Hüquqi dövlət və vətəndaş
cəmiyyətində dövlət qulluqçularının əxlaqi
davranış qaydaları
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluqçularının peşə hazırlığı və peşə etikası, onların əxlaqi davranış qaydaları da mühüm rol oynayır və aktuallıq kəsb edir. Bu baxımdan S.İsmayılov qeyd edir ki, dövlət qulluğunun bugünkü mövcud sistemində qulluqçunun peşə hazırlığı onların işinin keyfiyyətinin qiymətləndirilməsi, ixtisas dərəcələrinin verilməsi, əmək haqqının artırılması və qulluqda irəliləməsi ilə sıx bağlıdır. Ancaq çox vaxt onların hazırlıq dərəcəsi peşəkarlıq və səriştəlilik səviyyəsi müasir tələblərə cavab vermir. Bəzi dövlət qulluqçularının bir, hətta iki ali təhsil diplomu olsa da, onların peşəkarlıq səviyyəsi hələ ideal səviyyədən çox aşağıdır. Görünür, "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə uyğun olaraq dövlət qulluğunda qalmaq və irəliləmək üçün dövlət orqanlarında keçiriləcək attestasiyalar zamanı belələrt saf-çürük ediləcək, dövlət qulluğuna yeni qəbul qaydaları isə bu sahəyə daha bacarıqlı kadrların gəlməsinə şərait yaradacaqdır.
Respublika və regional səviyyəli hər iki dövlət qulluqçusundan biri humanitar təhsillidir (iqtisadçı, hüquqşünas), sonrakı yerdə texniki elmlər durur, pedaqoqlar, riyaziyyatçılar, kənd təsərrüfatı mütəxəssisləri də üstünlük təşkil edir. Dövlət və icra hakimiyyəti orqanlarında müasir tələblərə cavab verən əsl peşəkarlar isə heç də çox deyildir. Təbiidir ki, dövlət qulluqçularının belə müxtəlif tərkibli kontingentinin fasiləsiz peşə hazırlığı sisteminin yaradılmasına və ixtisasının artırılmasına həmişə ehtiyac vardır. İnkişaf etmiş ölkələrdə dövlət bu məqsədlər üçün böyük vəsait sərf edir və bunun bəhrəsini də görür.
Azərbaycanda son illər təhsil sahəsində geniş islahatların həyata keçirilməsi, bu məqsədlə Dünya Bankının və digər beynəlxalq qurumların yardımlarından istifadə edilməsi ilə yanaşı, respublika rəhbərliyinin bu sahəyə qayğısı sayəsində dövlət büdcəsində təhsil xərclərinin ümumi həcmi 20,5 faizi təşkil edir. Eyni zamanda, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsinə geniş diqqət yetirilir. Bu məqsədlə görülmüş işlər barədə bu məqalədə və respublika mətbuatında dərc olunmuş digər yazılarda kifayət qədər məlumat verilmişdir. Sevindirici haldır ki, ölkəmizdə bu işə diqqət gündən-günə artırılır və gələcəkdə bu sahədə daha ciddi işlər görüləcəkdir.
Professor Zahid Qaralov yazır ki, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycanda Milli Məclisin Sədri və Respublikanın Prezidenti vəzifələrində işləyərkən yuxarıda göstərdiyi kateqoriyaya aid ziyalıların (onların bir çoxunun adını mənə açıqlamışdı, sadəcə etika xatirinə onları sadalamıram) əksəriyyətinə yenidən vəzifə verdi. Bildirdi ki, onların təcrübəsi var. Belə zəngin təcrübəli insanlar milli sərvətdir. Həmin sərvət yenicə qurulan suveren, müstəqil Azərbaycana sərf edilməlidir. O ki qaldı məsələnin mənəvi, əxlaqi, siyasi tərəfinə, yəqin ki, özləri nəticə çıxaracaqlar. Onların yenidən tərbiyəsinə birgə işdə kömək edəcəyəm. Belə də etdi.
İlk dəfə Azərbaycanın prezidenti seçiləndən bir neçə gün sonra televiziya vasitəsilə xalqa müraciət edib dedi: "Mənə qarşı çıxanların, özlərini məndən uzaqlaşdıranların, hətta açıq pislik edənlərin hamısını bağışlayıram, əfv edirəm. Biz yeni dünya qururuq, hamımız əl-ələ verib suveren ölkəmizi inkişaf etdirməliyik. Bütün fikrimiz, əməlimiz, münasibətlərimiz bu vəzifəyə xidmətə yönəldilməlidir..."
İntiqam hissi ilə yaşayanlar, peşəkar ziyalılara, Heydər Əliyevə sadiq insanlara qarşı xəyanət yolu tutanlar, nüfuzlu şəxsiyyətləri ləkələmək üçün hər cür şər-böhtan yolu tutanlar, eqoistlər, mənsəbpərəstlər, nəfsinin qulu olanlar və insanlığa zərər vuran hər kəs Heydər Əliyevin insanlarla rəftar etmək təcrübəsini öyrənməli, əməllərini o istiqamətə yönəltməlidirlər. Özünü əvvəlcə "mələk donunda" göstərən, lakin müəyyən vəzifə alandan sonra bu vəzifədən sui-istifadə edən, gizli və qeyri-qanuni yollarla maddi imkanlarını genişləndirən, mənəvi dəyərlərə, sağlam əxlaq normalarına məhəl qoymayaraq öz iddiaları ilə yaşayanları Heydər Əliyev "qudurmuşlar" adlandırır, onları "göylərdən yerə enməyə" dəvət edirdi. Əslində, bu, yolunu azmışların yenidən tərbiyəsi demək idi.
