Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və Azərbaycan diasporu

 

 

 

Ulu Öndər deyirdi: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda   assimilyasiya prosesivar. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqedər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".Dünya azərbaycanlılarının hamısını bir ideya - vahid Azərbaycan ideyası birləşdirməlidir. Elmi-nəzəri ədəbiyyatda bu anlayış azərbaycançılıq termini ilə ifadə olunur. Bunun qayəsi ondan ibarətdir ki, azərbaycanlı hansı ölkədə məskunlaşmasından asılı olmayaraq Azərbaycanı özünə vətən bilməli, onun çiçəklənməsi naminə əlindən gələni etməlidir.

Hidayət Orucov yazır ki, bir sıra ölkələrdə, xüsusən də Rusiyanın bəzi şəhərlərində azsaylı üzvlərdən ibarət və yumşaq deyilsə, bir-biri ilə yola getməyən ayrı-ayrı cəmiyyətlər həmin ölkələrdə və şəhərlərdə yaşayan çoxsaylı soydaşlarımızı mənəvi cəhətdən birləşdirərək təşkilandırmaq iqtidarında deyillər. Çox vaxt belə cəmiyyətlər arasında hansısa nüfuz və şəxsi maraqlar uğrunda rəqabət gedir ki, bu da onsuz da, pərakəndə şəkildə mövcud olan azərbaycanlı icmasının parçalanmasına səbəb olur. Nəticədə, şəxsi-qərəzlik, regionçuluq əsasında qurulmuş bu cür təşkilatlar məişət zəminli intriqalar yuvasına çevrilir.

Xaricdəki azərbaycanlı icmaların təşkilatlanması işinə mane olan zərərli və ənənəvi bir təmayülü də xatırlatmaq yerinə düşərdi. Bu, soydaşlarımızın milli-siyasi fəallığının zəifliyi, daha çox onların iqtisadi maraqlarla əməkdaşlığa meyilli olmaları ilə bağlıdır. Adətən, iqtisadi-maliyyə baxımından imkanlı həmvətənlərimiz icmanın təşkilatlanması məsələsinə biganədirlər. Təsis edilən cəmiyyətlərdə isə çox vaxt şəxsi və iqtisadi maraqlar önə çəkilir ki, bu da həmin cəmiyyətlərə əlaqələndirici və birləşdirici missiya rolunu oynamağa imkan vermir.

Xaricdə Azərbaycan diasporunun birləşməsi və koordinasiyasına əngəl olan regionçuluq kimi zəruri bir amilözünü aydın büruzə verməkdədir. Məlumdur ki, Qərbdə İrandan köçən soydaşlarımız sayca böyük üstünlüyə malikdirlər. Lakin Azərbaycan Respublikasına, Azərbaycan milli dövlətçiliyinə  münasibətdə, eyni zamanda, soydaşlarımızın milli özgürlüyünün qorunub saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, mənəvi birliyə nail olunması və sair məsələlərdə onların arasında ciddi siyasi-məfkurəvi ziddiyyətlər mövcuddur. Bu vəziyyət istər Qərbdə məskunlaşmış Azərbaycan Respublikasından olanlarla, istərsə də Türkiyə türkləri ilə (onların arasında Azərbaycan əslli soydaşlarımız da çoxdur) münasibətlərə ciddi soyuqluq gətirməkdədir. Məsələn, azərbaycanlı-türk icmasının sayca üstün olduğu Almaniyada türklər Azərbaycanın müstəqilliyini və dövlətçiliyini birmənalı şəkildə dəstəkləyir və icmanın fəaliyyətini bu istiqamətdə qurmağa çalışır. İranlı soydaşlarımızı isə şərti olaraq iki qrup ayırmaq olar: müstəqil Azərbaycan Respublikasını dəstəkləyənlər və "siyasətə qarışmamaq" adı altında müstəqilliyimizə, mənəvi birliyimizə biganə, hətta qarşı mövqedə duranlar. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinə "biganələr" Almaniyada və ümumən Qərbdə yaşayan türklərlə azərbaycanlıların milli-mənəvi və əməl birliyinə mane olmağa, onları müxtəlif vasitələrlə qarşı-qarşıya qoymağa yönəlmiş ziyankar fəaliyyət göstərirlər. Bu işdə digər arzuolunmaz hallar da mövcuddur.

