Ulu Öndər Heydər
Əliyevin idarəetmə məktəbi milliliklə ümumbəşəriliyin
vəhdətidir
Ulu
Öndər Heydər Əliyev dövlətçilik tarixində
elə dərin iz qoymuşdur ki, Onun fəaliyyəti təkcə
milliliyin yüksək ideal cəhəti deyil, həm də
ümumbəşəri, dünya əhəmiyyəti
daşıyan fenomenal hadisədir.
YAP-ın İdarə Heyətinin üzvü, professor Zahid Qaralov yazır: "Xatirələrindən aydın olur ki, ətraf mühitdə baş verən hadisələrin mahiyyətini, elmi əsaslarını öyrənmək cəhdi Heydər Əliyevin yeniyetməlik dövründən başlamış və bu keyfiyyət ömrünün sonuna qədər daim inkişafda olmuş, mükəmməl elmi sistemə çevrilmişdir. Ona görədir ki, cəmiyyətdə müşahidə etdiyi, bəyənmədiyi, yaşayışa əngəl törədən nələr varsa, öz əlində hakimiyyət cəmləşəndə bunlara qarşı kəskin mövqe tutdu. Heydər Əliyev qarmaqarışıqlıqdan duruluğa, haqsızlıqdan ədalətə, qanunsuzluqdan qanunun aliliyinə, zorakılıqdan humanizmə, diktaturadan demokratiyaya doğru inkişafın qanunauyğunluqlarını dərk etdikcə, onların tənzimlənməsi qaydalarının müəyyənləşdirilməsi məsələləri ilə daim məşğul olmuşdur.
Bütün keçid dövrlərinin həm müsbət, həm mənfi tərəflərini həmişə sağlam təfəkkür süzgəcindən keçirməsinin, yalnız bundan sonra ağıllı qərar verməsinin nəticəsidir ki, Heydər Əliyev həmişə fəal həyat mövqeyində olmuşdur. Bütün keçid dövrlərində təzə fikir, faydalı ideya sahibi kimi tanınmışdır.
Heydər Əliyevi yüksək insanlıq səviyyəsinə yüksəldən amillərdən biri bütün dövrlərdə hadisələrə nikbin, ümidlə, səbrlə yanaşması olmuşdur. Kəskin ziddiyyətli şəraitdən əksəriyyətin razılaşdığı çıxış yolu tapmaq, fərqli dünyagörüşlərinə hörmət və dözümlülük, hər bir yaramaz işdə yararlı toxumlar axtarmaq, ən ağır hadisələr törətmiş caninin müsbət keyfiyyətlərini seçmək və qiymətləndirmək, hər şeydən ümidini kəsmiş insanlara ümid yerini göstərmək, çıxılması mümkün sayılmayan ictimai-siyasi mühitdən az itki ilə çıxış yolu seçmək kimi nadir keyfiyyətlərin Heydər Əliyevdə formalaşma dövrü Onun ilkin gənclik illərindən başlamış, ömür boyu onu müşayiət etmişdir. Bütün bunları Onun elmi irsini diqqətlə öyrənən hər adam ayırd edə bilər.
Heydər Əliyev hər bir ictimai-siyasi keçid dövrünə qanunauyğun hal kimi baxmış, onların yaratdığı fərqli ideoloji-siyasi mühitlərin üstün və zərərli tərəflərini böyük mütəfəkkirlərə məxsus tərzdə ayırd etmiş, obyektiv qiymətləndirmişdir. Onun 35 illik nümunəvi hakimiyyət başçısı kimi tanınmasının əsas səbəblərindən biri də bu olmuşdur".
Əliyevşünaslığa dair tədqiqatları ilə diqqəti cəlb edən Ə.Xankişiyev Ulu Öndərin idarəçilik məktəbinin xüsusiyyətlərini açaraq yazır: "Hamının bildiyi kimi, Heydər Əliyev təbiətən novator təsərrüfatçı olub, daima yeniliyin, daha yüksək səmərə verən hər hansı təklifin müdafiəsində dayanmışdır. Bu baxımdan da Prezident hər bir siyasi partiyanın, təşkilatın, hətta ayrı-ayrı fərdi mütəxəssislərin verdiyi bütün təkliflərə həmişə böyük qayğı ilə yanaşmışdır. Bu insanda elə bir yüksək mədəniyyət vardır ki, O, özündən qat-qat aşağı bilikli əkinçiyə də, çobana da vaxta heyfislənmədən axıra qədər diqqətlə qulaq asır, burada başqalarının tapa bilmədiyi nə isə yeni bir şeyi sanki özü üçün kəşf edir.
