Ulu Öndər Heydər Əliyev: Azərbaycan dövlətçiliyinin xilaskarı

 

Ulu Öndəri Tanrı özü Azərbaycan dövlətçiliyinin xilaskarı kimi göndərdi. Tədqiqatçı İradə Hüseynova yazır: "Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti ondan ibarətdir ki, O, Azərbaycan dövlətçiliyini xilas etdi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın və müstəqilliyimizin qorunub saxlanılması deməkdir.

Bismarkın məşhur bir ifadəsi var: şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır. Heydər Əliyev fenomeni şəxsiyyətin, qüdrətin, müdrikliyin, iradənin sintezidir. Onun gücünü belə bir cəhət çox aydın göstərir ki, müasir Azərbaycanda cərəyan edən proseslər həmin proseslərin meydana gətirdiyi bütün siyasətçiləri öz təsiri altına aldığı halda Heydər Əliyev, əksinə, hadisələrə öz iradəsini diktə etmək qüdrətinə malik olan lider kimi özünü təsdiqlədi. Beləliklə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bunu biz müstəqil Azərbaycan dövlətinin şanlı tarixi hesab edir və müstəqilliyi əldə etdikdən sonra Azərbaycan tarixinin ikinci dövrü hesab edirik.

Göstərmək istərdim ki, 1993-cü ilin noyabr ayından başlayaraq indiyə kimi olan dövrü müstəqil Azərbaycanımızın ikinci dövrü deyil, "qızıl dövrü" adlandırmaq daha düzgün olardı. Milli ordumuzun formalaşması, Azərbaycanın nizamlı silahlı qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, atəşkəs, siyasidiplomatik vasitələrin işə salınması və s. məhz həmin dövrə təsadüf edir."

1994-cü ilin  oktyabrındakı, eləcə də, 1995-ci ilin mart ayındakı dövlətçiliyimizə qarşı edilən qəsd cəhdinin qarşısı bacarıqla alınmış, qanunsuz silahlı dəstələr, cinayətkar qruplar öz layiqli cəzalarını aldılar. Bu, bir daha Azərbaycanın bütövlüyünə meydan oxuyan qüvvələrə kəsərli dərs olmuşdur. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti və müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.

Müraciətdə deyilir: "Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslə nəsib olmuşdur. Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalqın bu ali məqsəd uğrunda bütün imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bugünü və sabahının tam təminatçısı olacaqdır. İftixarla demək olar ki, Azərbaycanın XX əsrdə yaratdığı qüdrətli iqtisadi potensialı, böyük mütəxəssislər ordusu xalqımızın ən ümdə amallarının həyata keçirilməsi üçün möhkəm baza, əlverişli zəmin rolunu oynayır."

Məhz  misilsiz iradə sahibi, qüdrətli şəxsiyyət, nadir siyasi sima Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri sayəsində bu gün müstəqil Azərbaycan dövləti yaşayır, möhkəmlənir və dünya dövlətləri arasında özünü etibarlı, geniş perspektiv imkanı olan bir dövlət kimi təsdiqləyir.

Akademik R.Mehdiyev Azərbaycan reallığında Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin hüququn, qanunun aliliyinin gerçəkləşməsində müstəsna rol oynadığını xüsusi vurğulayır: "Heydər Əliyev dünyanın coğrafi-siyasi xəritəsində Azərbaycanın yerini möhkəmlətmək, onun beynəlxalq nüfuzunun artmasına nail olmaqla yanaşı, həm də daxildə ictimai-siyasi sabitliyi qorumaq, demokratik, hüquqi dövlət qurmaq istiqamətində bir sıra mühüm addımlar atmışdır ki, bunların da ən əhəmiyyətlisi yeni Konstitusiyanın hazırlanması oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etdihüquqi dövlətə, vətəndaş cəmiyyətinə doğru cəsarətli və qətiyyətli addım oldu. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edildi. Konstitusiyada insan huquq və azadlıqlarına həsr olunmuş maddələr onun ümumi həcminin üçdə birindən çoxunu təşkil edir. Beynəlxalq hüquqi sənədlərdə və konvensiyalarda əksini tapmış bütün hüquq və azadlıqlar Konstitusiyada öz əksini tapıbdır. İnsan və vətəndaşın hüquq və azadlıqlarını məhdudlaşdıran dəyişikliklər edilməsi, hər hansı bir maddənin bu ruhda təfsir edilməsi yolverilməz elan edilmişdir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olduğu bəyan edilmişdir. Burada insan hüquqları insanın mövcudluğu faktı ilə, onun təbiəti ilə şərtlənən meyar kimi qəbul edilmişdir. Konstitusiyanı tamamilə haqlı olaraq, "insan hüquqları manifesti" adlandırmaq mümkündür.

