Azərbaycanın dünya
birliyinə inteqrasiyasında səfirliklərin rolu
Bu günədək Azərbaycan Respublikasında miqrasiya məsələlərinə aid olan 20-dən artıq qanun və normativ akt qəbul edilmişdir. Miqrantların hüquq və azadlıqlarının təmin edilməsi kontekstində Azərbaycan Respublikasının BMT-nin "Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiya"ya qoşulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası insan alveri və miqrantların qanunsuz daşınmasına qarşı mübarizəyə dair Palermo Protokollarına qoşulmuşdur.
Bundan əlavə, miqrasiya proseslərinin asanlaşdırılması və eləcə də qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə biometriyanın tətbiqi istiqamətində vacib addımlar atılmışdır. Belə ki, biometrik eyniləşdirmə üzrə əlaqədar dövlət qurumlarının təmsilçilərindən ibarət xüsusi işçi qrupu təsis edilmiş və həmin qrupun tərtib etdiyi təkliflər əsasında "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı" tərtib edilərək, ölkə Prezidentinin 1963 saylı, 13 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikasında miqrasiyanın müxtəlif aspektləri üzrə müxtəlif dövlət qurumları məşğuldur. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 560 saylı, 19 mart 2007-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti" təsis edilmişdir. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya Xidməti də yaradılmışdır.
Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çıxış edir. Azərbaycan Respublikası 2001-ci ildən etibarən BMT-nin üzvüdür, təşkilat tərəfindən isə hələ 1996-cı ildən bəri Azərbaycanda müxtəlif yardım və texniki layihələr həyata keçirilir.
Eyni zamanda, miqrasiyanın müxtəlif aspektləri üzrə Avropa Şurası və ATƏT ilə birgə bir sıra texniki dəstək fəaliyyətləri gerçəkləşdirilir. Bundan əlavə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında 2006-cı ilin noyabrında qəbul olunmuş Fəaliyyət Planında miqrasiya ilə bağlı geniş spektrli məsələlərə - sərhədlərin idarə olunması, sərhəd-keçid məntəqələrinin səmərəliliyinin artırılması, miqrasiyanın idarə olunması, sığınacaq məsələləri və qeyri-qanuni miqrasiyanın qarşısının alınması, readmissiya məsələsi üzrə dialoq, geri qaytarılmış miqrantların reinteqrasiyası, viza va bir çox digər məsələlərə istinad olunur və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Fəaliyyət Planında əksini tapmış miqrasiya məsələlərinin həyata keçirilməsi məqsədilə bu yaxınlarda müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Xüsusi İşçi Qrupu təsis edilmişdir. Həmçinin ikitərəfli əsasda bir sıra dövlətlərlə miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi üzrə davamlı iş həyata keçirilir.
Müasir dövrdə azərbaycanlıların həyat fəaliyyətinin sosial mühiti etnik mədəniyyətin yeni keyfiyyətdə inkişafı üçün kifayət qədər potensial toplanmışdır. Bu gün əhalinin elə təbəqələri formalaşmışdır ki, onları Azərbaycan mədəniyyətinin, tarixinin yeni formasının daşıyıcıları adlandırmaq mümkündür. Lakin bununla belə, sosial mühitdə formalaşmış şəxsiyyətlərarası münasibətlər özlüyündə əhəmiyyətli, ənənəvi, etnomədəni stereotiplər daşıyır ki, o da öz növbəsində, yeniliklərin yayılmasını məhdudlaşdırır. Bu səbəbə görə də müasir azərbaycanlıların etnik mədəniyyəti keçid dövrünü yaşadığı hesab olunur.
Beynəlxalq arenada dövlətin yeri və nüfuzu təkcə onun siyasi çəkisi və iqtisadi resursları ilə ölçülmür, onun tərkibində yaşayan xalqların mədəni irsi ilə də müəyyən edilir. Millətin mənəvi dəyərlərinin özünəməxsusluğunu ifadə edərək, mədəniyyət, eyni zamanda da dünya ictimaiyyətinin universal dəyərlərini və bəşəriyyətin mədəni-tarixi irsinin qlobal tərkib hissəsini əks etdirir. Beynəlxalq miqyasda dövlətlərin xarici mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Mədəni diplomatiya spesifik instrumentariya, forma və metodlar vasitəsilə strateji məqsədlərə nail olmasına və dövlətin xarici siyasətinin effektivliyinin artırılmasına qadirdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, XXI əsrin əvvəllərində qloballaşmanın yeni çağırışları ölkələrarası mədəni əlaqələrin inkişafının əhəmiyyətini artırır. Mədəni əlaqələr münasibətlər sistemində ən plastik olduğuna görə, mədəni diplomatiya mexanizmində ən səmərəli vasitə hesab olunur. Mədəni əlaqələr xalqlar və dövlətlər arasında ayrıseçkiliyi aradan qaldıran mühüm amil olaraq dövlətlərarası münasibətlərin zəngin palitrasının inkişafına zəmin yaradır. Mədəni mübadilənin əsas məqsədi dövlətlər, ictimai təşkilatlar və insanlar arasında uzunmüddətli əlaqələrin qurulması və dəstəklənməsidir. Mədəni əməkdaşlıq dövlətlərarası münasibətlərin bütün sahələrində, o cümlədən də, iqtisadiyyat sferasının tənzimlənməsinə də xidmət etməlidir.
