Mən Heydər Əliyev kimi insanla birgə
çalışdığım üçün qürur
duyuram və bu, həyatımın ən
mənalı hissəsini təşkil edir
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov
- Zahid
müəllim, 80 yaşınız tamam olur. Bu
münasibətlə Sizi təbrik edirik. 80
illik yubileyinizi hansı əhval-ruhiyyədə
qarşılayırsınız?
-
Əslində, 80 il hər gün, hər
saat fəaliyyətdə olub bu yaşa çatmaq insan
üçün böyük şərəfdir. Mənim həyatım son dərəcə sadə
olub. 1934-cü il iyulun 10-da
Gürcüstanın Başkeçid rayonunun (indiki Dmanisi)
Ormeşən kəndində çoxuşaqlı ailədə
dünyaya gəlmişəm. 1937-də atamı
həbs etdilər, o, Türkiyədə ruhani təhsili
almışdı. Evimizdə Nizaminin və
digər ədəbiyyat adamlarının ərəb əlifbasında
olan əsərləri var idi. O zamankı hökumət
isə bunları «Quran» hesab edib evimizdən
aparmışdılar. Atamla yanaşı, kəndimizdə
9 nəfər sayılıb-seçilən azərbaycanlını
da həbs etdilər. Yəni bununla demək
istəyirəm ki, bizim ailə ağır şəraitdə
yaşayıb. Mən də bu şəraitdə
yaşayıb böyümüşəm, işləmişəm.
Daha sonra İkinci Dünya müharibəsinə görə
kəndimizdə məktəb bağlandı, biz 7 kilometr uzaqda
yerləşən Qızılkənd məktəbinə hər
gün gedib-gəlirdik. Həm də o kəndin yolu meşənin
içi ilə, eniş-yoxuşlu idi. Dərslərimiz
ikinci növbə olanda isə hətta elə olurdu ki,
qaranlıqda məktəbə gedib-gəlirdik. Belə bir şəraitdə orta məktəbi
bitirmişəm. Sinifdən sinifə
keçirildiyim üçün 16 yaşında məktəbi
bitirdim. Bunun
özü də bir zəhmətdi. Orta
məktəbi oxuya-oxuya kotanla əkin əkirdik. Amma buna baxmayaraq, oxumağa çox meyilli olmuşam.
Orta məktəbi bitirdikdən sonra 1952-ci ildə
Bakıya gəldim və Dövlət Pedaqoji İnstitutuna qəbul
olundum. 1956-cı ildə institutu bitirdikdən
sonra mənim təyinatımı Gürcüstana, bitirdiyim məktəbə
verdilər. Hələ dərslər
başlamamış tanışlıq üçün məktəbə
gəldim, direktorla görüşdüm. Sonra
məni rayon partiya komitəsinə çağırdılar.
O vaxt Başkeçid rayonunun birinci katibi Sosialist Əməyi
Qəhrəmanı Mahmud Quliyev idi. O, çox güclü
şəxsiyyət idi. M.Quliyevlə Gürcüstanın
birinci katibi Vasili Pavloviç Javanadze yaxın dost idilər. Javanadze də SSRİ-nin baş katibi
N.Xruşşovla bacanaq idi. Beləliklə,
M.Quliyevin N.Xruşşova birbaşa çıxışı
var idi. Görüşümüz
zamanı M.Quliyev partiyanın Siyasi Bürosunun qərarını
mənə çatdırdı. Həmin qərara əsasən,
iki illik təhsili olanlar məktəb direktoru ola
bilməzdi, məktəb direktorları yalnız ali təhsillilər
olmalıdır. Birinci katib dedi ki, səni məktəb
direktoru göndərəcəyik. Məsləhət
oldu ki, elə öz məktəbimizdə direktor işləyim.