Buna görə əbədiyaşar Prezidentimiz Heydər Əliyevin 1996-cı ilin iyul ayında Almaniyaya səfəri zamanı Bonnda soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: "... Mən demirəm ki, 40 miylon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi-fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər... Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdirbütün dünyada da soydaşlarımızın bir olması vacibdir".

Bütün həyatı, şəxsi keyfiyyətləri, siyasi fəaliyytəti ilə daim Azərbaycan adının müqəddəsliyinə xidmət etmiş dahi şəxsiyyətin həmin görüşdəki bir tövsiyəni və haqlı tələbini də xatırlamaq yerinə düşərdi: "Lazımdır ki, Amerikada da, Almaniyada da, Fransada da, İngiltərədə də, Belçikada da, Hollandiyada da - hər yerdə azərbaycanlılar olsun. Amma azərbaycanlı sadə bir vətəndaş kimi yox, elə olsun ki, onun şəxsində Azərbaycan səslənsin, ölkəmizin bayrağı qalxsın, xalqımızın milli mədəniyyəti, dili, ədəbiyyatı, incəsənəti səslənsin".

O ki qaldı yuxarıda qeyd etdiyimiz "biganələrə", xarici ölkələrdə məskunlaşmış İran azərbaycanlıları ilə türklər arasında müəyyən xoşagəlməz hallara və ziddiyyətlərə, sözügedən görüşdə Heydər Əliyev özünəməxsus ustalıq və həssaslıqla həmin zərərli tendensiyaya öz münasibətini bildirərək demişdir: "Almaniyada nə qədər azərbaycanlı yaşayır? 150 min. Nə qədər türk yaşayır? İki milyon. Bilirsinizmi, bir millətik. Hamımız bir kökdənik. Ona görə azərbaycanlılar da, türkiyəlilər də bir-birinə dayaq olsun, əl-ələ versinlər. Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir. Yenə də deyirəm: biz hamımız bir kökdənik".

Göründüyü kimi, Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək təşkilatlanması, ümummilli qayəmiz ətrafında sıx birliyin yaranması, müstəqil ölkəmizə ictimai, mənəvi, mədəni, iqtisadi əlaqələrin möhkəmlənməsi, bir sözlə, ümum-Azərbaycan lobbisinin hüdudlarının müəyyənləşməsini haqlı olaraq ümumtürk dünyasından təcrid olunmuş şəkildə təsəvvür etmir, əksinə, türk xalqlarının birgə lobbisinin yaranması və formalaşması üçün dəyərli tövsiyələr verir. Yuxarıdakı sətirlər ölkə rəhbərimizin bu mövzuda ilkson fikri deyil, bu tezis Onun həmin mövzudakı əksər çıxışlarında öz  əksini tapmışdır.

Fəlsəfə üzrə elmlər doktoru, professor Vəli Həbiboğlunun fikrincə, 1998-ci ildə Böyük Britaniyada yaşayan soydaşlarımızla görüşündə bütün dünya azərbaycanlılarının müstəqil respublikamızın dövlətçiliyinin möhkəmləndirilməsi işində yaxından iştirak etmələri fikrini irəli sürmüş, Azərbaycan diasporunun fəallaşması üçün zəruri hesab etdiyi bir çox amilləri xaricdə yaşayan soydaşlarımızın diqqətinə çatdırmışdır. Heydər Əliyev soydaşlarımıza müraciət edərək demişdir: "Mən azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, onlar haqqında daim düşünürəm, Azərbaycan Prezidenti kimi, onlara daim qayğı göstərməyə hazıram". Prezidentin zəngin, çoxşaxəli fəaliyyətində soydaşlarımız bu qayğını daim hiss etmiş, Onun fəaliyyətindən, tövsiyələrindən, proqram xarakterli nitqlərindən, həmvətənlərimizlə fərqli görüşləri zamanı söhbətlərindən və məsləhətlərindən müntəzəm olaraq bəhrələnmiş və bundan sonra da bəhrələnəcəklər.

