Azərbaycanın dünya birliyinə
inteqrasiyasında İpək Yolu mədəniyyətinin rolu
Azərbaycanın dünya birliyində inteqrasiyasında bütün bir bölgələri əhatə edən İpək Yolu mədəniyyəti mühüm rol oynayır. Azər Şirvanzadə yazır ki, Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmaq istəyir.
Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir.
A.Şirvanzadənin fikrincə, informasiya cəmiyyətinin inkişaf modelinə keçidin zəruriliyi, yeni intellektual nəslin, yeni elmi-humanitar elitanın formalaşması istiqamstində verilən sərəncamlar - "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010)", "Gənclərin xaricdə təhsil alması", "Avropa təhsil məkanına inteqrasiya", "Elektron Azərbaycan" və digər dövlət proqramları, Prezident İlham Əliyevin bu məsələni strateji prioritetlər sırasına daxil etməsini göstərir. Son illər ərzində dövlətin qəbul etdiyi bütün qərarlar bu və ya başqa şəkildə Azərbaycanın intellektual potensialının möhkəmləndirilməsi ilə bilavasitə bağlıdır. Savadlı, peşəkar kadrlar məhz təhsilin inkişafı və beynəlxalq təcrübə ilə əldə edilir. Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovşağı deyil, həm də mühüm geosiyasi və geoiqtisadi məkandır. Bütün bunlar istər regionda, istərsə də onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyasında, ilk növbədə, kadrlara önəm verir: "İnsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun bilikləri və ya peşəkarlığı lazımi səviyyədə olmaya da bilər. Bu halda onun Vətənə sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, Vətənə sədaqət və yüksək insani keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır". Bu meyarlar ölkənin indiki vəziyyətində xüsusilə əhəmiyyətlidir. Belə ki, Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır. Ümumdünya miqyasında transformasiya, həmçinin, regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də insanlar arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Azərbaycanın dünyaya inteqrasiya modelinin qlobal əhəmiyyət kəsb edən dəyərini müəyyənləşdirməyə çalışsaq, deyə bilərik ki, milli dövlətin dünyaya inteqrasiyasının uğur və nailiyyətlərini təmin edə bilən ən mühüm resurs - bütün zamanlar üçün - lider resursudur. İnteqrasiya məkanları "açıq" məzmunlu anlayış olsa da, bu məkanlarda əvvəlcədən məskunlaşmış ölkələr öz qapılarını heç də hamıya taybatay açmır (Türkiyənin Avropa İttifaqına inteqrasiya istiqamətində otuz ilə yaxın göstərdiyi səyləri xatırlayaq). İnteqrasiyaya nail olmaq üçün siyasi, iqtisadi, sosial, mədəni və hüquqi məkanlarda inkişafın sürət və templərinin bir-birinə uyğunlaşdırılması lazımdır. Ona qoşulmaq üçün bu məkanlarda artıq kök salmış ölkələrin qət etdiyi əsrlərə bərabər mərhələləri sürətlə və keyfiyyətlə qət etmək, bütün sınaqlardan çıxmaq, Azərbaycanın mümkün tərəfdaşlar arasında ən etibarlı, optimal müttəfiq olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır.
Südabə Babayeva yazır ki, İpək Yolu dünya mədəniyyəti tarixində yalnız iqtisadi deyil, həm də ictimai-siyasi, mənəvi və elmi dünyagörüşü baxımından fərqli mütərəqqi sosial münasibətlərin yaranmasında mühüm tarixi yoldur. Maraqlısı da odur ki, onun bəşəriyyətə verdiyi mənəvi-mədəni, sosial-mədəni töhfələrdən nəinki tranzit cəmiyyətlər, hətta qeyri-toplumların faydalanması mümkün olmuşdur. Bu onunla bağlıdır ki, İpək Yolu tarixində qurudan və dənizlərdən analoji ticarət münasibətləri gerçəkləşə bilmişdir. Eyni zamanda yolun trayektoriyasının dəyişməsi onun izinin itməsini deyil, məhz yaşatmasını və inkişafını şərtləndirən amillərlə bağlı olmuşdur. Ola bilər ki, İpək Yoluna sadiqlik konkret iqtisadi-maddi tələbat və ehtiyaclardan doğmuş olsun, amma bununla nəticə etibarilə toplumlararası barışıq qabiliyyətinin formalaşması, sülh şəraitinin qorunub saxlanması, cəmiyyətlərin bir-birinə bağlılığı və dinc-yanaşı yaşam tərzi qaydaları məhz ümumbəşəri mədəni parametr olaraq təsdiqini tapmışdır.