Nəzərə alınmalıdır ki, ölkənin milli maraqlarının qorunmasını diktə edən siyasi şərait hər hansı bir ölkə ilə münasibətlərin, həmçinin də, mədəniyyət sferasında əlaqələrin inkişaf istiqamətində və dinamikasında öz əksini tapır. Siyasi durumun mürəkkəbləşməsi və münaqişələr mədəniyyətlərin konfliktinə çevrilməməlidir. Xüsusilə qeyd edilməlidir ki, müxtəlif ölkələrlə mədəni əlaqənin həcmi və formaları tarixi ənənələr, coğrafi yerləşmə, münasibətlər səviyyəsi, hüquqi-saziş bazası, maddi-iqtisadi imkanlar, maraq dairələri kimi faktorların təsiri altında eyni dərəcəli ola bilməz.
Son illərin beynəlxalq tədqiqatları göstərir ki, qloballaşan dünyada ölkənin rəqabət qabiliyyətinin səviyyəsi onun mədəniyyət siyasətindən, daha dəqiq desək, beynəlxalq arenada formalaşdırdığı imici ilə müəyyən edilir. Qloballaşma dövründə mədəniyyət sahəsində əldə edilən nailiyyətlər iqtisadi sferanın inkişafını şərtləndirir. Bütün əlaqələrin, münasibətlərin arxasında mədəni əsaslar durur. Təcrübə göstərir ki, həmin münasibətlər, əməkdaşlıqlar möhkəm və davamlı olur ki, onların mündəricəsini əsas etibarilə mədəniyyət təşkil edir. Bu, o demək deyildir ki, bütün dünya siyasətçiləri, iş adamları birgə konsert və ya teatr tamaşalarına getməlidirlər. Burada söhbət mədəni mentalitetdən gedir. Müasir mərhələdə mədəniyyətin və mədəni diplomatiyanın əhəmiyyəti gündən-günə sürətlə artır. Bu gün ABŞ, Çin, Sinqapur, Yaponiya, Fransa və Rusiya kimi aparıcı dövlətlərin mədəni diplomatiya təcrübəsi maraq doğurur.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, inkişaf etmiş ölkələr mədəni diplomatiyanın inkişaf etdirilməsi məqsədilə digər dövlətlərdə mədəniyyət və incəsənətlərini təbliğ edən mədəniyyət mərkəzləri və mədəniyyət institutları təşkil edirlər. Misal üçün, Çində Konfutsi Fondu təsis edilmişdir ki, onun 100-dən artıq institutları Yer kürəsinin müxtəlif nöqtələrində fəaliyyət göstərir. İnkişaf edən ölkələrin iqtisadiyyatı üçün, ümumiyyətlə dünya ictimaiyyətinə dövləti tanıtmaq məqsədilə mədəniyyət vasitəsilə ölkənin obrazını yaratmağın böyük önəmi vardır. Macarıstan fəal mədəni diplomatiya həyata keçirir. Belə ki, Macarıstan Avropa İttifaqının hüdudlarını aşaraq dünyanın digər ölkələri ilə əməkdaşlığa meyil göstərir. Macarıstanın təhsil və mədəniyyət naziri İştvan Xiller çıxışlarının birində ölkəsinin mədəniyyət diplomatiyasına dair maraqlı fikirlərlə çıxış etmişdir: "Bizim nə qızılımız, nə də ki, neftimiz var. Bizdə yaradıcı qüvvə var və biz innovasiyalara hazırlıqlıyıq. Macarıstanda neftin olduğu sübuta yetirilənə qədər mən yalnız mədəni diplomatiyaya inanıram, ənənə və novatorluğa hörmət edirəm. Bizim vizit kartımız - mədəniyyətdir. Bizim xəzinəmiz - qiymətli daş-qaşlar deyil, mədəni irsdir. Belə ki, Macarıstan mədəni diplomatiyanın əhəmiyyətini dərk edərək, bu sahədə əməli addımlar atır. Müxtəlif ölkələrdə Macarıstan Respublikasının Mədəniyyət Günləri keçirilir ki, onların iqtisadi səmərəsi də göz qabağındadır: "2008-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 27 % artmışdır".
