Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə tərbiyə və dəyərlərin nisbəti

 

 

Şübhəsiz ki, vətəndaş cəmiyyəti və hüquqi dövlətdə əxlaqi-etik dəyərlərin tərbiyəsi mühüm amildir. Bu mənada etika  elminin qarşısında mühüm vəzifələr durur. Vaxtilə qədim dünyanın böyük filosofu Aristotel yazırdı: "Etika insana öz həyat fəaliyyətinin əsas məqsədlərini dərk etməyə və dövlətdə xeyirxah vətəndaşların tərbiyə edilməsi məsələsini həll etməyə kömək etməlidir, buna görə də o, siyasətlə yanaşı, həm də çox mühüm bir elmdir."

Tədqiqatçıların qeyd etdiyi kimi, etik dəyərlər anlayışı birgəyaşayış prosesində meydana gələn, insanlar arasında qarşılıqlı münasibətlərin bütün tiplərinin məcmusunun nəticəsi kimi cəmiyyətdəki mənəvi davranış normalarına və mənəvi prinsiplərə əsaslanır. Beləliklə, mənəvi normalar nə isə bir sosial anlayışdır. Çünki o, fərdin insan cəmiyyətində yaşaması probleminə toxunur. Onlar mahiyyətcə özlərində cəmiyyətin hər bir insana irəli sürdüyü  tələbləri əks etdirir. Məhz cəmiyyət öz üzvlərinin qarşılıqlı münasibətlərinin necə qurulmasını müəyyən edir. Vətəndaş cəmiyyəti insanın davranışına yüksək qiymət verir. Mənəviyyat normaları vətəndaş cəmiyyətində qadağalar və davranışlar şəklində mövcud olur. Qadağalar mənfi xarakter kəsb edir və özündə bütövlükdə cəmiyyət üçün arzuolunmaz fərdi davranış normalarını əks etdirir. Əksinə, əmrlər, hökmlər müsbət xarakter daşıyır və ümumi qəbul olunmuş normalar çərçivəsində davranış tiplərini seçməkdə insana sərbəstlik verir. Tarixi qadağalar həmişə əmrlərdən əvvəl olmuşdur. İnsan cəmiyyətində fərdlərin birgə yaşayışı ictimai həyat üçün təhlükəli ola biləcək hər bir insan fərdiliyinin müəyyən tərəfinin sıxılmasını tələb edir ki, insanlar arasında həmrəylik və qarşılıqlı yardım münasibətləri yaradılsın. Mövzudan uzaqlaşmadan onu qeyd etmək lazımdır ki, bəzən bu qiymətləndirmələr fərdiyyətlə üst-üstə düşmür. Çünki hər hansı bir fərd, individium cəmiyyət tərəfindən mənfi münasibətə səbəb ola bilən və ya əksinə olanı özü üçün yaxşı hesab edə bilər. Bəzən cəmiyyət insanı onun üçün arzuolunmaz əməli yerinə yetirməyə məcbur edir. Beləliklə, cəsarətlə demək olar ki, mənəvi normalar insandan kənar mövcuddur, lakin ona doğru istiqamətlənib, onun cəmiyyətin mənəvi və ya qeyri-mənəvi kimi dəyərləndirdiyi davranışını müəyyən edir.

Əlmədət Kazımov yazır ki, hətta hamısını olmasa da, kənardakı normaları mənimsəyərək insanların əksəriyyəti bu normaları özləri dərk etməyə başlayır, sonra isə öz şüurlarına həkk edir və nəticədə həmin normalar onların şəxsi həyatlarının bir hissəsinə çevrilirlər. Beləliklə, mənəvi normalar buya digər cəmiyyətin insanlarının fərdi şüurlarının və sosial qaydalarının vəhdətini özündə əks etdirirlər. Belə ki qeyd etmək lazımdır ki, mənəvi normalar sosial xarakter daşıyır ki, bu da tarixən təşəkkül tapmışdır. Axı insanın mənəvi şüuru onun ətraf mühitinin təsiri altında, əxlaqi ideallar və mənəvi nüfuz əsasında formalaşır. Buna görə də, demək olar ki, elə bir dəqiq meyar yoxdur ki, müxtəlif zamanlarda eyni bir mənəvi normalar əxlaqlı və ya əxlaqsız hesab olunsun.