Təhsil-tərbiyə müəssisələrində istifadə edilən tərbiyə sistemlərindən fərqli olaraq, Heydər Əliyevin formalaşdırdığı tərbiyə sistemi bütün yaş dövrlərini əhatə edir. Onun mahiyyəti insanlara ləyaqətlə xidmət göstərəcək yüksək mənəviyyat daşıyıcıları olan şəxsiyyətlər yetişdirməkdir. Tərbiyə sistemində sosial-iqtisadi, ictimai-siyasi sferalarda məsul vəzifələr tapşırılan milli kadrlarla tərbiyə işi xüsusi mərhələ hesab olunur. Bu mərhələdəki tərbiyə işinin məzmununa bunlar daxildir:
1. İdarəetmə və özünüidarəetmə sistemlərində işləməyə meyilli gəncləri seçmək, onların hazırlığına kömək edən tərbiyəedici-öyrədici proqram həyata keçirmək.
2. Kadrların peşə və siyasi hazırlıq səviyyəsini, mənəvi keyfiyyətlərini nəzərə alaraq, daha təcrübəli, inanılmış kadrların rəhbərliyi altında onları müvafiq vəzifələrə təyin etmək, tapşırıqlar vermək, işləri üzərində nəzarət qoymaq, vaxtaşırı hesabatlarını dinləmək və qiymətləndirmək.
3. Gənc kadrlara verilən vəzifə tapşırıqlarını tədricən mürəkkəbləşdirmək, tələbatı artırmaq, onları müstəqil işə hazırlamaq məqsədilə digər tədbirlər həyata keçirmək.
4. Vəzifələrini normal yerinə yetirən, sağlam həyat tərzi ilə fəaliyyət göstərməyi öyrənmiş, insanların etimadını qazanmış, yaxşı idarəetmə məktəbi keçmiş kadrları müstəqil işə keçirmək. Bu zaman həmin kadrlar qarşısında daha yüksək məsuliyyət qoyulur və fəaliyyətləri daimi nəzarətə götürülür. Xidmət keyfiyyətindən asılı olaraq bu kadrlar vəzifə pillələri ilə yüksələ də, geriyə yuvarlana da bilərlər.
Heydər Əliyevin tərbiyə sistemindəki müddəaların əksəriyyəti "Dövlət qulluqçularının etik davranışı haqqında" Azərbaycan Respublikasının Qanununda (31 may 2007-ci il) öz əksini tapmışdır.
Qanunun məqsədi:
- dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu artırmaq, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadını yüksəltmək;
- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin səmərəsini və şəffaflığını artırmaq;
- dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısını almaq;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək;
- dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşları məlumatlandırmaq;
- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarını genişləndirmək.
Etik davranış qaydalarından qanuna bunlar daxil edilmişdir:
- vicdanlı davranış;
- peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
- loyallıq;
- ictimai etimad;
- insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət;
- mədəni davranış;
- əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- qərəzsizlik;
- maddi və qeyri-maddi (mənəvi) nemətlərin, imtiyazların və ya güzəştlərin qeyri-qanuni yolla əldə edilməsinə yol verilməməsi;
- korrupsiyanın qarşısının alınması;
- hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;
- maraqların toqquşmasının qarşısını almaq;
- əmlakdan qanun çərçivəsində istifadə etmək;
- məlumatlardan düzgün istifadə etmək;
- nümunəvi-ictimai və siyasi fəaliyyət göstərmək.
Qanunda etik davranış qaydalarının həyata keçirilməsi üçün müəyyən tədbirlər, tələblər, nəzarət formaları da əks olunmuşdur. Dövlət qulluqçularının davranışının təhlili və qiymətləndirilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlərin görülməsi, etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması və digər məsələlər də bu qanunda öz əksini tapmışdır. Dövlət qulluqçusu vəzifəsindən asılı olmayaraq, qanunda nəzərdə tutulmuş etik qaydalarını pozmağa görə məsuliyyət daşıyır (İnzibati məsuliyyət də bura daxildir).
Z.Qaralovun fikrincə, milli kadrların, o cümlədən dövlət qulluqçularının davranışlarını xalqın tələbləri səviyyəsində qurmaq üçün etik normaları gözləmək tələbinin əhəmiyyəti var. Lakin etik normalar mənəvi keyfiyyətin yalnız bir parametridir. Onun ədalətlilik, saf niyyətlilik, təmizlik, nəfs toxluğu və onlarla digər parametrləri var ki, təkcə dövlət qulluqçuları deyil, bütün milli kadrlar, o cümlədən regional və yerli özünüidarəetmə orqanlarında, özəl sahələrdə çalışan bütün şəxslər tərəfindən düzgün yerinə yetirilməsinə böyük ehtiyac var.
Heydər Əliyevin qurduğu tərbiyə sisteminin üstün cəhətlərindən biri də onun bütün sahələrdə fəaliyyət göstərən milli kadrların keyfiyyətinin artırılmasına xidmət göstərmək imkanına malik olmasıdır.
Cəmiyyətin həyatında tarixən kök salmış ən böyük qəbahətlərdən biri oğurluqdur. Maddi nə varsa hamısından oğurlandığı barədə milyonlarla fakt saymaq mümkündür. Ruhani, mənəvi oğurluqlar, elm oğurluqları da sonsuz saydadır. Məsələn, qəlb oğurluğu, sevgi oğurluğu, əxlaq oğurluğu və s.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 15 sentyabr.- S.15.