Azərbaycan və Qərb-Şərq
sivilizasiyası: vahid dünya
mədəni məkanına doğru
Qərb-Şərq münasibətlərinin tarixi qədimdir. Misir, Finikiya, Karfagen Qərb dünyasına çox şey bəxş etmişdir. Farslar yunan aləmi ilə qarşılaşmış, Makedoniyalı İsgəndər dünyanı fəth etmək məqsədilə Şərqə yürüş etmişdir.
Tarixi mənbələrə görə, xristianlıq Şərqdə yaransa da, Qərbi fəth etmiş və Bibliyanı Qərbə töhfə vermişdir. Silah gücünə Şərqi fəth etsə də, Şərq aləmi tərəfindən mənəvi baxımdan fəth olunmuş Roma, həm öz dini həyatına Şərq, o cümlədən, fars Mitri ibadətini tətbiq edir, həm də Hindistandan qiymətli sərvətləri talan edib aparırdı. Vizantiya Romanı əvəz etdi və Şərqlə Qərbin əlaqəsi daha da möhkəmləndi. Cənubda ərəblərin fəthləri nəticəsində Siciliya, xüsusilə də, İspaniya onların təsirini xeyli müddət saxladı və onu Avropanın başqa dövlətlərinə ötürdü. Yunan elmi irsinin qorunmasında ərəblərin və yəhudilərin Avropaya əhəmiyyətli dərəcədə köməyi olmuşdur.
1096-cı ildə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən qurtarmaq şüarı altında katolik kilsəsinin təşəbbüsü ilə Qərbi Avropa feodallarının Şərqdə işğalçılıq müharibələri - xaç yürüşlərinin başlanması Şərq-Qərb əlaqələrini daha da artırdı. 1270-ci ilə qədər davam edən bu vəziyyət Şərq sözlərinin Qərb dilinə keçməsinə, Şərq mədəniyyətinin Qərbdə yayılmasına şərait yaratdı. "Böyük elm" əsri adlandırılan XVII əsrdə şərqşünaslıq elminin əsası qoyulur, Qərb Şərqi öyrənməyə başlayır. XVIII əsrdən Avropa "1001 gecə nağılları"na heyran qalır. Bu nağıllar bitib-tükənməyən təqlidlər yaradır. Hindistanın möcüzəli aləmi Qərb qarşısında açılır, missionerlər həvəslə Çini öyrənir, Tibetdə Dalay Lamanı ziyarət edirlər. Qərb alimləri qədim fars dilini öyrənir, fransız entuziast-tədqiqatçısı sayəsində "Avesta" məlum olur.
Fəlsəfə üzrə fəlsəfə doktoru Sədaqət Məmmədovanın fikrincə, XIX əsrdə müqayisəli dilşünaslığın qələbəsi Asiya və Avropanın bir çox xalqlarının yaxın qohumluğunu aşkara çıxarır. Misir heroqlifləri və mixi yazılara aid edilən kəşflər Qədim Şərqin nəhəng yeni dünyasını açır və xalqların minillik tarixinə dair söz açmağa imkan yaradır (Bu barədə irəlidə ətraflı danışacağıq). Şərq və onun müxtəlif dilləri, xalqları sürətlə öyrənilir, illər keçdikcə bu sahədə yeni-yeni nailiyyətlər qazanılır. Araşdırmalar nəticəsində hər iki tərəfdə analogiyanın, oxşarlığın, bəzən isə eyniliyin olduğu aydınlaşır. Bütün bunlar isə nəticəsi eyni hadisələrə, eyni inkişaf qanunlarına malik ümumbəşəri dünyadır. Yalnız mənəvi sahədə deyil, maddi mədəniyyətin-sivilizasiyanın mükəmməlləşməsində də yüksək səviyyə qazanmış Şərq mədəniyyətinin minillik inkişafına baxmayaraq, Şərqin qazandığı bütün uğurlar dəqiq və təbiət elmlərinin zəif inkişafı şəraitində təzahür etmişdir.