Hər bir əxlaq prinsipinin reallaşması üsulları və vasitələri çox müxtəlifdir və onlar cəmiyyətdə, eləcə də, konkret həyat şəraitində təşəkkül tapan əxlaqi ənənələrdən, insanın fərdi xüsusiyyətlərindən asılıdır. Əxlaqi şüurun nəzəri səviyyəsində mənalar, dəyərlər, əxlaqi ideallar və dəyər yönümləri kimi struktur elementlərini ayırırlar. Bütün onlar insanın əxlaqi şüurunu və davranışını bir-birinə bağlayan həlqələrdir. Əxlaqi şüur özündə elə bir sistemi əks etdirir ki, onun sayəsində cəmiyyət insanlar arasında qarşılıqlı münasibətlərin müəyyən qaydaları bərqərar olur. Bir sistem kimi əxlaqi şüur iki səviyyənin mövcudluğunu - ekzistensional və cəmiyyətin diktə etdiyi davranış normalarını irəli sürür. Bu iki səviyyə bir-birinin əksi olmayıb, sıx qarşılıqlı əlaqə şəraitində hərəkət edir. Belə ki, həyat prosesində insan cəmiyyətin diktə etdiyi davranış normalarının öz baza səviyyəsini yüksəltməyə cəhd edir, bununla yanaşı, onun ekzistensional şüur üçün əsas olan hisslərini təkmilləşdirir.

Şəxsiyyətin mənəviyyatı daim mənəvi təfəkkürlə bağlı və münasibətlər sistemində əməl edilən mənəvi prinsiplərin subyektiv mənimsənilməsindən təşəkkül tapır. Əxlaqi hisslər, şüur və təfəkkür əxlaqi iradənin təzahürünün stimulu və əsasıdır. Əxlaqi iradədən və dünyaya həqiqi praktiki münasibətdən kənar şəxsiyyətin real mənəviyyatı mövcud olmur. O, əxlaqi hisslərin və həyatda öz əxlaqi etiqadını şüurlu, dönməz olaraq, cəmiyyətdə gerçəkləşdirməklə vəhdətdə reallaşır. Əxlaqi adətlərin mənbəyi dərin şüurluluqinsanlar arasında qarşılıqlı münasibətlərin, əxlaqi keyfiyyətlərinin, hadisələrin şəxsi emosional qiymətləndirilməsinin vəhdətindədir. Ə.Kazımov yazır ki, əxlaqi vərdişlər - əxlaqi ideya və əqidənin əlifbasıdır. Əxlaqi vərdişlərin formalaşması - tərbiyəçinin tərbiyə olunanın mənəvi aləminə nüfuz etməsinin elə bir yoludur ki, bunsuz insanı anlamaqona zərif vasitə ilə, gözəl sözlərinə təsir etmək qeyri-mümkündür. Əxlaqi vərdişlər sayəsində ictimai şüurluluq normaları və ictimai əxlaq şəxsiyyətin mənəvi sərvətinə çevrilir. Əxlaqi vərdişlərsiz özüntəsdiq, özüntərbiyə, özünəhörmət qeyri-mümkündür. Şəxsiyyətin mənəvi davranışı aşağıdakı ardıcıllığa malikdir: həyat şəraiti - onun doğurduğu mənəvi-hissi həyəcanlar - davranış motivləri və şəraitin mənəvi dərki - qərarın qəbulu və seçimi - iradi stimul - əməl.

