Azərbaycan - Yaponiya mədəni əlaqələri (XX əsrin sonu)

 

 

 

  Şərqi Asiyanın Azərbaycanla sıx münasibətlər və geniş partnyorluq əlaqələri yaratmış ikinci fəal dövləti Yaponiyadır. Bu ölkə də Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. 1992-ci ilin sentyabrından başlayaraq, iki ölkə arasında diplomatik əlaqələr qulurdu. Diplomatik əlaqələr sistemində mədəni əməkdaşlığın da xüsusi yeri vardır. Yaponiya ilə  mədəni əlaqələrin yenidən qurulması, bu əlaqələrin əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün kifayət qədər tarixi təcrübə var idi. Uzun müddət Yaponiya ilə gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ılə diplomatik münasibətlər yaratdı. Həmin münasibətlərin müxtəlif sahələr, o cümlədən, mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı. Bu bəyannamə    Azərbaycan-yapon mədəni əlaqələrinin dirçəldilməsinə    əhəmiyyətli   dərəcədə    təsir   göstərdi.    SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi təşkil olundu. Artıq XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-yapon mədəni əlaqələrində canlanma hiss olunurdu. Elmi- ədəbi mübadilələrdə irəliləyişlərə nail olundu. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin xəttiylə Azərbaycana gələn yapon xalqının qabaqcıl ictimai mədəniyyət xadimləri Bakı və ölkənin mədəniyyəti ilə yaxından tanış olurdu.

"Beynəlxalq mədəni əlaqələr"  kitabında göstərilir ki, 1962-ci ildə Azərbaycana səfər edən "SSRİ-Yaponiya" cəmiyyətinin nümayədələrindən biri Sitiro Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə ölkə ilə tanışlıq üçün geniş imkanlar yaratdığına görə, dərin təşəkkürünü bildirmişdir. Təşəkkür məktubunda Azərbaycanla, onun mədəniyyəti ilə əyani tanış olan nümayəndə heyəti bu mədəniyyətin zəngin və qədim mədəniyyət olduğunu qeyd etmişyapon mədəniyyəti ilə bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.

Xüsusilə, həmin dövrdə Yaponiya ilə elmi mübadilənin gücləndirilməsinə diqqət yetirən sovet dövləti Azərbaycan mütəxəssisləri ilə yapon alimləri arasında yaradıcılıq münasibətlərinin yaradılmasını ön plana çəkdi. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin Sumqayıt şöbəsinin yaradılmasında əsas bir cəhət Sumqayıtın qabaqcıl, müasir kimya şəhəri olması faktı idi. Yaponiyanın tanınmış professoru ekspert Suzumu Kobe BMT-nin Bakıya gələn nümayəndə heyətinin tərkibində idi. BMT-nin bu ekspertləri buraya yeni şəhərlərin salınması layihəsinin işlənilməsi məqsədilə səfər etmişdilər. Onlar, eləcə də yapon mütəxəssiləri Bakı və Sumqayıtın planlaşdırılması və tikinti layihaləri ilə yaxından tanış olmuş, Neft Daşlarında da olmuşdurlar. Yapon professoru Suzumu Kobe Neft Daşlarında gördüklərindən heyrətə gəlmişdir. Bakıda yapon qrafikasına həsr edilmiş sərgi, istedadlı yapon müğənnisi Teruko Ononun çıxışları azərbaycanlı tamaşaçıların diqqətini çəkmişdir.

Sənətkarlar arasında yaradıcılıq əlaqələri qarşılıqlı xarakter daşıyırdı. Eyni zamanda, Azərbaycan rəssamlarından T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş və "Gündoğar ölkə"ni əks etdirən silsilə əsərlər yaratmışlar. Rəssam Toğrul Sadıqzadə Tokio, Osaka, Kioto, Mikko və digər şəhərlərdə olmuş, Yaponiya yazıçıları, rəssamları, ədibləri ilə yaradıcılıq mübadiləsi aparmışdır. Xirosima xarabalıqlarını öz gözləri ilə görən rəssam Yaponiyadan böyük təəssüratlarla qayıtmışdır. Sonralar Bakıda rəssamın əsərlərindən ibarət sərgisində Yaponiya mövzusuna həsr olunmuş 40-dan çox rəsm eskiz, zarisovka, etüd və lövhələri nümayiş etdirilmişdir. Onun "Xirosima" adlanan rəsm əsərləri silsiləsinə həyəcansız baxmaq mümkün deyildir. Ümumdünya Sülh Şurasının qızıl medalı ilə təltifi olunmuş yapon rəssamı Tosiko Maruki Mosakoda xarici ölkələrlə Dostluqq Evində "xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə" silsilə rəsm ekspozisiyasına baxdıqdan sonra söylədiyi fikirlər diqqəti cəlb edir: "Mən Aərbaycan xalqının tarixi haqqında bəzi məlumatlar əldə etmişəm. Azərbaycan rəssamlarının xarici ölkələrə səfərləri, onların bu sərgidəki iştirakı bu sənətkarların öz yaradıcılıqlarında nə qədər yüksəldiklərini sübut edir. Mən tamamilə əminəm ki, sovet rəssamları sırasında Azərbaycan sənətkarları ön sıralardadır."

