Vahid Avropada vahid siyasət zərurəti

 

 

Avropa Şurasına üzvlük mexanizminə uyğun olaraq, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik funksiyalarını həyata keçirməyə başlayır. Bu münasibətlə AŞPA-nın 24 iyun iclasında çıxış edən ölkə başçısı cənab İlham Əliyev son onillikdə ölkəmizin siyasi- iqtisadi və sosial-mədəni həyatında baş verən köklü dəyişikliklərin qısa xülasəsini təqdim etdi. Ölkə başçısı əsas strateji tərəfdaş kimi güclü və sabit Avropa ilə sıx əməkdaşlığın Azərbaycanın milli maraqlarına cavab verdiyini və buna görə də Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq Avropa İttifaqı ilə çoxtərəfli, sıx və ardıcıl əməkdaşlıq etdiyini vurğuladı. Hələ 1996-cı ildə “Tərəfdaşlıq və Əməkdaşlıq müqaviləsi”nin imzalanmasından sonra qarşılıqlı əməkdaşlığın müvafiq mexanizmləri işlənib hazırlanmış, 2004-cü ildə isə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olmuşdur. 2008-ci ildən etibarən Azərbaycanın Şərq Tərəfdaşlığı Təşəbbüsündə iştirakı nəticəsində Avropa İttifaqı ilə münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı münasibətlərin prioritet istiqamətlərindən biri olmaqla həm Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına, həm də Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına əlverişli zəmin formalaşdırmışdır. Bütün bunlar sabit Avropanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Təsadüfi deyil ki, Avropaya və Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında ifadə olunmuşdur. Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə son görüşündə və eləcə də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Avropa İttifaqı ilə münasibətləri Azərbaycan üçün prioritet adlandırması ölkəmizin tutduğu siyasi yolun konturlarını və tərəddüdsüzlüyünü aydın şəkildə ifadə edir.

Azərbaycanın Avropa İttifaqı ilə strateji münasibətləri daim inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etməklə yanaşı, Prezident İlham Əliyev bu gün Avropa məkanında həllini gözləyən problemlərə də toxundu. Əlbəttə, bu iclasda Avropa problemlərini təfsilatı ilə araşdırmaq mümkün olmazdı və buna görə də cənab İlham Əliyev Azərbaycanın bu quruma sədrlik edəcəyi müddətdə Avropa dövlətlərinin diqqətini mövcud problemlərin həllinə yönəltmək istiqamətində fəal iş aparılacağını bəyan etməklə kifayətləndi. Lakin geniş tərəfdaşlıq əlaqələrimizin olduğu Avropa İttifaqında baş verən hadisələr AŞ-nın üzvü kimi Azərbaycana da təsirsiz ötüşmür. Bu baxımdan Avropa İttifaqında bu gün baş verən proseslərə, xüsusilə ziddiyyətli məqamlara obyektiv nəzər salmaq ölkəmizlə Aİ arasında ardıcıl və sistemli siyasi münasibətlərin formalaşdırılması baxımından olduqca önəmlidir.

Avropa İttifaqının təşəkkülünə aparan yolu bütövlükdə dünya tarixinin fenomenal hadisəsi hesab etmək olar. İnsanların, əmtəə və xidmətlərin, kapitalın azad hərəkəti ideyasını İttifaqın təməl prinsipləri kimi qəbul etməklə, Aİ regional əməkdaşlıq və inteqrasiyanın nümunəvi modelini yaradıb. 1993-cü ildə Maastrix müqaviləsinin imzalanması ilə artıq iqtisadi, ticari münasibətlərin dərin kök saldığı Avropa məkanında, həm də regional siyasi birliyin əsası qoyuldu. Avropa İttifaqının baş tutması digər regionların ölkələrinə də beynəlxalq münasibətlər sitemində yeni inteqrativ proseslərin örnəyini təqdim etmək baxımından tarixi hadisəyə çevrildi. Təsadüfi deyildir ki, Avropa İttifaqının təsis olunmasından sonra Şərqi Asiyada, Afrikada, Cənubi Amerikada, eləcə də türk dövlətləri coğrafiyasında regional əməkdaşlığın dərinləşdirilməsinə yönələn regional birlik modelləri üzərində diskussiya və təşəbbüslər müntəzəm hal aldı.