Beləliklə,
gedib həmin məktəbdə işləməyə
başladım, yay mövsümlərində isə müəllimlərdən
briqada təşkil edib kənddə, sonra da Şindi dağına
ot biçməyə gedirdik. Çünki kolxoz-sovxoz dövrü idi ki, biz bu sahədə
də özümüzü göstərməli idik. Fəaliyyətim rəhbərlik tərəfindən
də müsbət qiymətləndirildi və 1957-ci ildə mən
Gürcüstan müəllimlərinin 1-ci qurultayına
nümayəndə seçildim. Həmin
qurultayda da ilk medalla - «Əməkdə fərqlənməyə
görə» medalı ilə təltif olundum. Eduard
Şevardnadze ilə də həmin tədbirdə tanış olmuşdum. 1959-cu ildə isə
Başkeçid rayonunda komsomolun birinci katibi seçildim. Bu vəzifəni daşımaqla yanaşı, rayon
partiya komitəsinin büro üzvü və şəhər
sovetinin deputatı, eləcə də, bir neçə
komissiyasının rəhbəri vəzifəsini
daşıyırdım. Eyni zamanda, tez-tez
kolxozlara təhkim olunurduq. Bütün
bunlar isə məni yormağa başladı.
Mən elmi fəaliyyətlə məşğul olmaq
arzusunda idim, ona görə də, Bakıya gəldim və
aspiranturaya daxil oldum. Aspiranturanı bitirdikdən sonra təyinatımı
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna verdilər və
uzun müddət bu institutun direktoru vəzifəsində
çalışdım. Ta Milli Məclisə
deputat seçilənədək burada, eyni zamanda, müəyyən
müddət maarif nazrinin müavini işlədim. 1995-ci
ildən 2005-ci ilədək parlamentin üzvü olmuşam,
Milli Məclisin daimi komissiyasının sədri vəzifəsində
çalışmışam. Bu işlərlə
paralel partiya işindən də kənarda qalmamışam.
Bu gün də partiya işindəyəm, həm
də elmi fəaliyyətlə məşğul oluram.
Ümumiyyətlə,
mən sadə həyat sürmüşəm.
3
övladım, 7 nəvəm var. Övladlarımdan razıyam,
müxtəlif
işlərdə çalışırlar. Bütövlükdə, həyatımdan razıyam.
Zəhmət içərisində
yaşamışam, ona görə də, şöhrətpərəst
olmamışam. Belə həyat tərzi
yaşamışam və bu yaşayışım da məni
qane edir. Ömrüm boyu heç kimə nə
xəyanət, nə də pislik etməmişəm.
- 80 illik
həyatınızda elmi-pedaqoji fəaliyyət nə kimi yer
tutur?
- Əlbəttə
ki, bu sahə həyatımda
mühüm yer tutur. Dediyim kimi, 1956-cı ildə ali məktəbi bitirmişəm. Məktəb direktoru işləyə-işləyə
aspiranturaya hazırlaşırdım. Komsomolun
birinci katibi olduğum üçün qiyabini
seçmişdim. Amma sonradan əyani
şöbəyə keçib oxudum. Aspiranturada
oxumaq üçün Bakıya gizli gəldim. Çünki rayonumuzun rəhbəri Mahmud Quliyev məni
buraxmayacaqdı. Xəbər tutanda da məni
danladı ki, səni öz yerimə hazırlayırdım.
Sonra məni rayon İcraiyyə Komitəsinin sədri
vəzifəsinə çağırsalar da, getmədim.
1956-cı ildə elmi işlə məşğul
olmağa başladım, rayon qəzetində çoxlu elmi
yazılarım nəşr olundu. 1961-1964-cü
illərdə aspirantura təhsili aldım. Elmi rəhbərim isə Abbasqulu Abbaszadə idi.
