Səhnə üçün
doğuldu, sənət naminə yaşadı...
Bənzərsiz gülüş
ustası Hacıbaba Bağırovun anadan olmasından 82 il
ötür
Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər.
Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, anadan olmasının 82-ci ildönümünü qeyd etdiyimiz, Azərbaycanın xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazları ilə yaddaşlara həkk olunub. Teatr tariximizdə onun danılması heç vaxt mümkün olmayan özünəməxsus zirvəsi var. Bu zirvəni o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.
Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopmuşdur. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri var. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tarixinə həmişəlik daxil olub.
Doğrudan da Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyinə və populyar olmağına böyük təsiri olub. Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli Könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.
Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunmuş və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.
Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor A.Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.
Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.
Onun canlandırdığı obrazlar yüksək dərəcədə təbiiliyi, milliliyi və müasirliyi ilə səciyyələnirdi. Milli teatr tariximizin yetirdiyi böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qalan aktyor yüksək peşəkarlığı, qəhrəmanlarının mənəvi aləminə dərindən nüfuz etmək və zamanın ruhunu gözəl əks etdirmək bacarığı ilə seçilirdi. Onun böyük istedadla yaratdığı obrazlar özünün danışıq və davranış tərzləri ilə yadda qalıb.
Bütün qüvvə və istedadını milli teatr və kino sənətimizin tərəqqisinə sərf etmiş aktyorun xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə respublikanın Əməkdar Artisti, 1982-ci ildə xalq artisti adlarına layiq görülüb. Müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüş Hacıbaba Bağırov müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib. 2001-ci ildə “Bankir adaxlı” tamaşasına görə “Qızıl Dərviş” mükafatını alıb.
Hacıbaba Bağırovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də təqdirəlayiqdir.
O, 1989-cu ildə yaratdığı “Tənqid-təbliğ” teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. görkəmli səhnə ustası Hacıbaba Bağırov 2006-cı il oktyabrın 5-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün qüvvə və bacarığını əsirgəməyən sənətkar bütün mənalı həyatını milli teatr fədaisi kimi yaşayıb. Hamını güldürərək düşündürən Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirib.
Elə bir adam tanımaq çətindir ki, H.Bağırovu qəlbində yaşatmasın. Onun adı gələndə hamının üzündə təbəssüm oyanır. Hacıbaba Bağırov qüdrətli sənətkarlar sırasına daxildir. O, böyük məktəb qoyub getmişdir. Nə vaxtsa gözəl, peşəkar aktyorlar da meydana gələcək. Amma onların sənətin ən yüksək zirvəsinə çatması üçün, sözsüz ki, Hacıbaba Bağırov kimi sənətkarların məktəbini keçmək mütləqdir.
Azərbaycan səhnəsinin böyük gülüş ustası Hacıbaba Bağırov bütün zamanların sənətkarı kimi xalqımızın qəlbində daim yaşayacaq.
Səs.- 2014.- 12 iyun.- S.12.