Azərbaycanın dünya birliyinə inteqrasiyasında diaspor fəaliyyətinin rolu

 

 

Dünyada gedən beynəlxalq əlaqələr və münasibətlər sistemində mühüm məsələlərdən biri də diasporların fəaliyyətidir. Diaspor beynəlxalq münasibətlər sistemində siyasi fenomen rolunu oynamış və oynamaqdadır. Beynəlxalq əlaqələr müstəvisində onun statusumövqeyi özünəməxsus tərzdə səciyyələndirilir. Hazırda qloballaşma kimi dünyəvi prosesin reallaşdığı bir vaxtda diasporların fəallığı tarixi keçmişdən fərqli olaraq daha dinamik xarakter almışdır. Bu da ilk növbədə, xalqların və milli özünüdərkin geniş vüsət alması ilə izah olunur. Eyni ictimai-siyasi durumu Azərbaycan cəmiyyətinə və miqyasına da şamil etmək olar.

Bu problemin geniş şərhinə keçməzdən öncə "diaspor" anlayışının ümumi mahiyyətini açıqlayaq. Bəzi hallarda bu anlayış "lobbi", "mühacir", yaxud "mühacirət" məfhumları ilə eyniləşdirilir, vahid mənada dərk edilir. Bu əlaqəli anlayışların vahid bir prosesin qolları olmasına baxmayaraq, dəqiq məna çalarlarına görə konkret təyinatı olan anlayışlar, məfhumlardır. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, "diaspor" termini yunancadan alınan "diaspora" sözündən götürülmüşdür; hərfi mənada "dağılma, səpələnmə, yayılma" kimi tərcümə olunur. Həmin anlayış insan amilinə şamil edildikdə "Azərbaycan Sovet Ensiklopediyası"nda qeyd edildiyi kimi: "Xalqın, etnik birliyin xeyli hissəsinin yaşadığı ölkədən xaricdə olması" prosesi başa düşülür. Elm və mətbualda "diaspor" məfhumunun bu tərifi məna və məntiq etibarilə ən optimal variant hesab edilir.

Diaspor sözünün ədəbiyyata məhz bu mənada nüfuz etməsinin tarixiçox qədimdir. Bu termin ilk dəfə e.ə. VI əsrin əvvəllərində yəhudilərin Babilistan padşahı II Navuxodonosor, daha sonra isə eramızın I-II əsrlərində Fələstindən qovulub kənarda yaşamaları ilə bağlı romalılar tərəfindən işlədilir. Beləliklə, "dağılma, səpələnmə, yayılma" kimi nəzərdə tululan "diaspor" termini bu aspektdə inkişaf edərək bugünkü beynəlxalq münasibətlər leksikonunda, ümumiyyətlə, ictimai-siyasi leksikonda populyar məfhumlardan birinə çevrilmişdir.

Diaspor anlayışına olan ikili münasibətlə bağlı qeyd etməliyik ki, birinci münasibət "xətti" həmin anlayışın etimoloji mahiyyətinin əsas götürülməsindən ibarətdir. Digər münasibət "xətt"i daha çox praktiki mahiyyət kəsb edir. Yəni bu münasibətin "nümayəndə"ləri "diaspor" adı altında öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinin qorunması və müdafiəsi yolunda ardıcıl şəkildə çalışan ayrı-ayrı fərdlər, sosial qruplar və qurumlardır. Ümumiyyətlə, hər iki münasibətin məzmununun mahiyyəti və irəli sürdüyü iddialar, həqiqətən də, spesifik xarakterlidir.

Bu gün biz diaspor anlayışını dünyanın müxtəlif nöqtələrinə səpələnmiş azərbaycanlıların, yaxud digər xalqların nümayəndələrinin öz vətəninin inkişafı yolunda həyata keçirdikləri genişmiqyaslı layihələrin, tədbirlərin icra mexanizmi və məkanı kimi qəbul edirik. Lakin unutmaq olmaz ki, diasporu qrup, kütlə, sosial qurum halında qəbul etməzdən öncə, onu məhz ilkin mənada - "səpələnmiş" anlayışı kimi qəbul etmək məntiqi cəhətdən məqsədəuyğun sayılardı. Çünki diasporun sosial qurum kimi formalaşmasının mühacirət prosesindən keçməsi mütləqdir. Burada "mühacir", "mühacirət" anlayışlarının izahına ehtiyac duyulur.

