HEYDƏR ƏLİYEV VƏ DÖVLƏTÇİLİK İDEOLOGİYASI

 

 Hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası - dövlətçilik ideologiyası mövcuddur. Milli ideologiya hər bir dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir. Milli ideologiya siyasi ideologiyadan fərqli olaraq ayrı-ayrı qruplara, siniflərə, partiyalara deyil, bütöv millətə, cəmiyyətə, müstəqil dövlətə, milli dövlətçiliyə xidmət edir. Başqa sözlə, milli ideologiya millətin əsrlər boyu davam edən tarixinin, mədəniyyətinin, mənəvi həyatının, milli əxlaq və mentalitetinin, milli düşüncə tərzinin, dini və mifik görüşlərinin sintezi şəklində yaranıb, formalaşır, ümummilli maraqlara və vahid dövlətçilik təfəkkürünə əsaslanır.

Müstəqil Azərbaycanın milli ideologiyasının tarixi kökləri və təkamülü əski çağlarla səsləşsə də, onun bir milli azadlıq, milli müstəqillik ideoloji sistemi kimi formalaşması prosesi Azərbaycan xalqının XIX əsrin sonu və XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə sıx bağlıdır. Əvvəllər milli maarifçilik, sonralar isə milli azadlıq ideologiyası kimi yaranmağa başlayan azərbaycançılıq milli ideologiyası özündə türkçülük (Azərbaycançılıq), müasirlik (Avropaçılıq, Qərbçilik), İslamçılıq (Şərqçilik), dünyəvilik, demokratiya kimi təməl prinsipləri əks etdirirdi. Bu dövrdə azərbaycançılıq məfkurəsi imperiyaçılığa qarşı mübarizə müstəvisində yaranırdı. Çünki XIX əsrdə rus imperiyası “Azərbaycan” adını xəritələrdən silmiş, onun işlədilməsini yasaq etmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində “Azərbaycan” sözünün yenidən xalqımızın milli düşüncəsinə, dövlətçilik təfəkkürünə qaytarılması, bu sözün həm coğrafi, həm siyasi, həm də etnik termin kimi xalqın qan yaddaşında bərpası məsələsinin əzəli düşmənlərimiz tərəfindən hansı maneələrlə üzləşdiyi tarixdən hamıya bəllidir.

Beləliklə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan milli ideologiyası formalaşdı və tarixdə ilk dəfə 1918-ci ildə milli dövlətin - Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə nəticələndi. Rusiyanın təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etsə də o, “Azərbaycan” adını əbədiləşdirdi.

Azərbaycan xalqı XX əsrdəki ikinci Respublika - Azərbaycan SSR dövründə başqa saxta ideologiya - kommunist ideologiyasının təsiri altında yaşasa da, xalqımızı milli azadlıq, milli istiqlal idealları heç zaman tərk etmədi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdi, üçüncü Respublika - müstəqil Azərbaycan Respublikası dövrü başlandı. Etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə təmsil olunanlar, mövcud tarixi şəraiti nəzərə almaqla milli ideoloji konsepsiya yarada bilmədilər.

Azərbaycan dövlətçiliyi sahəsində zəngin təcrübəyə, dərin dövlətçilik təfəkkürünə malik olan, Özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə xilaskar missiyalı qayıdışı digər sahələrdə olduğu kimi, milli dövlətçilik ideologiyamızın da nəzəri əsaslarının, aydın konsepsiyasının hazırlanması yolunda əsaslı dönüşə imkan yaratdı. Əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının yeni məzmunlu müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müxtəlif nitq və çıxışlarında irəli sürülmüş, dövlətçiliyimizin tarixi ənənələri, beynəlxalq təcrübə əsasında milli ideologiyamızın təməl prinsipləri əsaslandırılmış, onun tərkib hissələri, aparıcı komponentləri müəyyənləşdirilmişdir. Ulu öndər, xüsusilə, 1998-ci il noyabrın 23-də Sədri olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 6 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında müstəqil Azərbaycanın milli ideologiyasının bitkin konsepsiyasını, onun aydın proqramını və strategiyasını verdi, bu işdə YAP-ın xidmətlərini, rolunu göstərdi, qarşıda duran vəzifələri açıqladı. Onun milli ideologiyamız barədə geniş, dərin məzmunlu nitqi bir partiya veteranı kimi mənim qəlbimi qürur hissiylə doldurdu. Odur ki, Azərbaycanın milli ideologiyasının müddəalarını, təməl prinsiplərini və tərkib hissələrini şərhsiz, izahsız əsasən Ulu öndərimiz Heydər Əliyevin məruzəsində olduğu kimi verməyə çalışacağam.

* Müstəqilliyi elan etmək hər bir xalq üçün, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtçilikdir. Amma müstəqilliyi yaşatmaq, onu dönməz etmək bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.

* Mən bu gün iftixar hissilə bəyan edirəm ki, biz, o cümlədən, Yeni Azərbaycan Partiyası və onun lideri 1993-cü ilin iyun ayından Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək üçün xüsusi xidmətlər göstərmişik.

* Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Milli ideologiya nədən ibarətdir?