Azərbaycan Respublikasının Konstitusiyasını "səciyyələndirən əsas cəhətlər" "Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsidir." Azərbaycan Respublikasının Konstitusiyası "Giriş", 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarətdir. Beşiyinin başında Prezident Heydər Əliyevin durduğu Azərbaycan Respublikasının Konstitusiyasının girişində konstitusiyanın əsas prinsipləri Azərbaycan xalqının aşağıdakı niyyətləri kimi bəyan edilir: "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək."

Konstitusiyada təsbit olunmuş Azərbaycan xalqının bu ülvi niyyətlərini şərh edən Prezident Heydər Əliyev demişdir ki, "Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir", bu müstəqillik "əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır." Konstitusiyaya görə, Azərbaycan xalqı vahiddir. Azərbaycan Respublikası onun bütün vətəndaşlarının, milliyyətindən, dilindən, irqindən və dinindən asılı olmayaraq, "ümumi və bölünməz vətənidir." Prezident Heydər Əliyevin dediyi kimi Azərbaycanda "milliyyətindən, dilindən, irqindən və sairədən asılı olmayaraq hamı eyni hüquqa, bərabər hüquqa malik  olmalıdır."

Azərbaycan Respublikasının Konstitusiyasında mühüm fəsillərdən biri dövlət quruculuğu məsələlərinə həsr edilmişdir.  Prezident Heydər Əliyevin qeyd etdiyi kimi, "dövlət quruculuğunda nəinki tariximilli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilmişdir. Konstitusiyada bəyan edilir ki, "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır." Azərbaycan Respublikası Konstitusiyasının qəbulunu xalqımızın "böyük nailiyyəti" adlandıran Heydər Əliyev qeyd edir ki, "bu Konstitusiya respublikamızda hüquqi, demokratik, dünyəvi dövlətin bundan sonra da qurulması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar yaratmışdır."

Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti üç yerə bölünür: qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir; icra hakimiyyəti prezidentə mənsubdur; məhkəmə hakimiyyətini isə məhkəmələr həyata keçirir. Bu hakimiyyətlər qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı və Silahlı Qüvvələrin Ali baş komandanıdır.

Konstitusiyanın "Əsas hüquqlar, azadlıqlar və vəzifələr" adlı 2-ci bölməsinin maddələrinin hazırlanmasında da Prezident Heydər Əliyevin fikirlərinin mühüm əhəmiyyəti olmuşdur. Heydər Əliyev demişdir ki, Azərbaycanda "insan azadlığı,... vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik  olması... demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır... söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir." 

Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyət yaradılması  haqqındakı fikirləri əsasında hazırlanmış Konstitusiyanın 2-ci bölməsinin maddələrində deyilir ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti və yeri seçmək hüquqi vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.   

Vətəndaşlar tətil etmək, sərbəst toplaşmaq, cəmiyyət və təşkilatlar, o cümlədən, siyasi partiyalar yaratmaq, seçmək və seçilmək hüquqlarına malikdirlər. Konstitusiyaya görə, hərbi qulluqçuların, məhkəmə hakimlərinin, dövlət məmurlarının, din xadimlərinin və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüquqi qanunla məhdudlaşdırıla bilər. Göründüyü kimi, "insan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

SES QEZETI.-2014.-20 may.-S.15.