Vətəndaş cəmiyyətinin sosial-müdafiə sistemi

 

 

         

Etibarlı sosial müdafiə sistemi yaratmadan müxtəlif mülkiyyət formalarının və yeni yaradılmış iqtisadi strukturların normal fəaliyyətinin və böhransız sosial inkişafın, vətəndaş cəmiyyətinin sabitliyinin təmin edilməsi mümkün deyil. Sosial müdafiə beynəlxalq və milli normalar əsasında insanın əsas sosial hüquqlarının təminatıyla bağlı dövlətin əsas funksiyası, daha geniş mənada isə həyat səviyyəsiylə bağlı hüquqların təminatı kimi göstərilir.

Tədiqatçıların fikrincə, ümumiyyətlə, sosial müdafiə anlayışı dar və geniş mənalarda işlədilir. Geniş mənada əhalinin ayrı-ayrı sosial-demoqrafik qrupların hər birinin, dar mənada isə aztəminatlı əhali qruplarının sosial müdafiəsi başa düşülür. Geniş mənada sosial müdafiə deyildikdə, söhbət fərdin özünü müstəqil şəkildə təmin edə bildiyi, özünə və uşaqlarına həyat fəaliyyəti üçün lazımi şərait yarada bildiyi sosial münasibətlər sistemindən gedir. Dar mənada isə sosial müdafiə dedikdə, xüsusi olaraq çətin vəziyyətdə olan və kənar kömək olmadan sosial vəziyyətlərini yaxşılaşdırmaq iqtidarında olmayan əhali qrupunun yaşayışını təmin etməyə çalışan dövlətin sosial siyasəti başa düşülür. Sosial müdafiə sistemi adamların həyatının bütün dövrlərini-doğulduğu və əmək qabiliyyətini itirdiyi qocalıq dövrünü də əhatə etməklə, ömrünün sonunadək olan bütün vaxtı əhatə edir. Daha doğrusu, bu sistem uşaqların, gənclərin, işləyən vətəndaşların, himayədə yaşayanların hamısının hüquq və mənafelərini müdafiə etməlidir. Bu sistem, habelə adamların həyatının bütün sferalarını - təhsil, səhiyyə, əmək, istirahət, məişət, yaradıcılıq və s. əhatə edir. Sosial müdafiənin obyekti olan şəxslərin dairəsi müxtəlifdir və milli iqtisadiyyatın qeyri-stabil vəziyyətində çox geniş şəkildə dəyişir.

R.Abdullayeva və A.Muradov göstərirlər ki, sosial müdafiə bütün sosial-demoqrafik qruplardan olan cəmiyyət üzvlərinin qanunvericiliyə uyğun olaraq sosial hüquqlarının müdafiə olunmasını təmin edən tədbirlər sistemidir. Başqa sözlə, o, müxtəlif sosial-demoqrafik qrupları əhatə etməklə, onların maddi rifah halının yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilmiş və dövlət tərəfındən həyata keçirilməsi vacib olan kompleks tədbirlərin məcmusunu təşkil edir.

Qeyd etmək lazımdır ki, sosial müdafiənin ayrı-ayrı qruplara deyil, əhalinin bütün qruplarına şamil olunması fikrinə beynəlxalq sənədlərdə də rast gəlmək olar. Belə ki, 2002 - ci ildə Berlində qocalma problemləri üzrə BMT Avropa İqtisadi Komissiyasının Konfransında qəbul edilmiş Berlin Bəyannaməsində və 2002-ci ildə "Qocalma Problemləri üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının həyata keçirilməsinin regional strategiyası"nın 25-ci maddəsində, adətən sosial müdafiə sisteminin ayrı-ayrı adamları və onların ailələrini işsizlik təhlükəsindən və nəticələrindən, sağlamlıqla bağlı ciddi problemlərdən, yoxsulluq və digər hallardan, insanın bütün həyatı boyu baş verən müxtəlif iqtisadi dəyişikliklərdən müdafiə etdiyi göstərilir. Bu sistem, həmçinin əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə və müvafiq gəlirlərin təmin olunmasına təsir göstərə bilir.

