İlham Əliyev: "Ermənistan ordusu geri çəkilmə
prosesinə başlamalıdır"
Artıq düz dörddə bir əsrdir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçılıq siyasəti davam edir. "Nə sülh, nə də müharibə vəziyyəti"nin də artıq 19 "yaşı" tamam olmuşdur. Əslində müharibə davam etməkdədir, lakin onun aktiv hərbi fazasında atəşkəsdir. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması hərbi əməliyyatların istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları davamlı olaraq qulaqardına vurmaqda davam edir. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan "fəaliyyəti"nin də bu ilin mart ayında "21 yaşı" tamam olmuşdur. Digər bir məqamı da xatırlatmaq yerinə düşər ki, 1999-cu ildən bəri təxminən 50-yə qədər münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən ATƏT-in Minsk Qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. Təəssüf ki, münaqişənin həlli prosesi ilə bağlı acı reallıq belədir.
Ermənistan status-kvonun nsaxlanılmasında maraqlı görünsə də...
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli məsələ ilə bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir: "Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmasına baxmayaraq, o, hələ ki, davam etdirilməkdədir. Hər görüşlərdə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasətinin nəticəsidir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri də əvvəlki çoxsaylı təmasların taleyini təkrarlamalı olur. Hər halda münaqişənin tənzimlənməsi prosesinin real mənzərəsinin natamam təqdimatı belə sübut edir ki, Ermənistan hər vəchlə mövcud status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan üçün üsə bu variant qəbuledilməzdir. S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur".
Ermənistan Acərbaycanın güclü və qüdrətli ordusundan narahıtdır
E.Nəsirli bildirdi ki, qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli ölkələrindən birinə çevrilib və Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək və doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar: "Son günlər Prezident İlham Əliyev separatçı rejim haqqında olduqca sərt bəyanatlarla çıxış edir. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin "Ermənistan ordusu geri çəkilmə prosesinə başlamalıdır" bəyanatı olub. Bu bəyanatın da təsadüfi olmadığını bildirməyə əsaslar var. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu, ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə, əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır. Bundan artıq Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc olunan yazılardan açıq görmək mümkündür".
Politoloq E.Nəsirli onu da vurğulayıb ki, erməni tərəfində bu xüsusda həmçinin Azərbaycanın ordusunun güclənməsi istiqamətində atdığı addımlardan ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, Moskva son bir neçə ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələrə Azərbaycan qədər silah satmayıb. "Hazırda Prezident İlham Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil olmasına və Rusiyanın Ermənistanın arxasından çəkilməsinə çalışır. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir" - erməni mətbuatında son bir neçə gündə ən çox yazılan bu tipli şərhlərdir.
Politoloq onu da vurğulayıb ki, artıq Ermənistan və Dağlıq Qarabağın separatçı rejiminin də ciddi şəkildə narahatlıq içində olduğu seçilməkdədir: "Son günlər erməni mətbuatı Rusiyanın Ermənistana "xəyanət etdiyi" və Qarabağı Azərbaycana qaytarmaq üçün planlar qurduğu haqda çeşidli məlumatlar yayırlar. Düşmən ölkənin mətbuatı Putinin Prezident İlham Əliyevə söz verdiyini və Qarabağı Azərbaycana qaytarmağa hazır olduğunu bildirir. Əsas məqsəd isə çox sadədir. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir. Azərbaycan, Türkiyə və Rusiyanın gələn il aprelin 24-nə qədər vaxtı var. Bu zaman Ermənistan əsas geopolotik hadisələrin mərkəzinə çevrilə bilər. O vaxta qədər isə bu üç dövlət Ermənistanı bütün imkanlarından maksimal dərəcədə uzaqlaşdırmağa çalışır".
Erməni politoloq: "Qərb Qarabağın Bakıya qaytarılmasına mane olur"
Erməni politoloq Akop Badalyan "Axar.az"a verdiyi açıqlamasında Qərbin bütün vasitələrlə Qarabağın Rusiya tərəfindən həll edilməsi məsələsinə mane olacağını bildirib: "Moskva Azərbaycana 2-3 rayon verməklə öz qoşunlarını Qarabağda yerləşdirməyə çalışır. Avrasiya İttifaqı Moskvanın Bakı ilə danışıqlar apardığı meydanlardan biridir. Amma açar rolunu burada Türkiyə oynayır. Görünür, ümumiyyətlə, Qərb bu danışıqlardan təşvişə düşüb və bütün vasitələrlə ona mane olmağa çalışır. Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif etməsi də Rusiyanın ürəyincə deyil. Qərb yaxın müddətdə Rusiyanın planlarına mane olmağa çalışacaq. Fransa və ABŞ Moskvanın Qarabağ planına, eləcə də Ermənistanın Avrasiya İttifaqının üzvü olmasına maneçilik törədəcək".
Xatırladaq ki, hazırda erməni politoloqlarının əsas müzakirə mövzusu Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlı Bakı-Moskva arasında danışıqların getməsi barədə xəbərlərdir. Ermənistan ictimaiyyətinin ümumi qənaəti budur ki, Moskva 3 və yaxud 5 rayonun Azərbaycana qaytarılması əvəzində rəsmi Bakını Avrasiya İttifaqına üzv etməyə çalışır. Qeyd edək ki, bu informasiya erməni mətbuatının yaydığı məlumatdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bizdə elə bir məlumat yoxdur.
Göründüyü kimi, Ermənistan yaranmış bu vəziyyəti nə qədər tez anlasa, o qədər itirməyəcəkdir.
A.SƏMƏDOVA
Səs.-2014.- 5 iyul.- S.3.