Azərbaycan - Çin
mədəni əlaqələri (qədim dövrdən XX əsrin
50-ci illərinədək)
Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla qədim sivilizasiyalardan biri hesab edilən, Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir. Aralarında məsafə uzaqlığına baxmayaraq, hər iki ölkə arasındakı mədəni münasibətlərin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. E.ə. II əsrin əvəllərindən başlayaraq, Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə, onun bu ölkələrlə ticarət-iqtisadi sahələrdə olduğu kimi, mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır.
Antik müəlliflərdən Strabon və Plininin verdiyi məlumatlara əsasən Çin malları - ilk növbədə ipək və ipək parçalar, ədviyyat, ətirli məmulatlar, fil sümüyü, çini mallar və qiymətli daş-qaş karvan yolu ilə Orta Asiya və Xəzər dənizindən keçib, Kür və Rioni boyu Qara dənizin sahillərindəki Fazisə (Poti) gətirilibmiş. Çindən digər ticarət yolu isə cənubdan - Orta Asiyadan İrana, Ekbatan və Atropaten Qandzakana Azərbaycanı görmədən keçirdi. Hər iki yol uzun müddət öz rolunu qoruyub saxlamışdır.
VIII-IX əsrlərdə Avropanı Çinlə əlaqələndirən şimal yolu Orta Asiya, İran, Araks düzənliyi və Trapezunddan keçirdi. Çindən gətirilən malların içərisində ən böyük əhəmiyyət kəsb edən ipək və ipək parçalar idi ki, bunlar da qızılla dəyərləndirilirdi. Azərbaycanda Çinin ipək parçaları XII-XIII əsrin əvvələrində geniş vüsət tapmışdı. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycana gətirilən bu malların içərisində çini qabların da özünəməxsus yeri vardır. Ticarət əlaqələri, iqtisadi münasibətlərin mövcudluğunu sübut edən bu faktların arasında Çin-Azərbaycan mədəni əlaqələrinin mövcudluğunu təsdiqləyən məqamlar da vardır. Azərbaycan ərazisindən tapılmış çoxlu sayda çini qablar və fil sümüyündən hazırlanmış məmulatlar da aşkar edilmişdir.
Qiymətli Çin qablarına Azərbaycanda çox böyük tələbat vardı. Belə ki, bunlardan feodal əyanları istifadə edirdilər. Çin qablarının naxışvurma üsulu yerli keramika sənətinə böyük təsir göstərirdi. XIII əsrdən başlayaraq, bütün Şərqdə olduğu kimi, Azərbaycanda da nəbati ornamentlərlə bəzədilmiş gözəl fayans qablar geniş vüsət aldı. Burada tətbiq edilən rəsmlər Çin keramika sənətinə məxsus ornamentlərin təsiri ilə yaranmışdı. Azərbaycan dilində bu qabların adının "çini" adlandırılması faktı isə bu ölkənin adı ilə bağlıdır. Bu termin bir çox Şərq xalqları kimi. azərbaycanlıların da dilinə daxil olmuşdur.
Azərbaycan mədəniyyətinə Çin sənətinin təsiri xüsusiyyətlərini incəsənətin digər sahələrində də açıq-aydın müşahidə etmək mümkündür. Məsələn, XIII əsr abidəsi olan Pirsaat ərazisində yerləşən Pirhüseyn xanəgahındakı türbənin işləmələrində Çin motivləri açıq-aydın hiss olunur. Orta əsrlərdə Azərbaycanın Çinlə mədəni əlaqələrinin inkişafına təsir edən mühüm tarixi hadisə, Azərbaycanın 200 il monqol dövlətçiliyini təmsil edən Hülakülərin əsarəti altında olması faktıdır. Çünki bu dövlət Çinlə digər sahələrdə olduğu kimi, mədəni sahədə də intensiv əlaqə saxlayırdı. XIII əsrin II yarısında Hülakülər dövlətinin Yaxın Şərqdəki ticarət məntəqəsini Cənubi Azərbaycan şəhəri olan Təbriz təşkil edirdi. Azərbaycan və İranı idarə edən Hülakülər hakimləri taxta gələrkən Çindən razlıq yarlıqları, dövlət möhürləri və fəxri çin titulları əldə etdilər.