* Birinci dövlətçilik. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Hər bir vətəndaş vətənpərvərlik hisslərilə yaşamalıdır. Milli vətənpərvərlik hissləri bizdə də Türkiyədəki kimi güclü olmalıdır. Azərbaycançılığın milli ideologiyamızın prioritet, aparıcı amili olması, azərbaycançılığın müstəqil Azərbaycanın milli ideologiyası olması prinsipi həyatda reallaşmalıdır.

* Milli ideologiyamızın ikinci hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Milli-mənəvi dəyərlərimiz, bizim adət-ənənələrimizdir, ana dilimizdir, mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik, iftixar hissi keçiririk.

* Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi - əxlaqi mentaliteti onun ən böyük sərvətidir, milli sərvətidir. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər boyu formalaşıb, məsələn: kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu bizim xalqımızın mentalitetidir. Biz bununla fəxr etməliyik. Ümumbəşəri dəyərlər on illər, əsrlərdir ki, xalqımız tərəfindən qavranılıb, Konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

Hesab edirəm ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının siyasətində və əməli fəaliyyətində öz əksini tapacaqdır. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı Azərbaycançılıq anlayışının tərkib hissələridir.

Ulu öndərin müstəqil milli dövlət quruculuğu sahəsindəki böyük xidmətlərindən biri də onun dövlət müstəqilliyimizin atributları, xüsusən, dövlət rəmzləri ilə bağlı gördüyü məqsədyönlü, sistemli, ardıcıl, tarixi əhəmiyyətli işlərdir. Araşdırmalar göstərir ki, Heydər Əliyevin bu sahədə fəaliyyətini iki mərhələyə ayırmaq olar.

1. Naxçıvan Respublikasında işlədiyi (22 iyul 1990-cı il 9 iyun 1993-cü il) dövr;

2. Azərbaycan Respublikasına ikinci dəfə hakimiyyətə qayıdış dövrü (15 iyun 1993-2003-cü illər)

1. 17 noyabr 1990-cı il - Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu tarixi gündə Ulu öndər Heydər Əliyevin Sədrliyilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib, bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “Sovet Sosialist” sözləri əbədi olaraq atılıb. Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib. Bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına Azərbaycan xalqının böyük oğlu, xalqımızın milli qurtuluş savaşına öz övlad və vətəndaş payını vermək istəyilə Moskvanın amansız blokadasını yarıb Vətənə - Azərbaycana - Naxçıvana qayıtmış böyük öndər Heydər Əliyev rəhbərlik etmişdir. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə Öz möhürünü və imzasını əbədi həkk edib.

Naxçıvan Ali Məclisinin məlum qərarından 2 ay 20 gün sonra, 1991-ci il fevralın 5-də Azərbaycan SSRİ Ali Sovetinin “Azərbaycan SSR-nin adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” qərarı qəbul edilir. Beləliklə, Azərbaycanın da adının üstündən “Sovet Sosialist” sözləri götürülür və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edilir. Eyni zamanda, Respublika Ali Soveti Azərbaycan Respublikasının əvvəlki dövlət bayrağı haqqında” ikinci bir qərarla keçmiş bayraqdan da (söhbət Azərbaycan SSR-in bayrağından gedir) ümumxalq bayramlarında istifadə olunması tövsiyə olunur. Görünür, o zamankı ölkə rəhbərliyi bu ciddi məsələyə “bəlkə də qaytardılar” prinsipi ilə yanaşırmış!

2. Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışı milli müstəqilliyimizi və dövlətçiliyimizi məhv olmaqdan, həmvətənlərimizi vətəndaş müharibəsi təhlükəsindən, Azərbaycanımızı isə parçalanmaqdan xilas etdi. Milli dövlətçilik rəmzlərinin Heydər Əliyevin memarı olduğu Azərbaycan Konstitusiyasının iki maddəsində (23-cü və 75-ci maddə) təsbit olunması ilə onların qanunvericilik səviyyəsində təsdiqi və tam formalaşması prosesi başa çatmış oldu.

Azərbaycanda dövlət atributlarının təbliği və tədrisi işini gücləndirmək, bu sahədə aparılan tədbirlərin məqsədyönlü, sistemli qurulması, tənzimlənməsi və keçirilməsini təşkil etmək məqsədilə Heydər Əliyev 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” xüsusi Sərəncam verdi. Ulu öndər milli dövlətçilik və müstəqillik rəmzlərinin qəbulu, onların Konstitusiyada təsbit olunması yolunda tarixi xidmətlər göstərməklə yanaşı, həmin atributların məna və mahiyyətinin təbliği, tədrisi və öyrənilməsi işinin dövlət səviyyəsində təşkili sahəsində böyük işlər görmüşdür.

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət Bayrağıdır. Bu söz müasir anlamda dövlətçilik termini olaraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu mənasında işlədilir.

Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur, millətimizin şərəf və ləyaqətinin, namus və qeyrət emblemi, dövlətimizin mənəvi-siyasi pasportudur.

Ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 illik fəaliyyəti dövründə istiqlalımızın, müstəqilliyimizin simvolu olan Dövlət bayrağımız haqqında dünyaya səs salan çox mühüm qərarlar qəbul edib, tədbirlər həyata keçirdi.

Belə ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamlar imzaladı. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub, 2009-cu ilin oktyabr ayında Prezident İlham Əliyev Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında Sərəncam imzaladı və bu işlər üçün Prezidentin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayırdı. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görülməsinə imkan yaradır.

Prezident İlham Əliyevin göstərişi əsasında respublikamızın bütün rayon mərkəzlərində şəhərin girəcəyindəki meydanlarda hündür möhtəşəm bayraqlar qurulub. Bir qayda olaraq rayonlarda bayraqdan hündür bina, qurğu tikilmir. Bu da dövlət bayrağına olan hörmət, məhəbbət, ehtiramın təcəssümüdür.

Bayrağımızdakı hər bir simvolun özünəməxsus məna və funksiyası vardır. Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağı kimi hələ 97 il bundan əvvəl qəbul edilmiş bugünkü müstəqil Azərbaycan Respublikasının üç rəngli dövlət bayrağındakı mavi rəng: - milliyyətçiliyi - türkçülüyümüzü, qırmızı rəng: qərbçiliyi, müasirliyi, demokratiya və azadlığı, yaşıl rəng isə İslam sivilizasiyasını - müsəlmançılığı ifadə edir.

Azərbaycan Respublikasının dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki üzündə təsviri olan ağ rəngli, aypara və ağ rəngli səkkizguşəli ulduzdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin müqəddəs atributlardından, rəmzlərindən biri Azərbaycan Respublikasının Dövlət gerbidir. Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründən hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı, 28 aprel 1920-ci il rus Sovet istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli, dövlət əhəmiyyətli məsələni həll etməyə imkan vermədi. Bundan 73 il sonra, 19 yanvar 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 1919-20-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəlişlərdə Dövlət gerbi kimi təsdiq etdi. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamədə Dövlət gerbinin rəngli təsviri haqqında deyilir: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır, ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə, qalxanın düymələri və palıd qozaları qızılıdır”.

Azərbaycan Respublikasının dövlət gerbində Qalxan - müdafiə qüdrətimizi, qalxanın üzərindəki dairəvi üçrəng - milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islamlıq), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, Alov - “Odlar yurdu”nu - Azərbaycanı, Palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - vətənimizin bolluğunu, bərəkətliliyini, günəşin ağ rəngdə verilməsi sülhsevərliyimizi, əmin-amanlıq tərəfdarı olduğumuzu bildirməyə xidmət edir.

Azərbaycan Respublikasının Dövlət himni onun əsas dövlətçilik atributlarından biri olub vətənimizin dövlət müstəqilliyinin və ölkəmizin milli birliyinin müqəddəs rəmzidir. Dövlət himni milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir. Dövlətçiliyə dair ədəbiyyatda məzmun və mahiyyətli, məna və funksiyasının əhəmiyyətliliyi baxımından himn həmişə milli bayraqla - dövlət bayrağı ilə bərabər tutulur. Məhz bu funksional yaxınlığına görə milli himni - dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin, ölkənin musiqi bayrağı da adlandırırlar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra milli himnin - dövlət himninin hazırlanması və qəbulu ətrafında müxtəlif fikir və mülahizələr söylənildi. Sovet dövrünün himni 1991-ci ilin oktyabrından artıq ömrünü başa vurmuşdu. Azərbaycan üçün yeni himn qəbul edilməsi zərurəti yaranmışdı. Həmin dövrdə yeni himn yaratmaq təşəbbüsü olsa da, çoxluq belə bir tarixi həqiqəti qəbul etdi ki, Üzeyir Hacıbəyovun Cümhuriyyət dövründə bəstələdiyi “Azərbaycan marşı” bu baxımdan əvəzedilməz sənət əsəridir.

Azərbaycan Respublikasının Ali Soveti həmin marşı özünün iclasında geniş müzakirə etdi və qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27.05.1992-ci il tarixli Qanunu ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu.

Beləliklə, Azərbaycan Respublikasının Dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himni mahiyyətcə eyni məna və funksiyada - dövlətin, millətin müstəqilliyi və azadlığının, milli birliyinin müqəddəs rəmzi, simvolu anlamında istifadə olunur. Öz - özlüyündə bu rəmzlərin adları, məzmunları və formaları nə qədər cazibədar görünsələr də, mahiyyət etibarilə müstəqilliyimizdən təcrid olunmuş vəziyyətdə heç bir əhəmiyyət daşımırlar. Azərbaycanın real müstəqilliyi, suverenliyi bu qurumlar üçün bazis rolunu oynayır.

Və sonda, sadalananlar bir daha təsdiq edir ki, Azərbaycanın Ümummilli lideri, müstəqil dövlətimizin qurucusu və memarı Ulu öndər Heydər Əliyev və Onun siyasi varisi, Prezidentimiz cənab İlham Heydər oğlu Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasını, onun dönməzliyinin təmin edilməsini özlərinin müqəddəs, prioritet, ümdə vəzifəsi saymışlar.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 27 may.- S.15.