Ulu Öndər Heydər
Əliyevin idarəçilik məktəbi-dövlətçiliyimizin
əsas qarantıdır
Ulu Öndər Heydər Əliyevin dövləti idarəetmə siyasəti və fəaliyyəti artıq hərtərəfli, sistemli bir məktəbə çevrilmişdir. Tədqiqatçı Əli Xankişiyev bu məktəbi belə səciyyələndirir: "Heydər Əliyev tarixdə ilk dəfə olaraq əməli siyasəti və təşkilatçılıq işini sistemli bir məktəb səviyyəsinə yüksəltmişdir. Bu, o deməkdir ki, klassik Nyuton mexanikası, Evklid həndəsəsi, Eynşteyn nisbilik nəzəriyyəsi və s. bu kimi anlayışlarla yanaşı tarixdə də Heydər Əliyev orjinal siyasət məktəbi özünə yer tapmaqdadır."
Tədqiqatçı bu məktəbin bəzi əlamətlərinin və xarakterik cəhətlərinin nəzərdən keçirilməsinin elmi-siyasi əhəmiyyət kəsb elə biləcəyini də vurğulayır:
1. Siyasətin illüziya və avantürizmdən təcrid edilməsi və eləcə də, risk ehtimalının minimuma endirilməsi Heydər Əliyev məktəbinin ən dəyərli səciyyəvi xüsusiyyətidir. Siyasətin yuxarıda qeyd olunun zərərli ünsürlərindən təcrid olunmasının başlıca şərti olunmasının başlıca şərti obyektiv reallığın düzgün qiymətləndirilməsindən ibarətdir. Burada siyasətin subyekti, obyekti və obyektarxası amillərinin qarşılıqlı münasibətlərinin dərindən öyrənilməsi diqqət mərkəzində dayanır. Bütün bunlar hələlik nəzərdə tutulmuş siyasi tədbirin şəraitinə aiddir; onun həyata keçirilib reallaşdırılması üçün müəyyən taktiki gedişlərlə həmin nəzərdə tutulmuş tədbirin obyektiv həyati zərurət səviyyəsinə gətirilməsi Heydər Əliyev dəsti-xəttinin xarakterik cəhətdir. Bundan başqa, həyata keçirilən hər hansı siyasi məsələnin reallaşmasına azacıq da olsa mənfi təsir göstərə biləcək təsadüfi faktorlar əlavə ehtiyat tədbirlərilə neytrallaşdırılır.
2. Müxtəlif siyasi problemlər və məsələlər çoxluğunda baş məsələnin düzgün təyin edilməsi, ikinci dərəcəli, yaxud baş məsələdən asılı olan digər əlavə problemlərin səmərəli həll edilməsində mühüm rol oynayır. Ona görə də, Heydər Əliyev siyasət məktəbində aparıcı siyasi problemin vaxtlı-vaxtında həll edilməsi ən əsas diqqət obyekti kimi qiymətləndirilir.
3. Heç bir məsələyə doqmatik münasibət bəslənilməsi və əməli siyasətin daima dialektik inkişaf məcrasına yönəldilməsi ilə onun dinamikliyinin təmin olunması burada müsbət nəticənin əldə edilməsinin əsas cəhəti kimi xarakterizə olunur. Qeyd etmək lazımdır ki, dinamik və elastik siyasət taktikası Heydər Əliyev siyasət institutunun xarakterik xüsusmiyyəti kimi çoxillik sınaqlardan daima müvəffəqiyyətlə çıxmışdır.
4. Siyasətin haqqa və ictimai ədalətə əsaslanması ilə onun fundamentallığının təmin edilməsi barədə bir qədər ətraflı dayanmaq lazımdır. Məlumdur ki, bir çox siyasi liderlər çox zaman öz xarici siyasətlərini təmsil etdikləri xalqın və ya dövlətin mütləq mənafeyi üzərində qurmağa çalışırlar. Bu isə bəzi hallarda müəyyən səviyyələrdə mənafe toqquşmalarına və dövlətlərarası ixtilaflarla gətirib çıxarır. Son illərdəki bir sıra dövlətlərarası münaqişələrin və ya müharibə ocaqlarının meydana çıxmasının əsas səbəbi də bu cür birtərəfli mənafe siyasətindədir.
Heydər Əliyev siyasət məktəbi bu kimi birtəfli və iddialı siyasəti pisləməklə ümumbəşəri insani münasibətlərə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli siyasət doktrinasını qəbul edir və dəstəkləyirdi. Azərbaycan dövləti həmsərhəd olduğu bütün dövlətlərlə ədalətli, bərabərhüquqlu, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq mövqeyi tutmaqda böyük dövlətçilik, ərazi iddaçılığı, separatçılıq, sərhədlərin və ya dövlətlərarası münasibətlərin zor işlətməklə dəyişdirilməsi və s. bu kimi ədalətsiz halların qarşısının alınması üçün daim mübarizə aparırdı. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan professional siyasi diplomatiya institutunun strateji əsasını sabit və fundamental xarici siyasət təşkil edir.