1285-ci ildə Azərbaycana Pulad adı altında Çin missiyası təşrif gətirdi. Bu, Hülakülərin rezidenti oldu. O, Qazan xanın hakimiyyəti dövründə də ölkənin idarə edilməsində mühüm rol oynadı. Bir qədər sonra ona Şirvan sərhədlərinə rəislik etmək kimi məsul və səlahiyyətli bir iş etibar edildi. XIII əsrdə Azərbaycana Hülakü ordusu ilə hərbi mütəxəssislər, körpüsalan möhkəmləndirici qurğular, istehkamlar salan, hədəfi nişan alan hərbi sursatın hazırlanması üzrə mütəxəssislər də gətirilmişdi. Orta əsrlərdə Çin Orta Şərqin qədim sivilizsiyaya malik bir ölkəsi kimi tanınırdı. Elə bu dövrdə də Çində alim, həkim, mühəndis və incəsənət sahələri üzrə tanınmış hörmətli sənətkarlar yaşayıb-yaradırdı. Bu sənətkarlarla Azərbaycan arasında da əlaqə mövcud idi. Məsələn, görkəmli astronom Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında Çindən dəvət olunmuş alimlər də çalışırdılar.
Bu dövrdə Azərbaycana, eyni zamanda, öz işini gözəl bilən həkimlər də dəvət olunurdular. Məsələn, məlumdur ki, həmin çağlarda Təbrizdə Çindən gəlmiş əlli təcrübəli həkim çalışırdı ki, bunların da hər birinin 5-10 qabiliyyətli şagirdi var idi. Hülakü həkimləri Qazan xanı, başqalarını isə əsasən Çin həkimləri müalicə edirdi. Qazan xanın özü isə Çin tibbinin metodları ilə yaxından tanış idi. Çin ilə mədəni əlaqələrin intensiv inkişaf dövrü XIII-XV əsrlərə təsadüf edir, Hətta bundan sonra da davam edir. XVII əsrin I yarısının görkəmli türk səyyahı sayılan Övliya Çələbinin 1647-ci ildə Bakıya səyahəti zamanı verdiyi məlumatlara əsasən Çinlə bu ölkə (Azərbaycan) arasında əlaqələr həmişə mövcud olmuşdur. Orta əsr alimləri Vəssaf, Həmdullah, Qəzvini və digərlərinin əsərlərində Çin-Azərbaycan mədəni əlaqələrinin mövcudluğunu təsdiqləyən məlumatlar çoxdur.
Görkəmli Azərbaycan alimi Əbdürrəşid Bakuvi özünün 1403-cü ildə yazdığı coğrafiyaya aid əsərində məlumat verir ki, Çində şəhərlərin sayı 300, yeraltı və yerüstü sərvətlər isə tükənməzdir. Çin məhsulları arasında Bakuvi çiniyə xüsusi əhəmiyyət verərək yazırdı: "Ölkədə özünə xas xüsusiyyəti olan vazlar hazırlanır ki, bunlar da ağ və şəffafdırlar, deyirlər ki, həmin qablara zəhər qoyarkən bunlar zəhəri özündən kənarlaşdırır". Ə.Bakuvi eyni zamanda, çinlilərin dini təsəvvürləri, onların məişət mədəniyyəti, hətta görkəmli memarlıq abidələri haqqında da kifayət qədər ətraflı məlumat verir ki, bu da azərbaycanlı alimin Çin mədəniyyətinə olan ehtiram və məhəbbətini təzahür etdirir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XV-XVI əsrlərdə Azərbaycan-Çin mədəni əlaqələrinin təzahürü Azərbaycan incəsənətində müşahidə edilir. Məsələn, Abşeronun Şüvəlan kəndində qəbirüstü abidələrdən birinin üstündəki Dərbəndin memarlıq abidələri, Ağdam yaxınlığındakı türbələrin birində əjdaha başlarından ibarət relyef, məhz Çin motivləri əsasında yaradılmışdır ki, bu da Çin-Azərbaycan mədəni iqtibasının ən bariz nümunələrindəndir. XVI əsrin Azərbaycan miniatürləri Sultan Mahəmməd Təbrizi, Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli, Ağa Mirək də Çin sənətindən təsirlənmişlər. Onların yaratdıqları əsərlərdə qaya, bulud, insan və geyimlərin təsviri zamanı Çin motivlərindən istifadə etmələri aşkar müşahidə olunur.