Bu, əlbəttə, hamıya nəsib ola bilməyən, yalnız həqiqi xalq liderinə xas ola biləcək bir xüsusiyyətdir. Belə xasiyyət yalnız böyük demokratlarda ola bilər! Onu da qeyd etmək vacibdir ki, müdrik rəhbərimizin çoxsahəli biliyi, güclü intuitsiyası, çoxillik həyat təcrübəsi Ona imkan verir ki, sözü sözçülükdən, fəaliyyəti canfəşanlıqdan, sədaqəti yaltaqlıqdan, demokratiyanı demoqogiyadan, bir sözlə, həqiqi insanı özünü insan kimi qələmə verməyə çalışanlardan ayırd edə bilsin. Bizcə, Heydər Əliyev dühasının mühüm bir sirri də elə bundadır!
Heydər Əliyev siyasət məktəbinin yuxarıda qeyd etdiyimiz və eləcə də hələlik izahı mümkün olmayan və gələcək tədqiqatlarda üzə çıxarıla biləcək digər cəhətlərinin məcmusu Prezidentin öz şəxsi rəhbərliyi və bilavasitə iştirakı ilə inkişaf etdirilib, müasir Azərbaycan dövlətinin ümumsiyasət konsepsiyasına çevrilmişdir. Azərbaycan Respublikasının iqtisadi və siyasi sahədə idaraçilik, xarici əlaqələr, dövlət quruculuğu, milli mənafe, sosial-iqtisadi islahatlar və hərbi-siyasi doktrinalarının əsasını bu konsepsiya təşkil edir. Ona görə də bu siyasət məktəbinin öyrənilməsinin və bu mövzuda yazılan sanballı əsərlərin aparıcı xarici dillərə tərcümə edilib yayılmasının mühüm siyasi əhəmiyyətinin izahına ehtiyac yoxdur".
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov göstərir ki, Azərbaycanda demokratiyanın bütövlükdə ictimai-siyasi tərəqqi kontekstində həyata keçirilməsi zərurətini dönə-dönə qeyd edən Heydər Əliyev bir dəfə xarici "məsləhətçilərə" "demokratiya alma deyil ki, onu bazardan almaq olsun", dedi. ...Lakin həqiqətən demokratiyanı bazardan almaq istəyənlər də var. Bu gün onu xaricdən idxal etmək istəyənlər, inkişaf etmiş ölkələrdəki hazır demokratiya modellərini (bir çox "xarici müəllimlərimiz" onu hədiyyə etməyə də hazırdırlar - əslində isə, bu modellərin bizə nəyin bahasına satıldığını ancaq dərindən düşünənlər dərk edə bilərlər) Azərbaycana köçürmək istəyənlər də, Azərbaycanda "dibçək demokratiyası" yaratmağa çalışanlar da az deyil...
S.Xəlilovun fikrincə, "Ulu Öndər Heydər Əliyev məhz ona görə yaradıcı dövlət başçısıdır ki, O, hətta ən mükəmməl demokratiya modellərinin belə qondarma transplantasiyasını inkar edərək, Azərbaycanın milli mentalitetinə və dövlətçilik ənənələrinə söykənən canlı demokratik rejim qurmaq yolu seçmişdir... Siyasi vəziyyət gərginləşən kimi Heydər Əliyevi dərindən tanımayanlar elə bilirlər ki, vəziyyət kontroldan çıxır, Azərbaycan dövlətçiliyinin arxitektoru guya proseslərə daha nəzarət edə bilmir. Lakin dərin qatda təhlil başqa şeyi göstərirdi".
Ulu Öndər Heydər Əliyevin yaratdığı cəmiyyət heç də yeknəsəq, monoton bir şey olmayıb, çox mürəkkəb, daxili ziddiyyətləri olan və bununla da cəmiyyətin bütün təbəqələrinin düşüncə və mənafelərinin təmsil olunmasına imkan verən bir cəmiyyətdir. Plüralizm və əsil demokratiya zəminində qurulmuş bir cəmiyyətdir. Onun hərəkətverici qüvvəsi də öz içindədir, əksliklərin toqquşmasından, daxili ziddiyyətlərin həllindən həqiqi böyük bir inkişaf prosesi alınır. Heydər Əliyevin yaratdığı stabillik də nə isə donuq bir şey olmayıb dinamik bir stabillikdir.
Professor Zahid Qaralov Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbinin özünəməxsus cəhətlərini qeyd edərək yazır ki, Heydər Əliyev irsinin davamçılarına tövsiyəmiz:
- xalqa xidmət etməyi Ondan öyrənmək;
- dövlətçiliyin qorunmasında Onun seçdiyi yola sədaqətli olmaq;
- insanlara mənəvi dayaq durmaqda onun təcrübəsinə əsaslanmaq;
- hər peşə sahibi ilə Onun istəklərinə uyğun qarşılıqlı münasibət qurmağı Ondan öyrənmək;
- görülmüş işləri və iş adamlarını qiymətləndirməkdə, diqqətdə Onun təcriibəsinə istinad etmək;
- milli mənəvi və maddi dəyərləri zənginləşdirmək bacarığını Ondan öyrənmək;
- insanları düzgün yola yönəltmək, dünyaya, burada baş verən bütün hadisələrə sağlam düşüncə və açıq gözlə baxmaqda Onun irsinə istinad etmək;
- səliqə-sahman yaratmaqda, nümunəvi davranışda daim Onu əsas götürmək.
