Azərbaycanın dünya
birliyinə inteqrasiyasında BMT-nin
Əhali Fondunun rolu
Azərbaycanda mədəni demoqrafiya problemlərinin həllinə yönəlmiş BMT-nin müvafiq proqramları həyata keçirilir. Belə ki, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi layihələrin böyük önəmi vardır. BMT-nin Əhali Fondu 1969-cu ildə BMT-nin Əhali Məsələləri üzrə Fondu kimi fəaliyyətə başlanmış və fəaliyyətinin ilk dövründə BMT-nin İnkişaf Proqramı tərəfindən idarə edilmişdir. 1972-ci ildən BMT Baş Assambleyasının qərarı ilə UNFPA bilavasitə BA-nın tabeçiliyinə keçmiş və bununla da, o, UNDP və UNİCEF-lə bərabər status qazanmışdır. UNDP-nin İcraiyyə Şurası, həm də UNFPA-nın rəhbər orqanı qismində fəaliyyət göstərir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1987-ci ildə UNFPA-nın adı dəyişdirilərək, United Nations Population Fund (indiki adı) müəyyən edilir, lakin adın ixtisarı olduğu kimi (UNFPA) saxlanılmışdır. Hal-hazırda Əhali Fondunun təşkilati strukturu ilə bağlı islahatların həyata keçirilməsi məsələləri gündəmdədir. Belə ki, təşkilatın regional səviyyədə fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı bir sıra təkliflər nəzərdən keçirilir.
Əhali Fondu dünyanın 140-dan çox ölkəsində dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işləyir. O qadınlara, kişilərə və gənclərə yönələn proqramları dəstəkləyir. UNFPA kasıb, eləcə də ehtiyacı olan ölkələrdə hökumətlərə əhali ilə bağlı siyasətlərinin və davamlı inkişaf strategiyalarının işlənib hazırlanmasında köməklik göstərir. Əhali Fondunun bütün layihələrində gender bərabərliyi məsələsi öz əksini tapır. Təşkilat əhali probleminə diqqət yetirərək problemlərin həlli üçün resursların cəmləşdirilməsi prosesinə köməklik göstərir. 1969-cu ildən bu günə qədər inkişaf edən ölkələrdə ailə planlaşdırılması proqramlarının sayı artırılmış, əhali artımı ikiqat azalmışdır.
BMT-nin Əhali Fondunun işi 179 dövlət tərəfindən 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Planı ilə tənzimlənir. Bu konfrans təhsil və reproduktiv sağlamlıq da daxil olmaqla, səhiyyəni davamlı inkişafın əsas elementi elan etdi. Fəaliyyət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir:
- 2015-ci ilə qədər hamının reproduktiv sağlamlıq xidmətinə çıxışına nail olmaq;
- 2015-ci ilə qədər hamı üçün ibtidai təhsil və təhsildə gender bərabərsizliyini aradan qaldırmaq;
- 2015-ci ilə qədər ana ölümünü 75 % azaltmaq;
- Uşaq ölümünü azaltmaq;
- Orta ömür müddətini uzatmaq.
Sonradan ona bir sıra əlavələr də edilmişdir. Onlardan ən mühümlərindən biri QİÇS ilə bağlıdır: xəstəliyin ən çox tüğyan etdiyi ölkələrdə 2005-ci ilə qədər 25%, bütün dünya üzrə isə 2010-cu ilədək 25 % azaldılması. BMT-nin Əhali Fondu 1994-cü ildən başlayaraq Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlar əldə edilmişdir. Bunlardan ən mühümlərindən biri təşkilat tərəfindən həyata keçirilən Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihələridir. Onların reallaşdırılması çərçivəsində 20-dən çox reproduktiv sağlamlıq mərkəzləri yaradılmış və ölkəmiz, tibbi yardım və materiallarla təchiz edilmişdir.
Əhali Fondu, eyni zamanda, 1999-cu ildə, Azərbaycan müstəqillik qazanandan sonra keçirilmiş əhalinin ilk siyahıyaalınmasına öz köməkliyini göstərmişdir. Fond siyahıya alınmanın nəticələrinin nəşr olunması və yayılması məqsədilə maliyyə yardımı ayırmışdır. "Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, BMT-nin Əhali Fondunun Azərbaycandakı Ölkə Ofisinin 2000-2004-cü illər üçün qəbul etdiyi Ölkə Proqramının məqsədi reproduktiv sağlamlıq, gender bərabərliyi məsələlərinə böyük önəm verilməsi; ailə planlaşdırılması; hökumətə milli inkişafın planlaşdırılması üzrə düzgün məlumatların toplanması və əhali və inkişaf üzrə proqramlar və siyasətin formalaşması və icrası məsələlərində yardım göstərilməsi olmuşdur.
