika, riyaziyyat. Quranonun təfsiri, müsəlman hüquqşünaslığı, hədis kimi ilahiyyat elmlərinin tədrisi də mədrəsədə əsas yer tuturdu.

Xətib Təbrizi bir müddət İraqın Mosul şəhərində yaşamış və burada Qəsəbani adh adlı alimin rəhbərliyi altında Əbu Təmmamın divanının üzünü köçürtmüşdü. Bu kimi elmi-ədəbi fəaliyyəti ilə Xətib Təbrizi və onun kimi digər azərbaycanlı müəllimlər, alim və sənətkarlar iki Şərq xalqı - İraq və Azərbaycan xalqı arasında mədəni mübadilənin gücləndirilməsinə əhəmiyyətli şəkildə təsir göstərmişlər. Ömrünün son gününədək Bağdadda yaşamış və 1109-cu il yanvarın 3-də vəfat etmiş Xətib Təbrizini bağdadlılar təntənə ilə dəfn etmişlər. Akademik İ.Y.Kraçkovski göstərir ki, alimin ölümündən sonra onun gəncliyində öyrənmək üçün Təbrizdən piyada Şama getdiyi zaman tərdən islanmış kitablar bağdadlılara nümayiş etdirilmişdi. Bu, Bağdad əhlinin Şərq mədəniyyətinin inkişafı üçün böyük xidmətlər göstərən dahi Azərbaycan aliminə son ehtiram oldu.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, elm və mədəniyyət sahəsindəki əlaqələr qarşılıqlı idi. Bağdadın müsəlman Şərqinin aparıcı, qabaqcıl mərkəzi olmasına baxmayaraq, buradan Azərbaycana öyrənməyə, çalışmağa gələn iraqlılar da kifayət qədər idi. Belələrindən İbn Habil adı ilə məşhur olan Əli ibn Əhməd Əbu-l-Hüseyn idi. Əldə olunan məlumata əsasən, o, uzun müddət Azərbaycanda həkimlik edərək tibb sahəsində bildiklərini azərbaycanlı həmkarlarına da öyrədərmiş. Azərbaycana bağlı olan bu iraqlı elə burada da vəfat etmişdir.

Xüsusilə, mədəni mübadilələrin inkişafında əslən İraqdan olan coğrafiyaşünas-səyyahların Azərbaycanla maraqlanmaq səbəbindən bu ölkəyə səfərlərinin çox böyük mədəni əhəmiyyəti vardı. Azərbaycana səfər etmiş bu ərəb səyyahları bu ölkənin şəhərləri, mədəniyyəti, coğrafi xüsusiyyətləri ilə yaxından tanış olmuş, yazdıqları əsərlərdə bu haqda ətraflı məlumatlar vermişlər. Müasir dövrdə həmin əsərlər Azərbaycanın qədim və orta çağ dövrlərini öyrənmək baxımından dəyərli tarixi məxəzlər hesab edilir.

"Nizamiyyə"də dərs demək üçün dəvət olunan müəllimlər Səlcuq hökmdarlarının özləri tərəfindən seçilirdi. Bağdaddakı "Nizamiyyə" mədrəsəsində xüsusi nüfuz qazanmış azərbaycanlı alimlər sırasında Xətib Təbrizinin adını qeyd etmək lazımdır. Mədrəsənin açıldığı ilk gündən 38 yaşlı Xətib Təbrizinin "Nizamiyyə"yə dəvət olunması filologiya elmlərinin tədrisinə rəhbərliyin və zəngin kitabxananın müdirliyinin ona tapşırılması Azərbaycan aliminin şöhrət və nüfuzundan xəbər verirdi. Burada müəllimlik etməklə Xətib Təbrizi müsəlman Şərqi üçün alimlər hazırlayırdı. Tədqiqatçı M.Mahmudov "Piyada... Təbrizdən Şama qədər" kitabında X.Təbrizinin Bağdadda bu sahə üzrə fəaliyyətinin aşağıdakı şəkildə təsnifatını təqdim edir: "...intensiv şəkildə elmi yaradıcılıqla məşğul oluröz mühazirələri vasitəsilə görkəmli alimlərin yetişməsinə yardım edirdi. Xətibin elmi yaradıcılığı rəngarəng məzmun kəsb edirdi. O, bir tərəfdən ərəb poeziyasının möhtəşəm abidələrinə elmi şərhlər yazır, digər tərəfdən ərəb dilçiliyinə dair orijinal traktatlar qələmə alır, habelə ilahiyyat sahəsində sanballı əsərlər yaradırdı".