Məndə əsasən
təbiət-riyaziyyat elmləridir, fizika-riyaziyyat müəllimiyəm
və bu sahə üzrə də elmlər doktoruyam. Bununla belə, pedaqoji-psixoloji ədəbiyyata
çox yaxın adamam. Həmişə də
tədqiqat aparmışam. Adətən, institut direktorları elmi-tədqiqat
işindən azad olunurdular. Amma mən 20 ildən çox
institut direktoru oldum, hər il özümə
iş götürürdüm. Mənim elmi fəaliyyətimin
ana xəttini pedaqoji-psixoloji elmlər üzrə ən
müasir, aktual mövzuların tədqiqi təşkil edib.
Xeyli sayda elmi kitablarım, o cümlədən dərsliklərim
nəşr olunub.
Mən çox tədqiqatlarımı fənlərin
qarşılıqlı əlaqəli öyrədilməsinə
yönəltmişəm. Mənim bir
ideya-planım vardı və o, indi də qüvvəsindədir.
Bu da ondan ibarətdir ki, orta məktəblərdə
maksimum 14-15 fənn saxlamaq lazımdır. Çoxfənlilikdən
azfənliliyə keçmək lazımdır. Bu da inteqrasiya yolu ilə olmalıdır. Ümumi biliyə, dünyagörüşünə
zərər yetirmədən biliklərin inteqrasiyası əsasında
onu 8-ci sinifə qədər gətirmişəm. Əgər bununla maraqlansalar, hesab edirəm ki, bu,
yaxşı nəticələr verə bilər.
- Amma
Sizin siyasi yönümdə olan kitablarınız da az deyil. Bu sahədəki fəaliyyətiniz
haqqında nə deyə bilərsiniz?
- Siyasi məqalələrimi,
kitablarımı isə Ümummilli lider Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində
genişləndirməyə başladım. Məsələn,
«Səs» qəzetində «Heydər dağına kölgə
salmaq olmaz» adlı böyük yazım dərc olundu. 1994-cü ildə isə «Hər dövrün bir
kitabı var» kitabım nəşr edildi. Ulu
öndər Heydər Əliyev bu kitabı oxumuşdu və
Onun xoşuna gəlmişdi. İnstituta zəng
edərək kitab haqqında fikirlərini bildirdi və
kitabın üz qabığında verilən
Özünün fotoşəklini haradan əldə etdiyimi
soruşdu. Dedi ki, həmin şəkil
heç məndə yoxdur. Mən də bu məsələni
Ulu öndərimizə danışdım. Məsələ
belə olmuşdu ki, 1986-cı ildə Elmi-Tədqiqat Pedaqoji
Elmlər İnstitutunun direktoru işlədiyim zaman məni
maarif naziri yanına çağırıb dedi ki, institutun
binasında Siyasi Büronun üzvlərinin portretlərinin
arasından Heydər Əliyevin portretini götürüm. Soruşdum, niyə? Dedi ki, Mərkəzi Komitədən
belə göstəriş veriblər. Belə
olan təqdirdə, mən Siyasi Büronun üzvlərinin və
namizədlərin hamısının portretlərini divardan
götürdüm qoydum kitabxanaya. Heydər
Əliyevin portretini kabinetimdə saxladım. Həmin kitabı yazarkən də bu portretdən
istifadə etdim. Yəni o zaman indiki kimi
texnologiya inkişaf etməmişdi, hər şeyi asan əldə
etmək olmurdu. Mən bu hadisəni Heydər
Əliyevə danışdım.
Mən deputat seçiləndən sonra isə Ulu öndərimizlə
münasibətlərimiz daha geniş oldu. Bir sıra
kitablarımı Ona həsr etdim. «Hər
dövrün bir kitabı var» kitabım isə Ulu öndərimizin
istəyi ilə ikinci dəfə nəşr olundu.
Xatırladım ki, ötən ilin aprel ayında mənim «Heydər
Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə»
ikicildlik kitabımın təqdimat mərasimi keçirildi. Hal-hazırda da Ümummilli liderimiz haqqında bir
kitab üzərində işləyirəm. Artıq kitabın 9 fəslini bitirmişəm, 10-cu
fəsil də yekunlaşmaq üzrədir. Onu da deyim ki, mən Heydər Əliyev haqqında
kitablarımda şərh yazmıram, Onun dediklərini sitat
kimi verirəm. Sonra da müəyyən
müqayisələr aparıram. Heydər
Əliyev haqqında həqiqi tədqiqat aparanların həmişə
hörmətini saxlamışam.
