YAP Milli Mətbuat Günü münasibətilə jurnalistləri
mükafatlandırdı
Siyavuş Novruzov: “Yeni Azərbaycan Partiyası
mətbuatla əlaqələrin
inkişafına böyük əhəmiyyət
verir”
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşdü. Öncə jurnalistləri bayram münasibətilə təbrik edən S.Novruzov bildirdi ki, hər il olduğu kimi bu il də Yeni Azərbaycan Partiyası Azərbaycan mətbuatının aparıcı nümayəndələri ilə görüş keçirir, onlara xoş arzularını çatdırır. “139 yaşını qeyd edən Azərbaycan mətbuatı çox şərəfli və tarixi yol keçib” -deyən S.Novruzov mətbuatın keçdiyi bu şərəfli yolun xalqın inkişafında, onun maariflənməsində xüsusi rolu olduğunu vurğuladı: “1875-ci ildən başlayaraq bu günə qədər olan hər dövrə nəzər salsaq görərik ki, bütün zamanlarda mətbuat xalqın inkişafı, onun maarifləndirilməsi, informasiya ilə təmin olunmasında, müxtəlif problemlərin üzə çıxarılıb həll edilməsində xüsusi rol oynayıb.
Xüsusilə müstəqillik dövrünə diqqət yetirmək istərdim. Müstəqillik dövründə mətbuatın rolu həddən artıq böyük olub. Xüsusilə mətbuat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, problemin əsl mahiyyətinin ictimaiyyətə açıqlanmasında əhəmiyyətli rola malikdir. Bir əsas məqamı qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mətbuat-dövlət əlaqələri çox sıx olub, əlaqələrin inkişafı üçün möhkəm əsaslar yaradılıb. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən senzuranın aradan qaldırılması, mətbuata xüsusi diqqətin göstərilməsi, mətbuatın nəşriyyata olan borclarının dondurulması və ödənilməsi kimi hallar Azərbaycan mətbuatının inkişafına böyük təkan verdi. Mətbuat nümayəndələrinin daim dövlətin diqqətində olmasının, xüsusilə 4-cü hakimiyyət rolunu tamamilə həyata keçirməsinin hər gün şahidiyik. Mətbuatımız gündən-günə inkişaf edir. Bu gün Azərbaycanda 240-dan çox mətbuat vasitəsi nəşr olunur. Bunun 40-ı gündəlik, 200-ü isə həftəlik və aylıq nəşr olunur. Azərbaycanda bu gün internet azaddır. Bildiyiniz kimi, bir çox ölkələrdə vəziyyətdən asılı olaraq internet üzərinə nəzarət qoyulur. Azərbaycanda isə qeyd etdiyim kimi internet azaddır. Çoxlu sayda internet portalları fəaliyyət göstərir. Bu da insanları həm dünyada, həm regionda, həm də ölkə daxilində baş verən hadisələrlə bağlı mütəmadi olaraq məlumatlandırır. Mətbuat-dövlət əlaqələrinin inkişafının göstəricisi olaraq onu deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyev “Mətbuatın dostu” mükafatına layiq görülmüşdür. Bunun da arxasında iş, əməl və diqqət dayanırdı. Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv olunduqdan sonra mətbu orqanların nümayəndələrinin iştirakı ilə Mətbuat Şurası yaradıldı. Bu gün Mətbuat Şurası doğrurdan da çox geniş şəkildə fəaliyyət göstərir. İstər regionlarımızda, istərsə də paytaxtda müxtəlif görüşlər keçirilir, azad, müstəqil mətbuatın inkişafına xidmət edən müzakirələr aparılır, tövsiyələr verilir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını xüsusi vurğulamaq istərdim. Mətbuata diqqət və qayğının bir nümunəsidir ki, mütəmadi müsabiqələr keçirilir, jurnalistlər mükafatlandırılır, ayrı-ayrı qəzetlərə layihələrlə bağlı yardımlar edilir.”
