Ulu öndər Heydər
Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın
qarşısında yeni üfüqlər
açılır
Müsahibimiz Daşkəsən Rayon İcra Hakimiyyətinin
başçısı Əhəd Abıyevdir
- Əhəd müəllim, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan quruculuq meydançasını xatırladır. Təbii ki, ölkəmizdə bu ab-havanı yaradan əsas səbəblərdən biri iqtisadi imkanların gündən-günə artmasıdır. Qısaca da olsa, ölkəmizin bugünkü iqtisadi inkişaf səviyyəsini şərh etməyinizi xahiş edərdik
- Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin reallığa söykənən bu tezisini xatırlatmaq istərdim: «Azərbaycanın böyük potensialı var, bu iqtisadi potensialdan səmərəli istifadə etmək bizim vəzifəmizdir.» Azərbaycan malik olduğu təbii resurslara görə hər zaman dünyanın diqqət mərkəzində olub və hazırda bu diqqət daha yüksək səviyyədədir. Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməklə ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atan ulu öndər Heydər Əliyev 1999-cu ildə Dövlət Neft Fondunu yaratmaqla neft gəlirlərindən səmərəli istifadənin əsasını qoydu. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunmasını təmin edən Dövlət Neft Fondunda toplanan vəsaitlərin istiqamətləndirildiyi layihələrə diqqət yetirsək, ölkənin hərtərəfli inkişafı barədə aydın təsəvvür yaranar. Son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməklə neft-qaz sektorundan asılılığın azalmasını təmin etdi. Belə ki, regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə imzalanan regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün stimul oldu. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev regionların inkişafında, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olduğunu önə çəkərək bu inamı ifadə etmişdir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır: «Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir. Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda adadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.»
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Dövlət Proqramlarının icrasına, Nazirlər Kabinetinin ayrı-ayrı dövrlər üçün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransları hesabat xarakteri daşıyır. Görülən işlərə baxış fonunda prioritetlər müəyyənləşdirilir və həlli yolları açıqlanır. Möhtərəm Prezidentimiz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda bu fikri əsaslı şəkildə qeyd etmişdir ki, son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki dövlət proqramının uğurlu icrası ölkəmizin hərtərəfli inkişafına çox böyük dəstək olmuşdur. Bu əminlik ifadə edilmişdir ki, üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də Azərbaycanın dinamik inkişaf yolunda olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev konfransda da bu inamı qeyd etmişdir ki, 2018-ci ilə qədər dövrü əhatə edən üçüncü Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaq.
Bu qısa təhlil fonunda Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu aydın görmək olur. Rəqəmlər də bu inkişafı əsaslı şəkildə təsdiqləyir. Cari ilin birinci rübündə iqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz, kənd təsərrüfatı 3 faiz artıb. Valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Əhalinin pul gəlirləri 4,5 faiz artıb. Birinci rübdə orta əmək haqqı təxminən 7 faiz artıb. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu əminliyi ifadə etmişdir ki, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. İlin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurla başa vuracağıq.
- Hər bir bölgənin iqtisadi tərəqqisi ümumiləşdirilərək ölkə haqqında təsəvvürlərin yaranmasında əhəmiyyətli rol oynayır. Rəhbərlik etdiyiniz Daşkəsən rayonunun sosial-iqtisadi vəziyyəti bu gün hansı səviyyədədir?
- Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da cari ilin birinci rübündə uğurlu işlər görülüb, müsbət nəticələr əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən xeyli artıb.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü il ölkədə «Sənaye ili» elan edilib. İnanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən cari ildə özünün ən sürətli inkişaf dövrünü yaşayacaq. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
2014-cü ilin birinci rübündə rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüş və hazırda da həmin işlər davam etdirilir. Cari ilin ötən dövrü ərzində Statistika İdarəsinin yeni müasir inzibati binası istifadəyə verilib, Alunitdağ qəsəbə və Kəmərqaya kənd tam orta məktəb binalarının, Quşçu kənd uşaq bağçasının təmir işlərinə başlanılmış və hazırda bu işlər davam etdirilir. Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.
Görülən işlərin hamısını sadalamağa ehtiyac duymuruq. Daim çalışırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıqlarına yüksək səviyyədə əməl edək, imzalanan fərman və sərəncamlardan, təsdiqlənən Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrasına nail olaq. Dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsini hər zaman vacib amil kimi önə çəkir. «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən ona bir neçə əsas istiqamət göstərilir- İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir.