Lakin bu gün Avropa İttifaqına daxil olan dövlətlər və onların xalqları əvvəllər çox nikbinliklə təşviq edilən İttifaq coğrafiyasının genişlənməsinə, xüsusilə mövcud iqtisadi durumun perspektivinə skeptik yanaşmağa başlamışlar. Bu gün İttifaqa üzv olan dövlətlərdə cərəyan edən hadisələrin, hərdənbir təzahür edən radikallaşma meyllərinin, bütövlükdə regionda baş verən proseslərin - Avropa İttifaqı kimi nümunəvi regional birliyin dayaqlarını sarsıda biləcək qədər təhlükəli xarakter alması da diqqətdən yayına bilməz. Demək olarki, istisnasız olaraq bütün Avropa ölkələrində vaxtaşırı baş verən etiraz nümayişləri, Avropa parlamentinə son seşkilərdə bəzi ölkələrdə ifrat sağçı qüvvələrin çox səs toplaması bütövlükdə Avropa cəmiyyətində inamsızlıq sindromunun mövcudluğunu əks etdirir. Avropa İttifaqı kimi unikal və konstruktiv bir qurumun belə bir durumla üzləşməsinin bir sıra siyasi, iqtisadi və sosial səbəbləri vardır.

Avropa İttifaqı özünün ən yüksək inteqrasiya səviyyəsinə çatdıqdan, yəni Maastrix müqaviləsinin imzalanmasından sonra, üzv dövlətlərin bir çox suveren hüquqlarının Avropa İttifaqı təsisatlarına ötürülməsi prosesi başlandı. Avropa Parlamenti, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Ədalət Məhkəməsi, Avropa Mərkəzi Bankı kimi dövlətüstü təsisatlar üzv dövlətlərin icra, qanunverici və məhkəmə səlahiyyətlərinin əhəmiyyətli bir qismini öz üzərinə götürdü. Avropa İttifaqının coğrafi sərhədlərini nəzərəçarpacaq qədər genişləndirməyə başladığı 2004-cü ilə qədər qeyd olunan təsisatların fəaliyyəti ilə üzv dövlətlərin hakimiyyətləri arasında hər hansı ciddi fikir ayrılığına rast gəlinmir. Lakin məhz bu tarixdən – 2004-cü ildən sonrakı dövrdə Avropa İttifaqında baş verən siyasi proseslər fərqli istiqamət almağa başladı. 2008-ci ildən etibarən başlayan ümumdünya maliyyə böhranı və bu böhranın Avropa İttifaqına daxil olan dövlətlərdə özünü daha kəskin şəkildə büruzə verməsi İttifaq tərkibində ciddi fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasına yol açdı.

Avropa İttifaqının genişlənməsi zahirən nə qədər sistemli və harmonik proses kimi görünsə də, yeni üzv dövlətlərin İttifaq daxilindəki siyasi və iqtisadi rolu qısa zaman kəsiyindən sonra müzakirə obyektinə çevrildi. Avropa İttifaqı üzv olmaq istəyən dövlətlər üçün nə qədər ilkin tələblər irəli sürsə də, həmin dövlətlər üzvlük statusu qazandıqdan az sonra onların bu tələbləri lazımınca yerinə yetirmədiyi üzə çıxmağa başladı. Macarıstan, Kipr, Bolqarıstan, Rumıniya kimi dövlətlərin üzvlüyü İttifaqın Almaniya, Böyük Britaniya, Fransa kimi həlledici üzv dövlətləri və onların vergi ödəyiciləri üçün artıq yük kimi qiymətləndirilir. Bu proses Avropa İttifaqının coğrafiyasının genişlənməsinə qarşı çıxışların, hətta İttifaqı tərk etmək barədə çağırışların ortaya çıxmasına səbəb olur. Belə olan halda, daha zəif iqtisadiyyata və daha az ÜDM-a malik olan üzv dövlətlərə böyük həcmdə subsidiyaların ayrılmasını tələb edən Avropa İttifaqı institutları ilə güclü iqtisadiyyata malik olan üzv dövlətlər arasında ciddi ixtilafların yaranması təbii və gözləniləndir. Avropanın iqtisadi cəhətdən güclü dövlətləri öz büdcə kəsirlərinin sürətlə artdığı bir məqamda iqtisadiyyatı zəif olan üzv dövlətlərə maliyyə yardımının ayrılmasına qəti şəkildə etiraz edirlər. Həm də belə bir vəziyyətin davamlı olub ənənəyə çevriləcəyi ehtimalları güclü dövlətlərin etirazçılıq ruhunu daha da artırır. Bu amil iki əsas ziddiyyətli məqamı ortaya çıxarır: Avropa İttifaqına yeni üzv olmuş dövlətlər gözləntilərinin əksinə olaraq regional inteqrasiyanın gətirdiyi üstünlüklərdən yararlanmaq imkanından tam istifadə edə bilmirlər. Həmin dövlətlər Avropa İttifaqının bir parçası olaraq iqtisadiyyatlarını stimullaşdırmaq üçün İttifaqın dayanıqlı iqtisadiyyata malik olan üzv dövlətlərindən lazım olan siyasi-iqtisadi-maliyyə dəstəyini almaqda çətinlik çəkirlər. Bu da öz növbəsində yeni üzv dövlətlərin hakim elitasında, eləcə də bütövlükdə cəmiyyətdə Avropa İttifaqına münasibətdə “puç olmuş xəyallar” effektini yaradır. Bununla yanaşı, bir zamanlar Avropa İttifaqının genişlənməsinə hər vəchlə dəstək verəcəklərini bəyan edən əsas İttifaq üzvlərinin – “Avropa Patriarxlarının” yeni üzv dövlətlərin problemlərinə indeferent və “sayğısız” münasibət göstərmələri bu məkanda qarşılıqlı etimad mühitinin zədələnməsinə gətirib çıxarır.