Dövlət əhəmiyyətli məsələ bir an belə Onun diqqətindən kənarda qalmır. Heydər Əliyev ölkə daxilində sabitlik yaratmaq, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, dövlətçiliyimizə qarşı sui-qəsdlərin qarşısını almaq, xalqın həyat səviyyəsini yaxşılaşdırmaq sahəsində müxtəlif tədbirləri həyata keçirməklə bərabər, eyni zamanda dünya azərbaycanlılarının da nümayəndələri ilə görüşmüş, qayğı və problemlərini öyrənmiş, onlara öz milli dövlətləri ilə daha yaxından əlaqə saxlamağı, dövlət quruculuğu prosesində fəal iştirak etməyi tövsiyə etmişdir.

Ulu Öndər xaricdə yaşayan soydaşlarımız arasında milli birlik, həmrəylik, vətənimizin gələcəyi naminə çalışmaq kimi müqəddəs problemlər daha çox düşündürürdü. Təsadüfi deyil ki, O, bütün görüşlərində və söhbətlərində bu mühümvacib saydığı məsələyə daim toxunur, üzərində geniş dayanır, buya digər xarici ölkədə yaşayan soydaşlarımızın mövqeyi, vəziyyəti ilə maraqlanır, onlara bir ağsaqqal, böyük siyasi təcrübəyə malik olan müdrik insan kimi öz dəyərli məsləhətlərini verirdi. Xalqımızın Böyük Öndəri Heydər Əliyevin fikrincə, müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında duran problemlərin həll olunması, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün "bütün ölkələrdə soydaşlarımız bir-biri ilə həmrəy, birgə olmalı, Azərbaycanın, millətimizin, müstəqil ölkəmizin naminə birləşməlidirlər".

Professor V.Həbiboğlu göstərir ki, Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizlə müntəzəm əlaqə saxlamağı, dövlətçiliyimizin ümumi inkişafında onların da qüvvəsindən istifadə etməyi, müstəqil Azərbaycan Respublikası ilə həmvətənlərimiz arasında əlaqələri möhkəmləndirməyi, diaspor kimi təşkilatlanmağı və mütəşəkkil bir qüvvəyə çevrilməyi həmişə arzulamış və soydaşlarımıza məhz bu istiqamətdə fəallıq göstərməyi məsləhət görmüşdür.

Dövlətimizin başçısı işgüzar səfərlərdə olduğu bütün ölkələrdə rəsmi qrafikinin çox zəngin, gərgin və məhsuldar olmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılarla görüşməyə həmişə vaxt tapmış və onlar qarşısında çıxış edərək bir sıra təxirəsalınmaz vəzifələr qoymuşdur. Öz nitqlərində, çıxışlarında və soydaşlarımızla fərdi söhbətlərində onlara belə bir mühüm hiss aşılaşmışdır ki, artıq dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimizin müstəqil dövlətləri var, hər bir azərbaycanlı buna görə qürur hissi keçirməli, doğma Vətənlə əlaqələrini möhkəmlətməli və bu Vətənin milli mənafeyi uğrunda çalışmalı, mübarizə aparmalıdır. Məhz Heydər Əliyevin qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli mənafeyi uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə başlamış və burada gördükləri real həqiqətləri bütün dünyada yaymağa başlamışlar.

Ulu Öndərin bilavasitə təşəbbüsü sayəsində hələ 90-cı illərdə xaricdə yaşayan soydaşlarımızla əlaqə saxlayan, Azərbaycan dövlətinin həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atılmışdır. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında "Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bölməsi" yaradılmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları qarşısındakı nitqlərindən və çıxışlarından, konkret tövsiyələrindən və göstərişlərindən irəli gələn mühüm vəzifələrin həyata keçirilməsində bu bölmənin fəaliyyəti təqdirəlayiqdir. Bölmə ölkənin o zamankı Prezidentinin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyinin möhkəmlənməsi, doğma Vətənin qayğıları ilə yaşamaları üçün müəyyən görmüşdür.