- Zahid
müəllim, Ümummilli lider Heydər Əliyevlə ilk
görüşünüz, tanışlığınız
nə zaman olub? Bu tanışlığın həyatınızda
yeri nədən ibarətdir?
- Mənim Ulu öndər Heydər Əliyevlə ilk
görüşüm 1973-cü ildə olub. Heydər
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
I katibi seçiləndən sonra təhsillə bağlı
çıxışlarında respublikada təhsilin səviyyəsinin
qaldırılması istiqamətində işlərin həyata
keçirilməsinin vacibliyini irəli sürürdü.
Digər tərəfdən, Heydər Əliyev
bacarıqlı tələbələrin dövlətimiz
üçün savadlı kadrlar kimi yetişdirilməsi məsələsini
bir vəzifə kimi qarşıya qoyurdu. Məhz bu iki məsələ
ilə bağlı Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun elmi işlər üzrə direktor müavini
kimi məni Mərkəzi Komitəyə dəvət etdilər. Əvvəlcə,
MK-nın Elm və təhsil şöbəsinin müdiri Fikrət
Əhmədov məni təlimatlandıraraq dedi ki, I katib səni
qəbul edəcək. Sonra Heydər Əliyev məni qəbul
etdi və təhsilin vəziyyəti ilə bağlı xeyli
suallar verdi. Sonda isə bu suallar əsasında vəziyyətlə
bağlı hesabat hazırlamağı tapşırdı. Alimlərimizlə birlikdə 10 gün ərzində
arayışı hazırlayaraq Mərkəzi Komitəyə təqdim
etdim. Bir aydan sonra Mərkəzi Komitədən
bildirdilər ki, Heydər Əliyev səni yenidən qəbul
edəcək. O, məni qəbul etdi və
hazırladığımız arayış Ulu öndərimizin
stolunun üstündə idi. Heydər Əliyev arayışla
tanış olduğunu bildirdi və dedi
ki, Özünün də təklifləri var. Onu da qeyd edim
ki, Ulu öndər məsələlərin vacibliyindən
asılı olaraq həmin kağız üzərində
müxtəlif rəngli karandaşlarla qeydlər etmişdi.
Ulu öndər Heydər Əliyevlə ən geniş
söhbətimiz isə 1976-cı ildə məni Mərkəzi
Komitəyə işlədiyim institutun direktoru təyin etməyə
çağırarkən oldu. Heydər Əliyev məni
Akif Əlizadə ilə birlikdə qəbul etmişdi. İçəri girərkən gördüm ki,
ikimizin də şəxsi işləri Ulu öndərin
stolunun üzərindədir. Heydər Əliyev ilk
görüşümüzü xatırladaraq “sənin işlədiyin
sahə üzrə elmi və təcrübi savadın kifayət
edər ki, instituta rəhbərlik edəsən”,-dedi.
Aparılan
uzun söhbət zamanı Heydər Əliyev təhsilin keyfiyyətinin
artırılması üçün hansı işlərin
görülməsi ilə bağlı suallar verdi.
Həmin suallara cavab olaraq bir neçə məsələni
qeyd etdim. Sonra Heydər Əliyev bizim ikimizin də təyinatını
verdi və uğurlar arzuladı.
Heydər Əliyevin hadisələri, məsələləri
incələməsini, işlərin görülməsi istiqamətində
düzgün qərar verməsini Onun
çıxışları, fikirləri əsasında
ictimaiyyətə çatdırırdıq. Biz pedaqoqlar
buna tərbiyə prosesi deyirdik. Yəni
Heydər Əliyev gördüyü işlərlə, etdiyi
çıxışlarla insanları tərbiyə edirdi.