 "Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1964-cü ilin yayında Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş yazıçı və kinorejissor Həsən Seyidbəyli 15 gün ərzində tanınmş yapon kino sənətkarları ilə yaradıcılıq mübadilələri aparmışdır. Yaponiya səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən Seyidbəyli demişdir: "Bizim bura gəlməkdə əsas məqsədimiz Yaponyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni əlaqələrimizi möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinomatoqrafiyamız haqqında onlara məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostumuz olsun, bir kino xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq."

Yazıçı və  kinorejissor  H.Seyidbəylinin  bu  fikirlərini  Azərbaycan-Yaponiya mədəni əməkdaşlığının əsas məzmunu kimi dəyərləndirmək olar. Artıq Yaponiyada Azərbaycan haqqında informasiyaya da böyük tələbat vardır. 1965-ci ildə Yaponiyada Xəbərlər Mətbuat Agentliyinin nəşr etdirdiyi "Sovet İttifaqı bu gün" jurnalının bir nömrəsi bütünlüklə Azərbaycan SSR-ə həsr edilmişdir. Bunun başlıca səbəbi yaponların Bakı, Neft Daşları və Azərbaycan mədəniyyətinə olan marağı idi.

 Ölkələrin bir-biri ilə tanışlığı üçün səfərlərin ardıcıllığına diqqət yetirilirdi. Xüsuilə XX əsrin 60-cı illərinin II yarısından başlayaraq məqsədli səfərlərin sayı artmağa başladı. Xüsusən, Azərbaycan-yapon gəncələri arasında dostluq və mədəni əlaqələrin canlandırılması məqsəd ilə festival, səfər və həftələrin təşkili əhəmiyyət kəsb etdi. 1969-cu il iyul ayının 20-25-də Bakıda keçirlən SSRİ-Yaponiya fəhlə-gənclərinin həmrəylik festivalı bu baxımdan diqqəti cəlb edir. Tədbirin əsas məqsəd və məzmununu iki ölkə arasında dostluq və həmrəyliyin inkişaf etdirilməsi olsa da, bu mühüm missiyanın gerçəkləşməsində mədəni əməkdaşlıq prinsipləri də aparıcı yer tuturdu. Azərbaycana gələn 200 gənc yapon bir həftə ərzində Bakının tarixi-mədəni yerləri ilə - Neft Daşları və gənclik şəhəri Sumqayıtla yaxından tanış oldu, Azərbaycan xalqının adət və ənənələri, milli mədəniyyəti ilə təmasda oldular. Festivalın zəngin mədəni proqramının bir müddəasını Yaponiyanın məhşur albalı ağacı Sakuranın Bakının mərkəzində, gənclik meydanında təntənəli şəkildə əkilməsi mərasimi oldu.

Festivaldan sonra elə həmin ilin sentyabrında Azərbaycan gənclərindən ibarət bir qrup Yaponiya ilə tanışlıq səfərinə çıxmışdılar. Bu səfərdə başlıca məqsəd Azərbaycan-Yaponiya gəncləri arasında başlanan ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək idi. Azərbaycandan getmiş gənc müəllim, mühəndis, ədəbiyyat və incəsənət nümayəndələri yapon həmkarları ilə ali məktəb və mədəniyyət ocaqlarında görüşlər keçirərək məşğul olduqları sahələr üzrə fikir mübadiləsi aparmışlar.

