Azərbaycan-Suriya mədəni-mənəvi inteqrasiyası (XX əsrin II yarısı və müasir dövrədək)

 

 

 

 

1965-ci ilin sonu - 1966-cı ilin ilk ongünlüyündə təşkil olunan səfər haqqında Həmid Əliyevin qələmə aldığı "Dünyanın ən qədim şəhərlərində" adlı kiçik həcmli kitabında Suriya təəssüratları öz əksini tapır. Şərqə, xüsusilə də, ərəb ölkələrinə - Suriyaya edilən səfərlərlə əlaqədar yazılan bu və digər kitabçaların sovet ideologiyası diktəsi altında bir çox hadisələrin əsil məğzinin, mətləbinin (məsələn, islamla bağlı adət-ənənələrin) süni şəkildə bayağılaşdırılmasına baxmayaraq, bunlar istər öz dövründə iki xalqın bir-birilə mədəni cəhətdən yaxınlaşması, istərsə də bu gün vaxtilə mövcud olmuş əlaqələr haqqında tam təsəvvür yaratmaq baxımından əhəmiyyət kəsb edir. 1968-ci ildə azərbaycanlı mədəniyyət xadimlərindən ibarət bir qrup Suriya Ərəb Respublikasına səfər etdi. Bu tədbirin başlıca məqsədi 15 gün ərzində Suriya Ərəb Respublikasında Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi idi. Mədəniyyət günlərinin qrafiki çox zəngin idi. Buraya azərbaycanlı nümayəndələrin bir sıra nazirlik, müəssisə və təşkilatlar, maarif və mədəniyyət ocaqları ilə tanışlıq, zəhmətkeşlər, yaradıcı ziyalılarla təcrübə mübadiləsi məqsədilə görüşlər təşkil edirdi. Bundan əlavə, Suriyada keçirilən Azərbaycan mədəniyyəti günlərinin proqramına Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi, foto-sərgilər, sənədli kino-filmlər, konsertlərin təşkili də daxil idi. Həmin mədəniyyət günlərində iştirak etmiş sənətşünas-alim M.Nəcəfov Suriyanın qədim və müasir mədəniyyəti haqqında təəssüratlarını "Gözəllik aləminə səyahət" adlı kitabçada əks etdirmişdir. Həmin kitabçada müəllif Suriyada gördüyü, tamaşa etdiyi abidələr haqqında məhəbbətlə danışmaqla hər bir azərbaycanlı da ərəb dünyasının bu zəngin mədəniyyəti, ölkəsi haqqında təəssürat yaradır. Müxtəlif tədbirlər, xüsusilə, sərgilər zamanı iki ölkə sənətkarlarının mədəni mübadiləsini xatırlayan M.Nəcəfov adıçəkilən kitabçada yazır: "Suriyalı rəssamlarla ilk görüşümüz noyabrın 21-də bizim sərginin açılış günü oldu. "Ərəb mədəniyyəti mərkəzi" adlanan binanın salonlarında Sovet Azərbaycanı rəssamlarının sərgisi açıldı. Biz burada Suriyanın məşhur rəssamlarından Mişel Girşe, Nəim İsmayıl, Afıf Bəhnəssi və başqaları ilə görüşdük. Qonaqlarımız Süleyman Vəzirovun sərginin açılışı zamanı söylədiyi nitqi və sərgimizdəki əsərlər haqqında mənim izahatımı dinlədilər. Ertəsi gün həmin salonda Azərbaycan sovet incəsənətinin inkişaf yolları mövzusunda məruzə etdim. Salon yerli rəssamlar, heykəltaraşlar, tənqidçilər və habelə sənətsevər  adamlarla dolmuşdu... Bu  görüş zamanı  suriyalı həmkarlarımız mənə təsviri incəsənətimizin inkişaf tendensiyaları haqqında, qədim rəssamların yaradıcılığını, gənclərə münasibət barədə çoxlu suallar verdilər."

Sənətşünas olmaqdan əlavə, həm də muzey işçisi olan Mürsəl Nəcəfov və onun həmkarları mədəniyyət günləri çərçivəsində Dəməşq və Hələb şəhərlərinin müxtəlif tipdən olan muzeyləri ilə də yaxından tanış olmuş, ekspozisiyaların təşkili təcrübəsindən də bəhrələnmişlər.