Bir çox tədqiqatçılar belə hesab edirlər ki, müsəlman Şərqi memarlığına aid olan məscid və türbələrdəki günbəzlər, onların səthlərinin şirələnmiş təbəqə-kaşı ilə örtülməsi də çinlilərdən, onların mədəniyyətindən iqtibas edilir. Azərbaycanın görkəmli klassik şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındakı Çin mövzusuna müraciətin özü Azərbaycan-Çin mədəni əlaqələri kontekstindən diqqəti cəlb edir. Əsərdə Çin gözəlinin füsunkar obrazı, ona məxsus əql və zəkanı təsvir edən şair Çin mədəniyyətinə ehtiramını da ifadə etmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda, sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirldiyinin şahidi oluruq. Bu, ilk növbədə, onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı. 1920-ci ilin sentyabrında Bakıda keçirlən Şərq xalqlarının I qurultayında Çindən də nümayəndələrin iştirakı yeni tarixi şəraitdə iki ölkə sovet Azərbaycanı və Çinlə mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb edir.
İmperialist qüvvələrə qarşı mübarizə aparan Çin xalqı və dövlətinin marağı sovet dövlətinin marağı ilə üst-üstə düşdüyünə görə, sovet rejimi digər respublikaların ədəbiyyat və incəsənət xadimləri kimi Azərbaycan sənətkarlarının üzərinə Çin mövzusuna diqqəti gücləndirməyi başlıca vəzifələrdən biri kimi irəli sürdü. Bu, bir ideoloji, mədəni siyasət olsa da Azərbaycan ədibləri bu mövzuya müraciət etməklə böyük Çin xalqına öz səmimi hisslərini ifadə edirdilər. Görkəmli şairlərin - Rəsul Rzanın, Süleyman Rüstəmin, Hüseyn Hüseynzadənin yaradıcılığındakı şeirlər buna sübutdur.
XX-ci əsrin 50-60-c illərində Çin mövzusu Azərbaycanın digər şairləri Osman Sarıvəlli, Nəbi Xəzri, Mirvarid Dilbazi, Əhməd Cəmil, Zeynal Xəlil və başqalarının da yaradıcılığında mühüm yer tuturdu. Şair Teymur Elçin qədim Çin əfsanəsi əsasında yazdığı "Pekin zəngi" poemasında Nizami dövründən başlanan gözəl bir ənənəni, Çin əfsanələrindən və hikmətlərindən istifadə olunmasını davam etdirmişdi.
