Hücum diplomatiyası gücləndirilir
İlham
Əliyev: “Diplomatların fəaliyyəti Qarabağla
bağlı həqiqətlərin
dünyaya çatdırılmasına istiqamətlənməlidir”
Məlum olduğu kimi, bu günlərdə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Eyni zamanda, gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlətimizin başçısı bildirib ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərib.
Hücumçu diplomatiya, intensiv
hərbi və balanslı xarici siyasət
Azərbaycanın beynəlxalq siyasəti bu kriteriyalar üzərində qurulub. Ötən əsrin
sonlarında Ümummilli
Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
və addım-addım
tətbiq etdiyi bu xarici siyasət
kursu bu gün artıq özünü doğruldub.
Hər halda nəticə göz qabağındadır.
Nəticə isə bundan
ibarətdir - bu gün bölgədə Azərbaycanla rəqabət
aparmaq iqtidarında olan ikinci bir
dövlət yoxdur.
Azərbaycanın həm iqtisadi
potensialı, həm hərbi gücü, həm də beynəlxalq aləmdəki
çəkisi bütün
digər region dövlətlərindən
qat-qat üstündür.
Azərbaycan bölgədə cərəyan edən bütün siyasi prosesləri öz xeyrinə yönəldə
bilib. Azərbaycanla hesablaşırlar, ölkəmiz dünya dövlətləri tərəfindən
bərabərhüquqlu tərəfdaş
kimi qəbul edilir. Sözügedən
müşavirədə Prezident
İlham Əliyev bildirib ki, Azərbaycan
beynəlxalq aləmdə
çox etibarlı tərəfdaş kimi tanınır: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır.
Bu gün Azərbaycanın
xarici siyasəti prinsipiallığı və
müstəqilliyi ilə
seçilir. Bunun əsas
səbəbi, əlbəttə
ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil
siyasət apara bilməz”.
Prezident
İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli
həlli xüsusilə
mühüm yer tutur. Aparılan uğurlu diplomatiya
nəticəsində nüfuzlu
beynəlxalq təşkilatlar
haqqın və ədalətin Azərbaycanın
tərəfində olduğunu
etiraf edir, Ermənistanı təcavüzkar
dövlət kimi tanıyırlar. Bütün
çıxışlarında olduğu kimi, sözügedən müşavirədə
də xarici siyasətlə bağlı
əsas məsələnin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli olduğunu bildirən Prezident İlham Əliyev təəssüflə qeyd
edib ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlətimizin başçısı Azərbaycanın məsələni
dinc yolla həll etmək istəyini bildirib və vurğulayıb ki, bununla yanaşı,
Ermənistanın qeyri-konstruktiv
mövqeyi, eləcə
də beynəlxalq hüququn işləməməsi
və güc amilinin əsas rol oynaması məsələnin hərbi
yolla həllini istisna etmir. Azərbaycan Prezidenti bu səbəbdən
də ordu quruculuğumuzla bağlı
aparılan ardıcıl
siyasətimizin düzgün
olduğunu vurğulayıb.
Dövlət başçısı Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə
Qarabağla, o cümlədən
İrəvan xanlığı
ilə bağlı həqiqətlərin dünyaya
çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğulayıb
ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən
mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.
Ermənistan tərəfindən işğal
olunmuş torpaqlarımızın
azad edilməsi sahəsində diplomatik səylərin davam etdirildiyini, səfirliklərin
bu istiqamətdə fəaliyyətinin məqsədyönlü
olduğunu, Qarabağ
məsələsinə dair
ədalətli, yəni
maraqlarımızı təmin
edən beynəlxalq təşkilatların qətnamə
və qərarlarının
kifayət qədər
qəbul edildiyini, hüquqi bazanın möhkəm və sarsılmaz olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu
məsələ ilə
bağlı Ermənistanın
mövqeləri çox
zəifdir, bizim mövqelərimiz isə çox güclüdür.
“Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm
olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji və nəqliyyat layihəsinə
qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz
davam etdirilməlidir.
Bu, öz bəhrəsini
verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar, doğrudan
da, istəyirlər ki, bölgədə də sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır.
Çünki əks-təqdirdə məsələnin başqa
yolla həll edilməsi istisna deyildir. Biz bunu
heç vaxt istisna etməmişik.
Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın
sülhsevər siyasəti,
bölgədə gedən
proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə
artıq sabitləşdirici
amil kimi çıxış etməsi
bizi bu radikal
addımlardan, hələ
ki, çəkindirir.
Ona görə, məsələnin
tezliklə həlli hər tərəfin marağında olmalıdır”.
Beləliklə, bütün bunlar bizim güclü dövlətə sahib olduğumuzu
bir daha sübut edir. Dəqiq konsepsiyamızın,
inkişaf proqramımızın
olması bunu bir daha məqsədyönlü
formaya çevirir.
Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi, “Bizim artıq güclü dövlətimiz vardır-müstəqil
Azərbaycan dövləti.
Bizim dəqiq konsepsiyamız vardır. Bu poqramın reallaşması
nəticəsində Azərbaycan
inkişaf etmiş ölkələrin sırasına
daxil ediləcəkdir.
Əgər gələcəklə
bağlı fikirlərimizi
bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!”
RƏFİQƏ KAMALQIZI
Səs.-2014.- 9 iyul.- S.2.