Hal-hazırda təşkilat tərəfindən həyata keçirilən 2004-2009-cu illər üçün nəzərdə tutulmuş ölkə proqramı bundan öncəki proqramın nəticələrinə əsasən hazırlanmış, qadın, kişi və gənclər üçün reproduktiv səhiyyə informasiyaları və xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, məcburi köçkün və qaçqınlar arasında müvafiq sahələr üzrə işlərin aparılması, gender bərabərliyinin təşviq edilməsi və gənclər arasında səhiyyə və gender məsələləri üzrə məlumatlılığın artırılması kimi yeni məqsədlər müəyyən etmişdir.
Son illərdə UNFPA-nın Azərbaycanda aşağıdakı layihələri həyata keçirmişdir:
- Reproduktiv sağlamlıq və reproduktiv hüquqlarla bağlı qanunvericiliyin hazırlanması, icrası və dəstəklənməsi;
- Reproduktiv səhiyyə xidməti və imkanlarına çıxışın asanlaşdırılması və keyfiyyətinin artırılması;
- Reproduktiv səhiyyə xidməti göstərən təsisatların inzibati və texniki imkanlarının gücləndirilməsi;
- Qadın, kişi və gənclərə təhlükəsiz və sağlam cinsi və reproduktiv davranışın aşılanması üzrə biliklərin genişləndirilməsi;
- Gənclər arasında gender bərabərliyi üzrə tərbiyəvi kompaniyalar;
- Dövlət təsisatlarının inzibati və təsisat imkanlarının gücləndirilməsi.
Ümumiyyətlə, azərbaycanlıların və ölkədə yaşayan başqa xalqların etnik mədəniyyətində bir sıra dəyişikliklər baş verir. Ölkəmizdə gedən etnomədəni proseslər Azərbaycanda və dünyada baş verən sosial-tarixi proseslərin nəticəsidir. Bu gün azərbaycanlıların etnik mədəniyyətinə təsir edən əsas amillərdən biri urbanizasiya prosesidir. Bunun nəticəsində məskunlaşmanın əvvəlki formaları dəyişir, şəhər əhalisinin sayı artır, sosial struktur, həyat tərzi, mədəniyyət tipi və sair transformasiyaya uğrayaraq bütün cəmiyyəti əhatə edən "urbanizasiyalaşmış mədəniyyət"in inkişafına gətirib çıxarır. Urbanizasiya mədəniyyət tipində spesifik dəyişikliklər yaradaraq, həyat tərzinin, sosial psixologiyanın və sairə sahələrdə dəyişməsinə səbəb olur.
Müasir dövrdə azərbaycanlıların etnik mədəniyyətində baş verən dəyişikliklər səciyyəvi xüsusiyyəti ümumdünya şəhər-sənaye mədəniyyəti elementlərinin etnosun mədəniyyətinə inteqrasiya prosesidir. Həmin proses iki istiqamətdə həyata keçir:
1. Milli mədəniyyətin təkmilləşdirilməsi;
2. Qeyri-milli mədəniyyət elementlərinin mənimsənilməsi nəticəsində.
Bu mənada son on ildə həyatın müxtəlif sahələrində azərbaycanlıların fəaliyyətinin forma və xarakterində intensiv dəyişikliklər baş vermişdir. Əhalinin strukturu həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişmişdir. Bu dinamik proseslər şəxsiyyətlərarası münasibətlər sistemi, davranış normaları və ümumiyyətlə, ənənəvi həyat tərzi formalarına təsir göstərmişdir. Yeni həyat şəraiti isə öz növbəsində azərbaycanlıların ailə- məişətinə, mədəni tələbatına və sair sahələrinin transformasiyasına səbəb olmuşdur.
Urbanizasiya prosesi Azərbaycan kəndindən və onun əhalisinin mədəniyyətindən də yan keçməmişdir. Kənd əhalisinin şəhər həyat tərzi və şəhər standartlarına uyğunlaşması kimi ziddiyyətli bir proses yaşanmaqdadır. Bununla yanaşı, urbanizasiya mədəniyyətinin kənd rayonlarına nüfuz etməsi müxtəlif sahələrdə baş verirdi: iqtisadi, ərazi, sosial, mədəni və sair.