Sosial müdafiə sisteminə (və ya sosial müdafiənin əsas istiqamətlərinə) aşağıdakılar daxildir:

- milli gəlirin yenidən bölgüsü vasitəsilə müxtəlif sosial- demoqrafik qrupların həyat səviyyəsinin yaxşılaşdırılması;

- gəlirlərin tənzimlənməsi;

- sosial standartların (minimum əmək haqqı, yaşayış minimumu, ehtiyac meyarı, pensiyaların baza hissəsi, müavinətlərin həcmi və s.) müəyyən olunması;

- qiymətlərin yüksəlməsi ilə əlaqədar olaraq əhalinin pul gəlirlərinin indeksasiya olunması;

- iqtisadiyyatla məşğul olanların məcburi sosial sığortası;

-  cəmiyyətin aztəminatlı qrupları üçün (əlillər, qocalar, ailə başçısını itirən ailələr və s.) səmərəli sosial yardım sisteminin yaradılması;

- bəzi kateqoriyadan olan vətəndaşlara imtiyazların, güzəştlərin verilməsi, sosial xidmətlərin göstərilməsi;

- əhalinin kəskin təbəqələşməsinin qarşısının alınması;

-  əhalinin məşğulluğunun təmin olunması;

- əmək sferasında işəgötürənlər, işləyənlər və dövlət arasında olan üçtərəfli əməkdaşlığın - tripartizmin təmin edilməsi;

- sosial sahələri (təhsil, səhiyyə, mədəniyyət, incəsənət və s.) inkişaf etdirərək əhalinin təhsil səviyyəsinin, onlara göstərilən tibbi, ictimai-iaşə, məişət xidmətinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdınlması daxildir.

Beləliklə, "sosial müdafiə" anlayışına: birincisi, vətəndaşların maddi tələbatını müstəqil şəkildə təmin edə bilməsinə şərait yaradan sosial siyasətin aparılması; ikincisi, vətəndaşların sosial təminatının iqtisadi və hüquqi əsaslarla təmin edilməsi mexanizminin yaradılması, üçüncüsü isə yoxsulluq səviyyəsindən aşağı həddə yaşayan və başqalarının köməyinə ehtiyacı olan insanların (yaşlıların, kimsəsiz uşaqların, işsizlərin, çoxuşaqlı anaların,  tənha qocaların və s.) minimum yaşayış səviyyəsini təmin edəcək məqsədli dövlət siyasəti kimi baxmaq olar.

Qeyd edək ki, dövləl gəlirlərin tənzimlənməsini aşağıdakı üsullarla (metodlarla) həyata keçirir.

-  minimum əmək haqqının müəyyən olunması;

-  iş həftəsi uzunluğunun müəyyən edilməsi;

-  dövlət sektorunda əmək haqqının tənzimlənməsi;

-  vergi tənzimlənməsi;

- kollektiv müqavilələrin qanunvericilik yolu ilə tənzimlənməsi;

- ev təsərrüfatlarının minimum gəlirlərinin müəyyən olunması;

-  minimum pensiyaların müəyyən edilməsi;

-  minimum ünvanlı sosial yardımın müəyyən olunması yolları ilə həyata keçirə bilər.

Bundan başqa, aztəminatlı ailələrə birbaşa ünvanlanan yardımlar və əhalinin daha az rəqabət qabiliyyətli təbəqələri üçün pensiyaların indeksləşdirilməsi, uşaqlara görə müavinət işsizlərə maddi dəstək, qocalar və əlillər, çoxuşaqlı və ailə başçısını itirmiş ailələr üçün güzəştlər daxildir.

Həyat səviyyəsini və yaşayış keyfiyyətini xarakterizə edən on     mühüm göstəricilərdən biri əhalinin gəlirləri və xərcləridir. Qeyd etmək lazımdır ki, gəlirlərin artırılması və həyat səviyyəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətdən mövcud resurslardan səmərəli istifadə edilməsindən birbaşa asılıdır. Məhz bu səbəbdən əhali gəlirlərinin formalaşması mənbələri, onların sosial qruplar, ev təsərrüfatları və digər əhali qrupları arasında ədalətli bölünməsi cəmiyyətdə sosial sabitliyin təmin edilməsinin əsas və başlıca şərti hesab edilir.

Əhalinin gəlirlərinin formalaşmasına bir sıra amillər təsir göstərir. Bu amillər aşağıdakılardır:

1.  Həyata keçirilən sosial siyasət və iqtisadiyyatın sosial yönümlülüyü ilə xarakterizə olunan sosial-siyasi amil;

2.  Ölkənin sosial-iqtisadi vəziyyəti ilə xarakterizə olunan sosial-iqtisadi amil;

3.  Əhali artımı, çoxuşaqlı ailələr onların sosial vəziyyəti ilə xarakterizə olunan sosial-demoqrafik amil;

4.  İqtisadi fəal əhalinin peşə-ixtisas səviyyəsi, hazırlanması və işlə təminatı (əmək bazansının tənzimlənməsi) ilə xarakterizə olunan sosial-peşə amili;

5.  Əhalinin qocalması, əlillik dərəcəsi, əmək və müharibə veteranı olması, məşğul və ya işsiz, varlı və ya yoxsul, muzdlu işçi və ya sahibkar, dövlət qulluqçusu və s. olması ilə xarakterizə olunan sosial-status amili;

6.  Əhalinin ərazi üzrə yerləşməsi, sosial-coğrafi amili;

Əhali gəlirləri bu amillərin təsiri altında aşağıdakı mənbələr hesabına formalaşır:

-  əmək haqqı;

-  sahibkarlıq fəaliyyəti;

-  mülkiyyətdən əldə olunan gəlir;

-  şəxsi, yardımçı təsərrüfatdan əldə olunan gəlir;

-  sənət məşğuliyyəti;

-  sosial transfertlər və s.