"Mühacir" - ərəb sözü olub, başqa yerə keçən, keçmək və tərk etmək mənasını verir. Həmin sözün etimologiyası islam tarixi ilə də əlaqələndirilir. Bu, ilk növbədə, 622-ci ildə Məhəmməd peyğəmbərlə birgə Məkkədən Mədinəyə köçmüş ilk müsəlmanlara verilən addır. Beləliklə, konkret olaraq qeyd etmək lazımdır ki, mühacir dedikdə, məhz vətəni tərk elmiş, vətən hüdudlarından kənara çıxmış və orada məskunlaşmış adam nəzərdə tutulur. Deməli, göründüyü kimi, əslində, mühacirbu adla bağlı proseslər (mühacirət) diasporun təşəkkülü və formalaşmasının ilkin mərhələsini təşkil edir. Yəni mühacirət olmadan mühacirlərin təşkilatlanmış forması olan diaspordan danışmaq qeyri-mümkündür.

Hər hansı bir xalqın diasporu yalnız iki üsulla təşəkkül tapıb formalaşır ki, bu da mühacirət prosesinin məntiqi davamı kimi dərk edilir: birincisi, öz ölkəsini buya digər səbəbdən tərk etmiş hər hansı bir xalqın nümayəndələrinin öz torpaqlarının hüdudlarından kənara mühacirəti; ikincisi, xalqın mühacirətdə olan hissəsinin təbii, bioloji yolla artıb-çoxalması. Mühacirət faktı kütləvi xarakter alarsa, bu diasporun formalaşma ehtimalını obyektiv tələbə çevirir.

Diaspor anlayışı ilə əlaqəli "lobbi", "lobbizm" məfhumlarının da öz izahı və rolu vardır. "Diaspora", "mühacirət" anlayışlarına yaxın, qohum olan "lobbi" də eyni bir prosesin müvafiq izahı, qanadı deməkdir. Lakin lobbizm prosesində diasnorun mövcudluğu mütləq xarakter daşımır. Yəni bu proses diasporsuz da baş verə bilər. Bəs "lobbizm", "lobbi" nədir? Lobbi haqda "Lobbizm" kitabında yazılır: "Buya digər dərəcədə hər hansı aktiv qrupun maraqlarının nəzərə alınması məqsədilə hökumət qurumlarına birbaşa, yaxud dolayı yolla təsiretmə fəaliyyəti bu cür adlandırıla bilər". Bu anlayışın etimologiyası maraqlı formada şərh edilir; belə ki, "lobbi" ingilis sözü olub, hərfi tərcüməsi "üstü örtülü gəzinti meydançası, vestibül, dəhliz, koridor" deməkdir. Bu termin ABŞ-ın müxtəlif maraqlarının "müdafiəçi"si olan maliyyə və siyasət dairələrində, daha çox siyasi mənada işlədilməyə başlandı. Yəni "lobbiləşmə" konqresin dəhlizlərində pulla səslərə malik oldu. Z.Əliyev "Beynəlxalq münasibətlərdə diasporaların rolu" əsərində göstərilir ki, sonralar "lobbi", "lobbizm" hər hansı bir dövlətin mənafe və maraqlarını başqa bir ölkədə buya digər qərarı qəbul etməyə sövq və məcbur edən xüsusi adamlar qrupu kimi başa düşülməyə başladı".

Lobbi ilə diaspor qohum məfhumlardır. Hər ikisi mövcud məkanda mənsub olduqları vətəni ən azı təmsil etmək, öz xalqının mədəniyyətini, ümumilikdə milləti tanıtmaq kimi funksiyaları yerinə yetirir. Sosial ictimai qurum kimi, hər iki qrupun oxşar cəhətləri vardır. Lakin lobbi tərkib və mahiyyətcə daha geniş və çoxşaxəli fəaliyyət göstərən qurumdur. İstər diaspor, istərsə də lobbinin tərkibində aparıcı qüvvəni əsasən ziyalılar, adamları, elm, mədəniyyət və incəsənət xadimləri kimi təbəqə təşkil edir. Digər oxşarlıq ondan ibarətdir ki, hər ikisi mühacirlərdən ibarətdir.