Azərbaycanda baş verən urbanizasiya prosesləri ziddiyyətli və ikili cəhətə malikdir. Belə ki, bir tərəfdən bu proseslər etnik mədəniyyətin möhkəmlənməsinə, ölkənin regionları arasında müxtəlifliyin aradan qalxmasına və nəhayət, Azərbaycan xalqının vahid, urbanizasiyalaşmış etnik mədəniyyətinin formalaşmasına təkan verir, digər tərəfdən isə həmin bu proseslər respublikanın həm tarixi bölgəsinə xas olan sənayeyəqədərki etnik normaların və xüsusiyyətlərin mühafizəkarı kimi çıxış edən ənənəvi həyat tərzinin dağılmasına şərait yaradır.
Bu gün Azərbaycan urbanizasiya proseslərini tənzimləmək məqsədilə BMT-nin Əhali Məskunlaşması üzrə Proqramına qoşulmuş, bir sıra mühüm layihələrdə iştirak edir. BMT-nin Əhali Məskunlaşması üzrə Proqram 1978-ci ildə Vankuver şəhərində keçirilmiş BMT-nin şəhərlər üzrə ilk konfransı nəticəsində yaradılmışdır və iqamətgahı BMT-nin Nayrobi şəhərindəki (Keniya) ofisində yerləşir. BMT Baş Assambleyası tərəfindən hamı üçün adekvat sığınacaqla (evlə) təminetmə məqsədilə sosial və ekoloji cəhətdən dayanıqlı şəhər və şəhər tipli yaşayış məntəqələrinin təşviqi üçün səlahiyyətləndirilmişdir. UN-Habitatın fəaliyyətinin əsas məqsədi inkişaf etməkdə olan urbanizasiya prosesinin kor-koranə şəkildə deyil, düzgün istiqamətdə aparılmasına və prioritetlərin müəyyən edilməsi yolu ilə şəhərlərin məqbul inkişafına yardım etməkdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 2002-ci ildə BMT Baş Assambleyasının qətnaməsi (A/56/206) ilə bu agentliyin səlahiyyətləri daha da möhkəmləndirilmişdir. Bununla da, UN-Habitat, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təşviq etdirilməsi kimi BMT sisteminin əsas məqsədlərinə öz töhfəsini verir. Proqram həm hökumətlər və yerli hakimiyyət orqanları, həmçinin də, QHT-lər və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edir.
UN-Habitatın 2006-cı il hesabatına əsasən, 2007-ci ilin ortaları üçün tarixdə ilk dəfə olaraq, dünya əhalisinin əksəriyyəti şəhərlərdə məskunlaşmış olacaqdır ki, bu da "şəhər erasının" gəlişi kimi qiymətləndirilmişdir. Həmçinin 2007-ci ildə dünya üzrə gecəqondularda yaşayan əhalinin sayının 1 milyarda çatması gözlənilirdi. Hesablamalara görə, yaxın zamanlarda urbanizasiya prosesi Asiya və Afrika ölkələrində daha yüksək göstəriciyə çatacaqdır.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikası 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin, xüsusilə, ilk illərində əhəmiyyətli sayda vətəndaşlarının xarici ölkələrə emiqrasiyasının şahidi olmuşdur. Bu emiqrasiyanın əsasında keçid dövrünün yaratdığı çətinliklərlə yanaşı, xüsusən, qonşu Ermənistan Respublikasının Azərbaycan torpaqlarına təcavüzü və işğalının ağır iqtisadi nəticələri və milyona yaxın qaçqın və məcburi köçkün əhalinin yaranması dayanırdı. Daha sonra nəqliyyat şəbəkəsinin inkişafı ilə əlaqədar və coğrafi mövqeyi səbəbindən Azərbaycan tranzit ölkəsi rolunu da oynamağa başlamışdır. Nəhayət, son illər ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf və enerji, nəqliyyat və s. sahələrdə həyata keçirilən böyük layihələr nəticəsində Azərbaycan artıq miqrantlar üçün cəlbedici bir təyinat ölkəsinə çevrilməkdədir.
Çoxşaxəli xarakter daşıyan miqrasiya proseslərinin məlum təzahürlərinin əksəriyyəti ilə qarşılaşan Azərbaycan Respublikası bu proseslərin ardıcıl şəkildə idarə olunması və tənzimlənməsi məqsədilə son illər ərzində həm qanunvericilik, həm də institusional sahədə bir sıra ciddi addımlar atmış və əsaslı tədbirlər həyata keçirmişdir. Bu fəaliyyətlərin əsasında 2004-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası dayanır ki, həmin konsepsiyada hökumət qurumları qarşısında duran əsas məqsədlər müəyyən edilir.
Dövlət Miqrasiya Siyasəti Konsepsiyasını gerçəkləşdirmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 1575 saylı, 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyətli dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya xidmətləri və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramının həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 14 mart.- S.15.