5. Daxili və xarici siyasətin üzvi surətdə əlaqələndirilməsi nəticəsində balanslaşdırılmış siyasət mexanizminin əldə edilməsi siyasi və iqtisadi sabitliyin əsas meyarı kimi daim diqqət mərkəzində saxlanılır.
6. Heydər Əliyev məktəbinin xarakterik cəhətlərindən biri də vaxtdan səmərəli istifadə etməklə siyasi məsələlərin həllində obyektiv reallığın tələblərinə uyğun olaraq siyasi fəallığın düzgün nizamlanmasıdır. Bu zaman istər daxili, istərsə də xarici sahədə yaranmış vəziyyətin müntəzəm olaraq hərtərəfli təhlili və şəraitin nəzarət altında saxlanması bu və ya digər siyasi addımların atılmasında qabaqlama, yaxud gözləmə taktikasının tətbiq edilməsinin istiqamətverici amili kimi qəbul edilir.
7. Yaxın və uzaq siyasətin əlaqəli bir surətdə həyata keçirilməsi Heydər Əliyevin strategiya və taktika məsələlərində misilsiz bir incəlik və dəqiqliklə tətbiq etdiyi əməli siyasət mexanizminin əsasını təşkil edir.
Burada əsas fərqləndirici cəhətlərdən biri də strateji məqsədə çatmaq üçün taktiki addımların dəqiqliklə atılması zamanı yalnız əldə olan real nəticələrdir. Daxili siyasətin xarici siyasətlə üzvi əlaqədə olması Azərbaycan şəraiti üçün xarakterik olan özünəməxsus bir cəhətdir. Ona görə də Azərbaycan şəraitində ölkə daxilində prezidentin fəaliyyətinin sərbəstlik dərəcəsi istər-istəməz məhdudlaşmış olur. Daha doğrusu, prezident müəyyən daxili siyasət tədbirlərini həyata keçirməkdə və yaxud müəyyən hadisələrin qarşısını almaqda qeyri-məhdud imkana yox, yalnız müəyyən imkanlara malik olur. Bu isə o deməkdir ki, prezidenti yalnız əldə olan imkanları səfərbər etmək, bu imkan və vasitələri vaxtlı-vaxtında və yeganə düzgün istiqamətdə qruplaşdıra bilmək zərurəti qarşısında qalmış olur. Pozulmuş xarici iqtisadi əlaqələr, yarımdağılmış vəziyyətdə olan iqtisadiyyat, daimi sıxıntı yaradan maliyyə çətinlikləri və bütün bunların nəticəsində əhalinin əsas kütləsinin sürətlə yoxsullaşması müharibə, qaçqınlar problemi üstəlik belə bir şəraitdə bütün maneələri dəf etməklə müstəqil dövlət qruculuğu işləri həm də buna paralel olaraq ictimai-iqtisadi quruluşun əsaslı təkmiləşdirilməsi məsələlri üst-üstə götürüldükdə Azərbaycan Prezidenti qarşısında nə dərəcədə böyük və ağır vəzifələr dayandığı aydın olur. Bütün bu işlərin, yuxarıda dediyimiz kimi məhdud imkanlar çərçivəsində yerinə yetirilməsi məcburiyyəti prezidentdən qeyri-adi qabiliyyət və fövqəladə bilik tələb edir.
8. Heydər Əliyev siyasəti demokratiya və kollektiv idarəçilik prinsipləri üzərində qurulur. Bu barədə danışmaq üçün əvvəlcə qeyd etmək lazımdır ki, burada sözdən yox, həqiqi əməli demokratiyadan söhbət gedir. Müşavirələrin birində Heydər Əliyev öz çıxışında bu barədə demişdi ki, bu anlayış bir qədər nisbidir. Ola bilər ki, bir nəfər həmişə özünü demokrat adlandırsın, lakin əməli fəaliyyətində ümumi demokratik prinsiplərə məhəl qoymasın və yaxud da əksinə.
İnkişaf etmiş dövlətlərdə hər hansı partiyanın siyasi mübarizədə qələbəsini yalnız demokratik seçkilər təmin edir. Yəni bütün partiyaların iştirakı ilə keçirilən parlament seçkilərində o partiya hakimiyyət əldə edir ki, onun nüfuzu xalq arasında daha yüksək olsun. Bu nüfuz əməli fəaliyyət nəticəsində, daha doğrusu, seçkilərarası müddətdə partiyanın fəallığı, siyasi, iqtisadi və ictimai həyatda verdiyi təkliflərin səmərəliliyi, gördüyü işlərin dəyərliliyi, öz alternativ proqramının üstünlüyünə seçiciləri inandırma dərəcəsindən asılı olur.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2014.-9 may.-S.23.