Suriyada keçirilən Azərbaycan mədəniyyəti günlərində azərbaycanlıların ekskursiya etdiyi ən təsirli və maraqlı yerlərdən biriböyük Nəsiminin həyatının son günlərini yaşadığı, eləcə də, 1417-ci ildən edam olunduğu Hələb şəhərinə, bu şairin həyatı ilə bağlı tarixi yerlərə ekskursiya etmələri olmuşdu. Nümayəndə heyətinin Hələbdə Nəsiminin məzarını ziyarət etməklə yanaşı, onun nəslindən olan insanlarla, qohumlarla tanışlıq həmin dostluq günlərinin ən təsirli və həyəcanlı anlarından idi. Mədəniyyət günlərinin iştirakçısı olan sənətşünas Mürsəl Nəcəfov N.Novruzovun bu haqda olan məlumatları yuxarıda qeyd etdiyimiz adıçəkilən kitabçalarda çox ətraflı qeyd olunub. Hələb şəhərini, Nəsiminin vəfat etdiyi yerləri gəzib dolansan, ziyarət edən ilk azərbaycanlı mədəniyyət xadimlərindən başqa sonrakı illərdə bu ölkəyə gələn hər bir azərbaycanlı gəlməyi özünə mənəvi borc bildi. Azərbaycan şairləri R.RzaQabil hələ 60-cı illərdə Hələbdə olarkən şairin məzarını ziyarət etmişdilər. 1970-ci ildə isə Suriyaya yaradıcılıq səfərinə gedən Qabil Hələb şəhəri və Nəsiminin məzarının ziyarətindən aldığı təsirlərdən sonra, özünün "Nəsimi" adlı tanınmış poemasını yazdı ki, həmin əsərin ssenarisi əsasında müasir Azərbaycan kinosunun nailiyyəti sayılan eyniadlı bədii film çəkilmişdi. Qeyd etmək lazımdır ki, filmin bəzi kadrları məhz burada -Hələbdə lentə alınmışdı.

Mədəniyyət günləri çərçivəsində azərbaycanlı qrup Suriyanın Palmir və Bəsrə şəhələrindən də zəngin təəssüratlarla qayıtmışlar. Suriyadakı bu tədbirin ardınca Azərbaycanda da Suriya mədəniyyəti günləri böyük təmtəraqla təşkil olundu. Azərbaycana gələn suriyalı mədəniyyət xadimləri elm-təhsil nümayəndələri, musiqiçilər, rəssamlar, şair və yazıçılar, teatr-kino xadimləri və s. Bakı ilə onun sənaye, mədəniyyət, təhsil ocaqları ilə tanış olmuş, sənət adamları ilə ünsiyyət saxlamışlar. Suriya şairi Yusif Zahir həmin tədbirlərdən, Bakı şəhərindən aldığı tsəssüratı yazdığı "Bakı" adlı şeirində bildirir.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Bakıda təşkil olunan Suriya mədəniyyət günləri çərçivəsində Suriya filmləri həftəsi, bu ölkənin tanınmış müğənni və rəqs kollektivlərinin çıxışlarından ibarət azərbaycanlı sənətkarlarla birgə konsertlər də təşkil olundu. Suriya haqqında az məlumatlı olan azərbaycanlılar həmin mədəniyyət bayramı müddətində bu ölkə haqqında kifayət qədər informasiya əldə edə bildilər.

Azərbaycanda keçirilən Suriya mədəniyyət günlərinin təəssüratını həmin ölkənin nümayəndə heyətinin rəhbəri SƏR-in informasiya naziri Əsəd Sakr belə ifadə etmişdir: "Azərbaycan torpağında olduğumuz ilk andan məhəbbət və dostluq hissləri ilə qonaqpərvərliklə qarşıladığmızı necə əvəzini verəcəyimiz haqqında söz deməyə acizlik edirəm. Biz bu xalqın gördüyümüz, şahidi olduğumuz nailiyyətləri necə çətinliklə əldə etdiyini yaxşı bilirik. Azərbaycan zəhmətkeşlərinin uğurlarına bizçox sevinirik. Çünki dostun xoşbəxtliyi elə sənin xoşbəxtliyindir".

