Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun bansidir

 

     

Ulu Öndər Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də mildi dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir. Formal səbəblərə görə deyil, ilk növbədə, məhz buna görə Azərbaycan tarixinin 1969-cu ildən bəri bütün dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı üçüncü minilliyə də məhz Heydər Əliyevin adi ilə qədəm qoymuşdur. Azərbaycanın gələcək taleyi baxımından bu tarixi dövrün başlıca məzmunu isə milli dirçəliş fəlsəfəsinin gerçəkləşdirilməsindən ibarət olmuşdur. Onun fəlsəfəsi sırf ehkamlaşdırılmış əsərlərdə təsvir edilən hər hansı təlim olmaqdanya buna çevrilməkdən uzaqdır. Əslində, bu fəlsəfə bizim hamımızın gözləri qarşısında yaradılmışdır və onun mahiyyəti Ulu Öndər Heydər Əliyevin əksər halda bədahətən söylədiyi bir çox nitq və çıxışlarnda son dərəcə aydın ifadə olunmuşdur. Məhz natiqlik istedadı Ona ilk baxışdan qeyri-mümkün görünən məsələni reallaşdırmağa - öz fəlsəfi və siyasi əqidəsini böyük auditoriyalar qarşısında şifahi çıxışlar çərçivəsində formalaşdırmağa imkan vermişdir.

     Tarix elmləri doktoru, professor İradə Hüseynova "Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi" adlı məqaləsində göstərir ki, ötən əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər - sovet imperiyasının süqutu, Qərb sivilizasiyasına inteqrasiya, demokratik siyasi sistem quruculuğu, dövlət idarəçiliyindəki inzibati-amirlik metodlarından plüralist sistemə keçid, planlı təsərrüfatdan bazar iqtisadiyyatına transformasiyabu sıradan olan digər problemlər xalqın düşüncəsində dövlətçilik və siyasət məfhumları haqqında ciddi stereotiplər yaratmışdı. Bütün baş verənlərin fonunda isə ictimai rəydə narahatlıq hissləri güclənir, cəmiyyətdə gələcək barədə ümidsizlik kompleksi formalaşırdı. Ötən əsrin 80-cı illərinin sonlarında isə Azərbaycan milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına səbəb olmuşdu. Dövlətin mövcudluğunu şübhə altına alan ictima-siyasi situasiya xalqın gələcəyə inamını qırmışdı. Lakin milli dövlətçilik düşüncəsinin formalaşmasına və ümumi maraqlara xidmət edən psixoloji atmosferin bərqərar olunmasına gətirib çıxaran bir çox hadisələr bu təhlükənin qarşısının alınmasına şərait yaratdı. Xalq artıq ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi üçün qəti addımlar atmağın zəruriliyini dərk etməyə və bunun üçün çıxış yolları axtarmağa başladı. Bu proses uzun çəkmədi, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlətçilik institutunun əsil siması özünə qayıtdı. Xalqın dövlətçilik barədə təsəvvürləri tamamilə dəyişdi.

     Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktikistrateji hədəfləri, konkret məqsədləri var. Bu irs dövlətin mövcud imkanlarından cəmiyyətin iqtisadi, siyasi, mədəni, elmi-texniki və digər sahələrdə inkişafına istiqamətlənib. İlk növbədə, Heydər Əliyevin dövlətçilik irsi 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşən dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytarıb. Artıq bu məfhumları və AXC-Müsavat dövrünün kortəbii idarəçiliyini, nə də A.Mütəllibov rejiminin regional üstqrumunu xatırlamır. Heydər Əliyevin dövlətçilik irsi milli maraqların istehkamı anlamında dərk edilir. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra böyük rəhbər misli görünməmiş bir səmimiyyət və sədaqətlə Azərbaycan xalqının müasir dünyanın mədəni və demokratik dəyərlərinə tapınan millətlərin cərgəsinə qoşulması, dirçəlməsi, tərəqqisi üçün gecəli-gündüzlü gərgin əmək sərf etmişdir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli göstərir ki, Heydər Əliyev fenomeni, siyasi istedadı, unikal istedadı və unikal şəxsiyyəti barədə külli miqdarda elmi məqalələr yazılmış, dünyanın əksər siyasi texnologiyalar üzrə ixtisaslaşan nəzəriyyəçiləri Onun əsrlərə sığmayan titanik fəaliyyəti barədə ən müxtəlif prizmalardan tədqiqat işləri aparmışlar və zaman keçdikcə bu qəbildən olan yazılara həmişə ehtiyac olacaqdır. Biz Heydər Əliyevin siyasi dühasını həm siyasi elitanın formalaşdırıcısı və həm də əlahiddə götürülmüş siyasi lider kimi nəzəri-təcrübi kontekstdə öyrənməyi qarşımıza məqsəd qoymuşuq. Fikrimizcə, Heydər Əliyev şəxsiyyətinin həm Azərbaycan siyasətində siyasi elitanın banisi, müəllim və həmişə istinad ediləcək rəhbəri kimi, həm də ayrıca fenomenal bir fərd kimi vəhdətdə öyrənilməsi böyük siyasi irs olaraq müasir, modernsivil dövlətçiliyin əsaslarının nəzəri aspektləri baxımından xüsusi əhəmiyyətə malikdir.