S.Novruzov bildirdi ki, bütün bunların arxasında uğurlu işlərin, diqqətin dayandığını vurğuladı: “Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv olunduqdan sonra mətbu orqanların nümayəndələrinin iştirakı ilə Mətbuat Şurası yaradıldı. Bu gün Mətbuat Şurası doğurdan da çox geniş şəkildə fəaliyyət göstərir. İstər regionlarımızda, istərsə də paytaxtda müxtəlif görüşlər keçirilir, azad, müstəqil mətbuatın inkişafına xidmət edən müzakirələr aparılır, tövsiyələr verilir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını xüsusi vurğulamaq istərdim. Mətbuata diqqət və qayğının bir nümunəsidir ki, mütəmadi müsabiqələr keçirilir, jurnalistlər mükafatlandırılır, ayrı-ayrı qəzetlərə layihələrlə bağlı yardımlar edilir.”
S.Novruzov onu da vurğuladı ki, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar böyük rəğbət hissi yaradır: “Məlum olduğu kimi ötən il milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş bina istifadəyə verildi, dövlət başçısı İlham Əliyev bu işlərin davamlılığını təmin etmək üçün növbəti Sərəncamı imzaladı. Gələn il növbəti binanın istifadəyə verilməsi nəzərdə tutulur. Bu da media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.”
“Partiya olaraq mətbuatla sıx əlaqədəyik” söyləyən S.Novruzov bildirdi ki, çünki siyasi partiyaların fəaliyyəti, onların atdığı addımlar mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır: “Milli Məclis də mətbuata diqqət və qayğını daim öndə saxlayır. Parlamentdə mətbuat qrupu fəaliyyət göstərir. Onlar da ilin sonunda millət vəkillərinin fəaliyyəti ilə bağlı hesabatlarını dərc edirlər. İlin fəal, qeyri-fəal, seçiciləri ilə daha yaxın olan millət vəkillərinin adları açıqlanır. Sözsüz ki, bu kimi araşdırmalar, təhlillər işin keyfiyyətinə, fəaliyyətə öz müsbət təsirini göstərir.”
S.Novruzov qeyd etdi ki, dinamik inkişaf yolunda olan Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar mətbuatda geniş şəkildə işıqlandırılır. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın diqqətindədir. “Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi, Azərbaycanın iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi də deyilənlərin təsdiqidir. Son iki ayda ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə diqqət yetirmək kifayətdir. Bu tədbirlərin əhəmiyyətinin ictimaiyyətə çatdırılmasında mətbuatın rolu böyükdür. Bakıda ATƏT Parlament Assambleyasının toplantısı, NATO PA-nın seminarının keçirilməsi, bundan əlavə ayrı-ayrı beynəlxalq təşkilatların iştirakı ilə müxtəlif sahələri əhatə edən tədbirlərin təşkili və digər addımlar Azərbaycanda iqtisadi inkişafın, sabitliyin, təşkilatçılığın yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan növbəti bir tədbirə də ev sahibliyi edəcək. 2015-ci ildə Birinci Avropa Oyunları ölkəmizdə keçiriləcək. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, Azərbaycanın mövcud potensialını, mövcud idman infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, Birinci Avropa Oyunlarını gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir. Düşünürəm ki, Azərbaycan mətbuatı bu tədbirə də ciddi hazırlaşmalıdır. Burada söhbət tək idman yarışlarının deyil, eyni zamanda reallıqlarımızın iştirakçı ölkələrin təmsilçilərinə, həmçinin beynəlxalq aləmə çatdırılmasından gedir. İslam həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin artan nüfuzunun, çəkisinin təsdiqidir. Azərbaycan nəinki regionda, dünyada aparıcı rola malik olan ölkədir. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir.”