Avropa İttifaqı regional iqtisadi inteqrasiya proseslərinin intensiv getdiyi məkan olduğuna görə İttifaqa daxil olan ölkələrin iqtisadiyyatları bu inteqrasiya modelinin tərkib hissəsinə çevrilmişdir. Bu hal avrozonaya daxil olan ölkələrdə daha aydın şəkildə özünü büruzə verir. Belə olan halda, bir üzv ölkədə baş verən iqtisadi və maliyyə təlatümlərinin digər üzv dövlətə təsir etmə reallığı qaçılmazdır. Bu baxımdan, təkcə Avropa İttifaqına yeni üzv olmuş dövlətlər deyil, eyni zamanda İttifaqın təsisçi dövlətlərindən biri olan İtaliya, həmçinin keçən əsrin 80-ci illərindən Avropa siyasi-iqtisadi məkanının tərkib hissəsi kimi çıxış edən Yunanıstan, İspaniya kimi avrozonaya daxil olan dövlətlər də ciddi iqtisadi və maliyyə böhranı ilə üz-üzədirlər. Belə bir vəziyyət İttifaq daxilində onsuz da kövrək olan münasibətlərin daha da korlanmasına gətirib çıxarır. Avropa İttifaqının əsas institutlarından biri olan Avropa Mərkəzi Bankı avrozonaya daxil olan İtaliya, İspaniya və Yunanıstana maliyyə yardımının göstərilməsinin ilkin şərti kimi sərt qənaət və büdcə restrukturizasiya tədbirlərini həyata keçirməyi təklif edir. Bu dövlətlərin hökumətləri tərəfindən büdcə islahatları adı altında həyata keçirilən tədbirlər isə cəmiyyət daxilində kəskin ziddiyyətlərin, narazılıqların yaranmasına gətirib çıxarır. Artıq bu gün Yunanıstan, İtaliya kimi dövlətlərin vətəndaşları düşdükləri ağır durumun əsas səbəbkarları kimi Avropa İttifaqının baza institutlarını və İttifaqın əsas söz sahibi olan dövlətlərini qınayırlar. Qarşılıqlı olaraq Avropa İttifaqının institutları, eləcə də Almaniya və Böyük Britaniya kimi dövlətlər də mövcud iqtisadi-maliyyə problemlərini vaxtında aşkarlamadıqlarına və preventiv tədbirlər görmədiklərinə görə Yunanıstan, İspaniya və İtaliya hökumətlərini ittiham edirlər. Göründüyü kimi, üzv dövlətlər və Avropa İttifaqının institutları Birliyin qarşılaşmış olduğu problemlərin həlli yollarını axtarmaq əvəzinə, qarşılıqlı ittihamlara əsaslanan və etimadsızlıq mühitinin dərinləşdirən təhlükəli siyasi xətt yürüdürlər.