Əhali gəlirlərinin təhlilində pul gəlirləri, onun dinamikası və quruluşu mühüm yer tutur. Əhalinin pul gəlirlərinə:

-  əmək gəlirləri;

-  pensiya, müavinət, təqaüd və digər transfertlər;

-  mülkiyyətdən əldə olunan gəlirlər;

-  qiymətli kağızların faizləri, dividentlər;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri;

-  xarici valyuta satışından əldə olunan gəlirlər;

-  kənd təsərrüfatı məhsullarının satışından gəlirlər;

-  ailə üzvlərinin digər gəlirləri və s. daxil edilir.

Həmçinin, natura şəklində daxil olmuş ərzaq məhsullarının,      yardım və güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir.

Əmək haqqı - əhali gəlirlərinin mühüm tərkib hissələrindən biri əmək haqqıdır. Əmək haqqı - əməyin ödənilməsi forması və ya əməyin qiymətidir. Əmək haqqı - məcmu ictimai əməyin, milli gəlirin bir hissəsi olmaqla, müəssisə və dövlət səviyyəsində formalaşır və inkişaf edir. İnkişaf etmiş bazar iqtisadi sistemində əmək haqqına - işçiyə onun əməyindən istifadəyə görə ödənilən dəyər kimi baxılır. Onun artımı isə əmək bazarındakı iş qüvvəsinə tələbat və təklifin dəyişməsindən asılı olur. Belə ki, iş qüvvəsinə tələbat nə qədər çox olarsa, əmək haqqı yüksək və yaxud da əksinə, iş qüvvəsinin təklifi çox olarsa, onda əmək haqqı da az olar.

Əmək haqqının sosial-iqtisadi əhəmiyyətindən danışarkən xüsusi olaraq onun bir neçə: 1) təkrar istehsal; 2) stimullaşdırıcı; 3) tənzimləyici funksiyanı yerinə yetirdiyi göstərilir. Lakin bəzən əmək haqqının 5 funksiyası olduğu da qeyd edilir. Təkrar istehsal funksiya - verilən əmək haqqı hər bir işçinin həyati ehtiyaclarını təmin etməlidir. Əmək haqqının bu funksiyasına iş qüvvəsinin təkrar istehsalının təmin edilmə imkanları daxildir. İqtisadi nəzəriyyədə əmək haqqının bu cür mütləq (minimal) həddi, işçinin iş prosesində itirdiyi enerjinin normal təkrar istehsal şərtlərinə cavab verməsi tələb olunur. Bu funksiyanın əhəmiyyəti digər funksiyalarla müqayisədə daha böyükdür.

Stimullaşdırıcı funksiya - əmək haqqı əməyi və ondan səmərəli istifadəni stimullaşdırır. Əmək haqqının stimullaşdırıcı funksiyasını yerinə yetirməsi üçün müəssisə və təşkilatlarda əməyin ödənişi sistemi elə qurulmalıdır ki, o, işçidə daha yaxşı çalışmağa və eyni zamanda, öz ixtisasını artırmağa maraq oyatsın. Burada söhbət işçinin artan ixtisası ilə əmək haqqının artımı arasında qarşılıqlı əlaqənin olmasından (işçinin əmək haqqının ixtisasına və peşəkarlığına uyğun olaraq artırılması) gedir.

Bölüşdürücü funksiya - əmək haqqı vasitəsilə hər bir işçinin çalışacağı yeri müəyyənləşdirir. Əmək haqqının tənzimləyici funksiyası əmək bazarının və müəssisənin gəlirinin tənzimlənməsini həyata keçirir. Təbii ki, əmək qabiliyyəti olan hər bir insan yüksək əmək haqqı verilən müəssisə və təşkilatda çalışmaqda maraqlı olur. Bu maraq əmək bazarında işəgötürənlər arasında rəqabətin yaranmasında (daha yüksək əmək haqqı vermək və iş şəraiti yaratmaq) mühüm rol oynamaqla yanaşı, müəyyən ziddiyyətlərin də meydana çıxmasına təsir göstərir. Bu ziddiyyət əməyə görə ödəmələrlə  bağlı olur.

    

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 18 noyabr.- S.15.