YAP İcra katibinin müavini S.Novruzov bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da mətbuatımız müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, hətta bu yöndə peşə fəaliyyətini yerinə yetirən zaman şəhid olan jurnalistlərimiz də var. S.Novruzov bildirdi ki, bu gün doğrudan da dünyada ziddiyyətli hadisələr çoxdur. “Nəzər salsaq, görərik ki, istər Avropada, istər Yaxın Şərqdə, istər regionun ayrı-ayrı dövlətlərində ciddi münaqişələr baş verir. Bundan əziyyət çəkən həmin ölkələrin xalqlarıdır. Təbii ki, bu kimi olaylar dünyanı narahat etməlidir. Azərbaycanın başına gətirilən faciələr hər kəsə məlumdur. İstər Xocalı faciəsi, istər Dağlıq Qarabağ və ona bitişik olan rayonların işğalı nəticəsində dinc insanların başına gətirilən faciələrin şahidiyik. Ona görə də biz dünyada başa verən münaqişələr zamanı insanların yaşadıqlarını daha yaxşı başa düşürük. Həmin münaqişələrdə çoxlu sayda mətbuat nümayəndəsi həyatını itirib, yaxud bu və ya digər formada xəsarət alıb, əsir düşüb, girov götürülüb. Bunlar da dünya ictimaiyyətini maraqlandırmalıdır. Bu insanlar öz peşə fəaliyyətlərini həyata keçirirlər, insanların informasiya tələbatını ödəməyə çalışırlar. Hətta I, II Dünya müharibəsində belə mətbuat nümayəndələrinə qarşı heç bir təzyiq göstərilmir, təxribatlar törədilmirdi. Amma bu gün Avropa, eyni zamanda digər ölkələrdə baş verən münaqişələr zamanı jurnalistlərə qarşı təzyiqlərin və təxribatların şahidi oluruq.”
“Bu gün Azərbaycanda hansı sahəyə diqqət yetirsək inkişafın, tərəqqinin şahidi olarıq. İqtisadi imkanların artması fonunda azad, müstəqil mətbuatın inkişafı istiqamətində də atılan addımlar davamlı xarakter alıb. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə azad mətbuat mövcuddur və yüksək səviyyədə qorunur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, dövlət başçısı İlham Əliyev iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Azərbaycan mətbuatı inkişaf yolunda inamla irəliləyir. “Bu gün bayram ərəfəsindəyik” söyləyən S.Novruzov bildirdi ki, keçilən yola qısa baxış bir daha bu reallığı ortaya qoyur ki, mətbuat hər dövrün çağırışlarına yüksək səviyyədə əməl etməklə bugünkü inkişaf səviyyəsinə çatıb. Yeni-yeni hədəflər uğurların davamlılığı üçün əsasdır. İstərdik ki, hər zaman xoş ovqat, əhval-ruhiyyə ilə Azərbaycan reallıqlarını ölkə və dünya ictimaiyyətinə çatdırasınız. 139 illik bir yol keçən Azərbaycan mətbuatının qarşısında daim yeni-yeni vəzifələr dayanır. Əsas missiya obyektivlik, qərəzsizlik, vətənpərvərlik prinsiplərinin vəhdətliyi fonunda cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə ödəməkdir. “Gələn il milli mətbuatımızın 140 illik yubileyini qeyd edəcəyik. Əminəm ki, növbəti ildönümünüzü də uğurlarımız əsasında xoş əhval-ruhiyyə ilə qeyd edəcəksiniz. Bu əminliyi də ifadə etmək istərdim ki, tezliklə belə toplantımızı işğal olunmuş və işğaldan azad edilmiş ərazilərimizdə, Şuşada, Xankədidə qeyd edəcəyik.”
Mətbuat nümayəndələrini bir daha bayram münasibətilə təbrik edən S.Novruzov onlara geniş oxucu kütləsi, yeni-yeni yaradıcılıq uğurları arzuladı. Sonda YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mükafatlar təqdim etdi.
R.KAMALQIZ
Səs.-2014.- 22 iyul.- S.6.