İstənilən halda iqtisadi-ticari münasibətlərin qurulması, inkişafı yönündə konkret fəaliyyətlərin təşkili mexanizmində mədəni parametr idarəedici və nizamlayıcı təsirlərlə müəyyən olunur. İpək Yolunun tarixən aparıcı tranzit kəsimi olan tarixi Azərbaycan regionunda bərqərar olmuş milli-mənəvi, sosial-siyasi həyat tərzi, o cümlədən, dünyagörüşü dünya mədəniyyətinin təkamül şərtlərilə bağlı inkişaf etmişdir. Odur ki, müasir azərbaycanlının tarixi təfəkkürün İpək Yolunun mühüm sosial-mədəni gerçəklik təəssüratı ilə hesablaşır. Nəticə etibarı ilə müasir beynəlxalq mədəni-siyasi davranışlarda Azərbaycan tərəfinin münasibəti bu tarixi yolun mühafizəsi, inkişaf etdirilməsilə bağlı haqlı təşəbbüskarlığı təsadüfi hal deyildir. Lakin bu gün "İpək Yolu" problem olaraq araşdırılırsa, müzakirəyə çıxarılırsa, onun özəllikləri tarixi aspektdə deyil, məhz koqnitiv tərzdə aktual durumla hesablaşaraq dəyərləndirilməlidir. Başqa sözlə, İpək Yoluna müasir gerçəklik kimi yenidən baxılmalıdır. Bununla bağlı göstərilən səylər, görülən işlər məlum sovet qapalılığının fəsadlarından qurtulmaq yolunda görülən təcili tədbirlərdə ifadə olunmaqdadır. Belə tədbirlər konkret olaraq coğrafi tanışlıq motivləri, səyahət və turizm şəbəkəsinin genişlənməsi, eləcə də beynəlxalq iqtisadi münasibətlər sistemində inkişafın sürətlənməsilə müşayiət olunmaqla birtərəfli səciyyədə qəbul edilməməlidir. O cümlədən, ənənəvi Böyük İpək Yolu ehtiyacını gündəmə gətirməkdə lüzum yoxdur. Lakin müasir dünyamızda cəmiyyətlər daxilində və cəmiyyətlərarası qarşılıqlı çoxtərtibli əlaqələr zəminində qloballaşma və inteqrasiya məzmunlu mürəkkəb münasibətlər qurulmaqdadır. Belə münasibətlərin mədəniyyət tipli olması toplumlarda əsaslı fərqliliklərin, qəfil yeniliklərin baş verməsilə bağlıdır. S.Babayev göstərir ki, mədəni təkamül şərtləri bu üzdən gündəmə gəlir, hətta mədəni partlayışlardan irəli gələrək ölkələrin dövlət səviyyəsində strateji mövqeləri ortaya qoyulur. Müasir Azərbaycanın da XX əsrin sonunda dövlət olaraq beynəlxalq iqtisadi-siyasi məkanda Böyük İpək Yolunun bərpasında xüsusi təşəbbüslə çıxış etməsi bu ölkənin nəinki sosial-iqtisadi həyatının, hətta mədəni təkamülünün avropasentrizmin tüğyan etdiyi bir zamanda alternativ yönlənməsinin təminatı kimi qiymətləndirilə bilər. Problem isə ondan ibarətdir ki, dünyaya mədəni inteqrasiya, öz mədəniyyətinin dünya ilə qloballaşması əsnasında İpək Yolu Şərqə aparan yol kimi və ya Şərqdən gələn yol kimi, Avrasiyanı birləşdirməklə məhdudlaşan tarixi-maddi ünsiyyət körpüsü olaraq parlaq əhəmiyyət daşımaya bilər. Bir halda ki, informasiya və kommunkasiya texnologiyalarının intişarı zəminində tam olaraq planetimizin koevolyusiyası (birgətəkamülü) dövrünə qədəm qoymuşuq, onda Böyük İpək Yolu tarixi gerçəkliyinin özünün rəmzi məzmununa qovuşduğunu söyləyə bilərik.