Həyat təcrübəsində, xüsusən ekstremal şəraitdə adıçəkilən komponentlər həmişə vəhdətdə reallaşırlar. Mənəvi tərbiyənin mühüm vasitəsi tarixi inkişafın müxtəlif mərhələlərində mədəniyyətdə yaradılmış əxlaqi ideallardan, daha doğrusu, insanın daim can atdığı mənəvi davranış nümunələrindən istifadə etməkdir. Adətən, əxlaqi ideallar insanın ətrafını əhatə edən təbii və sosial mühitdən ibarət ətraf mühitə fərdin öz münasibətini ifadə edən baxış və əqidələrin ümumiləşmiş sistemi kimi humanitar dünyagörüşü çərçivəsində formalaşır. Bu zaman insanın münasibəti yalnız dünyanı obyektiv reallıq kimi dəyərləndirməkdən ibarət deyil, o, eyni zamanda, özünün ətraf gerçəklikdə öz yerini digər insanlarla əlaqələrini qiymətləndirməyi də əhatə edir.

Müəllifin fikrincə, mənəvi tərbiyənin strukturu və funksiyalarına gəldikdə, L.A.Qriqoriviç mənəvi tərbiyənin məzmununu humanistlik, insanpərvərlik vasitəsilə nəzərdən keçirir. "İnsanpərvərlik" - insanın insana münasibətini ifadə edən xüsusiyyətlərinin kompleksidaxil olmaqla şəxsiyyətin inteqral səciyyəsidir. İnsanpərvərlik özündə insana ən ali dəyər kimi dərk olunmanı və halına acımaq münasibəti ifadə edən şəxsiyyətin mənəvi-psixoloji xüsusiyyətlərinin məcmusunu əks etdirir. Şəxsiyyətin keyfiyyəti kimi insanpərvərlik digər insanlarla qarşılıqlı münasibətlər prosesində: diqqətlilik və xeyirxahlıq, başqa insanları anlamağı bacarmaq, dərdə şəriklik və başqasının halına acımaq qabiliyyəti, başqalarının rəylərinə, etiqadlarına və davranışına dözümlülük, başqa insanların köməyinə hazır olmaq kimi formalaşır. İnsanpərvərlikdən başqa mənəvi tərbiyənin məzmununa şüurlu intizam tərbiyəsi və davranış mədəniyyəti də daxildir. İntizamlılıq şəxsiyyətin keyfiyyəti kimi onun həyatın müxtəlif sahələrindəki davranışını səciyyələndirir və mətanəlikdə, daxili mütəşəkkilikdə, təmkinlilikdə şəxsi və ictimai məqsədlərə, qaydalara, normalara, prinsiplərə tabe olmağa hazır olmaqda təzahür edir. "Mənəviyyatın tərkib hissəsi olan intizamlılıq şəxsi məsuliyyətə və şüurluluğa əsaslanaraq onu sosial fəaliyyətə hazırlayır. Öz hərəkətinə görə məsuliyyətin mənəvi zəmini şəxsiyyətin müxtəlif şəraitlərdə öz davranış xəttini seçmək qabiliyyətidir. İntizamlılıq şəxsiyyətin keyfiyyəti kimi müxtəlif inkişaf səviyyəsinə malikdir ki, onlar öz ifadəsini davranış mədəniyyəti anlayışında tapır. O, bu anlayışa nitq mədəniyyəti (diskussiya aparmaq, yumoru anlamaq, müxtəlif ünsiyyət şəraitində dil vasitələrindən istifadə etmək, şifahi və yazılı ədəbi dil normalarına malik olmaq bacarığı), ünsiyyət mədəniyyəti (insanlara inam vərdişinin formalaşması, doğmalarla, dostlarla, insanlar və kənar adamlarla münasibətlərdə diqqətlilik, ətraf şəraitdən - evya ictimai yerlərdən, - işgüzar və şəxsi ünsiyyət vasitələrindən asılı olaraq öz davranışlarını diferensiallaşdırmaq bacarığı),  məişət mədəniyyəti (gündəlik həyatın hadisə və predmetlərinə estetik davranış tərbiyəsi, öz məişətinin rasional təşkili, öz təsərrüfatının aparılmasında səliqəlilik).

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 13 noyabr.- S.15.