Mən belə bir insanla birgə
çalışdığım üçün qürur
duyuram və bu, həyatımın ən mənalı hissəsini
təşkil edir. Hesab edirəm ki, Heydər Əliyev nadir
tarixi şəxsiyyətlərdəndir. Heydər
Əliyev şəxsiyyəti mərdliyin, qətiyyətin və
müdrikliyin parlaq nümunəsidir. O, fəaliyyəti və
ideyaları, Azərbaycan qarşısında xidmətləri
ilə tariximizdə silinməz iz qoyub.
- Sizin Azərbaycanda
siyasi proseslərə qoşulmağınız da Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Elm xadiminin siyasətə qoşulması sizin
nöqteyi-nəzərinizdən hansı nəticələr
verir? Və Siz bu fəaliyyətinizdən
razısınızmı?
- Təbii
ki, siyasi proseslərə qoşulmağımdan qürur duyuram
və heç zaman da bundan peşman deyiləm. 1990-cı
illərin əvvəlində hakimiyyət Azərbaycanı
çətin vəziyyətə salmışdı və
yaxşılığa doğru heç bir ümid yox idi.
AXC-Müsavat cütlüyünün hakimiyyəti
dövründə isə respublikamızda vəziyyət daha
da ağırlaşdı. Belə bir
zamanda müəyyən ziyalılar ölkənin gələcəyindən
narahatlıq keçirirdilər və bu durumdan yalnız Heydər
Əliyevin köməkliyi ilə çıxmağın
mümkünlüyünü anlayırdılar. Amma Ulu öndər Heydər Əliyevin əleyhinə
işləyənlər çox idi. Mən
fəxr edirəm ki, o vaxt çoxları susanda
danışdım və yazdım, Heydər Əliyev şəxsiyyətinin
Azərbaycanın xilaskarı olduğunu vurğuladım.
O dövr elə idi ki, çoxları susmuşdu, bəziləri isə
dəstə-dəstə televiziya və qəzetlərdə
çıxış edərək
Heydər Əliyevə «dərs keçmək» istəyirdilər.
Amma mən xeyli uzağı görməyimlə
bu gün qürur duyuram.
-
Bildiyimizə görə, Ulu öndər Heydər Əliyevi
müdafiə edən insanların bir qrupu sizin rəhbərlik
etdiyiniz Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda
toplaşırmışlar...
- Bəli,
bir qrup ziyalı Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna
yığışıb vəziyyətdən
çıxış yolunu müzakirə edirdik. Həmin insanlara isə o vaxtkı hakimiyyət təzyiq
etmək üçün dəstələr göndərirdi.
Belə bir şəraitdə mübarizəmizi
davam etdirirdik. Mövqeyimiz belə idi ki, Azərbaycanı
üzləşdiyi ağır problemlərdən yalnız
Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilər.
Yeri gəlmişkən, onu da xatırladım
ki, həmin instituta yığışıb Heydər
Əliyevi müdafiə etməyimizə bəzi elm adamları
arasında da etiraz edənlər var idi. Adını
çəkməyəcəm, həmin adamlardan biri indi 85
yaşındadır və Prezident təqaüdü alır.
Mən Heydər Əliyevə qarşı
çıxan həmin adamın bu gün Prezident təqaüdü
almasından təəssüflənmirəm, əksinə, bəyənirəm
ki, o da Heydər Əliyev siyasətindən bəhrələnir.
Və bizim Heydər Əliyev uğrunda mübarizəmizin
doğru olduğunun şahididir.