Sovet dövründə Azərbaycan - Çin mədəni əməkdaşlığı sahəsində fəaliyyətin nizamlanması Çin - Sovet Dostluğu Cəmiyyətinin yerli şöbəsi xəttilə həyata keçirilirdi. Bu cəmiyyətin xəttilə Azərbaycanla Çin arasında mədəni əlaqələrin əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsi üçün rəngarəng forma vo metodlardan istifadə olunurdu. Qarşılıqlı mədəniyyətlərin tanışlığı məqsədi ilə müştərək səfərlər, yaradıcılıq ezamiyyətləri belə tədbirlərdən idi. Artıq 50-ci iliərdən başlayaraq Çin-Sovet dostluğu xəttilə Çin yazıçıları və incəsənət xadimləri Azərbaycanda yaradıcılıq ezamiyyətlərində olmuşlar. Bu cür görüşlər get-gedə ənənəvi səviyyə kəsb edərək sistemli və ardıcıl şəkildə davam etdirilirdi. Dəfələrlə Azərbaycanda olan Çin mədəniyyət xadimlərinin nümayəndə heyətləri hər iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait yaratmışlar. Çinin qocaman yazıçısı Ke Çjunpin 1954-cü ilin baharında Bakıya gələrkən Azərbaycan Yazıçılar İttifaqında respublikanın şair və yazıçıları ilə görüşmüş və xalq şairi Səməd Vurğunla dostluq əlaqələri qurmuşdur. Ke Çjunpin Azərbaycandan aldığı təəssüratını "Bakı" adlı şeirində tərənnüm etmişdir. Şeiri Azərbaycan dilinə o vaxt gənc şair Nəbi Babayev (Xəzri) tərcümə etmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1957-ci ilin aprelində Azərbaycana gələn Çin jurnalistləri nümayəndə heyətinin başında Şanxayda nəşr olunan "Benxuey-bao" qəzetinin redaktoru Suy Çju-Çen aldığı təəssüratı aşağıdakı fikirlərlə ifadə etmişdi: "Biz Azərbaycan haqqında çox oxumuşduq və çox şey bilirdik, indi isə sizin qazandığınız böyük müvəffəqiyyətləri öz gözümüzlə görə bildik... biz yəqin etdik ki, sizin həyatınızın bütün sahələrində - sənayedə, kənd təssərrüfatında və mədəniyyətində dərindən öyrənməyə layiq faydalı şeylər çoxdur".
Bundan irəli gələrək Çində də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə çox böyük maraq vardır. Çində S.Vurğunun şeirləri, M.İbrahimovun "Gələcək gün" və M.Hüseynin "Abşeron" romanları həmin dövrdə Çin dilinə tərcümə olunmuşdur. Çin yazıçılarından Lui Sin, Ouyan Şan, Şao Tszı-Nanyanın əsərləri və Çin xalq nağılları Azərbaycan dilində nəşr olunmuşdur. Həmin illərdə Azərbaycan Respublikasının ictimaiyyəti böyük Çin yazıçı və dramaturqu Quan Xan-Tsinin ədəbi fəaliyyətə başlamasının 700 illiyini geniş miqyasda qeyd etmişdir.
50-ci illərdə Çinlə mədəni əməkdaşlığın inkişaf etdirilməsində qastrol səfərlərinin rolunu da xüsusi olaraq vurğulamaq lazımdır. Çində hələ o vaxtlar Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun əsərlərini çox yaxşı tanıyırdılar, çünki musiqi əsərləri ölkənin konsert salonlarında ifa olunurdu. 1952-ci ildə sovet incəsənət ustaları nümayəndə heyəti tərkibində Çin Xalq Respublikasına gedən respublikanın xalq artisti Rəşid Behbudovu çinlilər hərarətlə qarşılaşmış, onun yaradıcılığına yüksək qiymət vermişlər. Çində nəşr olunan "Suntiyan Jinbao" qəzetinin 1952-ci ildə 28 iyun tarixli nömrəsində qəzetin müxbirləri Van Kvan və Mun Huy belə yazırdılar: "Çinlilər Behbudovu hələ "Arşın mal alan" filmindən tanıyırlar. Bu dəfə də o öz zəngin repertuarı ilə Çin xalqının böyük məhəbbətini qazandı. Elə bir konsert olmamışdır ki, Behbudov "Arşın mal alan"dan Azərbaycan və Çin dillərinda ariyalar oxumasın. Qeyri-adi istedada malik olan Azərbaycan müğənnisi Çin mahnılarını da bir çinli kimi ifa etdi".
VAHİD
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2014.- 4 mart.- S.15.