İqtisadi-maliyyə böhranının təsirlərini maksimum dərəcədə azaltmağa cəhd edən üzv dövlətlərdə artıq iqtisadi milliyətçilik anlayışı meydana gəlmişdir. Avropa İttifaqında iqtisadi inkişafın az da olsa müşahidə olunduğu Böyük Britaniya və Almaniya dərin iqtisadi problemlərlə üzləşən üzv dövlətlərdən gələ biləcək təhlükəni önləmək üçün proteksionist siyasət həyata keçirməkdə maraqlı görünürlər. Artıq bu dövlətlərdə hətta böhranlı ölkələrin vətəndaşlarına qarşı immiqrasiya qaydalarının sərtləşdirilməsi məsələsi gündəmə gətirilir. Bu isə Avropa İttifaqının təməl prinsiplərindən olan insanların azad hərəkəti ideyası ilə açıq şəkildə təzad təşkil edir.

Digər ziddiyyətli məqam ondan ibarətdir ki, bir zamanlar Avropa İttifaqının genişlənməsini özlərinin prioritet istiqamətləri kimi qəbul edən dövlətlər bu gün tamamilə əksinə olaraq, İttifaqın dayaqlarını sarsıtmağa meylli siyasət yürüdürlər. Özlərini demokratiyanın beşiyi adlandıran Böyük Britaniya, Fransa, Almaniya kimi dövlətlərin hökumətləri öz siyasi hakimiyyətlərinin birtərəfli fəaliyyətlərini və digər nöqsanlarını ört-basdır etmək üçün bütün məsuliyyəti bir təsisat olaraq Avropa İttifaqının üzərinə atmağa çalışırlar. Bəlkə də belə bir siyasətin yürüdülməsi qısa müddətli siyasi divident əldə etməyə, Avropa İttifaqından narazı elektoratın səsini qazanmağa kömək edə bilər. Məsələn, 2013-cü ilin yanvarında Böyük Britaniyanın baş naziri David Kemeron tərəfindən mühafizəkarların növbəti seçkilərdə qələbə qazanacağı təqdirdə İttifaqı tərk etmək və ya onun tərkibində qalmaq barədə referendum keçirəcəyini bəyan etməsi ölkəsinin uzunmüddətli maraqlarını təmin etməkdən daha çox Avropa İttifaqından narazı olan elektoratın səsini qazanmağa xidmət edirdi. Əlbəttə, Avropa İttifaqının qarşılaşmış olduğu problemləri inkar etmək mümkün deyil. Lakin bu problemlərin qarşılıqlı əməkdaşlıq əsasında siyasi həlli yollarının axtarılması əvəzinə uzun illərin zəhməti hesabına formalaşmış Birliyi tərk etmək çağırışları Avropa dəyərlərinə dönüklükdən başqa bir şey deyildir. Belə siyasi xətt uzunmüddətli perspektivdə uğurlu hesab edilə bilməz. İttifaq daxilində münasibətlərin daha da gərginləşməsinə, xalqların birgəyaşayış ənənələrinin pozulmasına gətirib çıxaran belə siyasi mövqeyin ortaya qoyulması Avropa İttifaqının təməl prinsiplərinin sarsıdılması deməkdir. Bu prosesin mərkəzdənqaçmaya və daha sonra “separatçılığa” aparıb çıxarmayacağına isə heç kim təminat verə bilməz.

Avropa Parlamentinə keçirilən son seçkilər də Avropada radikallaşma tendensiyasının nə qədər təhlükəli xarakter aldığını tam aydınlığı ilə göstərir. Bu seçkilərdə Avropanın millətçi partiyalarının Avropa Parlamentində müəyyən həddə təmsilçilik əldə edəcəyi proqnozlaşdırılsa da, parlament yerlərinin əksəriyyətinin ultra-millətçi partiyaların nümayəndələri tərəfindən tutulacağını çoxları gözləmirdi. Lakin Avropa İttifaqına üzv olan dövlətlər və Avropa İttifaqı institutları sanki gözləmədikləri nəticə ilə üz-üzə qaldı. Artıq bu gün Avropa Parlamentində 9 ultra-sağçı partiya təmsil olunmaqdadır. Neo-nasistlərdən tutmuş özlərini milli cəbhənin fədakar üzvləri adlandıranlara qədər Avropa üçün böyük təhlükə vəd edən bütün qüvvələrin Avropa Parlamentində təmsilçilik qazanması Avropa İttifaqının qayəsini təşkil edən regional inteqrasiya, bərabərhüquqlu tərəfdaşlıq, demokratiya, tolerantlıq kimi dəyərlərin aşınma mərhələsinə daxil olduğunu deməyə əsas verir. Bu isə elə bir prosesdir ki, sunami dalğaları kimi, indiyədək formalaşmış bütün Avropa dəyərlərini silib-süpürmək iqtidarındadır.