Amma 1990-93-cü illərdə Heydər Əliyevin
müdafiəsinə qalxan insanlar əsl fədakarlar idilər. O zaman baş verən hadisələrdən
belə qənaətə gəlirdik ki, Heydər Əliyev rəhbər
gəlməsə, Azərbaycan dağılacaq. Ulu
öndərin hakimiyyətə gəlməsi üçün
də güclü, ölkəyə siyasi mədəniyyət
gətirə bilən bir siyasi partiya yaratmaq lazım idi. Ona görə də, 91 nəfər ziyalı Heydər
Əliyevə müraciət etdi. Ulu
öndərimiz “91”-ləri partiyamızın “Qızıl
Fondu” adlandırırdı. Biz
bütün təqiblərə, çətinliklərə
baxmayaraq, Yeni Azərbaycan Partiyasını yaratdıq. Partiyamız şərəfli yol keçdi və cəmisi
bir neçə ay sonra hakimiyyətə gəldi.
- Yeni Azərbaycan
Partiyasının qurulmasında yaxından iştirak etmiş
şəxs və bir veteran kimi partiyamızın
bugünkü inkişaf səviyyəsi haqqında fikirlərinizi
bilmək də bizim üçün maraqlı olardı...
- İlk
olaraq onu deyim ki, partiyamızın yarandığı 21 noyabr
1992-ci il tarixi son dərəcə çətin
və mürəkkəb dövr idi. Blokada vəziyyətində
olan Naxçıvan Muxtar Respublikasının qarlı-boranlı
bir vaxtında ölkəmizin müxtəlif bölgələrindən
partiyanın təsis konfransına gedənlər, Heydər
Əliyevə pənah gətirənlər, həqiqətən,
cəsur insanlar idilər. Yeni Azərbaycan Partiyasının yaradılması
Azərbaycan cəmiyyətində böyük sevinclə,
maraqla qarşılandı. Buna görə
də, qısa bir zaman kəsiyində Azərbaycanın
bütün şəhər və kəndlərində Yeni Azərbaycan
Partiyasının özək təşkilatları
yaradıldı və minlərlə insan partiya
sıralarında birləşərək həm də
Ümummilli liderimizə dərin sevgisini göstərdi. Azərbaycan xalqı öz taleyini Ümummilli
liderimiz Heydər Əliyevə və Onun sədri olduğu
Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu
öndərimiz də 10 ildə gecə-gündüz, istirahətsiz
çalışaraq, Azərbaycanı böyük faciələrdən
xilas etdi, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə
olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri
müstəsna olub və Ümummilli liderimiz də bunu həmişə
yüksək qiymətləndirib.
Bu gün partiyamız cənab İlham Əliyevin rəhbərliyi
ilə yeni inkişaf mərhələsini yaşayır. Hörmətli
Sədrimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi
Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Mənim partiya vəsiqəmin nömrəsi
«4»-dür. Amma bu gün partiyamızın
üzvlərinin sayı 600 min nəfərdən çoxdur.
Təkcə rəhbərlik etdiyim YAP Səbail
rayon təşkilatının üzvlərinin sayı 24 min nəfərdir.
Bir partiya veteranı kimi bu, məni çox
sevindirir. Eyni zamanda, partiyamızın, onun
yerli strukturlarının maddi-texniki bazası xeyli güclənib,
kəmiyyətlə yanaşı keyfiyyət də əhəmiyyətli
dərəcədə artıb. Ən
xoş olan odur ki, Azərbaycanın sağlam, intellektual gəncliyi
partiyamızın sıralarına qoşulur və onların
bütövlükdə partiyada çəkisi artmaqdadır.
YAP üzvləri ölkəmizin inkişafı prosesində də
fəal iştirak edirlər. Bununla
yanaşı, partiyamızın beynəlxalq əlaqələri
də genişlənməkdədir. Məhz
uğurlu fəaliyyətin nəticəsidir ki, partiyamız
bütün seçkilərdə inamlı qələbə
qazanır. Mən inanıram ki, gələcəkdə
də partiyamız inkişaf edəcək, yeni-yeni uğurlar
qazanaraq xalqımızın etimadını hər zaman
doğruldacaq.
-
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Azərbaycanın bugünkü
inkişafı ilə bağlı düşüncələriniz
necədir?