Hazırda dünyada bir neçə aparıcı diasporlobbi fəaliyyət göstərir ki, onlar da mənsub olduqları xalqa, ölkəyə iqtisadi-siyasi, mənəvi-mədəni yardım göstərirlər. Bu nəhəng diasporlar sistemində "Azərbaycan diasporu formalaşma prosesi yaşamaqdadır". V.Həbiboğlu "Heydər Əliyev və Azərbaycan diasporu" əsərində yazır: "Hal-hazırda dünya ölkələrində yaşayan azərbaycanlıların sayı 50 milyon nəfəri əhatə edir". Bu diasporlobbinin fəallığı üçün çox mühüm göstəricidir. Bununla əlaqədar ortaya yeni sual çıxır: Azərbaycan diasporu necə təşəkkül tapmış və yaranmışdır? Həmin sualın obyektiv cavablandırılması üçün Azərbaycan mühacirəti və onun tarixinə nəzər salmaq vacibdir. Bu problem bir çox müəlliflərin diqqətini cəlb etmiş, aparılan araşdırmalar nəticəsində belə bir fikir formalaşmışdır ki, Azərbaycan mühacirətinin tarixi yaxın tarixlə bağlıdır. Mühacirət tarixi bir fakt olaraq bu aktın başvermə səbəblərini və motivlərini üzə çıxarır.

Dünya xalqlarının mühacirətinə səbəb olan hadisələr: müharibə, repressiya, siyasi irtica, digər ictimai-sosial problemlər müstəsna səbəb kimi mövcuddur. Bu proseslər, Azərbaycanın iki yerə bölünməsinə səbəb olan "Gülüstan", "Türkmənçay" müqavilələri milli mühacirət tarixinin başlanmasının ən obyektiv motivləridir. Tədqiqatçı Abid Tahirli Azərbaycan mühacirəti tarixini aşağıdakı təsnifatla müəyyənləşdirir. Bu təsnifata görə Azərbaycanın mühacirət tarixini iki dövrə bölmək olar:

I dövr: 1905-1907-ci illərdəki təbəddülatlardan yaranan mühacirət. O zaman Çar Rusiyasını silkələyən inqilabi Azərbaycana təsirsiz ötüşmədi və çar mütləqiyyətinə qarşı mübarizə gücləndi. Nəticədə bu hərəkatın liderləri, ziyalılar İrana, Türkiyəyə, oradan da Avropaya mühacirət etməli oldular. Bu mühacirlər arasında Azərbaycan xalqının qüruru olan Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə kimi milli zəka sahibləri də var idi. Siyasi xarakter daşıyan bu mühacirət aktının nümayəndələri vətəndən uzaqlarda olsalar da, vətən təəssübü çəkir, daima doğma torpaq həsrəti ilə yaşayırdılar. Onlar azad Azərbaycan naminə perspektivli yollar axtarır, müstəqil dövlət qurmağın prinsiplərini müəyyənləşdirirdilər.

II dövr: Mahiyyət etibarilə ziddiyyətli, eyni zamanda, ictimai-siyasi hadisələrlə zəngin olan, 1915-1920-ci illəri əhatə edən bu dövrdə mühacirətdə olan həmvətənlərimiz artıq xeyli dərəcədə fəallaşmış, Türkiyədə Şimali Qafqaz, Azərbaycan və Gürcüstan nümayəndələrindən ibarət "Qafqaz Komitəsi" yaratmışdılar. Komitənin əhəmiyyəti ondan ibarət idi ki, üzvlər Çar Rusiyasına qarşı, o cümlədən, milli azlıqların azadlığı və müstəqilliyi uğrunda mübarizəni öz başlıca vəzifələri hesab edərək bu sahədə fəal mövqedən çıxış edirdilər.