Azərbaycan-Yaponiya mədəni əməkdaşlıq sahələrinin inkişaf dinamikasında 1970-ci illərin xüsusi rolu olmuşdur. 1973-cü il oktyabrın 7-10 tarixlərində SSRİ ilə Yaponiya arasında bir sıra sahələr, o cümlədən, mədəniyyət sahəsi üzrə əlaqələrin genişləndirilməsi üzrə sazişlər imzalandı. Mədəniyyət sahəsi üzrə imzalanan sazişdə incəsənətin bütün sahələri üzrə fəal əməkdaşlığa və birgə yaradıcılığa xüsusi fikir verilmişdir. Ona görə də, Azərbaycanın incəsənət xadimləri ilə yapon sənətkarları arasında mübadilələrin gücləndirilməsi ön plana çəkildi. 1970-ci illərin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin Yaponiya teatrında səhnələşdirilməsi iki ölkə arasında mədəni əməkdaşlığın qiymətli töhfələrindən idi. Bu əsər Yapoiyada misilsiz müvəffəqiyyət qazanmışdır. Bəstəkarın digər bir əsəri də yapon sənətkarlarının diqqətini çəkmişdir.

S.M.Kirov adına Leninqrad Dövlət OperaBalet Teatrı Arif Məlikovun "İki nəfər" baletini səhnəyə qoyarkən əsərlə yaponlar da maraqlanmış və bildirmişlər ki, bu əsər Xirosima faciəsi ilə yaxından səsləndiyinə görə, onu Tokioda səhnələşdirmək fikrindədirlər. Teatr sahəsində mədəni əlaqələr sistemində 1973-cü ilin payızında sovet mədəniyyət xadimləri qrupunun tərkibində Yaponiyaya yaradıcılq ezamiyyətində olan Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti Lütfi Məmmədbəyovun təəssüratları zəngin idi. Yaponiyanın kino və teatrlarının fəaliyyəti ilə yaxından tanış olan aktyor Tokionun yeganə dram teatrı olan "Kabuki"nin tamaşalarına da baxmış, teatrın yaradıcı heyəti ilə təmasda  olmuşdur.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1974-cü ildə Xəbərlər Mətbuat Agentliyinin Yaponiya şöbəsinin əməkdaşı Kadziko Kamoqava Azərbaycan qadınlarının vəziyyəti, ailə-məişət münasibətləri və mədəni nailiyyətlərini öyrənmək məqsədi ilə Bakıda olmuş, "Azərbaycan qadını" jurnalının əməkdaşları ilə fikir mübadiləsi aparmışlar. Səfər zamanı o, əldə etdiyi məlumatları ölkəsinin mətbuat orqanlarında çap etdirmişdir. Azərbaycan qadınlarının evdarlığı, səliqə-sahmanı, gözəl ailə başçısı olmalarına heyran qalan yapon jurnalisti Bakıda gördüklərini öz məqalələrində Azərbaycan qadınına, ailəsinə hörmət ruhunda qələmə alaraq yapon oxucusuna təqdim etmişdir. Azərbaycan-Yaponiya mədəni əlaqələri tarixində Yaponiyanın "Kristo-Forsingers" caz-vokal ansamblının Bakıdakı qastrol səfərinin də mədəni əhəmiyyəti var idi. 1972-ci ildə təşkil olunan bu musiqi kollektivinin ilk xarici səfəri 1979-cu ilin dekabrında, məhz Bakı şəhər də olmuşdur.

Keçən əsrin 60-70-ci illərində Azərbaycan-Yaponiya mədəni əlaqələrinə qədər diplomatik münasibətlər inkişaf etmiş olsa da, bu əməkdaşlıq sistemi də, hər şeydən əvvəl, Azərbaycan bir dövlət olaraq bu sahədə müstəqil prinsip, siyasət yeritməklə müəyyən imkanlardan məhrum idi. Ona görə də, mədəni əməkdaşlığın keyfiyyətcə yeni dövrü, məhz  Azərbaycanda müstəqilliyin bərpasından sonra mümkün oldu. "Gündoğar ölkə" ilə Azərbaycan arasında mədəni əlaqələrin tarixi təcrübəsinə əsaslanaraq  elm, təhsil, incəsənət, kommunikasiya sahəsində əməkdaşlığa üstünlük verilməliydi.

