Suraxanı rayonunda Abbasqulu Ağa
Bakıxanovun 220
illiyi qeyd olunmuşdur
Bakı,
8 iyul (AzərTAc). Suraxanı Rayon İcra Hakimiyyətinin və
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı
ilə görkəmli yazıçı, alim və ictimai xadim
Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş
konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, yubiley tədbirində Milli Məclisin
deputatları, Təhsil, Mədəniyyət və Turizm
nazirliklərinin nümayəndələri, görkəmli
alimlər və rayon ziyalıları iştirak etmişlər.
Tədbir
iştirakçıları Suraxanı rayonunun Əmircan kəndində
anadan olmuş Abbasqulu Ağa Bakıxanovun adını
daşıyan parka gələrək burada aparılmış əsaslı
təmir və yenidənqurma işlərindən sonra
yaradılmış şəraitlə tanış olmuş və
ədibin parkda qoyulmuş büstünü ziyarət
etmişlər.
Rayon
icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat
vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Abbasqulu Ağa Bakıxanovun 220 illik
yubileyinin keçirilməsi haqqında” 2014-cü il 12 fevral
tarixli Sərəncamına uyğun olaraq ədibin
adını daşıyan parkda geniş abadlıq işləri
həyata keçirilmiş, burada qəsəbə sakinlərinin
istirahəti, uşaqların əylənməsi
üçün əlverişli şərait
yaradılmış, Abbasqulu Ağa Bakıxanovun büstü
qoyulmuşdur.
Parkda
incəsənət ustalarının ifasında Abbasqulu Ağa
Bakıxanovun sözlərinə yazılmış musiqi
nömrələri səsləndirilmişdir.
Sonra
tədbir iştirakçıları Ulu Öndərin
Suraxanı rayonundakı Heydər Əliyev parkında
ucaldılmış abidəsini ziyarət etmiş, Heydər
Əliyev Mərkəzini ziyarət etmiş, Abbasqulu Ağa
Bakıxanovun və onun haqqında yazılmış əsərlərdən
ibarət kitab sərgisi ilə tanış olmuşlar.
Mərkəzin
elektron lektoriyasında öz işini davam etdirən konfransda
İlqar Abbasov Azərbaycanın ictimai-mədəni fikir
tarixinin görkəmli nümayəndəsi, böyük
maarifçi, tanınmış alim və şair Abbasqulu
Ağa Bakıxanovun həyat və
yaradıcılığından geniş söz
açmışdır.
Bildirilmişdir
ki, ədib 1841-ci ildə yazdığı
“Gülüstani-İrəm” əsəri ilə Azərbaycan
tarixşünaslığının əsasını
qoymuşdur.
Abbasqulu
Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif
sahələrinə aid zəngin bir irs yaratmışdır.
Xalqın həyatında əsaslı dəyişikliklərə
yol açmış maarifçilik ideyalarının bərqərar
olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın
tarixi keçmişinin müasir dünya elmi səviyyəsində
yeni, sistemli tədqiqi mərhələsi Abbasqulu Ağa
Bakıxanovun adı ilə sıx bağlıdır. O, fəlsəfə,
astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər,
Azərbaycan və fars dillərində şeirlər
yazmış, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda
Şərq və Avropa mədəniyyətlərinin birləşməsi,
keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoyması sahəsində Mirzə Fətəli Axundzadənin
sələfi olmuşdur.
Vurğulanmışdır
ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu dövlətimizin
başçısı İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli siyasətə öz layiqli
töhfəsini verir, xalqımızın mədəniyyətinin,
milli mənəvi dəyərlərinin təbliğində
müstəsna rol oynayır.
Konfransda
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı, akademiyanın müxbir üzvü, Əməkdar
Elm Xadimi, professor Yaqub Mahmudovun, mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyevin, Milli Məclisin
deputatlarından Nizami Cəfərovun, Musa Quliyevin və
başqalarının Abbasqulu Ağa Bakıxanovun çoxsahəli
fəaliyyəti haqqında maraqlı məruzələri dinlənilmişdir.
Abbasqulu
Ağa Bakıxanov nəslinin nümayəndəsi, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru, Xalq Artisti Tofiq Bakıxanov mədəniyyətimizə
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını
bildirmişdir.
Səs.-2014.- 9 iyul.- S.11.