Ulu Öndər Heydər
Əliyevin uğurlu
milli siyasətinin dövlətçiliyimizin
inkişafında rolu
Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəetmə qabiliyyəti ilə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi. Mərhum professor Rövşən Mustafayev yazırdı: "Tarixi məsuliyyəti Azərbaycan xalqı öz üzərinə götürdü, yalnız öz taleyini yox, həm də gələcək nəsillərin taleyini müəyyən edən qərarlar qobul edildi. Belə bir məsul dövrdə Heydər Əliyev bütün sağlam fikirli adamları, ziyalıları, intellektualları əməkdaşlığa çağırdı. Ölkə başçısı onları dinlədi, biliklərini, təcrübələrini dövlərin ayrı-ayrı sahələrində tətbiq etdi, faydalı təkliflərini Azərbaycanın tərəqqisi naminə yönəltdi.
Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu, təkrarolunmazlığı bu zaman bir daha özünü göstərdi. Azərbaycanın əbədiyaşar Prezidenti ölkənin tərəqqisi naminə çalışmaq istəyən hər kəsin səmərəli ideyalarını müdafiə etdi. Bildirdi ki, dünya təcrübəsinin öyrənilməsi və Azərbaycan şəraitində tətbiqi yalnız o vaxt mümkündür ki, inkişafın yeni yolu - Azərbaycan yolu müəyyənləşdirilsin. Bu yol müəyyən olundu və Azərbaycan intibaha doğru qəti addımlarını atdı."
R.Mustafayev Ulu Öndərin reallaşdırdığı yeni Azərbaycan modeli barədə yazırdı ki, bugünkü reallıqdan çıxış edərək inkişafın Avrasiya modeli barədə, ümuiyyətlə, bu kontekstdə Azərbaycanın yolu barədə danışanda aşağıdakı misilsiz nailiyyətləri göz önünə gətirməliyik:
- Azərbaycanın siyasi həyatının bütün sahələrinin intellektuallaşdırılmasına doğru səmt götürüldü;
- dövlət mənafeləri dəqiq müəyyənləşdirildi;
- dövlətin qarantı olan orta (iqtisadi) sinfin formalaşması üçün zəruri şərait yaradıldı;
- texnoloji bazanın inkişafı dövlət siyasətinin üstün istiqaməti kimi müəyyənləşdirildi;
- ümumxalq dəyərləri qruplararası, millətlərarası, siniflərarası ziddiyyətlərin fövqündə dayandı;
- uğurların əldə olunması üçün dünya təcrübəsini mənimsəmək kursu
götürüldü. Azərbaycan inkişafa doğru sürətlə irəliləməyə başladı.
Bu yol Heydər Əliyev yolu, Onun misilsiz dühasının fəaliyyətidir. Azərbaycanın bu yolu Ümummilli Liderimizin bəsrətli siyasətinin, müdrik düşüncələrinin təcəssümüdür:
Bu yol davam edir.
Tədqiqatçı Ə.Xankişiyev Ulu Öndərin idarəetmə məharətinin əsas xüsusiyyətlərini belə müəyyənləşdirir:
1. İdarəçilik işi planlı surətdə həyata keçirilməklə real imkan və vasitələr üzərində qurulmalıdır. İdarəedici şəxs öz işini mükəmməl bilməli və ümumi iqtisadi və siyasi həyatdan baş çıxarmalıdır.
2. Kadrların düzgün seçilib yerləşdirilməsinə və hər bir işçinin özünə layiq yer tutmasına xüsusi fikir verilməlidir. Kadr məsələsi dövlət siyasətinin ən vacib məsələsidir. Çünki kadr dövlətin görünən tərəfidir və daima xalq qarşısında olur. Ona görə də, Ulu Öndər Heydər Əliyev respublikada gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.
3. Hər bir şəxs öz iş yerində qurucu və yaradıcı olmalıdır. Bu tələb ən əvvəl öz sahəsində texniki-iqtisadi siyasəti müəyyən edən rəhbər işçilərə aiddir. Digər tərəfdən də respublikamızın hazırkı şəraitində iqtisadi, siyasi və dövlət quruculuğu işi və buradakı çətinlikləri bu məsələni dövrün tələbatı kimi irəli sürür.