Avropa Parlamentində qələbə qazanmış ultra-millətçi partiya nümayəndələrinin fikirləri Avropa İttifaqının gələcək taleyinə ciddi şəkildə kölgə salmaqdadır. Məsələn, Fransanın Milli Cəbhə partiyasının rəhbəri xanım Marin Lö Pen Avropa Parlamentinə keçirilən seçkilərdə partiyasının qələbə qazanmasını belə şərh edir: “...Fransa ucadan və aydın şəkildə bəyan etdi ki, o, Brüsseldəki xarici komissarlar tərəfindən deyil, fransızlar tərəfindən, fransızlar üçün və fransızlarla idarə olunmalıdır”. Əslində bu fikir orijinal deyil, vaxtilə ABŞ-ın 16-cı, Respublikaçılar partiyasından olan ilk prezidenti Avraam Linkolnun məşhur ifadəsinin – “Xalqın idarəçiliyi, xalq tərəfindən idarəçilik, xalq üçün idarəçilik” deyiminin dəyişdirilmiş, daha doğrusu, “fransızlaşdırılmış” formasıdır. Buna oxşar populist bəyanatlar Avropanın digər millətçi partiyalarının nümayəndələri tərəfindən də səslənir. Məsələn, Avstriyanın ultra-sağçı Azadlıq Partiyasının əsas fiqurlarından biri olan Andres Molzerin Avropa İttifaqını “zəncilərin konqlomeratı” adlandırması və bütün problemlərin sanki immiqrantlardan irəli gəldiyini əsaslandırması Avropada millətçilik kimi təhlükəli bir tendensiyanın gücləndiyini göstərir. Göründüyü kimi, Avropa İttifaqında radikallaşma meylləri artıq siyasi piramidanın ən yüksək pillələrində müşahidə edilməkdədir. Ən narahatedici məqam isə Avropa vətəndaşlarının son seçkilərdə məhz bu partiyalara həvəslə səs vermələridir. Beləliklə, bir sıra üzv dövlətlərlə Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərdə dərinləşməkdə olan etimadsızlıq mühiti millətçi partiyaların daha çox səs toplamalarının başlıca səbəbi kimi göstərilə bilər. Bu onu göstərir ki, artıq üzv dövlətlərin vətəndaşları həm öz hakimiyyətlərini, həm də bütövlükdə İttifaq strukturlarını getdikcə ağırlaşmaqda olan sosial-iqtisadi problemlərin əsas səbəkarı kimi görürlər. Belə olan halda, millətçi qüvvələr hakimiyyətə qarşı inamsızlıq şəraitindən və xalqın milli kimlik hisslərindən məharətlə istifadə edərək öz mövqelərini möhkəmləndirməyə nail olurlar. Proseslərin belə cərəyan edəcəyi təqdirdə millətçi partiyaların üzv dövlətlərdə şəriksiz aparıcı siyasi qüvvələrə çevriləcəyini proqnozlaşdırmaq heç də çətin deyil. Bu isə, Avropa İttifaqının və uzun illər ərzində formalaşmış Avropa dəyərlərinin sonu demək olardı.

Bütün bunlara baxmayaraq, Avropa İttifaqının Şurası tərəfindən qəbul olunmuş, Avropa İttifaqının 2020-ci ilə qədər əsas inkişaf istiqamətlərini müəyyən edən “Avropa 2020” inkişaf strategiyası kontinentdə güclənməkdə olan radikallaşma, millətçilik, dezinteqrasiya meyllərinin qarşısının alınmasına yönələn heç bir kollektiv və kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutmur.

