Azərbaycan Xalq
Cümhuriyyəti tariximizdə şanlı və şərəfli
yer tutur
Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli
- Fəzail müəllim, bu günlər xalqımız 28 May Respublika Gününü böyük təntənə ilə qeyd edir. Sizcə, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, 28 may tarixi bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilərin də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqının özü öz taleyini həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni 1918-ci ildə reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edərək ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin, Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər millətin şərəfini xilas edərək, müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib.
- Bəs Azərbaycan parlamentinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?
- Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi.
Bu dövr
ərzində Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 145 iclası keçirilib.
İlk iclas 1918-ci il
dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub.
Fəaliyyət müddətində Azərbaycan
Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən
çox qanun layihəsi çıxarılıb ki, onlardan da
230-a yaxını təsdiq edilib. Bilirsiniz ki, bir neçə il əvvəl
Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyi təntənəli
şəkildə qeyd olundu. Bu gün Milli Məclis
həmin demokratik ənənələri davam etdirir.
- Bu
gün həmin dövlətin tarixi, Xalq Cümhuriyyətinin
irsi hansı səviyyədə araşdırılır?
-
Bilirsiniz ki, sovetlər hakimiyyəti dövründə Xalq
Cümhuriyyətinin tarixi qapanmışdı, həmin
tarixin araşdırılması qadağan olunmuşdu. Daha
çox Rusiyada vətəndaş müharibəsi,
bolşeviklərin qələbəsi adı altında 1918-ci ildə ermənilərin
xalqımıza qarşı törətdiyi
soyqırımı ört-basdır edilirdi. Yəni
23 ay fəaliyyət göstərmiş müstəqil dövlətimizin
tarixi saxtalaşdırılaraq onu quranlara «xain Müsavat
hökuməti» damğası vurulmuşdu. Sovetlər hakimiyyəti zamanında Azərbaycanda
1918-ci ilin martında soyqırım təşkil edən
Şaumyan isə millətin qəhrəmanı kimi təqdim
olunurdu. Yadımdadır, hətta bizim gənclik
illərimizdə ailə quran insanlar onun abidəsini ziyarət
edirdilər. Çünki həmin
qaniçən cani xalqımıza «qəhrəman xilaskar» kimi
təqdim edilirdi.
Bütün bunlara baxmayaraq həqiqət öz yerini tutdu. Sovet
imperiyasının dağılması ərəfəsində
bu tarix açılaraq tədqiq olunmağa başladı.
Bu gün Azərbaycan
tarixşünaslığında geniş, ətraflı tədqiq
edilən sahələrdən biri də məhz Azərbaycan
Xalq Cümhuriyyəti dövrüdür. Bu
dövr kifayət qədər araşdırılıb. Müasir dövlətimiz həmin tariximizlə
qürur duyur, Xalq Cümhuriyyəti daim böyük ehtiramla
yad edilir.
- Fəzail
müəllim, Xalq Cümhuriyətinin varisi olan bugünkü
müstəqil Azərbaycanın inkişafı,
qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?
- Təbii
ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ildə elan
olunmuş Xalq Cümhuriyyətinin varisidir. Qeyd
edim ki, ötən əsrin sonlarında müstəqillyimiz bərpa
olunsa da zaman o sınağı ilə Azərbaycandan əl
çəkmədi. 1990-cı illərin
hadisələri gözümüzün önündə
baş verən, ruhumuzdan keçən proseslərdir.
Azadlıq uğrunda mübarizəmiz zamanı 20 yanvar faciəsi
baş verdi, Şəhidlər xiyabanı
yarandı. Eləcə də,
torpaqlarımızın azadlığı uğrunda minlərlə
şəhid verdik. Beləliklə, 23 ay yaşayan dövlətimiz
kimi bu dəfə də yenidən təhlükə ilə
üz-üzə qaldıq, Azərbaycanı parçalamaq istəyən
qüvvələr fəallaşmağa başladı. Onlar müstəqlliyimizi
boğmağa cəhd edirdilər.
Belə bir zamanda xalq öz liderini səslədi. Ümummilli
lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə
qayıtdı, xalqı bəlalardan xilas etdi. 1993-cü
ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin
qarşısını aldı, vətəndaş müharibəsi
təhlükəsindən xilas etdi, nəticədə Azərbaycan
23 ay yaşayan o dövlətinin taleyinin yox, 23 ildir ki, müstəqil
yaşayır. Bu gün Azərbaycan
dünyanın sürətlə inkişaf edən dövlətlərindən
biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın
enerji təhlükəsizliyinin əsas təminatçısıdır,
ölkəmizin razılığı olmadan regionda heç
bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik
müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik
Şurasına
üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər
sırasına qoşuldu. Bu gün Azərbaycanın
üçrəngli bayrağı BMT-də, Avropa
Şurasında, ATƏT-də və digər mötəbər
beynəlxalq qurumların önündə ucalır. Vaxtilə Məhəmməd Hadi deyirdi ki, «yox millətimin
imzası imzalar içində»deyib fəryad edərək
dünyasını dəyişdi. İndi
isə biz deyirik ki, Azərbaycan var, millətimizin imzası var
imzalar içində. Bu bayram ərəfində
arzu edirəm ki, dövlətimiz daha da güclənsin və
bayrağımız əbədi dalğalansın.
Səs.- 2014.- 27 may.- S.12.