Həmin dövrün bir müstəsna xüsusiyyəti də ondan ibarət idi ki, çar hökmranlığından sonrakı dövrdə Şimali Azərbaycanda ilk müstəqil demokratik dövlət olan cümhuriyyət quruldubu dövlət çox qısa bir dövrdə devrilərək SSRİ-nin tərkibinə daxil oldu. Məhz elə bu dövrdə çoxsaylı şimallı, cənublu həmvətənlərimiz doğma ölkəni - Azərbaycanı tərk etməklə, keçmiş SSRİ-nin müxtəlif bölgələrinə, o cümlədən, Türkiyə və Avropanın bir çox ölkələrinə köçərək oralarda məskunlaşdılar. Bu tarixi dövrün əhəmiyyəti, həm də mühacirlərin tərkibi ilə izah olunurdu; çünki mühacirlər Azərbaycan Demokratik Respublikasının yaradıcıları idi. Bu başlıca amil məqsədyönlü fəaliyyət nəticəsində təşkilatın yaranmasına səbəb oldu. "Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Ə.Topçubaşov, Ə.Ağaoğlu, C.Hacıbəyli, M.Məmmədzadə və onlarla şəxsiyyətin mühacirətdəki fəaliyyətinin əsas məqsədi Azərbaycanı təbliğ etmək, onun müstəqilliyi yolunda mübarizə aparmaq idi.

Bu dövrün mühacirlərindən olan Ə.Hüseynzadə ilə çiyin-çiyinə çalışan, "türkçülük", "Azərbaycançılıq" ideologiyasına dəstək verən şəxsiyyətlərdən biri də Əhməd bəy Ağaoğlu idi. Ə.Ağaoğlu, eləcə də onun sələfləri mühacirətdə olduqları dövrdə də bir növ diaspor ənənəsinə uyğun olaraq bir-biri ilə əlaqə saxlayır, vaxtaşırı yazışmalar aparır, Azərbaycanın təbliği yolunda yorulmadan çalışırdılar. Ən maraqlısı odur ki, vaxtilə vətənini tərk etmiş mühacirlərin övladları da Azərbaycanı unutmamış, ata-babalarının, yolunu davam etdirərək vətəndən uzaqlarda onun tanınması kimi müqəddəs bir vəzifəyə xidmət etmişlər. Ə.Ağaoğlunun qızı Sürəyya Ağaoğlu, Səməd Ağaoğlunu misal çəkə bilərik. Hər ikisi Əhməd bəy Ağaoğlunun ideallarına sadiq qalaraq azərbaycançılığın formalaşması, reallaşması üçün məqsədyönlü fəaliyyət göstərmişlər. Deyilənlər bir daha sübut edir ki, Azərbaycan diasporunun yaranması faktından çox-çox əvvəl bu yönümdə ciddi təşəbbüslər göstərilmişdi.

Məhz bu dövrdə həmin işə gərgin əmək sərf edənlərdən biri də Əlibəy Hüseynzadə olmuşdur. Türkçülük ideologiyasının mühüm və aparıcı ideoloqlarından biri sayılan Ə.Hüseynzadənin ən böyük xidməti onun ilk olaraq türk birliyi, həmçinin, panturanizm ideyasını qabartması faktıdır. Mühacirət tarixinin II dövründə ən mühüm hadisələrdən biri Versal sülh konfransında iştirak etmək üçün Azərbaycan parlamentinin sədri Ə.Topçubaşovun rəhbərliyi ilə xüsusi nümayəndə heyətinin yaradılması oldu. Həmin heyətin tərkibinə xarici işlər naziri M.H.Hacınski (1875-1931), parlament üzvləri Ə.Şeyxülislamov (1891-1961), M.Y.Mirmehdiyev (1891-1952), M.Məhərrəmov (1909-1982), Ə.Ağaoğlu (1869-1939) və "Azərbaycan" qəzetinin redaktoru C.Hacıbəyli (1891-1962) daxil idilər.

Bu dövrün fəal mühacirlərindən biri də tanınmış ictimai-siyasi xadim, ADR-in fəal liderlərindən sayılan Mirzə Bala Məmmədzadə idi. Onun qələmə aldığı "Milli Azərbaycan hərəkatı" adlı kitab mühacirət tarixinin tədqiqat əsəri kimi əhəmiyyətli bir mənbə hesab edilir. Mühacirətdəki Azərbaycan diasporu tarixi ilə maraqlanan tədqiqatçılar həmin əsərdən ilkin mənbə kimi səmərəli şəkildə faydalanırlar.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 15 mart.- S.13.