Fəaliyyətimdə dövlət başçısı İlham Əliyevin qarşıya qoduğu bu prinsipləri öndə saxlayır, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərirəm. Hər bir bölgənin, kəndin, qəsəbənin inkişafı ölkəmizin hərtərəfli inkişafı deməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiqlənmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulub.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirir. Vətəndaşların sosial rifah halının yaxşılaşıdrılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Cari ilin birinici rübü ərzində Daşkəsən rayon Əhalinin sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 370 ailəyə ünvanlı sosial yardım təyin olunub.
Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olub. Rayonda bütün daxili yolların, kəndlərdə körpülərin əsaslı təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, Baş nazirə kompleks layihə təklifləri işlənib təqdim olunub. 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunub və bu proqramın həyata keçirilməsi 2014-cü il üçün Dövlət Proqramına salınmış və təsdiq olunmuşdur.
Rayon əhalisinin qaza, içməli suya, elektrik enerjisinə tələbatının da yüksək səviyyədə təmin olunması istiqamətində lazimi işlər görülüb və qarşıdakı dövr ərzində də davam etdirəcək. Ümümiyyətlə, qarşıda çox məsul və şərəfli vəzifələr dayanır. Bundan sonra da bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstəriləcək, bütün daşkəsənlilər qüvvəsini səfərbər edəcək, var gücümüzlə çalışacağıq.
- Əhəd müəllim, «Yeni Daşkəsən» layihəsi gələcək üçün hansı uğurları vəd edir?
- «Yeni Daşkəsən» layihəsi bütün rayon ictimaiyyəti tərəfindən dəstəklənir. Layihə ilə əlaqədar Möhtərəm Prezidentimizə, Baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunub. Artıq Nazirlər Kabinetində baxılaraq, yeni layihədə nəzərdə tutulan məsələlərin həlli barədə aidiyyəti nazirliklər, qurumlar tərəfindən müsbət rəylər alınıb.
Layihədə rayonun sosial-iqtisadi inkişafı, təbii iqlim şəraiti, rayonda kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili, ayrı-ayrı sahələrin- heyvandarlığın, arıçılığın, kartof istehsalı və toxumçuluğun, taxılçılığın, rayonda turizmin inkişaf dinamikası, yeni inzibati binaların, korpusların tikilməsi, rayonun su, qaz, işıq və yol məsələlərinin, ən əsası isə yeni iş yerlərinin açılıb, işsizliyin aradan qaldırılması başlıca məqsəd kimi qarşıya qoyulub. Dövlət başçısı İlham Əliyevin kənd və rayonlar qarşısında qoyduğu tələb- kəndi rayona, rayonu şəhərə çevirmək niyyəti layihədə öz həllini tam tapıb. Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqla Daşkəsənin inkişaf dinamikası daha da sürətləndiriləcək, simasını daha da gözəlləşdiriləcək. Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində paytaxt və bölgələr arasında fərq aradan götürülüb, artıq regionlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilir.
- Görülən işlərin əsas tərkib hissələrindən biri də əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsidir. Bu günlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olundu. Daşkəsən rayonu bu mühüm hadisəni hansı tədbirlərlə qeyd etdi?
- Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən iki əsas məqam hər zaman önə çəkilir- Birincisi müstəqil Azərbaycanı qoruyub saxlaması, ikincisi dünya şöhrətli Prezident İlham Əliyev kimi güclü siyasi varisi Azərbaycana bəxş etməsi.
Daşkəsənlilər ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə qeyd etdilər. Bu səbəbsiz deyil. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərinin miqyası genişdir, onları təbii ki, bir neçə tədbir çərçivəsində təhlil etmək mümkünsüzdür. Hər zaman qeyd olunduğu kimi, ulu öndərin fəaliyyətinin hər bir istiqaməti tədqiqat obyektidir. Rayonda keçirilən bayram tədbirləri özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən idarə və müəssisələrdə, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, konfrnslar təşkil olundu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirdilər. Qeyd edək ki, aprel ayının 21-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan edilmişdir. Tədbirlər ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanması ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının nəticəsidir. Bu gün Azərbaycanın haqq səsi dünyanın ən mötəbər təşkilatlarının tribunasından əzəmətlə səslənir. Bunlar Heydər Əliyev siyasətinin qələbəsi, Prezident İlham Əliyevin fəaliyyətində həmin siyasətin uğurlu və məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir. Bir faktı qeyd etmək istərdim ki, Prezident İlham Əliyev son bir ildə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 4 sərəncam imzalayıb. Təkcə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının təmin edilməsinə yönələn tədbirlərin genişliyi fonunda bu fikri inamla qeyd edə bilərik ki, Azərbaycanın hərtərəfli inkişafı təmin edilib, ölkəmiz gələcəyə böyük inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın qarşısında yeni üfüqlər açılır.
