Xocalı həqiqətləri Londonda
Leyla Əliyeva: “Sonsuz dəhliz” erməni qəddarlığını
üzə çıxaran Xocalı
qırğınının ağlagəlməz dəhşətlərini
əks etdirən real sənədli filmdir”
Leyla Əliyeva: “Sonsuz dəhliz” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir”
Müasir dövrümüzdə Azərbaycan gəncliyinin səsi dünyanın müxtəlif bölgələrindən eşidilir. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil şəkildə layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri, xidməti vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər təşkilatının sədri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bir gənc, ölkəmizi təmsil edən nümayəndə olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri var. O, genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Kampaniya çərçivəsində kifayət qədər layihələr həyata keçirilib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində dünyanın bir sıra ölkələrində və ABŞ-ın 15 ştatında Xocalı qətliamı soyqırımı kimi tanınıb. Eyni zamanda faciə qurbanlarının xatirəsinə abidələr ucaldılıb, müxtəlif tədbirlər keçirilib.
Bu günlərdə Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin geniş auditoriyada premyerası da elə Xocalı həqiqətlərinin təbliğində əhəmiyyətlidir.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib. Qeyd edək ki, sənədli film üzərində 5 ilə yaxın çalışan A.Brokas bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirib. Azadlıq və müstəqilliyə gedən yol bütün keçmiş sovet respublikalarında oxşar olub. Onun sözlərinə görə, “Müstəqillik insanların qanı bahasına başa gəlib. Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar verilməsinə dair bariz nümunədir”.
Filmdə litvalı jurnalist Riçard Lapaitis demişdir ki, o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini 20 ildən sonra müharibə müxbiri kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “Sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
Filmdə faciəni törədən erməni komandirlər də müharibənin strategiya və səbəblərindən danışırlar. BMT və digər beynəlxalq qurumların erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu bu günədək işğal altında saxlamaqda davam edir.
Filmin təqdimatından sonra “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, “Endless Corridor” filminin çəkilməsindən məmnun qaldığını qeyd edib:”Endless Corridor” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də iştirak ediblər. Premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.
Filmin yaradıcı heyətinə gəlincə isə qeyd edək ki, Aleksandr Brokas litvalı prodüser və rejissordur. Helsinki Tətbiqi Elmlər Metropolia Universitetinin beynəlxalq filmşünaslıq bölməsini və Litva Musiqi və Teatr Akademiyasını bitirmiş, postsovet regionunda qadın hüquqlarına dair film layihələrinin iştirakçısı olmuşdur. Rejissor Soros Fondu, Skandinaviya və Baltikyanı ölkələrin televiziya kanalları ilə uğurlu əməkdaşlığın ardınca diqqətini Qafqaza yönəltmişdir ki, buradakı layihəsinin kulminasiya nöqtəsi də “Sonsuz dəhliz” sənədli filmidir.
Film Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya xalqlarına çatdırılmasında ən gözəl vasitələrdən biridir.
NƏZAKƏT
Səs.-2014.- 2 iyul.- S.5.