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsini, regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, dünya birliyinə daha geniş şəkildə inteqrasiyanı həyati zərurətə çevirdi. SSRİ-nin dağılması nəticəsində pozulmuş iqtisadi, xüsusi ilə nəqliyyat əlaqələrinin bərpa edilməsi və yeni əsaslarla təşkil edilməsi mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu işdə Avropa Komissiyasının hazırladığı və ölkə rəhbərliyinin iqtisadi inkişaf strategiyasında mühüm yer tutan "Tarixi İpək Yolu"nun bərpası, "Avropa-Qafqaz-Asiya" (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə "Tarixi İpək Yolu"nun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artmış, Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən birinə, bölgənin isə lider dövlətinə çevrilmişdir. İpək Yolunun bərpası prosesində olan tarixi yol bunu bir daha sübut edir.
"Tarixi İpək Yolu"nun bərpası prosesinin həyata keçirilməsində mühüm mərhələ 1993-cü il may ayının 3-7-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə çağırılmış konfransla başlandı. Konfransda 5 Mərkəzi Asiya-Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və 3 Qafqaz respublikası - Azərbaycan, Gürcüstan və Ermənistanın nəqliyyat və ticarət nazirləri iştirak etdilər. Adları çəkilən ölkələr üçün "TRASEKA" proqramı və "Brüssel bəyannaməsi" qəbul olundu. Proqramın əsas məqsədi aşağıdakılar elan edildi:
- Müstəqillik əldə etmiş ölkələrin Avropa və Dünya bazarına alternativ nəqliyyat marşrutu ilə çıxışını təmin etməklə onlara iqtisadi və siyasi yardım göstərmək;
- "TRASEKA" proqramı iştirakçısı olan ölkələr arasında regional əməkdaşlığın genişlənməsinə yardım göstərmək;
- "TRASEKA" layihələrinin reallaşdırılması üçün maksimum beynəlxalq maliyyə qurumlarının - Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının cəlb edilməsi;
- "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin Transavropa şəbəkəsi ilə inteqrasiyasına kömək etmək.
Konfransda Azərbaycan tərəfindən çıxış edən milli əlaqələndirici akademik Ziyad Səmədzadə qeyd etdi ki, müstəqillik əldə etmiş ölkələrin bazar iqtisadiyyatına uyğunlaşması, dünya iqtisadi sisteminə inteqrasiyası inkişaf etmiş nəqliyyat şəbəkəsi olmadan mümkün deyildir. Bu baxımdan "TRASEKA" proqramı böyük əhəmiyyət kəsb edir. Azərbaycan Şərqlə Qərb arasında əlverişli coğrafi məkanda yerləşən, zəngin sərvətləri olan əhəmiyyətli bir ölkədir. Z.Səmədzadə çıxışında, həmçinin, proqramın reallaşdırılması baxımından mövcud olan çətinliklərə toxundu, nəqliyyat sahəsində özəl bölmənin yenicə yarandığını, mövcud yolların dünya standanlarına cavab vermədiyini, dövlətin maliyyə imkanlarının zəif olduğunu, Qarabağ münaqişəsinin davam etdiyini bildirmişdir. O, 1993-1995-ci illər üçün TRASEKA dəhlizinin fəaliyyətində mühüm rol oynayan Bakı dəniz limanının yenidən qurulması üçün 7,5 mlrd. manat, avtomagistralların yenidən qurulması üçün 85,6 mlrd. manat, yeni yol texnikasının alınması üçün 36 mlrd. manat, hava nəqliyyatı ilə tranzit yüklərin daşınmasının təşkili üçün 25 mlrd. manatın lazım olduğunu qeyd etmişdir.