Mənəvi yaradıcılıq: fəlsəfə, incəsənət, hətta texnika sahəsində Şərqin əldə etdiyi qeyri-adi nailiyyətlərin mümkünlüyü üçün Şərqin nə qədər nəhəng, demək olar ki, fövqəlbəşəri gərginlik çəkdiyi, müstəsna əhəmiyyətə malik olan intiusiyaya qadirliyi məlumdur. Bu sahədə o, zəif inkişaflı nəzəriyyəni böyük təcrübə ilə əvəzləmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru professor A.Şükürovun fikrincə, Şərq və Qərb sivilizasiyaları bir-birilərinə qarşılıqlı təsir göstərirdi. Bu qarşılıqlı təsirin nəticəsi və mədəniyyəti əsasında yeni mədəniyyəti mənimsəyən müxtilif "hibrid" cəmiyyətlərin yaranmasıdır. Bu gün Qərb - "inkişaf etmiş ölkələr"in sinonimidir. Bu əlamətə əsasən, bəzi politoloqlar Yaponiyanı Qərbə aid edirlər ki, bu qətiyyən düzgün deyildir.
Qərb ölkələri ilə ümumi texnoloji bazisə malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri dəyərlərin mənimsənilməsi baxımından belə Şərq sivilizasiyası ölkəsi olaraq qalmaqdadır. Biz tam hüquqla nəinki Şərq və Qərb sivilizasiyası haqqında danışa bilərik, həmçinin, Qərb və Şərq mənəvi sivilizasiyası haqqında da söhbət aça bilərik. Sivilizasiya bütün sosial-mədəni hadisə olmasına baxmayaraq, mədəniyyətin özünün varlığı mənasıdır, bütün ictimai həyata təsir etmək mənasıdır. Onun "nüvəsi" mənəvilikdir. Qədim dövrlərdən Şərq və Qərb sivilizasiyası bir-birindən fərqlənmişdir. Tarixçilərin tədqiqatları sübut edir ki, lap əvvəldən sivilizasiyanın spesifikası adamların əmək fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Həmin əmək fəaliyyətinə də, öz növbəsində, coğrafi mühit, əhalinin sıxlığı və digər amillər təsir göstərmişdir. Bir mərkəzdən su ilə təminatın idarəsinə əsaslanan düyü əkinçiliyi sistemi Asiya istehsal üsulunun inkişafını bir növ həvəsləndirmişdir. Bunun üçün isə bir rəhbərlik və işin "ictimai" xarakteri, sosial imtiyazlar ierarxiyasi, mənəvi sahədə isə dünyanın sahibinə - mütləq hökmdara - Allaha (səmaya, günəşə) və onun yerdəki nümayəndələri imperatora, yaxud feodala, ağaya tabe olmaq səciyyəvi hal hesab olunurdu. Göründüyü kimi, ictimai həyatın spesifikasına maddi dəyərlərin mənimsənilməsinin texioloji və sosial-iqtisadi üsulları böyük təsir göstərmişdir. Buraya, həmçinin, düyü sahələrinin suvarılmasının təşkili, düyünün yığılması, ierarxik idarə strukturu və s. də daxildir.
Bu gün filosof və sosioloqlar insan cəmiyyətinin yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər. Belə bir sual yaranır: görəsən hansı - formasion, yaxud sivilizasioi yanaşma düzgündür? Əslinə qalanda, onların biri o birisini rədd etmir. "Postindustrial sivilizasiya" üçün səciyyəvi olan cəhət maşınların mexaniki sistemi deyil, mikroenergetika və informatikaya, ən yeni intellektual texnologiyaya əsaslanan istehsalın avtomatlaşdırılmasıdır. Bu yeni texniki və texnoloji baza insan və cəmiyyətin bütün həyat tərzini dəyişir. Asudə vaxt probleminin özü də mənəvi sivilizasiyanın inkişafı problemidir. Əslində, mənəvi sivilizasiya texniki sivilizasiyanın simasını müəyyən edir, milli mədəniyyətə münasibətini ifadə edir. Mədəniyyət yeni olana laqeyd deyildir. Din, etika, sosial qaydalar, ictimai şüur da cəmiyyətdə mövcud olan maddi və mənəvi sərvətlərə laqeyd deyildir. Bunu alman sosioloqu M.Veber "Protestant etikası və kapitalizm ruhu" adlı əsərində çox yaxşı göstərmişdir. Onun fikrincə, protestant etikası sənaye istehsalının inkişafına, sahibkarlıq fəaliyyətinə həlledici təsir göstərir. Bu etikaya görə Allah tərəfindən seçilmiş insan sahibkarlıq üçün yeni əxlaqi keyfiyyətlərə malik olur.