4. Rəhbər işçi öz işgüzarlığı, bacarığı, mədəni səviyyəsi və yüksək əxlaqi keyfiyyətləri ilə ətrafdakılar və tabeliyində olan adamlar üçün nümunəvi şəxsiyyət olmalıdır. Heydər Əliyev siyasi tərbiyə məktəbinə ayrı-ayrı adamların təkmilləşib inkişaf etməsi sivilzasiyalı və yüksək təşəkkül tapmış insan cəmiyyəti qurmağın əsas şərti kimi qiymətləndirilir. Bunun üçün hər kəs öz üzərində müntəzəm çalışmalı, biliklərə yiyələnməli və yalnız öz əməli fəaliyyəti ilə xalq arasında və cəmiyyətdə hörmət qazanmalıdır. Hay-küyçülük, özünü gözə soxmaq, karyerizm, proteksionizm və s. Bu kimi neqativ hallar ifşa olunub ictimai səhnədən kənarlaşdırılmalıdır.
5. Əqidə möhkəmliyi və yüksək prinsipiallıq bu tərbiyə məktəbinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Prezident Heydər Əliyev öz çıxışlarında dəfələrlə demişdir ki, indi hər kəs cəmiyyətdə öz mənəvi və siyasi mövqeyini müəyyənləşdirməlidir.
Qeyd etmək lazımdır ki, tarixən inqilabi keçidlər dövründə cəmiyyət daxilində əqidə müəyyənliyinin olması inqilabi sıçrayışın əsas şərtlərindən biri olmaqla cəmyyətin və onun həyata keçirdiyi inqilabi çevrilişin yetkinliyinin keyfiyyət göstəricisi rolunu oynayır.
Prezidentin möhkəm əqidə və mövqe müəyyənliyi tələbini heç də özünümüdafiə təlbiri kimi başa düşmək doğru deyildir və tələbin arxasında böyük siyasi məna dayanır. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, mövqe müəyyənliyi və məqsəd aydınlığı keçid dövrünün əsas siyasi və ideoloji şərtlərindən biri olmaqla inqilabi-ictimai mübarizədə siyasi qüvvələr nisbətini düzgün təyin etməyə imkan verir. İkincisi, məlumdur ki, əqidəsiz, siyasi məsləksiz adamlarla nə qurub-yaratmaq, nə də müəyyən məqsədə yetmək olar. Digər tərəfdən də, möhkəm əqidə və inam həyatda hər şeyi ölçüb-biçən, pisi yaxşıdan ayıra bilən və öz siyasi mövqeyini müəyyənləşdirən təkmil fikirli adamlarda olur ki, bu da cəmiyyətin təşəkkülü istiqamətində mühüm amllərdən biridir.
6. Heydər Əliyev siyasi tərbiyə institutunun əsas tələblərindən biri də sosial ədalət prinsiplərinin dərindən öyrənilməsi və əməli fəaliyyətdə bu prinsiplərin müdafiə edilməsidir. İndiki keçid dövründə istehsal və bölgü arasında mütənasib münasibətlərin yaradılması və əhalinin müxtəlif təbəqələrinin mənafelərinin sosial ədalət prinsipləri əsasında mühafizə edilməsi günün vacib məsələlərindən biridir. Bu cəhətdən iqtisadi və ictimai sahədə sosioloji araşdırmaların aparılması, istehsalat-maliyyə strukturlarının müntəzəm surətdə təhlil edilib öyrənilməsi, əhalinin təbəqələşmə dərəcəsinin və buna səbəb olan amllərin mütəmadi analizi mühüm əhəmiyyət kəsb edir.
Yuxarıdakı təhlildən göründüyü kimi, Heydər Əliyev şəxsiyyəti və Onun çoxillik əməli fəaliyyəti nəticəsində yaranıb formalaşan siyasi məktəbi, eləcə də, ictimai-siyasi tərbiyə prinsipləri öz dərin məzmunu və məfkurəvi genişliyi ilə dünyəvi əhəmiyyətə malik bir mövzudur. Buna görə də bir daha qeyd etmək istərdik ki, bu məktəbin dərindən öyrənilməsi və yeni-yeni prinsipial cəhətlərinin üzə çıxarılıb beynəlxalq aləmə çatdırılması Yer üzərində sülh və əmin-amanlığın bərqərar olmasına zəmin yaradan amillərdən biri kimi zəruridir.