Bizdə belə bir əminlik var ki, Heydər Əliyevin elmi irsini dərindən bilən, hər işdə bu irsə sadiq qalan insan heç vaxt mağmun olmaz, daim uğurlar qazanar, ləyaqətli insanlar cərgəsində durar, sıxıntı çəkməz, özünə güclü inam bəsləyər, insanlığın qədrini bilər. Borcumuz böyüyən nəsillərə Heydər Əliyevin elmi irsini öyrətməkdir. Bu borcu ləyaqətlə ödəyənlər həmişə xalqın etimadını qazanacaqlar.
İndi dünya çox ziddiyyətli hadisələr dövrünü yaşayır; qloballaşma və regional inkişaf, ümumbəşərilik və millilik, sahibkarlığın inkişafı və yoxsulluğun aradan qaldırılması, dövlətlərin ərazi bütövlüyünün saxlanması və yeni qonşuluq nəzəriyyəsi kimi ziddiyyətli görünən prosesləri düzgün tənzimləmək üzrə bilik və bacarıq tələb olunur.
Bundan başqa, dünya iki real qüvvənin döyüş meydanına çevrilib:
- təhlükəsiz, ekoloji təmiz, demokratik həyat dünyası uğrunda çarpışan qüvvə;
- kriminal qüvvələr:
narkomafiya, insan alverçiləri, terrorçular.
Keçmiş sovet respublikaları
permanent inqilab meydanına
çevrilmişdir. Azərbaycan xalqı
belə mürəkkəb
həyatda özünə
düzgün mövqe
və inkişaf yolu seçməyi bacarmalıdır. Heydər Əliyevin
elmi irsi müasir dünyada hər bir azərbaycanlının,
bütövlükdə xalqımızın
doğru yol seçməsinə kömək
göstərə bilən
parlaq mayakdır.
Mərhum professor Rövşən Mustafayev göstərirdi ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tariximizin ən mürəkkəb anında xalqın təkidi ilə respublikaya başçılıq etdi. O vaxt çoxları problemləri haylı-küylü meydanlarda, ictimai təkamülün təsirli vasitəsi (bəlkə də yeganə) olan intellekti sosial inkişafdan kənarda qoyaraq məsuliyyətsiz qəti bəyanatlarla həll etmək istəyirdi. O günlərin dramatik çarpışmalarının qarşıya qoyduğu mürəkkəb sualların cavablarını bilən savadlı, ağıllı insanlar, təcrübəli mütəxəssislər çaşqınlıq içində idilər, çox vaxt isə işdən kənarlaşdırılmışdılar. Məhz o vaxt, 90-cı illərin əvvəllərində təhlükəli ictimai xəstəlik, öz nəticələrinə görə ölkənin təbii sərvətini dəyər-dəyməzinə satmaqdan daha fəlakətli təzahür olan "beyin axını"nın ilk əlamətləri görünürdü.
Heydər Əliyev ölkənin belə bir məsul məqamında bütün sağlam təfəkkürlü, savadlı insanları, intellektualları əməkdaşlığa çağırdı. Bu dünya görmüş, dahi şəxsiyyət onları dinləməyə hazır idi və Azərbaycanın rifahı naminə onların bilikləri, faydalı təkliflərini tətbiq etməyə yer də tapırdı. Heydər Əliyev böhranı dəf etmək sahəsində xarici ölkələrin təcrübəsini fəal surətdə öyrənir, uğura aparan yolları arayır, respublikanın mötəbər xarici şirkətlərlə ciddi əməkdaşlığına dair fikirlər söyləyirdi. Heydər Əliyevin bir siyasətçi kimi nadirliyi, bənzərsizliyi ondan ibarətdir ki, O, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, çox gözəl dərk edirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun. Heydər Əliyev şəxsiyyətinin tarixi rolu, məhz belə yolun Onun tərəfindən tapılmasında və respublikanın artıq bu yolla ilk addımlarını atmasında büruzə verir.
Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçid dövrünü arxada qoymuş ölkəmizin iqtisadi inkişaf modeli bütün dünyada təqdir olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Keyfiyyətcə yeni mərhələdə ölkə Prezidenti vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edərək demişdir: "Siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2014.-2014.-S.23.