1966-1967-ci illərdə Dəməşqdə azərbaycanlı rəssamlar M.Abdullayev, T.Salahov, S.Salamzadənin keçirilmiş sərgilərindən böyük zövq alan suriyalı sənətkarların özünün indi bu mədəniyyət günləri çərçivəsində sərgiləri təşkil olunmuşdu. Bir Şərq ölkəsi olaraq Suriya mədəniyyətinə maraq Azərbaycanda mənəvi tələbata çevrildi. Məhz bunun nəticəsidir ki, 1968-ci ildə "Azərnəşr" Suriya şair və yazıçılarının əsərlərindən ibarət küliyyat nəşr etdirdi. Küliyyata Mustafa Bədəvi, Xasib Əl-İdlibin, Adil-əbu-Şəqab və digərlərinin əsərləri daxil edildi. Öz növbəsində artıq Suriyada da R.Rzanın əsərləri çap olunmuşdu. İki müsəlman ölkəsinin bir-birinin ədəbiyyatı ilə yaxından tanışlığı mümkün olmuşdu. Sözsüz ki, burada tərcüməçiliyin inkişafı, eləcə də Azərbaycanda ərəb dili üzrə mütəxəssislər hazırlayan həmin illərdə yeganə ali tədris ocağı olan S.M.Kirov adına Azərbaycan Dövlət Universitetnin Şərqşünaslıq fakültəsinin adını xüsusi olaraq qeyd etmək lazımdır. Hazırlanan kadrların digər ərəb öikələri kimi Suriyada da təcrübə keçməsi faktı da Azərbaycan-Suriya mədəni əməkdaşlığının mühüm istiqamətlərindən birini təşkil edirdi.

Artıq Suriya-Azərbaycan mədəni əlaqələrinin əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsi müasir günün realığına çevrilirdi. Bunu daha da sürətləndirən başlıca amillərdən biri də 1980-ci il oktyabrın 8-də Sovet-Suriya danışıqlarının yüksək səviyyədə keçirilməsi oldu, Bu danışıqlar iki ölkə başçısı tərəfindən "SSRİ və Suriya Ərəb Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Muqavilə"nin imzalanması ilə nəticələndi. Həmin tarixi sənəddə mədəniyyətlərin dialoqu naminə mədəni mübadilələrin hüquqi prinsipləri öz təsbitini tapdı. Sənədin 9-cu maddəsində deyilirdi: "Razılığa gələn yüksək tərəflər elm, incəsənət, ədəbiyyat, təhsil, informasiya, kinematoqrafiya, turizm sahələrində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişafını davam etdirəcəklər."

Hüquqi baza rolunu oynayan bu müqavilənin imzalanması Azərbaycan-Suriya mədəni əlaqələrinin inkişaf etdirilməsinə şərait yaratdı. "Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd olunur ki, Azərbaycan-Suriya mədəniyyətlərinin bütün istiqamətləri üzrə əməkdaşlığa yer verildi. Xüsusilə, ədəbiyyat və kitab mübadiləsi sahəsində əldə olunan uğurlar qaneedici idi. Ötən əsrin 80-ci illərində Suriya nəşriyyatı "Nidal ən Şfab"ın nəşr etdiyi "Sovet poeziyası antologiyası"nda Azərbaycan ədəbiyyatını şair Məmməd İsmayıl təmsil etmişdi. Təkcə 1987-ci ildə Dəməşqdə çap olunan qəzet və jurnallarda Azərbaycan şair və yazıçılarına dair onlarla müxtəlif yazılar suriyalılara təqdim olunmuşdur. Bundan əlavə, 80-cı illərdə Suriya ilə mədəni əməkdaşlıq sahəsində qarşılıqlı mədəniyyət günlərinin təşkili, qastrol, konserttamaşalar, eləcə də, sənətkarlar arasında təcrübə mübadiləsi üzrə səfər və ezamiyyətlər, sərgilər də öz ardıcıllığı ilə davam etməkdə idi. Lakin bütün bunlar SSRİ dövlətinin ideoloji maşını tərəfindən idarə olunduğuna görə, bu mədəni əməkdaşlıq sahəsində də bir çox məhdudiyyətlər özünü qabarıq şəkildə göstərirdi.

1991-ci ilin noyabrından müstəqilliyini bərpa etmiş Azərbaycan Demokratik Respublikasının diplomatik respublikası oldu. Bu ölkə ilə diplomatik əlaqələr 1992-ci il martın 28-də yaradıldı. Hər iki ölkədə təsis olunan səfirliklər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlıq sahəsində inkişaf üçün yeni cığırlar açmışdı. Beləliklə, tarixi faktlardan əldə etdiyimiz nəticələrə əsasən, qeyd edə bilirik ki, Suriya-Azərbaycan mədəni əlaqələrinin tarixi orta əsrlərdən başlayaraq bu günədək davam etməkdədir. Bu əlaqələr iki müsəlman ölkə xalqlarının bir-biri ilə daha da yaxınlaşmasına, islami dəyərlərin birgə dərk olunması işinin səmərəliliyinə əhəmiyyətli şəkildə təsir göstərir. Çünki Azərbaycan Suriya ilə, həm də İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində də mədəni mübadilə aparır.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 6 mart.- S.15.