Akademik Ramiz Mehdiyev yazır: "Eyni şəxsin müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə nümayiş etdirdiyi bilik onu tanımayanları təəccüləndirir və heyrətlndirir. Lakin Heydər Əliyev fenomeni qarşısında heyrətlənməklə iş bitmir. Onu öyrənmək, şərh etmək və gənc nəsillərə çatdırmaq lazımdır. Təəssüf ki, Heydər Əliyevin siyasi uğurları və quruculuq fəaliyyəti fonunda Onun siyasi maarifçilik fəaliyyəti, çox vaxt arxa plana keçir və lazımi səviyyədə qiymətləndirilmir. Halbuki demokratik cəmiyyət quruculuğu ilk növbədə ictimai şüurun, xalqın siyasi düşüncə səviyyəsinin inkişafını tələb edir. Heydər Əliyev xalqın səviyyəsinə uyğun gəlməyən, onun başının üstündən keçən qərarlar qəbul etməkdənsə, xalqın inkişaf səviyyəsinə, uyğun islahatlar aparılmasına və dövlətin də xalqla birlikdə inkişaf etdirilməsinə üstünlük verir. Bu baxımdan, xalqın maarifləndirilməsi dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi çıxış edir."
Düzdür, Heydər Əliyev öz fikirlərini daha çox çıxışlarında, şifahi nitq vasitəsi ilə ifadə edir. Bu çıxışlar bir qayda olaraq iki səviyyədən, iki qatdan ibarət olur: görünən qat və alt qat. Birincisi, hər bir çıxış konkret real bir hadisə ilə bağlı olduğundan tariximizin səhifəsini əks etdirir. Bunlar Azərbaycanın çağdaş ictimai-siyasi, mədəni-mənəvi həyatını öyrənmək baxımından xüsusi xüsusi əhəmiyyətə malikdir. İkincisi, Heydər Əliyev bu və ya digər konkret hadisə ilə əlaqədar danişarkən, bəzən hadisənin çərçivəsindən kənara çıxır, problemi ümumiləşdirir, təkcə bu hadisəyə deyil, bu qəbildən olan bütün hadisələrə aid ümumiləşmiş, nəzəri fikirlər söyləyir.
Akademik Ramiz Mehdiyev göstərir ki, əməli fəaliyyətində də Heydər Əliyev Azərbaycanda gedən prosesləri məhdud dairədə, öz çərçivəsində qapanan lokal proseslər kimi götürmür. O, beynəlxalq miqyasda analoji hadisələrin ümumiləşdirilməsi və ancaq bundan sonra məhz bizim üçün səciyyəvi olan cəhətlərin də nəzərə alınması mövqeyindən çıxış edir. Yerli hadisələr regional kontekstdə, regional hadisələr isə beynəlxalq miqyas üçün səciyyəvi olan ümumi tendensiyalar, meyillər kontekstində nəzərdən keçirilir.
Hər hansı bir hadisəyə münasibətdə təkcədən xüsusi ilə, xüsusidən ümumiyə keçmək, nəzəri müddəalar, elmi-fəlsəfi fikirlər səviyyəsinə qalxmaq və fəlsəfi fikrin yüksəkliyindən yenidən təhlil obyektinə, hadisəyə nəzər salmaq - bax, Heydər Əliyevin düşüncə tərzini və hadisələrə münasibətini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri budur.
Heydər Əliyevin ideya dünyasının, nəzəri və praktik irsinin öyrənilməsi müasir Azərbaycan ictimai elminin mühüm vəzifələrindən biridir. Əsas məqsəd Heydər Əliyevin həm çıxışlarının, həm də quruculuq fəaliyyətinin əsasında dayanan prinsipləri müəyyən etmək, onun mahiyyətini üzə çıxarmaq.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: "Heydər Əliyev dahi şəxsiyyətdir, görkəmli siyasi xadimdir, müasir Azərbaycanın qurucusudur. Əgər o vaxt 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə Onun nə silahı var idi, nə ordusu var idi, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.
Azərbaycan beynəlxalq təcrübədən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycana böyük hörmət var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir."
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 28 may.- S.15.