“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin”

 

Əlibala Hacızadə: "Ədəbiyyat cəmiyyətdəki əxlaq aşıntısı ilə ardıcıl olaraq döyüşməlidir

 

"Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalım mənim", "Dünyanı tanı", "Sevəcəyəm"... Bu başqa kitabların müəllifi olan mərhum yazıçı Əlibala Hacızadənin hər şeydən qabaq bir insan kimi yaddaşlarda həmişə qalacaq həlimliyi, doğmalığı vardı.

Ədəbiyyatşünas Gülxani Pənah Əlibala Hacızadəni belə xatırlayır: "Əlibala Hacızadəni bir insan olaraq yaxından tanıyırdım. Həmişə onun əsərlərini sevə-sevə oxumuşam. Ömrünün son illərində Şərqşünaslıq İnstitutunda çalışırdı. "Sabir poeziya günləri"ndə birgə iştirakımız heç vaxt yadımdan çıxmır. İnsanların dərdinə gerçəkdən yanmasına görə həmişə sevilirdi, xatiri əziz tutulurdu. Həmişə ədəbi məclislərdə onun çıxışlarını böyük səbirsizliklə gözləyərdik, məsləhətlərini tərəddüd etmədən qəbul edərdik. Uşaqları çox sevirdi. Ümumiyyətlə, insan üçün yanmağı bacarırdı. Həmişə Əlibala Hacızadənin əsərlərində insanların acınacaqlı, kədərli taleyi, onun bir insan olaraq bu proseslərə yanaşması tamamilə özünəməxsus şəkildə təsvir olunub. Əlibala müəllim həmişə əsərlərində insanlığın qlobal problemlərinə toxunub. Heç zaman əhvalını dəyişən görmədim. Həmişə insanlara doğma yanaşırdı. İnsanlarla görüşəndə heç zaman dərdini onlara büruzə verməzdi. Yazıçının əsərlərində qoyduğu problemlərə can yanğısı da səmimi olanda oxucu həmin əsərin səmimiliyinə qəlbən inanır".

Son müsahibəsi ("Azadlıq" radiosunda) yaxşı yadımdadır: ""Dünyanı tanı" romanımdan özümdə qalmamışdı. Dedim alım qoyum arxivimə. Şəhəri gəzəndə gördüm bir kişi küçəyə kitab düzüb satır. Kiminsə ev kitabxanası idi, satışa çıxarmışdı. Baxdım ki, orada mənim romanım var. Qiymətini soruşdum, dedi 15 manatdır. Pulum çatmadı, kitabı yavaşca yerinə qoyub getdim".

Mərhum yazıçı Əlibala Hacızadə ilə bir neçə dəfə həmsöhbət olmuşdum. Danışırdı ki, ulu babası Ərdəbillidir. Hacı Xanəli Hacı Ağabala iki qardaş olublar. XIX yüzilin sonlarında dolanışıq ucbatından Muğana gəliblər. Salyanda kök salıblar, zirək olduqlarından tez varlanıblar. Babası Xanəlinin yekə dəyirmanı, qoyun sürüləri olub. Azərbaycanda sovet hökuməti qurulanda qərara gəliblər ki, kiçik qardaş Ağabala Ərdəbilə getsin, orada ev-eşik alsın, sonra qardaşlar buradan ailəvi köçsünlər. Onun ailəsi burada qalıb. Ancaq sərhədlər qəfil bağlanıb, Ağabala qalıb o tayda. Sovet hökuməti babasının bütün varidatını əlindən alıb. Babası öləndən sonra əlində qalan bircə evini məktəbə çeviriblər. Ağabala buradan gedəndə özü ilə iki xurcun qızıl aparıbmış. Deyirdi babası Əlibalanın adını daşıyır. Şəcərə tarixini ağlı kəsəndən araşdırdırmışdı".

Danışardı ki, əsasən ürəyi istəyəni yazıb: "Boğazdan yuxarı heç yazmamışam. Məncə, yazıçı, şair, alim o zaman əlinə qələm götürməlidir ki, onun sənə, mənə, ona, ümumən xalqa deməyə nəsə sözü var. Yoxsa ki, məzmunsuz söhbətlərə necə qulaq asasan? Yaradıcılıq da elə bir şeydir".

