“Müdrik müəllimimiz.
Zahid Qaralov-80” kitabı görkəmli
alim və ictimai-siyasi xadimin həyat
yoluna işıq salır
Müasir
dünyamızda ömür yolu anbaan sözə çevrilərək
ağ vərəqlərə köçürülən, bir
sözlə, ömrü kitablaşan elə insanlar var ki,
onların haqqında oxuduqca belə şəxsiyyətlərin
müasiri olmağından qürur duyur, iftixar hissi
keçirirsən.
Belə insanların həyat
yolu çoxlarına nümunədir. Bu
kitabları oxuyan hər kəs təkcə
o şəxsiyyətləri tanımaqla,
sevməklə kifayətlənmir, həm də onların ömür kredosundan
lazımi dərslər götürür,
həyatını o cür,
zəhmət, halallıq, düzlük
üzərində qurmağa
çalışır.
“Təhsil” nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış nəfis tərtibatlı “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında da məhz belə dəyərli şəxsiyyətlərdən birinin həyat və fəaliyyətindən söhbət açılır.
AzərTAc xəbər verir ki, yeni kitab görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmişdir.
Bu dəyərli topluda Zahid Qaralovun alim həmkarlarının, tələbələrinin və yaxın dostlarının yubilyar barədə ürək sözlərini, arzu və istəklərini əks etdirən məqalələr toplanmışdır. Yeni nəşrdə yer alan yazılarda Zahid Qaralovun bioqrafiyası, həyat yolu, 60 illik elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas parametrləri öz əksini tapmışdır.
Kitab ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 10-da Zahid Qaralovun anadan olmasının 65-ci ildönümü münasibətilə yubilyara ünvanladığı təbrik məktubu ilə açılır.
Nəşrə “Ön söz”ün müəllifi olan yubilyar yazır: “Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən alim tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.
Zahid Qaralovun dolğun, əhatəli və müdrikliklə qələmə aldığı bu giriş yazısında çox mətləblərdən söz açılır. Bunları oxuduqca bir daha əmin olursan ki, həqiqətən də insan ömrünün ana xəttini düzlük, saflıq, mərhəmət, xeyirxahlıq, təmizlik kimi ən yüksək ali hisslər təşkil edir. Bu mənada Zahid Qaralovun yazdıqları insanı mənən düşünməyə, onu həyatda həmişə yalnız xeyirxah işlər görməyə sövq edir.
Yubilyar yazır: “80 yaş elə də az deyil. Heç vaxt “heyif ki, qocaldIm deməmişəm” və deməyəcəm də. Bu sözü dünya malında gözü olanlar, maddi və qeyri-maddi imkanlarını xalqla bölüşməyi bacarmamış insanlar deyə bilərlər. Mənim nəyim varsa-elmim, imkanım-hamısını bölüşmüşəm. Bu gün əvvəlki illərdən də məhsuldar çalışıram, elmi əsərlər yazıram. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə yazdığım böyük monoqrafiyanı tamamlamışam, çapa hazırlayıram. “Dünya təhsil sistemlərinin inkişaf perspektivləri barədə” fundamental əsər üzərində işləyirəm, hissə-hissə mətbuatda dərc etdirirəm. Doktorantlarımdan üç nəfərinin dissertasiyasını oxuyub, redaktə edirəm. Başqa sözlə, elmi yaradıcılığa daxil olan bütün parametrlər üzrə gərgin işləyirəm”.
Bu sətirləri oxuyarkən zəhmətlə yaşamağı özünün ən ali həyat qanununa çevirmiş bəşər övladının yaş həddinə sığmayan tükənməz gücünə heyran qalmaya bilmirsən. Ömrünün bu məqamında da inamla, yorulmaq nə olduğunu bilmədən çalışan əsl alimin mübarizliyinə yalnız və yalnız alqış deyirsən.
Zahid Qaralov kitaba “Ön söz”ündə, eyni zamanda, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdən, Yeni Azərbaycan Partiyasının günbəgün artan nüfuzundan və özü üçün doğma olan Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən də söz açmış, müstəqillik illərində qazandığımız uğurlardan danışmışdır.
“Ön söz”də yubilyar əsl pedaqoq və ziyalı kimi ənənəsinə sadiq qalaraq insanları düzlüyə, saflığa, haqqı tanımağa səsləmiş, müqəddəs səma kitablarından hikmət dolu fikirlər söyləmişdir.
Sonda üzünü Azərbaycan gəncliyinə tutan Zahid Qaralov deyir: “Arzu edirəm ki, bütün Azərbaycan balalarının ürəyi hikmət çeşməsi, sözləri insanlara məlhəm olsun. Söz var ürək sağaldar, söz var ürəyə ox kimi batar. Söz var xəstəni dirildər, söz var sağ adamı öldürər. Həmişə xəstə ürəkləri sağaldan söz danışın, fikir söyləyin. Elə fikirlər söyləyin ki, tarixə qızıl həriflərlə həkk olunsun. İnanıram ki, bu vəzifəni Azərbaycan gəncliyi inamla yerinə yetirəcək”.
Kitabda Z.Qaralovun müxtəlif vaxtlarda mətbuata verdiyi müsahibələr, yubileyi münasibətilə ona ünvanlanmış çox dəyərli yazılar da yer almışdır.
Bu təbriklərin sırasında Xalq Şairi Zəlimxan Yaqubun, professor Əli Nağıyevin, akademik, Əməkdar Elm Xadimi Bəhram Əsgərovun, psixologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Əbdül Əlizadənin və neçə-neçə digər dəyərli elm adamlarının ürəkdən gələn, səmimi münasibətdən və sonsuz sevgidən qaynaqlanan fikirləri yer almışdır. Bu yazıların hər birində ömrünün müdriklik çağını yaşayan Zahid Qaralovun xeyirxahlığı, mərhəməti, insanlara yardım əlini uzatması, alimliyi, pedaqoqluğu, ziyalılığı tam dolğunluğu ilə əks olunmuşdur.
“Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında, həmçinin yubilyarın Yeni Azərbaycan Partiyasının qurultaylarında, yubiley tədbirlərində, konfranslarında etdiyi çıxışlar zamanı çəkilmiş, eyni zamanda, ailə üzvləri, övladları, nəvələri, dostları ilə birgə olduğu məqamlarda lentə alınmış nadir fotoşəkillər də yer almışdır.
Pedaqogika üzrə fəlsəfə doktoru Sabir Tağıyev, Adilə İbrahimova və Aysel Abdullayeva tərəfindən tərtib edilən bu kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Gülnarə Qaralovadır.
İnanırıq
ki, görkəmli alim
və ictimai-siyasi xadimin
65 illiyinə həsr olunmuş “Zahid Qaralov dünyası”
kitabı kimi, onun 80
illiyinə töhfə olan bu bənzərsiz yubiley toplusu da oxucular
tərəfindən maraqla
qarşılanacaq, hər kəsi həyatı Zahid
müəllim kimi sevib
zövq almağa sövq edəcəkdir.
Səs.-2014.- 9 iyul.- S.5.