Bəşər cəmiyyəti formalaşandan bəri hər bir ictimai-sosial varlıq, malik olduğu siyasi formasiyadan asılı olmayaraq, həmişə özünün inkişaf səviyyəsinə uyğun şəxsiyyət və liderə ehtiyac duymuşdur. Hətta insanlar arasında fövqəlfərdiliyin əleyhinə çıxan, ictimai özünüidarəni başlıca və son məqsədi hesab edən kommunizm təmayüllü ölkələr də siyasi lider amili olmadan fəaliyyət göstərə bilməmişlər və bilmirlər. Bu da təbiidir. Biolojisosioloji fərd olaraq insanlar həmişə digər məsələlərdə olduğu kimi, siyasi həyat və dünyagörüşlərində də oxşamaq istədikləri və ardınca gedəcəkləri "nümunəvi başçı" axtarışında olmuşlar. Bu axtarışlar insanlarda bioloji kod olaraq genlərdə və təhtəlşüurda yerləşdiyindən, bütün dövrlərdə və xalqlarda mövcud olacaq zəruri bir proses kimi həmişə davam edəcəkdir.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun fikri diqqəti cəlb edir: "Dövlətçilik ənənəsi insanlara milli özünütəsdiq imkanı verən milli dövlətə münasibətin tarixən qərarlaşması və əsasən şüurlarda yaşayan, milli şüurun başlıca tərkib hissəsi olan mənəvi-tarixi bir prosesdir. Bu proses öz maddi təcəssümünü ayrı-ayrı konkret dövlət nümunələrində, dövlət idarəçiliyi formalarında tapmaqla yanaşı, həm də ümumiləşmiş rəmzi təzahürlərə ehtiyac hiss edir. Tək özü üçün yaşamayıb, xalqa, millətə bağlı olmaq, onun ağrı-acısını bölüşmək və nailiyyətlərinə sevinmək, ümummilli inkişaf naminə fəaliyyət göstərmək və öz şəxsi səadətini ümummilli səadət kontekstinə salmaq, millətə və milli dövlətə qaynayıb-qarışmaq fərddən vətəndaşa çevrilməyin mühüm şərtləridir. Hüquqi müstəvidə, formal olaraq vətəndaşlıq şüurda gedən proseslərin, milli dövlətçilik duyğularının təkamülünün, mədəni-mənəvi yetkinliyin nəticəsi kimi ortaya çıxır. Məzmunca vətəndaş kimi formalaşmış  insanların zahiri vətəndaşlığı dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmir."

Müstəqillik heç də bəzilərinin başa düşdüyü kimi ancaq siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından ibarət deyil.  Bura həm də iqtisadi müstəqillik, milli maraqlara xidmət etmək müstəqilliyi daxildir.  Elə ölkələr vardır ki, hüquqisiyasi baxımdan suverenliyi elan olunsa da, real müstəqillikdən uzaqdır.  Buna çox misallar gətirmək olar. Amma ən yaxın olan digər MDV ölkələridir: Gürcüstandır, Ermənistandır, Tacikistandır və s. Bir qarış belə torpağını itirməmiş, əksinə, qonşu dövlətin ərazisini də zəbt etmiş Ermənistan sözün həqiqi mənasında müstəqillik əldə edə bilməmişdir. Ərazisində başqa bir dövlətin qonşuları yerləşdirilmiş, sərhədləri başqalarının nəzarəti altında olan Ermənistan hələ də Moskvanın siyasi təsirindən xilas ola bilməmişdir və öz milli maraqlarına uyğun addımlar atmaq imkanından məhrumdur. Elə Azərbaycanla müharibə vəziyyəti də onun milli iqtisadi maraqlarına ziddir... Habelə iqtisadi cəhətdən özünü dolandırmaq iqtidarında olmayıb, xarici yardımlardan asılı vəziyyətdədir. Məhz hərbi bazayasiyasi alətə çevrildiyi və təhlükəsizliyə təminat verə bilmədiyindən İpək Yolunun bərpası, irimiqyaslı neft-qaz kəmərlərinin çəkilişi və s. bu kimi beynəlxalq layihələrdə də iştirak edə bilmir.