Yaradıcılıq sarıdan içində bir rahatlıq olduğunu deyirdi: "Ancaq bu rahatlıq narazılıqla yanaşıdır. Mən kolxoz, sovxoz, traktor-zavoddan yazmamışam. Baxmayaraq ki, o direktiv mənim qabağımda qoyulmuşdu. Sovet dövrünün o kəshakəs vaxtında hər birimizin beynində bir "Qlavlit" (senzura-red.) oturmuşdu. Cəsarət edib nəyisə yazırdınsa da, bilirdin ki, bunu buraxmayacaqlar. Fikirləşirdin ki, necə yazasan keçsin, ürək narahatlığın oxucuya çatsın, onu ayıltsın. "Heftimizi aparırlar" fikrini oxucuya çatdırmaq üçün çox fikirləşməli oldum. O zaman gənc idim, yaradıcılığa yenicə başlamışdım. 1958-ci il idi, Hatəvan adına klubda "Böyük dərd" adlı hekayəmi Mehdi Hüseynin xeyli yazıçının qarşısında oxudum. Orada təsvir olunurdu ki, doktor Hərimanov təsadüfən İçərişəhərdə ölüm ayağında olan bir qadına dava-dərman verir, ancaq görür ki, otaqdakı çıraq neft olmadığından yanmır. Bayıra çıxanda görür ki, Xəzərdə neftlə dolu gəmilər uzaqlara gedirlər. Deyir ki, biz iynəyik, hamını bəzər, özümüz lüt gəzərik. Biz çırağıq, dibimizə kölgə salmarıq. M.Hüseyn məni barmağı ilə yanına çağırdı. Soruşdu ki, o hekayədə təsvir elədiyin dövr haçandır, nefti aparan gəmilər kimindir? Qəsdən bunu yazmamışdım. Dedi ki, oğlum, get, hekayənin sonuna bir "ingilis" sözünü əlavə elə, tapşıraram çap edərlər. Onun dediyi kimi etdim".

O, hesab edirdi ki, gərək yazıçı xalqın dərdini hamıdan tez görsün, yazsın desin. Bu, o deməkdir ki, yazıçı oxucusunun səviyyəsindən ən azı bir qarış yuxarıda durmalıdır: "1965-ci ildə "Rüşvət" adlı bir hekayə yazmışdım. Burada cəmiyyətin imkanlısı ilə imkansızının dialoqunu vermişdim. Rüşvət almaq üstündə tutulan adam rüşvət verib vəziyyətdən çıxdığını şəstlə bəyan edirdi. "Azərbaycan" jurnalının baş redaktoru mərhum Yusif Səmədoğlu hekayəni oxudu, güldü, dedi ki, Əlibala, məni bağışla, bunu çap edə bilmərəm. Etsəm "Qlavlit" qoymayacaq. 1966-cı ildə Əfqanıstana gedəndə bu tipli başqa yazılarımı da özümlə apardım. Orada hadisələrin Kabildə cərəyan etdiyini yazdım, "Ədəbiyyat" qəzetinə göndərdim, çap olundu".

Yazıçı o dövr yaradıcılığında cəmiyyətdəki bu ya digər neqativ halların daha anlaşıqlı rəmzliklərlə çatdırılması üçün çox düşünür, əksər hallarda bunu əsərlərində ifadə etməyə nail olurdu: ""Təyyarə kölgəsində" romanımda bütün pullarını kitaba verən Gülalı adlı bir obraz yaratmışam. Kitab fanatının arzusunu yerinə yetirməyə məcbur olan nadir əlyazmalara məsul qadın obrazının keçirdiyi stresləri, həyəcanları o dövrün şəxsiyyətə, insana qarşı basqısının ifadəsi kimi oxucuya çatdırmağa çalışmışam. Əsərdə qadının dili ilə o dövrün səciyyəsini açan belə bir qənaət vermişəm: "Gör zəmanədir ki, adamı yaxşı olmağa, yaxşılıq eləməyə qoymurlar. Deyirlər, get, pis ol, əclaf ol, yaramaz ol".