Eyni zamanda, son zamanlar Avropanın şərqində baş verən proseslər Avropa İttifaqının həm də siyasi təsisat kimi regionda oynadığı rolu gündəmə gətirmişdir. Bir çoxları Avropa İttifaqının Ukrayna ətrafında baş verən hadisələrə münasibətdə sərgilədiyi mövqeyin yetərincə qətiyyətli olmadığı və münasibətlərin nizama salınması üçün malik olduğu siyasi təsir vasitələrindən səmərəli şəkildə istifadə etmədiyi qənaətindədir. Və sözsüz ki, haqlıdırlar. Ümumiyyətlə, Ukrayna hadisələri Avropa İttifaqının vahid xarici siyasət xəttinin hələ də formalaşmadığını açıq-aydın göstərir. Güclü hesab etdiyimiz üzv dövlətlər tərəfindən faktiki olaraq Avropada bir dövlətin coğrafi sərhədlərinin dəyişdirilməsinə qarşı quru bəyanatlardan və məhdud təsirə malik sansksiyalardan başqa hər hansı ciddi addımlar atılmadı. Avropaya ən yaxın coğrafi məkanda baş verən və qlobal dünya düzəninə təsir edən hadisələrə qarşı Avropa İttifaqının vahid mövqe ortaya qoya bilməməsi bu regional birliyin kənar və qəfil təhdidlərə qarşı hazırlıqsız olduğunu sübut etdi. Belə bir dramatik vəziyyətdə Avropa İttifaqının təhlükəsizliyinin qarantı kimi çıxış edən NATO-nun hərbi blokdan daha çox siyasi təşkilat kimi davranması kənar təhdidlərə qarşı real müdafiə mexanizminin kifayət qədər təsirli olduğunu şübhə altına alır. Rusiyanın suveren Avropa dövlətinə – Ukraynaya qarşı açıq hərbi müdaxiləsi sanki sarsıntı keçirən və çaşqınlığa düşən Avropa İttifaqının Şərqi Avropaya və Rusiyaya münasibətdə bir-biri ilə uzlaşmayan ikili siyasətini üzə çıxardı. Krım hadisələrindən ruhlanan etnik azlıqların, eləcə də İtaliyada, İspaniyada, Böyük Britaniyada qatı millətçi qüvvələrin bu proseslərdən istifadə edərək Avropanın müxtəlif yerlərində qeyri-sabitlik yaratmaq təhlükəsi artıq reallığa çevrilə bilər. Nəticədə separatçılıq meylləri Avropanın mərkəzinə doğru irəliləyə bilər.

Təəccüb doğuran odur ki, Avropa İttifaqına üzv olan dövlətlər İkinci dünya müharibəsindən sonrakı dövrdə olduğu kimi yaranmış problemləri aradan qaldırmaq üçün səylərini birləşdirməkdən daha çox, bu gün ayrı-ayrılıqda özlərini düşünməyə, tək xilas olmağa meyllidirlər. Bu gün Avropa İttifaqının vahid siyasi sistem olaraq, nə özünün əsas müttəfiqi olan ABŞ-a, nə Avrasiya dövlətlərinə, nə daimi müharibə şəraitində olan İslam Şərqinə, nə də ümumiyyətlə, beynəlxalq birliyə münasibətində “Vahid Avropa” siyasətinin mövcud olduğunu iddia etmək mümkün deyil. Halbuki Avropa siyasətində belə bir sistemli yanaşma, təxminən, on il bundan qabaq daha aydın sezilirdi. Bu baxımdan, Avropa İttifaqına üzv dövlətlər arasında İttifaqdaxili ziddiyyətlərin aradan qaldırılmasına, getdikcə genişlənməkdə olan radikallaşma meyllərinin qarşısının alınmasına yönəlmiş vahid siyasət konsepsiyasını hazırlayaraq onun gerçəkləşdirməsinə ciddi ehtiyac hiss olunmaqdadır. Avropa məkanının iyirminci əsrdə üzləşdiyi çətinliklərdən birgə səylər nəticəsində çıxmaq təcrübəsi Avropa İttifaqının bu günlərdə qarşılaşdığı problemlərə də sinə gərmək iqtidarında olduğunu deməyə əsas verir. Lakin bunun üçün ilk öncə üzv dövlətlərin siyasi iradə nümayiş etdirərək öz vətəndaşlarını birgəyaşayış ənənələrini qoruyub saxlamağa inandırmaları, “Vahid Avropa” ideyasına yeni nəfəs vermələri olduqca zəruridir. Bu təkcə Avropa üçün yox, bütövlükdə region üçün, eləcə də Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan üçün olduqca vacibdir.

 

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı,

Fəlsəfə doktoru

Səs.-2014.- 2 iyul.- S.10-11.