İnkişaf edən ölkələrdə mədəni diplomatiya xarici mədəniyyət siyasətinin tərkib hissəsi olmalıdır. Mədəni diplomatiya ilə iqtisadi inkişafın qarşılıqlı əlaqəsi Macarıstanın kino sənayesində özünü tam aydın göstərir. 2003-cü ildə bu sahədə gəlir təxminən 5,5 milyard forint təşkil edirdi. Yeni qəbul olunmuş "Kino haqqında Qanun"da birgə layihələrə 20% güzəştlər təyin edildikdən sonra kino industriyasında vəziyyət tamamilə dəyişmiş oldu. Belə ki, 2007-ci ildə gəlirin ümumi həcmi təxminən 60 milyard forint, yəni 12 dəfə artmışdır. Mədəni diplomatiyanın bariz nümunəsi kimi, Macarıstan və Rusiya arasında mədəni əməkdaşlıq göstərilə bilər. 2006-ci ildə İkinci Dünya müharibəsi illərində SSRİ-yə gətirilən dünyanın ən qədim kitabxanalarından biri olan Şaroşpatak kitabxanasının yenidən Macarıstana qaytarılması müasir mədəni diplomatiyanın təzahürüdür.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, XXI əsrin diplomatiyası - mədəniyyət və həyat tərzidir. Qərb dövlətləri öz dəyərlərini mədəni mübadilə vasitəsilə daha effektiv təbliğ edirlər. Mədəni diplomatiya geniş mənada beynəlxalq münasibətlərdən təcrid edilərək təsəvvür olunmazdır. Mədəniyyət diplomatiyası, ümumilikdə diplomatiyanın ayrılmaz tərkib hissəsidir. Mədəniyyət diplomatiyası - mədəniyyətdən obyekt və vasitə kimi istifadə edərək dövlətin xarici siyasətinin hayata keçirməsinə, ölkənin müsbət imicinin formalaşdırılmasını, xalqın mədəniyyəti və dilinin kütləvi təbliğinə yönəlmiş fəaliyyət sahəsidir.
Müasir mərhələdə xarici münasibət orqanların müxtəlif formaları mövcuddur. Orqanlardan ən əsasları bunlardır:
- daimi diplomatik nümayəndəliklər - dövlət başçısı və hökumət yanında səfirlər və diplomatik nümayəndələr tərəfindən rəhbərlik olunan səfirliklər və missiyalar;
- konsulluqlar və diplomatik nümayəndəliklərin bir hissəsi və ya müstəqil orqan olan, müxtəlif funksiyaları həyata keçirən ticarət və mədəniyyət nümayəndəlikləri və missiyaları;
- beynəlxalq təşkilatlar və təsisatlar yanında daimi nümayəndəliklər;
- ikitərəfli və çoxtərəfli beynəlxalq danışıqlarda, konfranslarda, konqreslərdə və ya təntənəli mərasimlərdə iştirak etmək üçün nümayəndə heyəti.
Göstərilən diplomatik orqanlar daimi və müvəqqəti olaraq, onların təsis edən və göndərən dövlətin müəyyən etdiyi, həmin dövlətin xarici siyasət maraqlarına uyğun olan funksiya və vəzifələri həyata keçirir. Diplomatik xidmət orqanları içərisində səfirliklər ölkələrarası dialoqu təmin edən qurumlar kimi fəaliyyət göstərirlər. Səfirlik - səfirin və ya birinci dərəcəli digər diplomatik nümayəndənin başçılıq etdiyi diplomatik orqandır. Diplomatik orqanlar sistemində xarici dövlət başçıları yanında akreditə olunmuş diplomatik nümayəndəliklər - səfirliklər və missiyalar mühüm rol oynayırlar. Səfirliklər dövlətin, onun hökumətinin bilavasitə nümayəndəsi olaraq təmsil olunduqları ölkədə dövlət və hökumət başçıları ilə birbaşa əlaqə yaradırlar.
Səfirliklər digər dövlətin razılığı ilə, həmin dövlətin başçısı yanında dövlətin daimi nümayəndəliyi kimi dövlət tərəfindən təsis edilir. Bu nümayəndəliklərin başında səfirlər (səfirliklər üçün), diplomatik nümayəndələr (missiyalar üçün), işlər müvəkkili (hər ikisi üçün) dururlar. Müasir diplomatik münasibətlərin hüquqi əsasları 18 aprel 1961-ci ildə qəbul olunmuş, 1964-cü ildə qüvvəyə minmiş, 53 maddə və 2 fakültativ sazişdən ibarət Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Hazırda Vyana Konvensiyasında 175 dövlət iştirak edir. Vyana Konvensiyasına görə səfirlər yüksək dərəcəli diplomatik agentlərdir.
Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına görə diplomatik nümayəndəliklərin aşağıdakı funksiyaları müəyyən olunmuşdur:
1. Yerləşdiyi ölkədə akreditə edən ölkəni təmsil etmək;
2. Yerləşdiyi ölkədə akkreditə edən dövləti və onun vətəndaşlarının mənafeyini beynəlxalq hüququn yol verdiyi hüdudlarda müdafiə etmək;
3. Yerləşdiyi dövlətin hökuməti ilə danışıqlar aparmaq;
4. Bütün qanuni vasitələrlə yerləşdiyi dövlətdəki şərait və hadisələri aydınlaşdırmaq və bunlar haqqında akkreditə edən dövlətə məlumat vermək;
5. akkreditə edən dövlətə yerləşdiyi dövlət arasında dostluq münasibətlərini genişləndirmək və iqtisadiyyat, mədəniyyət və elm sahəsində onların qarşılıqlı münasibətlərini inkişaf etdirmək.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 8 mart.- S.15.