İnanırdı ki, insanın bəsirət gözü üzdə olmur, dərindədir. Vətənə münasibət problemindən yana-yana danışardı: ""Günün harada xoş keçir, ora sənə Vətəndir" fikri damğalanmalıdır. Əslində bu cür qənaətlə yaşamaq millətimizə xas xüsusiyyət deyil. Bizlər qəriblikdə yaşaya bilmirik. 4 il Əfqanıstanda yaşadım. Yaxşı maaş alırdım, ailəm yanımda idi. Uzunmüddətli qalmaq imkanım var idi. Çoxlu xahişlər oldu, ancaq qala bilmədim. Orada anladım ki, Azərbaycan üçün qədər darıxırmışam. Fikirləşirdim, birdən qarşıma biri çıxıb deyə ki, axı sən buralarda gəzirsən? Çoxlu qürbət şeirləri yazdım. Qürbət qürbətdir, onun sızıltısı yaman olur. Ancaq şəxsən son Qarabağ hadisələri, torpaq itkilərimiz, torpağa münasibət mənə pis təsir etdi.

Digər bir problem isə əxlaq problemidir. Cəmiyyətdəki əxlaq aşıntısı ilə ədəbiyyat ardıcıl olaraq döyüşməlidir. İndi xüsusən yaşlı nəsil çaşıb qalır. Küçədə yarıçılpaq gəzənləri gördükcə dəhşətə gəlirəm ki, biz hara gedirik? Bütün bu hallara qarşı cəmiyyətdə müqavimət yoxdur. Bu minvalla axırımız necə olacaq? Ədəbiyyat bu suallara cavab tapmalıdır".

Yazıçının XX əsr İran poeziyasının nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası var. Bundan başqa o, İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Habelə bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib. O deyirdi ki, "qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, ancaq yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.."

Asif Ata "İnsan haqqı" fəlsəfi-tənqidi əsərində yazıçının "Vəfalım mənim" romanını belə təhlil edir: "Nurəddin Osmanzadə - ziyalıdır, alimdir, akademikdir, ancaq zorludur, işıqlı deyil, hökmlüdür - idraklı deyil, qorxudandır - qandıran deyil, qoçudur, tutan - kəsəndir, qisasçıdır. Hərəkətlərində, oturuşunda, duruşunda, danışıq tərzində zorbalıq var: "Çəkilib pəncərənin qabağında dayandı, pencəyinin yaxasını yana eləyib sol əlini belinə qoydu və zala göz gəzdirdi." Zorlu kimi, qoçu kimi dayanır camaatın qabağında elmi müdir, meydan oxuyur camaata, "donuq eləyir, susqun eləyir" camaatı. Zorba əməllərlə zor gəlir camaata:

"Səni məhkəməyə verdirəcəm, doktorluğunu aldıracam!"

Zorba qələm alır əlinə, zor üçün işlədir qələmini, zor yazır qələmi: "İnstitut elmi şurası üzvlərinin adlarını bir-bir oxuyur, hərəsinin haqqında düşünür, ürəyinə yatan, yaxın sandığı alimləri saxlayır, döşünə düşməyənlərin, sözü üzə dik deməyə qadir olanların adının üstündən xətt çəkirdi".

Komissiya düzəldəndir, seyf açan, seyf bağlayandır, açarlı, möhürlüdür elm müdiri: "Nə qədər mən buradayam, sən müdafiə edə bilməyəcəksən!"

Əlibala Hacızadə 1935-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Əfqanıstanda mütərcimlik edib. O, SSRİ-nin Müdafiə Nazirliyinin xətti ilə bu ölkəyə getmişdi. O zaman Əfqanıstanda sovet hərbi texnikası işlədildiyindən yazıçı bu texnikadan istifadə qaydalarını əfqan hərbçilərinə tərcümə edirdi. "İtkin gəlin" romanını Əfqanıstanda yazıb. Bir müddət Əfqanıstanda çalışdıqdan sonra yenidən AMEA-nın Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsinə təyin edilib. 1976-cı ildən başlayaraq ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb (51 il). 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxışları olub. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. Danışırdı ki , "tək özümün dərdimi çəkməmişəm. Ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım". Kitabları onminlərlə tirajla, dəfələrlə çap olunub. 1980-ci illərin ikinci yarısında qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus baxışı əks etdirir. Eləcə də o, çağdaş İran romanının tipologiyasına dair elmi araşdırmanın müəllifidir, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib. Tanınmış yazıçı 2009-cu ilin oktyabr ayında vəfat edib.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 1 may.- S.11.