Yaponiya ilə mədəni əməkdaşlığın keyfiyyətcə yeni məzmunda inkişaf etdirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ilin fevralında Yaponiyaya ilk səfərinin çox böyük tarixi əhəmiyyəti olmuşdur. Həmin görüşlər ərəfəsində Heydər Əliyevin Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə söhbəti və burada söylədiyi fikirlər Azərbaycan-Yaponiya elmi-mədəni və təhsil əlaqələrinin gələcəkdə inkişaf etdirilməsinin prioritetləri kimi də səslənə bilər. Azərbaycandan "Gündoğan ölkə"yə oxumağa getmiş Şəhriyar Cəfərov, Sevinc Məmmədova, Xəzər Fərhadov, Hafiz Qayıbov, Gursel İsmayılov və Elşən Qurbanovla ünsiyyət prosesində Azərbaycan Prezidenti belə söyləmişdir: "Yaponiyanın Azərbaycana marağı həddən artıq çoxdurbu maraq gündən-günə daha da artmaqdadır. Ona görə də bizə Yaponiya üzrə mütəxəssislər lazımdır... lazımdır ki, yapon dilini yaxşı bilən azərbaycanlı mütəxəssislər olsun. Təkcə dil öyrənmək yox, gərək siz Yaponiyanın - bu qədər inkişaf etmiş bir ölkənin bütün imkanlarından bəhrələnəsiniz, öyrənəsiniz. Necə olub ki, yaponlar dünyada bu qədər böyük nailiyyətlər əldə ediblər? Siz də bunları öyrənin, gətirib Azərbaycana tətbiq edin, yayın."

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1995-ci ildə yapon türkoloqu, qafqazşünası və nəhayət azərbaycanşünası, professor Akira Matsunaqa ilə birgə yaradılan və səmərəli fəaliyyət göstərən Azərbaycan-Yaponiya Elmi Tədqiqatlar və Mədəni Əlaqələr Mərkəzi ölkələr arasında mədəni münasibətlərin inkişafına təkan verdi. Azərbaycanın dostuyorulmaz təbliğatçısı olan professor Akira Matsunaqa bu sahədə çox böyük işlər görüb. 1996-cı ildə "Azərbaycan türkcəsinin qrammatikası" 1999-cu ildə isə "Azərbaycan dilini müstəqil öyrənənlər üçün" kitabları, çoxlu sayda məqalələr və beynəlxalq konfranslarda məruzələr Azərbaycanın Yaponiyada tanınmasına xidmət etmişdir. Bu xidmətlərinə görə, Akira Matsunaqa Azərbaycan Mətbuat İşçiləri Həmkarlar İttifaqı Təşkilatının "Azərbaycan bayrağı" mükafatına layiq görülmüşdür. Alimin rəhbərlik etdiyi bu mərkəzin təşkilatçılığı ilə Bakıda ardıcıl olaraq konfrans, görüşlər keçirilir, təhsil müəssisələri arasında tələbə və elmi mübadilə aparılır. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Universiteti ilə Yaponiya Elmi Araşdırmalar və Mədəniyyət Mərkəzinin qarşılıqlı əlaqələri mədəni əlaqələrin geniş vüsətinin bir timsalı idi. Birgə fəaliyyətin əsas məqsədi Azərbaycan-Yaponiya mədəniyyətinir, mədəni əlaqələrinin bütün istiqamətləri üzrə xüsusiyyətlərini öyrənməkdir. Bu məqsədlə mərkəz müxtəlif tədbirlərdən, mədəni formalardan istifadəyə üstünlük verirdi. 1998-ci ilin avqustunda Azərbaycan Universitetində bu mərkəzlə birgə təşkil olunan "Azərbaycan-Yaponiya elmi-mədəni və təhsil əlaqələri" mövzusunda elmi konfransda Azərbaycan-Yaponiya Elmi Araşdırmalar və Mədəniyyət Mərkəzinin sədri Rəhbər Bəşirovun "Azərbaycan-Yaponiya elmi münasibətləri", Tokio Universitetinin professoru Masayaki Yamauçinin "1918-1920-ci illərdə Azərbaycan milli azadlıq hərəkatı və Ənvər Paşa" və s. mövzularda məruzələr edilmişsonra müzakirələr zamanı fikir mübadiləsi aparılmışdır. Konfransda irəli sürülən fikirlərdən biri bu idi ki, Azərbaycan-Yaponiya elmi əməkdaşlığını inkişaf etdirmək dövrün tələbidir. Tarixi "İpək yolu"nun varisləri sayılan həm Azərbaycan, həm də Yaponiyanın qarşılqlı əlaqələrinin tarixi daha qədimlərə gedib çıxır və buna görə də bu sahədə tədqiqatçılığın gücləndirilməsinə böyük ehtiyac duyulur.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 7 mart.- S.15.