- Əhəd müəllim, yaxın günlərdə Respublika Gününü qeyd edəcəyik. Bu tarixi günlə bağlı fikirlərinizi bilmək istərdik...
- Hər bir xalq özünün tarixində müxtəlif mərhələləri yaşayır. Xalqın öz tarixinə, keçmişinə, yaratdığı bütün sərvətlərə hörməti həmin xalqın bütövlüyünü, inkişafa nə dərəcədə hazır olduğunu göstərir. Azərbaycanın zəngin tarixində əlamətdar hadisələr çoxdur. XX əsr tarixinin ən mühüm hadisələrindən biri də Azərbaycanın dövlət müstəqilliyini elan etməsidir. Azərbaycan bu addımı ilə Şərqdə ilk demokratik respublikanın yaradıcısı olmuşdur. Azərbaycan Demokratik Respublikası qısa müddət yaşasa da onun atdığı addımlar, gördüyü işlər, həyata keçirdiyi tədbirlər əhəmiyyətini itirmədi. Böyük fasilədən sonra həmin dövrdə əsası qoyulan ideyalar, tamamlanmayan işlər dövlət müstəqilliyinin bərpa olunmasından sonra həyata keçirilməyə başladı. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etməklə özünü Demokratik Respublikanın varisi elan etdi. Bu gün ölkənin inkişafı, tərəqqisi, dünya birliyində rolunu artırması, demokratiya yolunda inamla irəliləməsi Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixi missiyasını layiqincə yerinə yetirməsindən irəli gəlir. Bu da Azərbaycanın öz tarixinə, keçmişinə dərin hörmətinin bariz ifadəsidir. Tariximizin hər bir məqamı bizim üçün əzizdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, tariximizi heç vaxt unutmamalı, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşmalıyıq. 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyətini milli sərvətimiz, tariximizin parlaq səhifəsi kimi dəyərləndirən ümummilli lider qeyd edirdi ki, ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intelektual, həm də mədəni potensialını yaradıb. Əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk böyük addım atıbsa, əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub. Tarix heç nəyi unutmur. Yalnız bu prinsiplərlə tariximizə yanaşsaq, Azərbaycanın nəinki bugünkü, gələcək xoşbəxtliyini, inkişafını təmin etmiş olarıq. Tarixə tarix kimi yanaşdıqda ən düzgün qərarlar qəbul edilir. Ulu öndər Heydər Əliyev tariximizi öyrənməyi, onu olduğu kimi gələcək nəsillərə çatdırmağı qarşıya ən ümdə vəzifə kimi qoyurdu. Bildirirdi ki, Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var.
Azərbaycan bu gün yeni mərhələni yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra ilk illərdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum, bir dövlət olaraq siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə bir çətin dövrdə xalq öz xilaskarını- ulu öndən Heydər Əliyevi hakimiyyətə dəvət etməklə gələcəyə böyük ümidlərlə baxaraq, özündə bu problemlərin tez bir zamanda öz müsbət həllini tapacağına inam yaratdı. Ümummillli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti ilə xalqın bu inamını doğrultdu, Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxardı.
Bu gün Azərbaycanın çox etibarlı dayaqlar üzərində dayanmasında və gələcəyə ümidlə baxmasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət mühüm rol oynayır. Ümummilli liderin hər zaman bildirdiyi kimi, bizim bütün reallıqlarımız bütövlükdə keçdiyimiz yolun üzərində qərar tutur. Bu yolun əhəmiyyətli mərhələlərindən biri də Azərbaycan Demokratik Respublikasının yaradılmasıdır. Bugünkü uğurlar həmin dövrdə əldə olunan nailiyyətlərin davamıdır.
1918 və 1991-ci illər arasında bir paralellik olduğunu nəzərə alsaq, Xalq Cümhuriyyətinin yaranması çox mühüm hadisə idi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Bu mərhələnin nəticəsi isə ümummillli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycandır. 1918-20-ci illər bizim şərəf, qürur tariximizdir. Keçmişimizdən nəticə çıxarıb, gələcəyə böyük inamla irəliləməliyik.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq” saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən böyük zirvələri fəth edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq.» Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin edən bütün əsaslar mövcuddur. Düzgün siyasət qarşıya çıxan hər bir problemin həllinə yol açır.
Bu tarixi gün münasibətilə rayonda silsilə tədbirlər keçiriləcək, tariximizin bu səhifəsi bir daha vərəqlənəcək.
Xalqımızı 28 may – Respublika Günü münasibətilə təbrik edir, ölkəmizin daha da qüdrətlənməsi, çiçəklənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda səylərimizi daim birlşdirməyi arzulayıram.
Səs.- 2014.- 24 may.- S.8-9.