- Əlbəttə ki, Prezidentimiz İlham Əliyevin fəaliyyəti
haqqında ancaq xoş sözlər demək
mümkündür. Dövlətimizin başçısı əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti
elə bir şəkildə davam etdirir ki, hər bir addımda
Azərbaycan nailiyyətlər əldə edir. Bu
gün Azərbaycan hərtərəfli surətdə
inkişaf edir, şəhərlərlə yanaşı,
bölgələrimizdə də ciddi tərəqqi
müşahidə olunur. Bütün bunlar
isə əhalinin sosial rifahının daha da yüksəlməsinə
müsbət təsir göstərir. Prezident
İlham Əliyev Azərbaycanı dünya miqyasında da
layiqincə təmsil edir, Onun siyasəti nəticəsində
ölkəmizin beynəlxalq nüfuzu xeyli dərəcədə
artır. Eyni zamanda, dövlətimizin
başçısı nüfuzlu beynəlxalq tədbirlərdə
çıxış edərək Azərbaycan
reallıqlarını dünyanın diqqətinə
çatdırır və ölkəmizin maraqlarını qətiyyətlə
müdafiə edir.
Bütün bunlar isə xalqımızın Prezident
İlham Əliyevə etimadını, rəğbətini daha
da artırır. Məhz bunun nəticəsidir ki,
2013-cü ilin oktyabr ayında keçirilən prezident
seçkilərində cənab İlham Əliyev parlaq qələbə
qazandı. Fakt üçün deyim ki, Səbail
rayonunda seçicilərin 95 faizi səsvermədə
iştirak etmişdilər və onların da 98 faizi
partiyamızın Sədrinə səs verdilər.
Düşünürəm ki, cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan
işıqlı gələcəyə doğru inamla addımlayır. Mən bu yolda
hörmətli Prezidentimizə uğurlar arzulayıram.
- Zahid
müəllim, bir ağsaqqal olaraq Azərbaycan gəncliyinə
tövsiyəniz nədən ibarətdir?
- Mən Azərbaycan gəncliyi ilə fəxr edirəm,
gəncliyimiz çox sürətlə inkişaf edir. Zamanında
Ulu öndər Heydər Əliyev dövlət gənclər
siyasətinin əsasını qoyub və bu siyasət
hazırda Prezidentimiz tərəfindən uğurla davam
etdirilir. Mən gənclərə
tövsiyə edirəm ki, Heydər Əliyevin qurduğu Azərbaycanı
qorusunlar və bunun üçün də Prezidentimiz İlham
Əliyevin ətrafında sıx birləşsinlər.
Həyatım
elm və təhsillə bağlı olduğu
üçün gənclərimizə yüksək biliklərə,
təhsilə yiyələnmələrini
də tövsiyə edirəm. Çünki hər bir cəmiyyət
yüksək biliyi, intellekti ilə irəli gedə bilər.
Prezidentimiz tərəfindən təhsilin
inkişafı istiqamətində ciddi addımlar
atılır, son illər minlərlə müasir məktəblər
tikilib istifadəyə verilib, təhsilin inkişafına xidmət
edən dövlət proqramları təsdiq olunub. Yəni dövlət başçısı səviyyəsində
siyasi iradə ortaya qoyulub. Aşağıların
üzərinə isə bu qərarları, proqramları
layiqincə icra etmək vəzifəsi düşür.
Mən hesab edirəm ki, ali təhsil alan gənclərin
təyinatla işə göndərilməsi üçün
addımlar atılmalıdır və buna imkan da var. Bu barədə
mənim fikir və planlarım var, əgər müvafiq
qurumlar istəsə, bu barədə fikirlərimi məmnuniyyətlə
bölüşərəm.
Bütövlükdə isə, gəncliyimizin
gələcəyini parlaq hesab edirəm. Hesab edirəm ki,
formalaşan gənclik Azərbaycanımızın
adını hər zaman uca tutacaq.
Səs.-2014.- 8 iyul.- S.8-9.