Çoxtərəfli əsas sazişin VII bölməsinin 9-cu maddəsinin tələbinə uyğun olaraq 2000-ci ilin martın 10-11-də Gürcüstanda keçirilmiş konfransda TRASEKA Hökumətlərarası Komitəsinin Daimi Katibliyinin Bakıda açılması qərara alındı. 2001-ci ilin fevralın 21-də Daimi Katibliyin Bakıda rəsmi açılışı oldu. Açılışda Ulu Öndər Heydər Əliyev, İsveçin xarici işlər naziri, Avropa İttifaqında sədrlik edən ölkənin təmsilçisi xanım Anna Lind, Avropa İttifaqının Baş katibi, Ümumi Xarici və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Salano və Avropa Şurasının xarici əlaqələr üzrə Komissarı Kristofer Patten iştirak elmişdir. Mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev Avropa İttifaqı tərəfindən görülən və "TRASEKA" proqramının həyata keçirilməsinə yönəlmiş işləri yüksək qiymətləndirmiş, eyni zamanda, Azərbaycan Respublikası tərəfindən bunun gələcəkdə görüləcək böyük işlərin başlanğıcı hesab etmişdir. 2001-ci ilin iyul ayından Bakıda TRASEKA Daimi Katibliyində ekspert qrupu fəaliyyətə başlamışdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, əgər 1993-1995-ci illərdə həyata keçirilən layihələr başlıca olaraq Qara dəniz və Xəzər dənizi regionlarında əlaqələrin möhkəmlənməsinə yönəlmişdirsə və regional xarakter daşıyırdısa, 1998-ci ilin Beynəlxalq Bakı konfransında "Çoxtərəfli əsas sazişin" imzalanması ilə "TRASEKA" proqramı Avrasiya ölkələri arasında nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlığa çevrildi.
"Tarixi ipək yolu"nun bərpasında respublika rəhbərliyinin əsas məqsədləri bunlar olmuşdur:
1. Bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi;
2. Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, yük və sərnişinlərin beynəlxalq daşınmasının həyata keçirilməsi;
3. Tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması;
4. Yükdaşıma müddətlərinin qısaldılması;
5. Nəqliyyat sahəsində müvafiq siyasətin hazırlanması;
6. Daşıma tarifləri və güzəştlərin müəyyən edilməsi;
7. Müxtəlif nəqliyyat növləri arasında əlaqələrin tənzimlənməsi;
8. Yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətin aparılması;
9. Çoxmodal (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.
Göründüyü kimi, "Yeni İpək Yolu"nun yaradılması Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının mühüm tərkib hissəsi olaraq respublikamızın sosial-iqtisadi, inkişafında, dövlətçiliyimizin iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsində yeni bir tarixi mərhələ açmışdır. Ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artmış, Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən birinə, regionun isə lider dövlətinə çevrilmiş, regional və beynəlxalq nəqliyyat-iqtisadi əlaqələr genişlənmiş, infrastruktur sahələrinin beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, elmi, mədəni dəyərlərin mübadiləsi, turizmin inkişafı, xalqların bir-birinə yaxınlaşması, ölkəmizin dünyada tanınması, regionda sabitliyin, əmin-amanlığın yaradılması üçün geniş imkanlar açılmışdır.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 29 mart.- S.15.