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız belə bir mühüm cəhəti heç vaxt yaddan çıxarmamalıdırlar ki, onların hər birinin arxasında müstəqil Azərbaycan Respublikası kimi azad, suveren və dövlətçiliyini gündən-günə möhkəmləndirən, demokratik, hüquqi və dünyəvi dövlət quran, vətəndaş cəmiyyətinin yaradılması sahəsində konkret uğurlar qazanan Azərbaycan dövləti xalqımızın müdrik Ümummilli Lideri, görkəmli dövlət xadiminin xarici ölkələrin birində azərbaycançılıqla görüşündə dediyi qiymətli sözləri bir daha xatırlamalı oluruq: "Azərbaycan dünyanın bütün ölkələrində  yaşayan azərbaycanlıların vətənidir: Hər bir azərbaycanlı Azərbaycana öz ata evi kimi baxmalıdır".

Bu gün müstəqil Azərbaycan Respublikası özünün ən parlaq dövrünü yaşayır. Artıq milli dövlətçiliyimizin varlığı üçün təhlükəli olan illər arxada qalmışdır. Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində böyük canlanma duyulur, iqtisadiyyat, hüquq, mədəniyyət və elm sahələrində həyata keçirilən mühüm islahatlar öz bəhrəsini verir. Dövlət quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Buna görə də "Xaricdə Yaşayan Azərbaycanlılarla Bağlı Dövlət Siyasəti Haqqında Azərbaycan Respublikasının Qanunu" hazırlanıb Milli Məclisdə müzakirə edilərkən heç şübhəsiz ki, dövlətimizin qüdrətli siyasi liderinin bu sahədəki xidmətləri, fəaliyyəti, diaspor qarşısında qoyduğu məqsəd və vəzifələr əsas kimi götürülübonlar hər bir soydaşımızın həyatında çox mühüm rol oynayacaq bu gözəl qanunda öz əksini tapıb.

Həmin qanunda göstərilir ki,  bu qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.

Biz inanırıq ki, Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı ilə bağlı məqsədyönlü fəaliyyəti XXI əsrdə xaricdə yaşayan soydaşlarımız qarşısında çox geniş perspektivlər açır, onları ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirir. Azərbaycan diasporunun inkişafına dövlət qayğısının parlaq təzahürünü hər bir soydaşımız, məhz Heydər Əliyevin zəngin irsində görürduyur, bu irsdən bəhrələnməyə çalışır. Azərbaycan diasporunun daha da qüvvətlənməsi və mütəşəkkil bir qüvvəyə çevrilməsi günləri heçuzaqda deyil. Çünki onun inkişafı üçün müstəqil dövlətimiz hər cür şərait yaratmağa, kömək etməyə hazırdır.

Bu gün O, cismən aramızda olmasa da Onun xalqımıza irs qoyub getdiyi zəngin ideyalar arasında diaspor quruculuğu ilə bağlı proqram xarakterli tövsiyələri bütün dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanır və əməli fəaliyyətdə rəhbər tutulur. Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı siyasət bu gün Onun varisi, xalqımızın görkəmli övladı, Heydər Əliyev ideyalarının yaşadıcısı və həyata keçiricisi, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Onun Fransa, Rusiya, Qazaxıstan və başqa ölkələrə səfərlərində Azərbaycan diasporu nümayəndələri ilə görüşləri, diaspor quruculuğu sahəsində məqsədyönlü fəaliyyəti bu fikrə parlaq sübutdur. Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün sahələrin inkişafında xidmətlərini yüksək qiymətləndirir, müstəqil ölkəmizin diaspor quruculuğu siyasətini məhz Onun adı ilə bağlayır. Fikrimizcə, xalqımız XXI əsrdə bu siyasətdən bəhrələnməklə dövlət quruculuğunda, beynəlxalq həyat sahəsində aparılan siyasətdə çox mühüm qələbələr əldə edəcək. Heydər Əliyevin arzuladığı, daim böyük qayğı ilə qeyd etdiyi Azərbaycan diasporulobbisinin yaradılması, təşkilatlanması və mütəşəkkil bir qüvvəyə çevrilməsi sahəsində böyük dönüş yaradacaqdır.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 6 iyun.- S.15.