Azərbaycan Milli Elmlər
Akademiyasının ümumi
yığıncağında
akademiyanın həqiqi və
müxbir üzvlüyünə seçkilər keçirilib
İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirdə akademiyanın 48 həqiqi üzvündən 44-nün, 96 müxbir üzvündən 83-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirmişdir.
Gündəliyi elan edən akademik A.Əlizadə bildirmişdir ki, yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçiriləcək, akademiyanın yeni nizamnaməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirəyə çıxarılacaq, yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat veriləcəkdir. A.Əlizadə bildirmişdir ki, yeddi ildən bəri akademiyada seçkilər keçirilməmişdir. Bu isə müəyyən çətinliklər yaradır. Belə ki, akademiyada bəzi prioritet istiqamətlər zəifləyir, kadr hazırlığı işində çətinliklər meydana çıxır. Hesab edirəm ki, bəzi elmi məktəblərin də fəaliyyəti zəifləyir. Bu baxımdan bugünkü tədbir böyük əhəmiyyət kəsb edir.
Akademik A.Əlizadə son zamanlar AMEA-da mühüm məsələlərin müzakirə olunduğunu və vacib qərarların qəbul edildiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, bugünkü gündəlikdən də göründüyü kimi, ümumi yığıncaqda bir sıra əhəmiyyətli məsələlər müzakirə ediləcəkdir. Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan A.Əlizadə bu sahədə həyata keçirilən mühüm tədbirlərdən də söz açmışdır. AMEA-nın rəhbəri alimlərimizin şərəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür qayğı göstərildiyini, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırmış, elmi ictimaiyyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. AMEA-nın prezidenti əminliklə qeyd etmişdir ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə layiqli töhfələrini verəcəkdir. O, bugünkü seçkilərin ölkədə elmin gələcək inkişafına böyük fayda verəcəyinə inamını ifadə etmişdir.
Sonra AMEA-nın vitse-prezidenti, nizamnamə komissiyasının sədri, akademik İsa Həbibbəyli akademiyanın yeni nizamnaməsi ilə bağlı çıxış etmişdir. Son illər AMEA-nın böyük inkişaf yoluna qədəm qoyduğunu bildirən akademik İ.Həbibbəyli vurğulamışdır ki, Prezident İlham Əliyev akademiyanın inkişafına hərtərəfli şərait yaratmış, bu qurumun dövlətimizin böyük qayğısı ilə regionda iri elmi mərkəzə çevrilməsini azərbaycanlı alimlərin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Bu strategiyaya uyğun olaraq bir ildən artıqdır ki, AMEA-da bu elm məbədinin bütün sahələrini əhatə edən geniş islahatlar kompleksi ardıcıl həyata keçirilir. Struktur, kadr islahatları, innovativ fəaliyyətin hüquqi bazasının möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinə keçid, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər sahələrdə yenilənmə sürətlə davam etdirilir. Lakin AMEA-nın 2002-ci ildə qəbul olunmuş nizamnaməsi bu islahatlara, inkişafa və reallığa cavab vermir. Çünki 6 bənddən və 67 maddədən ibarət olan həmin nizamnamə keçid dövrünün akademiyada funksiyalarını tənzimləmək üçün nəzərdə tutulmuşdur. Ona görə də hazırda AMEA-da aparılan islahatlar, ölkədə gedən sürətli inkişaf prosesləri zəminində yeni nizamnamənin yaranması zərurəti meydana çıxmışdır. AMEA-nın rəyasət heyətinin 2013-cü il sentyabrın 18-də akademiyanın yeni nizamnamə komissiyasının tərkibini müəyyənləşdirdiyini və ona yeni nizamnaməni hazırlamağı tapşırdığını vurğulayan İ.Həbibbəyli yeni nizamnamənin layihəsi haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılmış, müvafiq komissiya və rəyasət heyəti tərəfindən baxılmış, müzakirə edilmişdir. Akademik yeni nizamnamənin qəbulunu elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, sənədin layihəsi rəyasət heyətinin ümumi yığıncağında müzakirə edilmiş və bəyənilmişdir. Nizamnaməyə ilk dəfə AMEA-nın beynəlxalq əlaqələri ilə bağlı xüsusi maddə əlavə olunmuş, akademiyanın regional bölmələri və elmi mərkəzləri barədə ayrıca maddə daxil edilmişdir.
Nizamnamə səsə qoyulmuş, ümumi yığıncağın qərarı ilə təsdiq olunmuşdur. Müzakirəyə təqdim edilən növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” olmuşdur. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək diqqətə çatdırmışdır ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir. Sənəd ümumi yığıncağın qərarı ilə qəbul olunmuşdur.
Sonra AMEA-nın Biologiya və Tibb Elmləri
Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov
akademiyanın Molekulyar
Biologiya və Biotexnologiyalar
İnstitutunun yaradılması zərurətindən
danışmışdır. Bildirilmişdir ki, son illər
biologiya elminin sürətli
və dinamik inkişafı bir çox yeni elmi istiqamətlərin
və elm sahələrinin
formalaşmasına zəmin yaratmış, molekulyar
biologiya, biotexnologiya, gen mühəndisliyi, genomika,
bioinformatika və digər yeni
elmi sahələrin meydana
çıxmasına səbəb olmuşdur.
Molekulyar biologiya və
biotexnologiyalar sahəsində sanballı elmi tədqiqatların aparılması akademik Cəlal Əliyevin adı ilə
bağlıdır. Hələ ötən əsrin
sonlarında onun rəhbərliyi
altında AMEA-nın Botanika İnstitutunda böyük
bir bölmə yaradılmış, bu sahədə dünya
miqyasında qəbul edilən elmi tədqiqatlar
aparılmış, yüksək ixtisaslı kadrlar
hazırlanmışdır. İndi həmin
bölmədə 11 laboratoriyanın fəaliyyət
göstərdiyini diqqətə çatdıran akademik Ə.Əmiraslanov aparılan elmi tədqiqatların keyfiyyətini və səmərəliliyini,
kadr hazırlığının səviyyəsini
daha da yüksəltmək
üçün Botanika
İnstitutunun nəzdindəki eyniadlı
şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutunun yaradılmasının vacibliyini vurğulamışdır.
Yığıncaqda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun
təşkili səs çoxluğu ilə
təsdiq edilmişdir. Akademik Akif
Əlizadə bu ilin
sentyabrında akademiyanın təşkilatçılığı
ilə Qafqazda ilk elm festivalının
planlaşdırıldığını, ilin
sonunda Azərbaycan alimlərinin I qurultayının
keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə
başlanacağını yığıncaq
iştirakçılarının diqqətinə
çatdırmışdır.
Çıxışının sonunda akademik A.Əlizadə AMEA-nın həqiqi
üzvlüyünə 43, müxbir
üzvlüyünə isə 265 nəfərin namizəd olduğunu qeyd etmişdir. Sonda
AMEA-nın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə
akademiyanın həqiqi və müxbir
üzvlüyünə namizədlərə səsvermə keçirilmişdir. (Səsvermənin nəticələri
barədə ayrıca informasiya veriləcəkdir).
AMEA-nın ümumi yığıncağında
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyev, humanitar siyasət
məsələləri şöbəsinin müdiri
Fatma Abdullazadə, digər dövlət və
hökumət rəsmiləri, rəyasət heyətinin
üzvləri, akademiyanın institutlarının, təşkilatlarının
rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Səs.-2014.- 1 iyul.- S.7.