Xətib Təbrizi İraq ədəbiyyatı ilə yaxından tanış olur, bir çox alim və şairlərin əsərlərinə şərhlər yazır. XII-XIII əsrlərdə islam memarlığının inkişafı istiqamətində də Azərbaycan-İraq mədəni əlaqələrinin özünəməxsusluğunu müşahidə etmək mümkündür. Cəfər Qiyasi bu haqda "Yaxın-Uzaq ellərdə" adlı monoqrafiyasında yazır: "XIII əsrin sonu-XIV əsrin başlanğıcında Bağdad bərpa edilərkən Elxani hökmdarları bu işlərə Təbrizin də bədii qüvvələrini cəlb etmişdilər. Sonralar vəzir və memar kimi tanınan Xacə Əlişah Təbrizi həmin vaxtda bir müddətdə Bağdad şəhərində fəaliyyət göstərir. Bu çalışmaların təsirini Elxani hökmdarı Abaqa xanın hakimiyyəti illərində - 1279-cu ildə tikilmiş Suk əl-Qəzəl məscidinin minarəsində də görmək olur".

Həmin monoqrafiyadan əldə olunan məlumata görə, Bağdadda XIV əsrdə tikilmiş Mərcaniyyə kompleksində də Azərbaycan memarlıq ənənələrinin təsiri hiss olunur. Tarixi faktlardan göründüyü kimi, artıq XIII əsrdən başlayaraq Azərbaycan İraqla digər əlaqələrdə olduğu kimi, mədəni əlaqələrdə də üstün mövqeyə malik olmuşdur. Bunun başlıca səbəblərindən biri İraqın uzun müddət mərkəzi Azərbaycan-Təbriz olan iri dövlətlərin (Elxani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi) tərkibində olması faktı ilə bağlıdır. Buna görə də, Azərbaycanda yüksək səviyyədə inkişaf edən mədəniyyətin bir çox sahələri mədəni əxz, iqtibas yolu ilə İraq mədəniyyətinə də təsir göstərirdi.

Şərq aliminin mədəniyyətinin inkişafı tarixində xidmətləri bəşəri səviyyə ilə ölçülən Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin (1494-1556) adını qeyd etmək kifayətdir. Əslən özü İraqdan (Kərbəla) olan M.Füzulinin yaradıcılığına hər bir azərbaycanlı yaxından bələddir. Fars və ərəb dillərində yazıb-yaratmış Füzulinin qüdrəti odur ki, o, təkcə Azərbaycan ədəbiyyatı, mədəniyyətində deyil, bütövlükdə Şərq mədəniyyətinin istər özünün yaşadığı, istərsə də özündən sonrakı tarixi mərhələlərdə inkişafı üçün dəyərli məktəb qoymuşdur. Onun yaradıcılığından dünyanın ən tanınmış düha və zəka sahibləri bəhrələnmiş və mədəni iqtibas etmişlər.

İki ölkə arasında mədəni əlaqələrin inkişafının digər dövrü ötən əsrin 50-ci illərinin sonunda İraqla SSRİ arasında diplomatik əlaqələrin bərpasından sonra başlanır. 1958-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə Azərbaycanda təşkil olunan təntənələrdə şairin vətəni olan İraqdan da qonaqlar iştirak etmişdilər. Dahi şairin vətənindən gəlmiş qonaqlara xüsusi səmimiyyət və ehtiramla yanaşan azərbaycanlı yazıçı və şairlər, eyni zamanda, yaradıcılıq mübadilələri də aparmışlar.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 28 fevral.- S.15.