Belə misallar çox göstərmək olar. Azərbaycan isə Heydər Əliyevin rəhbərliyi ilə qısa bir zamanda siyasi müstəqilliklə yanaşı həm iqtisadi, həm mədəni-mənəvi müstəqillik əldə etmiş bu istiqamətdəki proseslərin dönməzliyini təmin edə bilmişdir. Ulu Öndərin dövlətçilik fəaliyyətini tədqiq edən Ə.Xankişiyev yazır ki, tarixin insan cəmiyyətinin sonrakı inkişafı, xüsusən, bizim dövrümüzdə nəzərdən keçirilən inkişaf mərhələsi idarəçilik, rəhbərlik liderlik anlayışları cəhətdən müəyyən qədər elmi təhlilə tabe ola bilir. Əvvəla hazırkı dövrdə idarəçilik özü müəyyən elmi qanunları tabedir və digər tərəfdən də siyasi-iqtisadi inteqrasiya bütün dünya ölkələrini az və ya çox dərəcədə əlaqələndirdiyi üçün siyasət özü də müəyyən elmi-məntiqi əsaslara söykənməlidir. Bundan əlavə, elmi analizin müasir səviyyəsi nəinki iqtisadi idarəçiliyin, eləcə də, siyasi rəhbərliyin təhlilinə çox müxtəlif cəhətlərdən yanaşma imkanları yaratmaqla siyasi nəticəni proqnozlaşdırmağa əsas verə bilir.

Nəzərə alsaq ki, hazırkı dövrdə dövlət səviyyəsində idarəçilik və əməli-siyasi fəaliyyət dünyəvi inteqrasiya faktorlarının təsiri ilə sıx bağlı olmaqla əvvəlki tarixi dövrlərə nisbətən daha mürəkkəb və çətindir, onda cəsarətlə təsdiq etmək olar ki, indiki dövrün tarixi şəxsiyyətləri və onların əldə etdiyi müvəffəqiyyətlərin dəyəri əsrin əvvələrinə və ondan irəli zamana aid şəxsiyyətlərin siyasi sahədəki zəfərlərindən daha üstündür.

Tarixin və insan cəmiyyətinin inkişafının müasir səviyyəsi əməli-siyasi fəaliyyətə və dövlət səviyyəsində idarəçilik işinə kompleks elmi yanaşma zərurətini meydana çıxarmışdır. Buna görə də hazırkı dövrümüzdə qabaqcıl siyasi xadimlərin, (o cümlədən, Ulu  Öndərin-V.Ö.) mütərəqqi iş üsullarının və əməli-siyasi fəaliyyət sahəsində əldə etdikləri nailiyyətlərin öyrənilib xalq kütlələri və dünya ictimaiyyəti arasında geniş yayılması müstəsna əhəmiyyət kəsb edir. Bizim fikrimizcə, beynəlxalq ictimai və siyasi təşkilatların bu məsələyə lazımi diqqət yetirməsi dünya sivilizasiyası və inkişaf prosesində müsbət rol oynamış olardı. Bu cəhətdən müasir dövrün ən görkəmli siyasi və dövlət xadimi  Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin çoxillik fəaliyyətinin öyrənilməsi və uzun bir tarixi mərhələ ərzində Onun ardıcıl siyasi qələbələrinin araşdırılması böyük elmi-təcrübi maraq doğurur.

Ulu Öndərin dövlətçilik amalı budur: "Azərbaycanı  müstəqil, dünyəvi dövlət kimi, ümumbəşəri dəyərlər əsasında, eyni zamanda milli dəyərlər əsasında hüquqi dövlət qurmaq yolu ilə getməsinin tərəfdarıdır." S.Xəlilovun fikrincə, Heydər Əliyev ictimai fikir qarşısında duran bu böyük məsuliyyətli işində əsas prinsiplərini müəyyənləşdirməklə, milli-fəlsəfi fikrin inkişaf yolunu göstərmişdir. Bu yol materialist təlimindən fərqli olaraq, mənəviyyatın ön plana çəkilməsini, milli-mənəvi ənənələrin yaşadılmasını və milli-tarixi fikir zəmininə qayıdılmasını nəzərdə tutur. Heydər Əliyev deyir: "İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır." Mənəvi kamillik olmasa, maddi həyatın təkmilləşdirilməsi mümkün deyil. Marksizmin ən böyük nöqsanlarından biri mənəvi amillərin kifayət dərəcədə nəzərə alınmaması, son məqsəd olan insanın vasitəyə çevrilməsi və az qala unudulması idi.

Halbuki son məqsəd  insanın özüdür, onun mənəviyyatıdır. "Azərbaycanın ən başlıca  sərvətlərindən, biri bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torapağa bağlayan, müxtəlif dinlərə etiqad edən adamlardır." (Heydər Əliyev). Cəmiyyət də, dövlət də o zaman yaxşıdır ki, ayrıca götürülmüş insanlara, insanın mənəvi kamilliyinə, milli-mənəvi özünüdərkə xidmət edir. Təsadüfi deyildir ki, Heydər Əliyev  "dövlət onun ərazisində yaşayış əhalinin təminatçısı olmalıdır",- tezisini irəli sürür, əhalini, xalqı, insanları ön plana çəkir. Yeni quruculuq işləri təbii sərvətlərdən daha çox xalqın milli-mənəvi dəyərlərinə söykənməlidir. Həm də bu cəhətdən biz kasadlıq çəkmirik: "Azərbaycan xalqı qəhrəman, cəsur, dəyanətli saf əxlaqlı bir xalq kimi bütün dünyada tanınır (Heydər Əliyev).

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 3 may.- S.15.