Azərbaycan yeni iqtisadi münasibətlərə keçərkən təbii ki, bu sahədə böyük təcrübəsi olan Qərb dünyasından çox şey öyrənməlidir. Həm elm və texnikanın yüksək inkişaf səviyyəsinə görə, həm də neçə yüzilliklər ərzində bazar iqtisadiyyatının qərarlaşma dərəcəsinə və sosial yönümünə görə Qərb dünyası, heç şübhəsiz, öncül mövqe tutur. Lakin müasirlik ancaq texnologiya və iqtisadiyyat göstəriciləri ilə müəyyən edilə bilməz. Müasir insanın formalaşmasında bəşəriyyətin min illərlə ölçülən mənəvi təkamül yolu bəlkə də elmi-texniki tərəqqidən daha çox rol oynamışdır.
Bəziləri Şərq dünyasını təmsil edən ölkələrin, o cümlədən, Azərbaycanın müasir texnikaya əsaslanan iqtisadi yarışda qabaqcıl Qərb ölkələrindən geri qalmasının səbəblərini islam dinində və ənənəvi düşüncə tərzində axtarırlar. Halbuki iqtisadi inkişafın hərəkətverici qüvvəsi din yox, elmdir. Din iqtisadi meyarlarla deyil, ancaq mənəvi meyarlarla dəyərləndirilə bilər. Söhbət hansı dinə qulluq edilməsindən yox, ümumiyyətlə, din və elmin münasibətindən getməlidir. Din öz yerində, elm də öz yerində olduqda cəmiyyətin iqtisadi inkişafına heç bir xələl gəlməz.
Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatından ayrılaraq özünə qapıldığından, insan daha çox öz dünyasında yaşadığından onun xarici dünya ilə, maddi həyatla əlaqəsi, əsasən, bu formada həyata keçir: "Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açılır və xarici mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. Fərdi aləm unudulur və insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış konseptual düşüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır.
İran tədqiqatçısı S.M.Musavilari yazır ki, bəşəriyyəti hər gün yeni-yeni üfüqlərlə tanış edən, zahiri bərli-bəzəkli görünən "mədəni dünya"mız artıq həyat gerçəkliklərindən kənara çıxıb, iqtisadiyyat və maddiyyata əsaslanan öz məntiqi ilə insani dəyərlərin mahiyyətini dəyişdirir. Xalqın mənəvi və ideoloji inkişafının keyfiyyəti onu əbədiyyət aləmindən xəbərsiz edir. Daxili xüsusiyyətləri əsasında gözünü mənəvi dünyaya dikən insan, diqqətini yalnız maddi aləmə yönəldir və təbiətin qeyri-maddi cəhətini, habelə səmavi həqiqətləri xəyali məfhumlarla əvəz edir. Ona görə də mümkün qədər çox sərvət toplamaq və maddi rifaha malik olmaq onun ali məqsədinə çevrilir. Fərdi və ictimai münasibətlərdə hökmranlıq edən, müxtəlif şəkillərdə zahir olan belə təfəkkür tərzi ilə bəşəriyyətin həqiqi səadətə nail olacağını təsəvvür etmək düzgün deyildir. İnsan öz əli ilə düzəltdiyi maddiyyat bütlərini sındırmaqla, təfəkkürünü büsbütün dəyişməklə və mənəvi həqiqətləri axtarıb tapmaqla nicat tapa bilər.
Biz bu sözlərlə heç də müasir mədəniyyətin bütün imkanlarını, rabitələrin sürətliyini və texnikanın inkişafını inkar etmir və onun məziyyətlərinə və faydalarına göz yummuruq. Çünki bu yolla insanın həyat və məişəti daha yaxşı təmin edilir, onun normal yaşaış şəraiti daha da asanlaşır. Amma insan ruhunun dərinliyini nəhayətsiz biz gerçəkliyin qarşısında qərar tapdığından, mənəvi səadəti maddi rifahla qurmağın qeyri-mümkün olmasını başa düşməliyik.
Təəssüflər olsun ki, uzun illərdir. Bəzi Şərq xalqları Qərbin texnoloji və iqtisadi tərəqqisi qarşısında aciz qalıb. Onlar müasir mədəniyyətlə kifayət qədər tanış olmadıqları üçün Qərbdən gələn hər bir şeyi zamanın hökmü kimi qəbul edirlər. Qərb təfəkkür tərzi insanlara hakim olmuşdur.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 7 may.- S.23.